77
Bu
həmin vaxtlar idi ki, bakılıların xalça-palazlarının arxa tərəfi həmişə azacıq qaralmış
olardı, çünki yayın cırhacırında boğanaq otaqlarda yatmağın mümkünsüzlüyünü görən bakılılar
gecəyə yaxın evdəki xalça-palazı çıxardardılar qırlı damlara, dənizdən əsən yüngül yay küləyinin
sığalı altında birtəhər özlərini yuxuya verərdilər. Yayın axırında, döşənəcəklər yuyulanda isə
məlum olardı ki, damların qırı xalça-palazın arxa üzündə dəniz səthinə yığılan neft təbəqəsi kimi
nazik bir qat əmələ gətirib və nə qədər əlləşsələr də saqqıza dönmüş bu qara təbəqəni yuyub
təmizləyə bilmirdilər. Onunçün də arif adamlar baxan kimi bakılıların işlətdiyi xalça palazı
dalındakı qarasından tanıyardılar. Bəli, bakılıların xalça-palazı daldan tanınan olsa da, özləri belə
deyillər...
Bu həmin vaxtlar idi ki, Bakıya «Qaz-21»-lər təzəcə doluşmağa başlamışdı və birdən-birə
məlum olmuşdu ki, sən demə, dünyada həqiqətən anadangəlmə şofer yalnız elə bakılılar imiş,
çünki bu toppuş maşınlara yaxın gələn kimi, bir az da dəqiq desək, toppuş xanımlara oxşayan bu
maşınlara minən kimi, bakılıların altşüurundakı hansısa gizli intim hisslər elə oyanmışdı ki, bir
çoxları bütün iş güclərini atıb bundan sonrakı həyatlarını yalnız və yalnız bu maşınların
qulluğunda keçirtməyə canla-başla razılaşmışdılar; (əlbəttə ki kişiləri nəzərdə tuturam). Beləliklə,
həmin ərəfələrdə bakılıların ətriyyat rasionundakı qır iyinə həmişəlik olaraq benzin iyi də əlavə
olunmuşdu. O vaxtdan bəri bakılı bir kişiyə ərə getməyə hazırlaşan qadında əgər qır və benzin
iyinə qarşı hansısa allergik reaksiya olardısa, gərək əvvəldən nikahının fatihəsini verəydi. Bakılıya
ərə gedən qadının evindən qır iyi, kişisindənsə benzin iyi gələcəkdi. Maşın xəstəsi olmayan bakılı
bir kişi tapmaq isə arağa nifrət eliyən rus tapmaq qədər çətin idi….
Və nəhayət, bu həmin vaxtlar idi ki, yayın ortalarına yaxın bakılıların ayaqqabılarını,
başmaqlarını bir qazan qaynar suya atsaydın, əntiqə tut kampotu alınardı. Çünki bütün Bakı
həyətlərinin, dalanlarının, məhlələrinin ayrılmaz bir hissəsinə çevrilmiş tut ağaclarının səxavətlə
yerə səpələdiyi şirəli tutlar ayaq altında qalıb əzildikcə, ayaqqabılara, başmaqlara yapışıb onların
altlığına elə hopurdu ki, heç Koroğlunun Misri qılıncıyla da qaşıyıb təmizləmək olmurdu. Yayın
ortalarında bakılıların beldə gəzdirməyə adət etdikləri bıçaqların hansı birinə əl vursaydın,
ayaqqabıların altındakı tutları qaşımaqdan şirə bağlamış dəmiri əlinə yapışacaqdı. Bıçağı
yumağın da xeyri olmurdu, bu həyasız tutun şirəsi dəmirə də hopurdu və türmələrdə, zonlarda
düzələn gül kimi bıçaqlar adam yortmaq funksiyasını itirirdilər, olurdular kampotluq bıçaqlar.
Bakının yuxarı məhəllələrində yay aylarında bıçaqlaşma hadisələrinin faizi xeyli aşağı düşürdü.
Şirə bağladığından hara gəldi yapışan bıçağı beldən çıxarana qədər adamın nəinki kimisə
yortmaq həvəsi, heç qarışqa tapdalamaq şövqü də qalmırdı; ya yortmaq istədiyin adam o
vaxtacan qaçıb aradan çıxırdı, ya da sən bıçağı çıxarana qədər yumruğu qoyurdu ağzıvın üstünə,
sən də tir-tap uzanırdın od kimi qaynar asfaltın qırağına, bıçaqın da batırdı öz dalıva.
Məhz həmin vaxtlarda, yay aylarının ortalarında, atamın Neft daşlarından qayıdıb
evimizin damında dincəldiyi, kiçik əmimin isə Qırxpiləkanın altındakı pivəxanada dağlılarla söz
güləşdirdiyi axşamların birində, artıq təqaüdə çıxmış və bekarçılıqdan Bakı damlarının qırı kimi
ona-buna qırsaqqız olub yapışan babam həyətimizdə yeganə kirayənişin olan Mirsəftərə qəmiş
olmuşdu ki, onunla beş-altı tas nərd atsın. İnsafla desək, Mirsəftərə qırsaqqız olub yapışmağa bir
o qədər də, ehtiyac yox idi, çünki Bakıda bir qədər də tanış-bilişi olmayan, xasiyyətcə hay-küylü
məhəllə cayıllarına uyuşmayan bu sakit rayon uşağı onsuz da, işdən gələndən sonra bütün günü
evdə darıxırdı və babamın belə təkliflərini bizə gəlib-gedən qohum-qonşudan fərqli olaraq, böyük
məmnuniyyətlə qəbul edirdi. Elə həmin axşam da həmişəki kimi Mirsəftər özünün düzəltdiyi
78
qəhvəyi rəngli balaca kətili gətirib həyətdəki tut ağacının altında quraşdırılmış iri, kobud stolun
arxasına qoyub oturmuşdu. Ancaq babamla nərd atmağa başlasa da, bir neçə dəqiqə idi ki, fikrini
nərdtaxtanın üstündə cəmləşdirə bilmirdi. Ağacların tutu artıq ağaclardan tökülüb qurtarsa da,
yerdə hələ uzun müddət şirəli palçıq formasında öz mövcudluğunu davam etdirirdi və bayaq
dediyimiz kimi camaatın ayaqqabılarının, başmaqlarının altına yapışırdı. Mirsəftər də nərd ata-
ata çox əlləşsə də, yerdən götürdüyü xırda dəmir parçasıyla başmaqlarının altını tam təmizləyə
bilmirdi, görürdü ki, rezin altlığı bir az da qaşısa, cırılıb dağılacaq. Başa düşürdü ki, bu başmaq
da artıq kampotluqdu.
Nəhayət, Mirsəftər bezib dəmir parçasını bir kənara ataraq, bütün diqqətini zərlərə və
babama yönəldir.
– Şeş cahar, o vaxtlar yəqin sənin yadına gəlməz.. – Babam nərdtaxtanın yanına qoyulmuş
armudu stəkanı əlinə götürüb, xoruzquyruğu çaydan bir qurtum içir.. - haçan köçmüsən Bakiyə?
– Dörd il əvvəl, əlli səkkizinci ildə. «Üç-bir» - kirayənişinimiz cavab verib zəri atır.
– Hə, əybi yox, əlli-altmış ildən sonra siz də bakili olarsuz. Babam elə bil Mirsəftərə
toxdaqlıq verir. - Elə bizim özümüz də, altmış-yetmiş il bunnan qabaq gəlmişik Bakiyə. Zirədən
köç-külfət yığışıb bura köçəndə, mən xırda uşaq idim. Yadıma gəlir ki, Dumun qabağı çöllü-
biyaban idi, Çəmbərəkətdilər taxıl əkirdilər orda, «Pənc-dü».
– Nəyin qabağında taxıl əkirdilər? - Mirsəftər deyəsən yaxşı başa düşmür.
– Dumun.
– Ora haradı ki?
Babam başını qaşıyır, deyəsən, indi həmin binada yerləşən idarənin adını yadını salmağa
çalışır.
– Əşi, təpəsində saat olan idarə var e. Bu Qırxpiləkəndan düz aşağı düşəndə, üstünə
çıxırsan. İçərişəhərin divarına yapışıq.
– Dörd qoşa, - Mirsəftər gülümsünür. - Bildim, Bakı şəhər İcrayə komitəsini deyirsiz.
– Hə, – babam başını yellədir, – o vaxtlar orda Dumxananın binasıydı. Biz gələndə ordan ta
Dağlı məhəlləsinəcən çöllük, qayalıq idi. Bir balaca xəzri əsən kimi, elə tozanaq qalxırdı ki, göz-
gözü görmürdü. Adamın ağız-burnu da, torpaqla dolardı. Anam rəhmətlik həmişə atamın
dalıyca deyinirdi ki, kəntdəki gül kimi bağ-bağatı qoyub, gətirdi bizi saldı bu daşdarın, tozanağın
içinə. Sə-dü.
– Daşlıq niyə? - Mirsəftər təəccüblənir. - İki-bir. Bəs demirdiz ki, taxıl əkirdilər? Taxıl başa
gəlirsə, deməli, yaxşı torpaqlar olub da.
– Eh, rəhmətliyin oğlu. - Babam əllərini yellədir. - O taxıl əkilən yerlərə heç yaxın düşmey
olurdu ki? Dumun qabağını Həci Zeynalabdin alıb çəpərləmişdi ki, mektəb tikdirsün. Yan
yörəsini də yavaş-yavaş Həci Həcağa, Ağa Murtuz, sonra, o biri xozeyinlər aldılar, mülklər
tikdirdilər. Atam yer götürəndə gördü ki, o yannara burun soxmaq mümkün döyül, onunçün
qalxdı bir az yuxarı. Onda bu dikdirdə daş-qayadan başqa bir zad yox idi. Buralar
İçərişəhərlilərnən Çəmbərəkətdilərin dava meydanı olmuşdu. Həmişə ortaya qan düşəndə,
İçərişəhərlilər xəncər bıçaqlarını bellərinə qoyub bura qalxardılar, Çəmbərəkəntdilər də yuxarıda,
qayaların üstündə dayanıb onların başına daş kəsək atardılar. Elə biz təzə gələndə də üç-dörd
dəfə helənçiy davalar oldu. Bir də görürdün, bəli, çəmbərəkətdilər on-on beş dənə sınıq salxaq
araba çarxını yandırıb, Qırxpiləkənin üstünnən buraxdılar aşağı, İçərişəhərrilərin üstünə. Dəyən
dəydi, dəymiyən gilləndi üzüaşağı, Dumun qabağına tərəf, nə bilim, biri getdi yana-yana girdi