gedərdir", ona görə də "Şu" dastanının qəhrəmanı İsgəndərin gəlişini laqeyd qarşılayır,
xüsusi bir tədbir
görməyi mənasız sayır.
"Ərgənəkon" dastanı təxminən I minilliyin ortalarında müxtəlif qədim rəvayətlər əsasında
formalaşmışdır. Dastanın
məzmunu barədə XIV əsrdə F. Rəşidəddin, XVII əsrdə isə Əbül Qazi Xan
məlumat verir.
Dastanın qısa məzmunu bundan ibarətdir:
Moğol elinə Oğuz xan soyundan olan İl xan hökmdarlıq edirdi. O, tatarların da başında duran
Sevinc xanla vuruşur, həmişə qalib gəlirdi. Sevinc xan hədiyyələr göndərərək Qırğız xanını öz tərəfinə
çəkdi. Moğollar bütün döyüşlərdə üstün olduqlarına görə digər türk boylarının onlarda qisası vardı. Ona
görə də Sevinc xanın ətrafında toplaşıb moğolların üzərinə yeridilər.
Moğollar möhkəm dayanmışdılar. Sevinc xan qoşunun məğlub olacağını görüb hiyləyə əl atdı.
Xan və bəyləri toplayıb geri çəkilmək, gedərkən lazımsız malları buraxmaq buyruğunu verdi. Moğollar
elə bildilər ki, düşmən yenilib qaçır. Onlar möhkəmləndirilmiş ordugahlarından çıxıb, onların ardınca
düşdülər. Tatarlar geri dönüb vuruşmağa başladılar, moğolların böyüklərini qırdılar, kiçiklərini isə dustaq
elədilər. Dustaq olanlar yiyələrinin soy adını aldılar. Və moğollardan dünyada əsər-əlamət qalmadı.
Moğol hökmdarı İl xanın oğlu Qıyanla qardaşı oğlu Nüküz də dustaq olmuşdular. Hər ikisi təzəcə
evlənmişdi. İmkan olan kimi qadınları ilə birlikdə qaçıb yurdlarına gəldilər. Döyüşdən on gün keçmişdi.
Gördülər ki, bəzi heyvanlar da düşməndən qaçıb yurda dönüb. Onları da götürüb dar dağ cığırı ilə əlçat-
maz, ünyetməz bir yerə gəldilər. Bu yer çox gözəl idi: axar çaylar, bulaqlar, çayır-çəmənlər, meyvəli
ağaclar, cürbəcür ov heyvanları...Tanrıya şükür elədilər. Qışda mallarının ətini yeyir, dərilərini geyir,
yazda südünü içirdilər. Bu yerin adını Ərgənəkon
qoydular, yəni ("hündür dağ yamacı" ).
Qıyanla Nüküzün övladları oldu, mal-heyvanları artıb çoxaldı. Böyük bir xalq əmələ gəldi. O
qədər artdılar ki, Ərgənəkon onlara darlıq elədi. Buraya gəlişlərindən dörd yüz il keçmişdi.
Bir gün toplaşıb söhbət elədilər. Babalarımız deyərdi ki, Ərgənəkondan kənarda gözəl, geniş bir
ölkə var, xalqımızı tatar qırmış, ölkəmizi yağmalamış — deyə söylədilər. — İndi gərək dədə-baba
yurdumuza qayıdaq.
Ancaq
dədə-babaların buraya qaçıb gəldikləri dar cığırı heç kim xatırlamırdı. Ona görə də
Ərgənəkondan çıxış üçün yol aradılar. Lakin tapmadılar. Bir dəmirçi gəlib dedi ki, burada bir dəmir
mədəni var, onu əritsək, yol açılar.
Camaatdan kimi kömür, kimi odun gətirdi. Bir sıra odun, bir sıra kömür düzdülər.
Dəridən yetmiş
körük düzəltdilər. Od vurub körüklərin hamısını birdən körüklədilər. Tanrının köməyi ilə dəmir əriyib
yüklü bir dəvə keçəcək qədər yol açıldı.
Ərgənəkondan çıxdıqları həmin günü moğollar həmişə bayram edərlər. Bir dəmiri qızarana qədər
odda saxlar, sonra onu çəkiclə döyərlər. Bu günə "zindandan çıxıb baba yurdumuza gəldiyimiz gün"
deyərlər.
Ərgənəkondan çıxıb öz ölkələrinə dönəndə moğolların hökmdarı Qıyan soyundan olan Börtə Çinə
idi. Bütün boylara xəbər göndərdi ki, biz Ərgənəkondan çıxıb geriyə — ölkəmizə qayıtdıq. Bəziləri
sevindilər, bəziləri kədərləndilər. Tatarlar onların üzərinə gəldi. Böyük bir döyüş oldu. Moğollar düşməni
yendilər, böyüklərini qılıncdan keçirdilər, kiçiklərini dustaq etdilər. Mallarını yağmaladılar. Beləcə dörd
yüz ildən sonra tatarlardan qanlarını aldılar.
Ətrafda moğollardan güclü bir xalq yox idi. Hətta əslində moğol olmayanlar da "moğoluq"
deyirdilər.
"Ərgənəkon" dastanında əsas qəhrəman bu və ya digər konkret şəxs-insan yox, eyni soydan olan
müxtəlif boyları öz ətrafına toplayıb güclü ittifaq yaratmağa çalışan tayfa-xalqdır.
Bu
xalqın iradəsi qırılsa da, Tanrı onu
xilas edib, yenidən əvvəlki tarixi ehtişamına qaytarır.
Türklərin cəmiyyət tarixində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri müxtəlif boyların
ictimai-siyasi münasibətləri olduğundan türk epos təfəkkürü həmin məsələyə biganə qalmamış, haqqında
söhbət gedən münasibətlər xalqın epik yaddaşında özünəməxsus bir şəkildə faktlaşaraq mühafizə
olunmuşdur. "Ərgənəkon" dastanında türk tayfalarından olan moğolların Tanrı tərəfindən
müəyyənləşdirilmiş hakimiyyət səlahiyyətləri uğrunda mübarizələri, çəkdikləri böyük etnik-mənəvi
əziyyətlər, pozulmuş tarixi harmoniyanın bərpa olunması konkret hadisələr əsasında, kifayət qədər obrazlı
şəkildə göstərildiyindən epos burada həm tarixi interpretasiya etmək, həm də mənsub olduğu cəmiyyətə
mənəvi-estetik zövq vermək, onun ruhunu oxşamaq, səfərbər etmək funksiyasını uğurla yerinə yetirir.
Görünür,
ölən və dirilən təbiət, eləcə də bunun transformları olan
ölən və dirilən insan, cəmiyyət
barədəki qədim təsəvvürlər də dastanın ideyasına təsir göstərmişdir (ümumiyyətlə, qədim türk eposunda
xalqın, demək olar ki, tamamilə məhv olub, yenidən yaranması, əvvəlki vəziyyətinə qayıtması ideyası
mühüm yer tutur); tanrıçılıq həmin təsəvvürləri müəyyən qədər məhdudlaşdırıb onları yeni məna-
məzmunla zənginləşdirsə də, "Ərgənəkon" dastanından göründüyü kimi, bütövlükdə aradan qaldırmır.
Etnosun (cəmiyyətin) yenidən ("rüşeym"dən) canlanmasının mağara-təbiətlə (ekoloji mühitlə) bağlanması
da qədim türk epos təfəkküründə naturtəsəvvürün əhəmiyyətli yer tutmasından irəli gəlir. "Ərgənəkon"
("Ərgənəkona girmək", "Ərgənəkonda yaşayıb artmaq", nəhayət, "Ərgənəkondan çıxmaq" və s.) obrazı
elə bir müqəddəs rəmzi obrazdır ki, burada ən zəif bir həyat işartısının güclənməsi, artması üçün münbit
ekoloji şərait mövcuddur.
"Ərgənəkon" dastanının əsas ideyası
"Göy türk" dastanında
özünəməxsus şəkildə davam
etdirilir.
"Göy
türk"
dastanının məzmunu barədə məlumata Çin mənbələrində təsadüf edilir (B .Ögəl).
Mənbələrin birində göstərilir ki, hunların soyundan gələn Göy türklər A-şi-na ailəsindən törəmiş,
müxtəlif oymaqlar halında yaşamağa başlamışlar. Lakin onların ölkəsi Linlər tərəfindən işğal olunmuş, on
yaşlı bir uşaqdan başqa hamısı qılıncdan keçirilmişdir. Düşmən əsgərləri uşağa, kiçik olduğu üçün, o
qədər də fikir verməyib, sadəcə, ayaqlarını kəsərək onu bataqlığa atırlar. Bir dişi qurd peyda olub, uşağı
bəsləyir. Böyüdükdən sonra onunla ər-arvad kimi yaşayırlar. Qurd ondan hamilə olur.
Uşağın böyüyüb yaşadığını bilən düşmən hökmdarı əsgərlərini göndərir ki, onu öldürsünlər. Qurd
qaçır. Kao-çanq (Turfan) ölkəsinin Şimalındakı dağa gedir. Həmin dağda bir mağara vardı. İçərisində
ətrafı sərt qayalarla əhatə olunmuş bir oba yerləşirdi. Qurd həmin mağaraya girir və orada on oğlan doğur.
Oğlanlar böyüdükcə kənardan gətirdikləri qızlarla evlənirlər. Hər birindən bir soy törəyir.
Çoxaldıqdan sonra mağaradan çıxıb Altay dağları ətəklərində məskən tutub aparlara tabe oldular.
Əsas məşğuliyyətləri onlara dəmirçilik etmək idi...
İkinci
mənbədə göstərilir ki, Göy türklər Hun ölkəsinin Şimalındakı Sou ölkəsindəndirlər. Onların
başında A Pank-pu dururdu. Onun da yeddi qardaşı vardı. Böyük qardaşlarından birinin adı İ-ci Ni-su-tu
idi ki, qurddan doğulmuşdu. Yağışa, küləyə hökm edərdi.
Qardaşlarını düşmən öldürdü, ancaq Ni-su-tu qaldı. Biri yaz, digəri qış tanrısının qızı olan iki
arvadı vardı. Onlardan dörd uşağı olmuşdu. Uşaqlardan biri böyüyüb ağ leylək oldu. İkincisinin adı Çi-qu
(Qırğız) idi. A-fu ilə Kem çayları arasında yerləşmişdi. Üçüncüsü Çu-cin suyunda məskunlaşdı. Ən bö-
yükləri olan dördüncüsünün adı Na Tu-liu idi. O da Çien-su, Şi dağlarında qərar tutmuşdu.
Həmin dağlarda ulu babası A Panq-punun bir nəsli yaşayır, soyuqdan çox sıxıntı çəkirdi. Na-Tu-
liu od əldə edib onları isitdi, bəslədi. Ona görə də qardaşları onu başçı seçib adını Türk qoydular. Türkün
on arvadı vardı. Bunlardan olan oğlanları soy adlarını analarından alırdılar.
Türk öləndə oğlanları böyük bir ağacın altına yığışdılar. Dedilər ki, ən hündürə hoppananı
özümüzə başçı seçəcəyik. Hamısı bir-bir hündürə hoppandı. Türkün ən cavan arvadı A-şi-nanın oğlu —
qardaşlardan ən gənci qalib gəldi. A-şi-na nəsli ondan törəmişdir.
Göy
türklərin törəyib artmasından bəhs edən bu dastana (dastanlara) eyni zamanda "Boz qurd"
dastanı, yaxud dastanları da deyilir ki, bu da, şübhəsiz, türklərin öz köklərini Boz Qurdla bağlamalarından
irəli gəlir. "Göy türk" dastanının məzmununu mühafizə edən ikinci mənbədən fərqli olaraq, birinci
mənbədə göy türklərin Boz Qurddan törəməsi barədəki təsəvvür təfsilatı ilə verilir.
Tamamilə məhv olub yenidən törəyib artan cəmiyyət-etnos ideyası, haqqında
söhbət gedən
dastan-əhvalatda öz əksini tapmışdır. Düşmən tərəfdən məhv edilən türk boyu yalnız bir türk uşağının
qalması nəticəsində yenidən dirçəlir (bu dəfə, sözün ən geniş mənasında, mühafizəçi işini dişi Boz Qurd
görür). Qədim türk epos təfəkküründə xalqın öz mənşəyini canlı, yaxud cansız təbiətlə bu qədər sıx
bağlaması, görünür, həmin xalqın bilavasitə təbiətin — ekoloji mühitin övladı olması ilə əlaqədardır. Və
təsadüfi deyil ki, qədim türk tarixinin müqayisəyəgəlməz mütəxəssisi L. N. Qumilyovun etnos
nəzəriyyəsində təbiətin — coğrafiyanın bu və ya digər xalqın, tayfanın, qəbilənin tarixində, davranış
stereotiplərinin formalaşmasında roluna xüsusi diqqət verilir:
"Artıq sübut edilmişdir ki, etnosların bir-birindən fərqi nə irq, nə dil, nə din, nə də savadlılığına
görə deyil, ancaq davranış stereotipinə görə müəyyənləşir ki, bu da insanın landşafta fəal
uyğunlaşmasının yüksək formasından ibarətdir".
Təbiətdən — Tanrıdan doğulmaq,
sonra mədəni qəhrəmana, hökmdara çevrilmək ideyası türk
eposunun təzahürü olan bir sıra dastanlarda ifadə edilmişdir ki, onlardan biri də naqis "Siyenpi"
dastanıdır.
"Siyenpi"
dastanının qısa məzmununu Çin mənbəyi danışır; həmin mənbədə göstərilir ki, Mo-lo-
heu adında bir Siyenpi Cənub hunlarının ordusunda üç il əsgərlik edir. Bu müddət ərzində arvadı bir uşaq
doğaraq adını Tanşe hoau qoyur. Mo-lo-heu yurduna dönüb, uşağı görüncə bərk qəzəblənir, arvadı da,
uşağı da öldürmək istəyir. Arvadı isə deyir ki, bir gün göy bərk guruldayanda qorxub göyə baxdım,
ağzıma bir dolu dənəsi düşdü, ondan hamilə olub on aydan sonra bu uşağı doğdum.
Mo-lo-heu
həmin qeyri-adi işə inanır kimi oldu, ancaq uşağın üzünü belə görmək istəmədi. Anası
onu gizlicə böyütdü. Uşaq on beş yaşına çatanda bir gün sürülərini yağmalamağa
gələn hoydularla elə
qəhrəmancasına çarpışdı ki, böyük ad qazandı, ətrafına bir çox igidlər yığılmağa başladı...
"Siyenpi"
dastanının qeyri-adi şəraitdə (göydən düşmüş dolu dənəsindən) doğulmuş qəhrəmanı
barədə müfəssəl söhbət getmir — onun ancaq yağcamlıqlarla çarpışıb, böyük ad qazanması və ətrafına bir