78
A l m a z. Bizə tək-tək adamların varlanması lazım deyildir. Gərək ellik
varlansın, cəmiyyət varlansın, kollektiv varlansın. Buna görə də əmək
kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır.
H a c ı Ə h m ə d. Yavaş, yavaş, deyəsən, burasını yaxşı başa düşə bilmədim.
Zəhmət çək, burasını bir də de, bacıqızı.
A l m a z. Yoldaşlar, bunlar nəzəriyyədir. Sonradan bunu ətraflı danışmaq olar.
İndilik əməli işə keçək. “Yeni yol” arvadlar üçün bir yunbirliyi düzəltmişdir.
İ b a d. Bizim arvadlarımızdan göz çək!
H a c ı Ə h m ə d. Dayan, dayan, ay Ibad, yaxşı-yaxşı başa düşək.
A l m a z. İkinci, meyvəbirliyi düzəldirik. Burada kişilər də, arvadlar da işləyə
bilər. Bunlar üçün kurslar da açılır. Istəyənlər yazıla bilər.
B a r a t. Hamı yazılar, hamı yazılar!
A f t i l. Budur, mən yazılmışam.
A l m a z. Bunların işləməsi üçün çox şey lazım deyildir. Bircə kəndin altındakı
Hacı Əhməd bağı bu elliyə verilsə, hələlik bəsdir. Kəndli maşının mənfəətini görsə,
sonra özü işə girişər.
H a c ı Ə h m ə d. Necə, necə, bacıqızı? Səhərdən elə yaxşı gəlirdin, ancaq,
deyəsən, burada bir azca dolaşdırdın, ya mənim qulağım yaxşı eşitmədi?
A l m a z. Mən deyirəm: bağ meyvəçilik üçün alınsın.
H a c ı Ə h m ə d. Mənim bağım?
A l m a z. Bilmirəm, ona Hacı Əhməd bağı deyirlər.
H a c ı Ə h m ə d. O bağ mənimdir.
A l m a z. Mən bilmirəm. Biz kənddə olan hər bir şeyi cəmiyyətin bilirik. Qoy
kəndlilər qərar çıxartsınlar, o bağı kollektiv üçün alsınlar.
H a c ı Ə h m ə d. Bəs o bağın gəliri kimə yetişəcək?
A l m a z. Biz oraya cürbəcür maşınlar qoyacağıq. Əlbəttə, gəliri orada
çalışanlara yetişməlidir.
H a c ı Ə h m ə d. Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca
qoyasan? Mən özüm hökumətə vergi verirəm. Özüm invalid, bu da mənim
kağızlarım.
A f t i l. A kişi, bəlkə elə pulunu verəcəklər.
A l m a z. Hacı, siz ki, oğlunuzun başından keçirdiniz.
H a c ı Ə h m ə d. Adə, zalımın qızı zalım, oğul nədir? Sən burada lap mənim
özümü öldürürsən. Oğlumu get öldür də, danışan moltanı
79
oğludur. Sən burada mənim yekə bağımı keçirdirsən özündən o yana ki, nə var, iş
bilmişəm, kəndi irəli aparıram. Cəhənnəm olsun sənin kəndin, təpövə dəysin!
Səhərdən elə hıqqana-hıqqana bunu deyəcəkdin?
İ b a d. Yox bəs. Mən onun zatını tanımışam. Siz də deyirdiniz ki, bəs, yuxa
arasında halva var?
K ə n d l i l ə r. Ay Hacı, dayan bir də, bəlkə sənə xeyri yoxdur, bizə var.
B a r a t. Yoldaşlar, bu fikir bizim fikrimizdir. Hamımız da bu yolda mübarizə
edəcəyik.
A l m a z. Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. Sizin
yaşayışınız çox ağırdır. Təbiət sizə çörəyi çox baha verir. Torpaq sizin ömrünüzü
və əməyinizi udur. Bu ağır haldan siz ancaq fəhlə sinfinin və şəhərin köməyi ilə,
dəmir atlarla, dəmir qanadlarla çıxa bilərsiniz!
H a c ı Ə h m ə d. Lazım deyil, bizə şəhərin köməyi! Şəhər bizi soymaq istəyir.
Lazım deyil bizə şəhərin maşını!
K ə n d l i l ə r. Neyçin lazım deyil?
H a c ı Ə h m ə d. Atamız, babamız belə yaşayıb, biz də belə yaşayırıq.
A f t i l. Ey... Sağ yaşamasın ata-babamız. Allah vurmuşlar elə heyvan kimi
tövlədə yaşayıblar də.
H a c ı Ə h m ə d. Acından ölən ki olmayıb.
A f t i l. Elə, elə olmayıb də. Budur, sən hər gün xoruz-beçə yeyirsən, mənim
uşaqlarım bir çuxur bulama da tapa bilmir.
H a c ı Ə h m ə d. Heç kəs heç kəs üçün havayı işləmir.
B a l o ğ l a n. Yoldaşlar, qulaq asın, deyirəm. Hacı Əhməd, axı qaydası belə
deyil ki, siz belə eləyirsiniz.
H a c ı Ə h m ə d. Belə? Yaxşı. Neynək!..
B a l o ğ l a n. Qoy kişi sözünü desin, görək nə deyir də.
B a r a t. Hacı Əhmədə söz verilməsin.
İ b a d. Sən səsini kəs. Axmaq. Boyuna bax, danışığına bax!
H a c ı Ə h m ə d. Ay gədə, Ibad, heç danışma, qoy sözün desin. İş ki, bu
çilləyə yetdi, qoy desin. De sözünü.
H a m ı. Qoyun danışsın, danışsın.
A l m a z. Bir də, yoldaşlar, şura sədri kənddə ictimai işlərin sükançısı
olmalıdır. Yoldaş Baloğlan bəlkə də, özlüyündə yaxşı adamdır,
80
ancaq bu iş üçün zəifdir. Mənim yanımda beş-altı arvad ona şikayət vermişdir.
Lakin o bir iş görməmişdir, ya da görmək istəməmişdir. Mən deyərdim ki, bir
vətəndaş kimi, o öz nöqsanlarını bilib istefa versin. Ya da yığıncaq özü onu
dəyişsin. Yerinə bu dəfə də qadın seçsin. Çünki bu saat qadın azadlığı yolunda
apardığımız mübarizədə qadın sədr daha münasib olar.
B a l o ğ l a n. Necə, necə? Yoldaş müəllimə, mən sənə söz vermirəm!
B a l a r z a. Baloğlanın atası yandı.
İ b a d. Vurdu kəlləçarxa. Arvaddan sədr!?
M i r z ə S ə m ə n d ə r. Allah şənbəni cuhuda qismət eləsin.
B a l o ğ l a n. Sən köhnə kəndə təzə dəb qoyursan? Kişi arvadını döyür, mən
ona nə deyə bilərəm? Nə üçün arvad özü şikayətə gəlmir?
A f t i l. Arvad yeriyə bilir ki, şikayətə də gəlsin? Elə zollamayıb ərəbə çilləsini
miyantənginə ki, bir də ayağa dura bilsin. O yıxılmışdı ki, yıxılıb. Bir də gələn il
tumakeşdə ancaq ayılar.
B a l a r z a. Arvad mənimdir, mənim deyil, hə? Arvad mənimdir, döymüşəm,
istəyir şəriətə getsin, istəyir zakuna. Dünyada bir kişi var ki, öz arvadını döyməsin?
Ay camaat, atam, mənim öz arvadımı döyməyə haqqım var, yoxdur?
B a r a t. Yoxdur!
O c a q q u l u. Nə şəriətnən, nə də zakunnan heç kəsin ixtiyarı yoxdur ərnən
arvadın işinə qatışsın. Öz arvadıdır: döyər nə yaxşı, döyməz nə yaxşı.
B a l a r z a. Istəyəndə yaxşıdır, döyəndə pis? Adə, Mirzə Səməndər, zakunnan
var ixtiyarı, yoxdur?
M i r z ə S ə m ə n d ə r. Vallah, mən bitərəfəm, belə işlərə qarışmıram.
Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun.
B a r a t. Yoldaşlar, bunlar bilə-bilə şuluq salırlar ki, məclisi dağıtsınlar.
H a c ı Ə h m ə d. Heç kəsin sözü yoxdur. Deyir: Şura sədri yaramaz, neynək,
yaramaz, ayrısını seçərik, arvad seçərik.
B a l o ğ l a n. Hacı dayı, siz də, demək mənimlə bu yolnan rəftar edirsiniz?
Mən ki, Allaha şükür, sizə bir yamanlıq etməmişəm.
H a c ı Ə h m ə d. Daha nə yamanlıq, göz görə-görə bağımı istəyir salsın içəri,
ağzuvı açmırsan.
B a l o ğ l a n. Nə bilirsən açmıram? Sən bir dayan, gör açıram, açmıram?
Dostları ilə paylaş: |