Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

Bu həddən artıq kəskin keçid, bu son dərəcə kəskin təzad onun şöhrətpərəstlik meyillərinə daha da 
qüvvət verməli idi. Bir tərəfdə – ən zərif bir ictimai mühitin yaratdığı parlaq, cazibədar surətlər, gözəl 
sənət əsərlərinin və zinətli şeylərin çərçivəsi içində görünən canlı gənc simalar, ehtiraslı, şairanə 
şəxsiyyətlər, o biri tərəfdə isə – çirkab və səfalət içində canlanan məşum lövhələr, ehtiraslardan yalnız 
oyunbaz kəndirlərini və mexanizmlərini saxlamış insanlar görünürdü. Aldanmış bir qadının hiddəti 
sayəsində madam de Boseanın verdiyi məsləhətlər və kuzinasının cazibədar təklifləri yenə Ejenin 
hafizəsində canlandı, ehtiyac isə buna başqa bir məna verdi: sərvət qazanmaq üçün Ejen iki yanaşı 
xəndək qazmağı qət etdi; o həm məhəbbətə, həm də elmə əsaslanmaq, həm kübar bir adam, həm də 
hüquq elmləri doktoru olmaq istəyirdi. O, yenə də böyük uşağa bənzəyirdi. Bu iki xətt asimptot1 
olduğuna görə heç vaxt bir-birinə qovuşmayacaqdı. 
Votren insan qəlbinin ən sirli guşələrinə nüfuz edən bir nəzərlə Rastinyaka baxaraq: 
– Siz çox məyus görünürsünüz, cənab markiz, – dedi. 
Rastinyak: 
– Mən məni “cənab markiz” adlandıran şəxslərin zarafatlarına dözmək niyyətində deyiləm, – dedi. – 
Parisdə həqiqətən markiz olmaq üçün əldə yüz min livr mədaxilin olmalıdır, “Vokenin evi”ndə yaşayanlar 
isə ehtimal ki, bəxti gətirənlər sırasında deyildirlər. 
Votren Rastinyaka ata saymazyanalığı ilə baxdı, sanki o bunu demək istəyirdi: “Küçük! Mən sənin aşının 
suyunu verə bilərəm!” Bir az sonra Votren belə cavab verdi: 
– Qanınız qaradır, ehtimal ki, buna səbəb gözəl qrafinya de Restonun yanında müvəffəqiyyət qazana 
bilməməyinizdir. 
Rastinyak bağırdı: 
– Mən ona atasının bizimlə bir süfrə başında əyləşdiyini söylədiyimə görə məni qəbul etməmək üçün əmr 
vermişdir! 
Kirayənişinlər bir-birinin üzünə baxdılar. Qorio ata başını aşağı saldı və göz yaşlarını gizlicə sildi. 
Qonşusuna müraciətlə: 
– Tütününüz gözümə düşdü, – dedi. 
Ejen vermişel fabrikantının yanında əyləşənə baxaraq: 
– Qorio atanın xətrinə kim dəysə, əvəzini məndən alacağına əmin ola bilər, – dedi. – O, bizim 
hamımızdan yaxşı adamdır. – Sonra madmazel Tayferə doğru dönərək: – Mən xanımları nəzərə almıram, 
– deyə əlavə etdi. 
Bu sözlər hər şeyə yekun vurdu: Ejen bu sözləri elə ruhda söyləmişdi ki, hamı səsini kəsdi. Yalnız Votren 
istehza ilə dedi: 


– Qorio atanı himayə altına almaq və onun məsul vəkili olmaq üçün şpaqa ilə yaxşı vuruş     və yaxşı güllə 
atmağı bacarma       dır. 
Ejen: 
– Elə mən də bu niyyətdəyəm, – deyə cavab verdi. 
– Demək, siz bu gündən etibarən müharibə elan edirsiniz? 
Rastinyak cavab verdi: 
– Mümkündür. Lakin mən başqalarının gecələr nə ilə məşğul olduqlarını araşdırmaq niyyətində 
olmadığıma görə heç kəsə haqq-hesab verməyə borclu deyiləm. 
Votren kəc bir nəzərlə Rastinyaka baxdı. 
– Əziz oğlan, canbazların oyununa aldanmaq istəməyənlər canbazxananın içinə girməlidir, yoxsa kətan 
divarın yırtıqlarından baxmaqla kifayətlənməyin mənası yoxdur. – Sonra Ejenin yenə qızışdığını görüb 
əlavə etdi: – Bu söhbəti kəsək. Bu barədə başqa bir zaman, nə vaxt istəsəniz söhbət edə bilərik. 
Nahar uzanır və məyus keçirdi. Rastinyakın sözlərindən tamam pərişan olan Qorio ata hamıda ona qarşı 
münasibətin dəyişdiyini, onu məsxərəyə qoyanların ağzını yumacaq bir cavan müdafiəçisi olduğunu 
anlamamışdı. 
Voke pıçıldadı: 
– Belə çıxır ki, Qorio ata qrafinyanın atası imiş? 
Rastinyak cavab verdi: 
– O həm qrafinyanın, həm də baronessanın atasıdır. 
Byanşon Ejenə dedi: 
– O yalnız atalığa yarayar, mən onun başını yoxlamışam; başında ancaq bir şiş vardır ki, o da atalıq şişidir. 
Qorio əsl atalardandır. 
Ejen olduqca ciddi görünürdü, Byanşonun zarafatı onu güldürmədi. O, madam de Boseanın 
məsləhətlərindən istifadə etmək niyyətində idi. Haradan pul tapmaq mümkün olduğunu düşünürdü. 
Onun gözləri qarşısında səhra kimi boş, həm də bolluq vəd edən həyat üfüqləri açılırdı. Bu tamaşa onun 
qəlbində təlaş və qayğı oyatmışdı. Nahardan sonra hamı yavaş-yavaş dağıldı, yemək otağında Ejen yalqız 
qaldı. 
Qorio həyəcanlı səslə ona dedi: 
– Demək, siz mənim qızımla görüşmüşsünüz? 
Qocanın bu sözləri tələbəni ayıltdı. Ejen Qorio atanın qolundan tutdu və dərin bir riqqətlə ona baxaraq: 


– Siz, – dedi, – çox yaxşı, ləyaqətli adamsınız. Qızlarınız haqqında sonra danışarıq. 
Rastinyak Qorio atanı daha dinləmək istəmədiyindən ayağa durdu və otağına çəkilərək, anasına bu 
məktubu yazdı: 
“Əziz ana! Mən sizdən yeni bir məhəbbət fədakarlığı xahiş etmək niyyətindəyəm. Hadisələrin gedişindən 
belə məlum olur ki, mən tezliklə özümə yaxşı bir vəziyyət yarada bilərəm. Mənə min iki yüz frank pul 
lazımdır, hər necə olur-olsun, mən bu pulu əldə etməliyəm. Atama bu xahişim haqqında heç bir söz 
söyləməzsən, – o, mane ola bilər, halbuki mən bu pulu tapmasam, tamamilə məyus olub, intihar belə 
edə bilərəm. Görüşdüyümüz zaman məsələnin nə yerdə olduğunu sənə söylərəm: mənim busaatkı 
vəziyyətimi başa salmaq üçün cild-cild kitablar yazmaq lazımdır. Mehriban ana, mən qumarda 
uduzmamışam, heç kəsə borcum da yoxdur, lakin sənin mənə bəxş etdiyin bu həyat sənin üçün 
qiymətlidirsə, bu pulu mənim üçün tapmalısan. Bir sözlə, mən vikontessa de Boseanın evinə gedib-
gəlirəm, o, məni öz himayəsi altına almışdır. Mən cəmiyyətdə görünməliyəm, halbuki təmiz əlcək almaq 
üçün belə bir su da pulum yoxdur. Mən yalnız çörəklə dolana bilərəm, sudan başqa heç bir şey içməyə də 
bilərəm, lazım gələrsə, ac da qala bilərəm, lakin bu məmləkətdə əkin əkmək üçün lazım olan alətlər 
olmasa, yaşamaq mümkün deyildir. Ya mən özümə bir yol açmalıyam, ya da çirkab içində çırpınmağa 
məcburam. Sizin mənə necə böyük ümidlər bəslədiyinizi bilirəm, mən də az bir zamanda bu ümidləri 
doğrultmaq fikrindəyəm. Mehriban ana, babadanqalma bəzi qiymətli şeylərini sat; mən tez bir zamanda 
bunun əvəzini sənə qaytararam. Ailəmizin vəziyyəti mənə yaxşıca məlumdur, hər halda, mən sənin bu 
fədakarlığını layiqincə təqdir edəcəyəm. İnan ki, mən nahaq yerə xahiş etmirəm, əgər belə olsaydı, mən 
insan deyil, eybəcər bir div olardım. Mənim xahişlərimi hər bir şeyə hökm edən bir ehtiyacın naləsi kimi 
qəbul et. Bizim bütün gələcəyimiz bu köməkdən asılıdır: mən bu pulla müharibə meydanına girmək 
niyyətindəyəm, çünki Parisdə yaşayanların həyatı daimi müharibədir. Əgər tək sənin üçün bu məbləği 
toplamaq mümkün olmasa, xalanın da krujevalarını satmaq lazım gələrsə, ona söyləyərsən ki, mən sonra 
daha yaxşı krujevalar göndərərəm...” və sairə. 
Ejen bacılarının ikisinə də məktub yazaraq, əmanətlərini ona göndərməyi xahiş etdi. Məqsədinə nail 
olmaq və eyni zamanda, bacılarının böyük məmnuniyyətlə göstərə biləcəkləri bu fədakarlığın ailə içində 
müzakirə edilmə  sin üçün Ejen gənc qəlbində hər zaman möhkəm və        ahəngdar olan namus tellərinə, 
bacılarının həssaslığına belə toxundu. Bununla belə, məktubları yazıb qurtardıqdan sonra Ejen təlatüm 
içində idi: o həyəcanlanır, uçunurdu. Gənc şöhrətpərəst səhrada itib gedən bu ruhların ləkəsiz 
alicənablığını yaxşı bilirdi; odur ki bacılarının üzərinə nə qədər ağır yük qoyduğunu anlayırdı. Onlar öz 
sevimli qardaşlarına bu fədakarlığı göstərməkdən həzz alacaq, kaşanənin sakit bir guşəsində gizli 
söhbətlər edəcəklər. Ejenin düşüncəsi birdən işıqlandı və bacıları cüzi sərvətlərini gizlicə hesabladıqları 
halda gözünə göründü. O, bacılarının pulu inkoqnito göndərmək üçün qız hiyləsi işlətdiklərini və geniş 
ürək sahibi olduqlarını göstərmək üçün ilk dəfə hiyləgərlik etdiklərini görürdü. Öz-özünə: “Bacı könlü 
təmiz almaz daşı, sonsuz mehribanlıqdır!” – deyirdi. O, yazdığından həya etməyə başlayırdı. Ah, onlar 
vəcdlə dualar    cək, pak bir qəlb, təmiz məhəbbətlə əllərini göylərə qaldıracaqlar! Əgər anası pulun 
hamısını göndərə bilməsə, necə dərd çəkəcəkdi! Bütün bu gözəl hisslər, bütün fədakarlıqlar Delfina de 
Nusingenə müvəffəq olmaq üçün yalnız bir pillə idi. Ejenin gözlərindən bir neçə damcı göz yaşı axdı; bu, 
müqəddəs ailə mehrabına atılan son müşk toxumları idi. O, dərin ümidsizlik içində otağı dolaşırdı. Qorio 
ata qapının arasından onun otaqda gəzişdiyini görüb içəri girdi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə