81
malını əmvatuvuzun rahatdığından artıq tutduz,
Allah sizin cəzavuzu verəcək, qəbirlərivüz
meyit üzünə həsrət qalacey, qəbirsandığıvuz da böyümiyəcey, elə xırda qalacey. Onda arzuvuza
çatarsuz, day diməzsüz ki, ölülər bu dünyada yerimizi dar eliyir.
Müxtəsəri Seyid o vaxtdan kənd əhlindən küsür, gedir Dübəndidən bir az aralıda, Qılınc
qayanın dibində özünə xırda bir daxma tikir, külfətini də köçürdür ora. Bir neçə ildən sonra,
ümumiyyətlə bu tərəfləri tərk eliyib gedir.
Camaat da bir neçə vaxt sonra o seyidi də, dediyi sözləri də yadından çıxarır. Amma belə
məlum olur ki, məsələ bunuynan bitmirmiş. Camaat təzə qəbirsandıq salannan on beş iyirmi il
sonra dəniz başlayır qalxmağa, su da ildən-ilə irəli gəlib kəndə yaxınlaşır, dövrəsindəki meşələr
çürüyüb tökülür, əkin yerlərinin də bir qismi suyun altında qalır, bir qismi şorannaşır, bir qismini
də qəmiş basır.
Əvvəlki əkin torpaqlarınnan cəmisi beşdən biri qalır camaata, qalan hamısı xəlqin əlindən
çıxır. Əkin-tikin azalır, kənd əhlinin güzaranı korranır, axırda camaat əlacsız qalıb üzünü
yaxınlaşmaqda olan dənizə tutur, kişilərin çoxu külfəti saxlamaqçün öz pişələrini dəyişib keçirlər
balıqçılıqa, hərəsi ordan-burdan sınıq-salxaq bir lödkə tapıb yay-qış, küleydə də, tufanda da,
soyuqda da ruzi dalıyca dənizə çıxıllar. Onu gedir, beşi qayıdır. Beşi gedir, üçü qayıdır. Bu
minvalnan kəndin kişiləri day yorğan-döşeydə əcələ can vermeyi yığışdırıb qoyullar bir qırağa.
Dəniz özü dönüb olur yekə bir Əzrayıl, xəzrinin köməgiynən kişiləri bala-bala dənniyir özüyçün,
heç meyitdərini də dala qeytərmir. Hə, seyidin sözü gəlib öz yerini alır, qəbirlər meyit üzünə
həsrət qalıllar, təzə qəbirsannıq da böyümür, elə balaca qalır, day ölülər bu dünyadakıların yerini
dar eləmir. Dənizdə batan əmvatını yad eləmey istiyənlər də, ya gün təpəsinə döyə-döyə, ya
xəzrinin qabağında soyuqdan əsə-əsə gedib dəniz qırağında qumun üstündə oturub bir dənə
yasin oxuyullar, fatihə verillər, yavaş-yavaş çıxıb gəlirlər evlərinə…
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz
dikən yoluna bica bir dənizdir, bir də mən.
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan,
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.
Çoxları görcək səni öz eşqin elan eyləyib,
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən.
Bir zaman Məcnun idi divanə, səhra məskəni,
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.
82
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən.
– Çıxmasınnar da dənizə. Qarın candan əzizdi məgər? – Artıq oyuna fasilə vermiş
Mirsəftərin sualı o
qədər sadəlövh olur ki, babamı gülmək də tutur.
– Bəs neynəsinnər, ay rəhmətdiyin oğlu? Ölsünnər acınnan?
– Yox, ölməsinlər, – Mirsəftər təslim olmur, - köçüb getsinlər başqa yerə.
– Düz diyirsən. – Babam təsdiq edir. - Ancaq hər adam da öz ev-eşiyini qoyub alayı yerə
gedə bilmir axı? Qıraqda üç gün qonaq qalanda, adamın burnunun ucu göyniyir evçün. O ki
qaldı biryolluq gedməy ola. Məsəlçün mənim atam da sən diyən kimi elədi. Bir dəfə dənizdə
möhkəm tufana düşür, lötkə çövrülür, yoldaşdarı batır. Ancaq atam özünü suda saxlıya bilir. Elə
suyun içində allaha dua eliyir ki, sağ-salamet qırağa çıxım, bir də oğraşam əgər dənizə barmağımı
da soxsam. Hə, həmin gecəni səhəreycən atam üzür, ancaq gün çıxana yaxın birtəhər özünü
qırağa çıxarda bilir. Onnan sonra qıraqda qalan o birisi lötkələrini də satır, qərdeşiynən bir yerdə
gəlir Bakiyə, həmin bu yerdə torpaq alırlar, ev tikillər, həyət baca düzəldillər, lövbər salıllar
burda. Atam gedib çolaq Ağabalanın deyirmanında işə düzəlir, əmilərim də gedir Bibiheybət
mədənnərinə.
– Bəs indi necə? Yenə kənd camaatı balıqçılıqla məşğul olur? - Mirsəftər artıq zəri bir qırağa
qoyub soruşur.
– Yox əşi. Əlli-altmış il əvvəl Pirallahıda nöyüt mədənnəri açılannan sonra dənizə çıxmağa
çox lüzum qalmadı. Kişilərin çoxu getdi orda işdəməyə, kəndin qəbirsannığı da düzəldi, day
qəbirlər də meyitə həsrət qalmadılar. İndi kətdə cəmisi beş-on nəfər balıqa çıxır. O da, hərdən-bir.
Araya Bakı gilavarı kimi isti bir sükut çökür, yalnız indi hər iki oyunçunun - həm babamın,
həm də kirayənişinimiz Mirsəftərin yadına düşür ki, hələ tası başa vurmayıblar. Deyəsən, zəri
axırıncı kimin atdığı da yaddan çıxmışdı. Onunçün də, babam nərdtaxtanı hələlik bağlayır, başını
geri çevirib nənəmi çağırır.
– Sonaxanım, ay Sonaxanım.
Nənəm xırda pəncərədən başını çıxardır.
– Nə var?
– O gün kətdən pişrast qarpuz götürmüşdim a, onnardan birini kesib göndər bura. Lap
ciyərim yandı.
– Mənim əllərim xəmirlidü. Uşaqlar da, yoxdu. Gəl özün seç, götür.- nənəmin səsi eşidilir.
Babam başını yellədib dodaqaltı mızıldanır; «Bu köpey uşaqları da evdə ramazannan
ramazana tapılıllar», sonra da ayaqa qalxıb evə keçir və bir o qədər keçmir ki, əlində orta ölçülü
bir qarpız, iri dəmir sini və uzun bir bıçaq geri dönür. Nərdtaxtanı enli stolun bir kənarına
itələyib qarpızı sininin üstünə qoyur, sonra üzünü stulda külək döyən qamış kimi yellənən
kirayənişinə çevirir:
– Süzün rayonda da qarpuz əkillər?
– Yox, bizdə kartof-soğan çox olur. Qarpızı Sabirabaddan gətirirlər.
– Eh, - babam ağzını büzüb əllərini yellədir. – Sabirabadda qarpuza su verillər. Dadı qaçır.
Bizim kətdərdə qarpuz yemişi dəniz qırağında əkillər, day sulamıllar. Özü dənizin suyunnan
çəkir canına. Olur bal kimi.