Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

  

 

63



Elə bu vaxt Mirsəftərin səkkiz yaşlı oğlu və beş yaşlı qızıyla birgə bazardan qayıdan arvadı 

Güləbətin ( kiçik əmim elə ilk gündən onun adını «Kəlbətin bacı» qoymuşdu, amma sözü elə 

tələffüz edirdi ki, Mirsəftərgil bu ibarəni  əmimin yox, Bakı  ləhcəsinin ayağına yazmağa məcbur 

olurdular) həyətə daxil olur, tut ağacının yanında dayanıb qaşqabaqlarını sallatmış kişiləri görür, 

sonra da yerdəki toyuq leşinə nəzər salır və deyəsən, məsələnin nə yerdə olduğunu anlayır. Başını 

yellədib əlindəki dolu zənbilləri qapısının ağzına qoyub köksünü ötürür. 

– Mən sizə dedim ki, belə düşüy iş tutmayın. Ağbirçək arvaddı, tayınızdı belə zarafat 

edirsiniz?  İndi nə deyəcəksiz ona? Deyəcəksiz ki, özbaşına öldü toyuq? Allah bilir, beyninə  nə 

qara-qura fikirlər gələcək. 

– Hə də, ağıllının birini yola saldıq, o biri başladı. Əcəb girinc qalmışıq bu arvad tayfasının 

əlində. – Əmim dodağaltı mızıldanıb üzünə süni bir təbəssüm yapışdıraraq Mirsəftərin arvadına 

deyir. – Sənniy bir şey  yoxdu,  ay  Kəlbətin bacı, sən keç içəri, yorğunnuğuvu al, sonra da o 

rayonuvuzdakı kimi əntiqə bidənə çay dəmlə bizimçün. Ordan gətirdiyün otdardan da atginən 

içinə. Qoy iyi çıxsun. Arvad gələndə nə diməy lazımdısa, onu biz fikirləşib taparıq. 

Güləbətin təzədən zənbilləri götürüb içəri daxil olur və otaqdan onun bir o qədər də güclü 

olmayan səsi eşidilir.  

-Heç yaxşı  iş tutmamısınız.  İndi arvad elə biləcək ki, biz nəsə yedizdirmişik toyuğa

onunçün ölüb. Üç gündür gəlmişik, indidən düşmən olacaq bizimlə. 

– «Onsuz da zəndeyi-zəhləsi gedir sizdən. Bunnan o yanası yoxdu ki?» –Bunu əmim demir, 

eləcə ürəyindən keçirir və nəsə bəhanə fikirləşib tapmağa cəhd edir, həm də bu bəhanə elə əsaslı 

bir şey olmalıdır ki, arvad ona inansın, toyuğun öz əcəli ilə dünyadan köçməyinə zərrə qədər də 

şəkk-şübhəsi qalmasın… 

– Ay köpək uşaqları, oynamağa yer qəhətdi?  Süzə min dəfə dimişəm ki, ayaqqabıynan 

dama çıxmıyın, qırı çartdadırsız. 

Dalanın başından babamın səsi gəlir, deyəsən, yenə də qonşu uşaqları bizim evin damına 

dırmaşıblar. Babamın da ən zəhləsi getdiyi şey idi bu. İki-üç dənə cüvəllağının ucbatından hər qış 

damırdı evlər, itin zülmünü çəkirdik. 

– ...atovuzu dalıvıza sərəciyəm, dayanun… 

Həyətimizdəkilərin hamısı diksinir. Deməli, babamla nənəm qonaq getdikləri yerdən artıq 

qayıdırlar. Hesabla axşam gəlməliydilər, amma hər nədisə bu saat həyətə girəcəkdilər, arvad 

sevimli çil toyuğunun, öz diliylə desək, yıxılan evin dirəyi olan, gündə yumruq boyda bir cüt 

yumurta qoyan əziz-xələfinin cəsədini görəcəkdi və … 

Bundan sonra nə olacağını həyətdəkilər yalnız öz təxəyyüllərinin gücünə uyğun təsəvvür 

etməyə çalışırlar. 

Bir işi tutanda məlum məsələdir ki, adam onun axır nəticəsini çox dumanlı şəkildə görür. 

Atam də bir-bir toyuqların axırına çıxmağı  qərarlaşdıranda arvada nə cavab verəcəklərini 

fikirləşməmişdi  və yalnız indi, son anda hiss edir ki, ağlına heç bir şey gəlmir, onunçün də canını 

yüngülvari bir narahatçılıq bürüyür, arvadın toqquşan qaşlarının arasından çıxacaq qığılcımlar 

elə bil zaman pərdəsini yararaq indidən atamın bədəninə səpələnib bədənini yandırır və atamdan 

çıxıb ətrafa yayılan bu narahatçılıq dalğaları həyətdəkilərin hamısına sirayət edir.   

Mirsəftəri həyəcandan qaşınma tutur, hətta üzündə yüngül nəmişlik də hiss edir, elə 

fikirləşir ki, arvad toyuğun cəsədini görən kimi onun, bəli, öz oğlanlarının yox, məhz onun üzünə 

bir parça tüpürəcək, hələ bəlkə ağır söz də deyəcək. 



  

 

64



Babamın səsini eşidən bibim yuxarıdakı otağının pəncərəsindən başını  çıxarıb 

nigarançılıqla həyətə boylanır, çil toyuğun hələ  də ortalıqda qaldığını görüb xov içində 

dodaqlarını  sıxır, qorxudan pəncərəni bağlayıb pərdəni çəkir, amma sonra maraq ona güc gəlir, 

pərdəni azca aralayıb bir gözüylə həyət qapısına zillənir, elə bil bu saat oradan əjdaha gələcəyini 

gözləyir.   

Mirsəftərin evdə  əsəbiliklə vurnuxan arvadı isə bazardan təzə alıb gətirdiyi almalardan 

birini tələsik yuyub ağlayan qızının ağzına basır ki, çığırtısı kəsilsin, yoxsa uşağın cır səsi arvadı 

lap əsəbləşdirər, özündən çıxarar. 

Hətta həyətin ortasındakı tut ağacı da narahatlıqdan az qala büzüşür, yarpaqlarının 

yüngülvari xışıltısında gərginlik notları hiss olunur. 

Bircə kiçik əmimin dünya-aləm vecinə deyil. Eləcə damağındakı «Kazbek»in kötüyünü 

çeynəyərək başmağın burnundan çıxan barmaqlarıyla toyuğun lələklərinin arasını eşəliyir, elə bil 

qızıl axtarır orda. Bəlkə də nəyəsə arxayındır, lakin  bu arxayınçılığın səbəbini, deyəsən, heç özü 

də yaxşı anlamır. 

Bütün həyət tufanqabağı sakitliyin son saniyələrini yaşayır. Addım səsləri ağır-ağır 

yaxınlaşır, tuk, tuk, tuk… Danq... budur həyət qapısından iki addım solda olan kanalizasiya 

lyukunun altı azca boşalmış qapağı danqıldayaraq gələnlərin lap yaxında olduğunu xəbər verir. 

Üç, iki, bir, mator!.. 

Təbii ki əvvəlcə qabaqda gələn babam həyətə daxil olur. Hava istidir, babam buxara 

papağını çıxarıb dəsmalla başının tərini silir, əlində tutduğu  toxunma setkadakı iki ədəd iri Zirə 

qarpızını yerə qoyur,  kənddəki qohumların pay verdiyi bu ağır yükdən qurtulub, divara 

söykənərək nəfəsini dərir, yalnız bundan sonra həyətə nəzər salır, ailə üzvlərimizin ona zillənən 

narahat baxışlarından çaşır, hətta yuxarı otağın pəncərəsini azca aralıyıb, ona  baxan qızının pərdə 

dalında görünən yeganə gözündəki nigarançılıq nişanələri də kişinin  nəzərindən qaçmır. 

Bircə anlıq babamın canını qorxu bürüyür, elə zənn edir ki, nəsə çox ciddi bir şey olub; ya 

kiçik gədə kimisə  bıçaqlıyıb, ya Allah eləməsin, qız nəsə artıq-əskik hərəkət eləyib, ya da 

….birdən Mirsəftərin qapısının ağzında çox əndrabadi  şəkildə uzanıb özünü günə verən çil 

toyuğun cəsədini görür və o saat hər  şeyi anlayır. Dünyagörmüş adam olduğundan 

həyətdəkilərin üzündəki narahatlığın səbəbini də o dəqiqə başa düşür… 

Kanalizasiyanın lyuku bir də danqıldayır və iki saniyədən sonra başını aşağı dikən nənəm 

də yorğun addımlarla həyətə girir, adət etdiyi kimi ağ örpəyini başından götürüb səliqəylə 

qatlayır, xına çəkməkdən qəhvəyi rəng almış uzun saçları görünür.  

Bu an Mirsəftərin şüşəbəndinin küncündə məskunlaşmış toyuqlar, elə bil nənəmin gəlişini 

hiss edib bərkdən qaqqıldaşmağa başlayırlar, sanki bu üsulla öz havadarlarına nəsə vacib bir sirr 

açmaq istəyirlər, bəlkə də imdad gözləyirlər… 

Toyuqlar hay-küy qaldıran kimi qapısında quruyub qalmış Mirsəftər bir az da büzüşür, bir 

az da balacalaşır, üzündəki xəyali tüpürcək sanki kislotaya dönüb dərisini daha çox yandırmağa 

başlayır… 

Və  nəhayət, nənəm də heyvanların səs-küyünə başını qaldırır, təbii ki, nəzəri həyətin 

ortasında uzanıb qalmış çil toyuğa sataşır və …   

Beş saniyəlik sükut.. nənəmin yorğun şüuru  gördüyünü dərk eləməyə çalışır, bəlkə də onu 

qara basdığını düşünür… 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə