73
canlarını qurtarırdılar. Hətta bizə gələndə bütün dediklərimi qardaşlarının yanında
fəxrlə
danışmaqla bibim ərinin onlardan üstün olduğunu da hiss elətdirirdi.
– Kazım süzün tayıvız deyil e. Yumruğunu oların başınnan əskik eləmir. Axşam qapının
ağzında maşının səsi gələn kimi hamısı qorxudan evə girib qapılarını bağlıyıllar, işıqları da
söndürüllər.
Bibimin ərinin bir əcaib xasiyyəti də vardı ki, taksiyə rayon adamı əyləşəndə həmişə
sayğacın göstərdiyindən əlli qəpik artıq alar, müştərisi yerli camaatdan olanda isə əksinə əlli
qəpik əskik istəyərdi və vaxt keçdikcə bibimgilin maddi vəziyyətinin yaxşılaşmasını Bakıda yerli
camaatın azalmasının, əyalət adamlarınınsa çoxalmasının göstəricisi kimi də qəbul etmək olardı…
Amma hələ ki, bibim hələ ərə getməyib onun hirsinin, hikkəsinin qarşısına qardaşları sipər
çəkməli olur, hərdənbir də nənəmin yanına qısılıb ürəyini boşaldır.
– Heç olmasa sən deginən, mənə qulaq asmıllar. Çağır, başa sal ki, o düdüyün başına ağıl
qoysunnar, özdərini həyətdə adam kimi aparsunnar, bura olarçün dağın başı döyül..
Nənəm başını yellədərək heç nə demir, ümumiyyətlə həyətə kirayənişin buraxmaq
məsələsində sözü yerə düşdüyündən inciyən nənəm yaxasını kənara çəkərək həyətdəki hadisələri
sadəcə müşahidəçi qismində seyr etməklə kifayətlənir, heç bir müdaxilə eləmir. Amma yox, yenə
çaşdım, bir dəfə, cəmi bircə dəfə nənəm müdaxilə eləməyə məcbur oldu və bu da onun elektrik
cərəyanıyla çox isti bir kontakta girməsiylə nəticələndi…
Hə, deyəsən Mirsəftərin evində qalıb ali məktəbə imtahan verən bacısı qızı həmin gün əla
qiymətlə Tibb institutuna daxil olması xəbərini alır və həmin gün necə olursa bizim kişilərdən
heç biri evdə olmur…
Həm Mirsəftərin özü, həm arvadı, həm onlarda qalan bacısı və bacısı qızı, bir sözlə
evdəkilərin hamısı , bizimkilər demişkən, açarlarını itirmiş kimi görünürlər, elə sevinirlər ki, sanki
latareyada adama bir dənə maşın udublar.
Məlum məsələdir ki, adam belə şad xəbər eşidəndə sevinci yerə göyə sığmır, o ki qaldı on
səkkiz kvadratmetrlik bir otaq ola və bir azdan onların sevincinin otağa sığmadığı daha açıq
şəkildə hiss olunur – sevincin bihuşedici ətri tavanın, divarların, qapıların arasından sızıb bütün
həyətə yayılır, hətta yuxarı mərtəbəyə də dırmaşır və təbii ki, ilk olaraq bibimi, sonra da nənəmi
qıcıqlandırmağa başlayır.
Mirsəftərgil sevinclərini çox hay küylü şəkildə büruzə verirlər, qışqıra-qışqıra biri-birini
qucaqlıyıb öpürlər, hərə bir şey təklif edir, biri deyir elə bu saat şəhərlərarası danışıq
məntəqəsindən rayona zəng vurub bu şad xəbəri ora da çatdırmaq lazımdır, biri təklif edir ki,
axşama qonaqlıq tədarük edib şəhərdəki dost-tanışların, qohumların hamısını dəvət etmək
gərəkdir, xöşbəxt abituriyent də özünü saxlaya bilməyib bu soxasoxda imtahan zamanı hansı
hissləri keçirtdiyini danışır, bir yandan da radionun səsini veriblər, musiqi səsi həyəti başına
götürüb, uşaqların qışqır-bağırı isə bu hay-küyə xüsusi bir kalorit verir, xülasə evdə elə vur-
çartdasın var ki, gəl görəsən, dillə təsvir etmək mümkün deyil, amma buna heç ehtiyac da yoxdur.
Oxucular ya özlərinin, ya da hansısa ailə üzvlərinin ali məktəbə daxil olmasını xatırlasa kifayət
edər.
Yuxarı otaqda oturub yorğanların yununu çırpan nənəmlə bibim bu qəfil hay-küydən
əvvəlcə özlərini itirirlər, çaşıb qalırlar, elə bilirlər ki, kimsə rəhmətə gedib, amma sonra fikir verib
görürlər ki, yox, kirayənişinlərin hay-küyü sevinc, şadlıq təzahürünə oxşayır. Bibim dözə
74
bilməyib başını pəncərədən çıxarıb aşağı boylanır, elə bu vaxt həyətə çıxan
Mirsəftər bibimi görür
və yerdə beş qəpiklik tapan uşaq sevinciylə elan edir.
-Bacım qızı instituta girib e. Tibb institutuna. Həkim olacaq.
Sözünü deyən kimi də sevincdən sanki qeyri-ixtiyari həyətin ortasında qol qaldırıb
oynamağa başlayır, bunu görən evdəkilər radionun səsini bir qədər də artırırlar və gələcək
tələbənin anası qapıya çıxıb qardaşına qoşulur, radiodan səslənən «Süleymani» havasında rəqsə
başlayır, o birilər də qışqır-bağırla əl çalırlar.
Bu eyforiya nənəmi də, başını çıxarıb aşağı boylanmağa vadar edir və gördüyündən
diksinən arvadın dilinə gələn ilk sözlər bunlar olur: «Əstağfurullah, bulara noolub belə?
Başdarına hava gəlib?»
– Bacısı qızı instituta girib, - qaşlarını çatan bibim cavab verir.
– Nə olsun ki.? Böyük iş olub, - nənəm mızıldanır, - yekə eşşey boyda kişi şingilə kimi
düşüb ortaya ki, nə var-nə var bacım qızı instruta girib.
Öz yerinə qayıdıb təzədən yun çubuğunu əlinə götürən nənəm bibimi də içəri çağırır.
– Ört pəncərəni, keç içəri. Tiyatır döyül səninçün.
Əlbəttə, nənəm də əyalət adamı olsaydı Mirsəftərgilin sevincini təbii qəbul edərdi, amma
arvad tamam ayrı cür fikirləşirdi. Adam bu cür sevinər türmədə yatan oğlu buraxılanda, nə
bilim, övladı birinci maaşını evə gətirəndə, toy-nişan eliyəndə, ən uzağı maşın alanda. Yoxsa ki,
belə?
O vaxtlar Bakı camaatı içində ali təhsil almaq elə də böyük fəxr hesab olunmurdu.
Cavanların meyli də yox idi buna. Bakılınınkı şoferlik idi, neftçilik idi, ən uzağı da qırçılıq. Elə
buna görə də indi axtarsaq, alimlərin, siyasi xadimlərin, dövlət qulluqçularının içində bakılıları
barmaqla saymaq olar.
Elə buna görə də, kirayənişinlərin eyforiyası nənəmə də, bibimə də çox qəribə gəlir,
əsəblərinə toxunur, nə qədər cəhd eləsələr də, fikirlərini bu səs-küydən ayıra bilmirlər. Durub
onlara irad tutmağı da özlərinə sığışdırmırlar, ayıb bilirlər. Tərslikdən evdə kişi xeylağılarından
da heç kim yoxdur ki, düşüb kirayənişinləri başa salsın, sevinclərini bir az sakit şəkildə bəyan
eləsinlər.
Axşama yaxın Mirsəftərgilin şəhərdə qalan başqa qohumları onlara təbrikə gəlir, bapbalaca
otağa filan qədər adam yığılır, səs-küy bir az da güclənib, elə həddə çatır ki, artıq yuxarı otaqlarda
oturmaq mümkün olmur, qışqır-bağırdan evlərin şüşələri silkələnir. Bibim öz radiomuzun səsini
artırmaqla həyətdəki gurultunun səsini batırmağa cəhd göstərsə də bunun bir xeyri olmur.
Neftçi atam dənizdə, dəmiryolçu babamsa növbəti reysdə olduğundan nənəmlə bibim
səbrlərini basıb kiçik əmimin evə dönməsini gözləyirlər ki, bu mərəkənin qarşısını alsın. Ancaq
bir müddət sonra başa düşürlər ki, əmim də belə tezliklə gələn deyil, Allah bilir məhəllədə hansı
avaraya ilişib, hansı tində kazbek tüstülədir, ya da küçənin başındakı pivəxanda kruşkanı-
kruşkaya calıyır.
Nəhayət, bibim dözmür, tərəddüdlə də olsa ayağa qalxır, pəncərədən aşağı boylanıb
nənəmə tərəf dönür:
– Mən day dözə bilmirəm, düşüb aşağı bir-iki kəlmə deyəcəm onlara.
– Lazım döyül.