Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   36   37   38   39   40   41   42   43   ...   151

Martinin pulu, demək olar ki, tükənmişdi. O Anqus Dyuerlə birlikdə Zenit xəstəxanasına təyin 
olunmuşdu. Orada çox gözəl təcrübə keçmək olardı, amma təcrübəçilər birinci ildə Zenit xəstəxanasında 
ancaq stol və mənzil əldə edə bilirdilər. Martin qorxurdu ki, təyinatı qəbul edə bilməyəcək. Tozerin təklifi 
isə cəlbedici idi.  
Onlar Leora ilə birlikdə bütün gecəni oyaq qaldılar və firavan Qərb, yumşaqürəkli və əməksevər 
pionerlər, cəmiyyətin faydalı nümayəndələri olan kənd həkimlərinin qəhrəmanlığı haqqında ruh 
yüksəkliyi ilə danışdılar. Bu dəfə onların  qərarı daha dəyişmədi. 
Onlar Uitsilvaniya köçəcəkdilər. 
Martin tədqiqat işi, Qotlibin hər şeyi bilmək kimi ilahi həvəsi üçün darıxırdısa, bunun heç bir eyibi yox idi. 
O, Robert Kox kimi kənd həkimi olacaqdı! Ancaq bric oynayan və ördəklərə güllə atan tüfeyliyə 
çevrilməyəcəkdi. Martinin mütləq xüsusi laboratoriyası olacaqdı.  
Elə bu xəyallarla da Martin birtəhər tədris ilinin sonuna kimi çulunu sudan çıxardı və diplomunu aldı. 
Həmin möhtəşəm gündə o, beret və mantiya geyinmişdi, yəqin ki, çox axmaq görünüşü var idi. Təhsilini 
bitirənlər arasında Anqus Dyuer birinci yeri tutmuşdu, Mart – yeddinci. Təmtəraqlı vida törəni, təəssüf 
hissi və səxavətli pivə qonaqlığı ilə o, universitetlə vidalaşdı; Leora üçün xəstəxanaya yaxın bir yerdə otaq 
tapan  Martin beləliklə L.Erousmitə, Zenit Şəhər Xəstəxanasının həkim-təcrübəçisinə, doktora çevrildi. 
 
XI FƏSİL 
 

 
Brodmanın yeşik fabriki yanırdı. Zenitin cənub rayonunda yaşayanlar başları üstündəki  qızartıya, yanmış 
taxta qoxusuna, fəaliyyətə keçmiş yanğınsöndürən maşınların dəhşətli vıyıltısını eşidib bərk 
həyəcanlanmışdılar. Zavoddan qərbdə yerləşən və bir mil boyunca uzanan taxta evlər üçün əməlli-başlı 
təhlükə var idi. Gecənin soyuğunda başına şal ataraq çölə çıxan qadınların, gecə köynəklərində, ya da 
ancaq şalvarda çarpayıdan atılıb qaçmağa imkan tapmış pırtlaşıq saçlı kişilərin aydın eşidilən ayaq səsləri 
küçəni başına götürmüşdü…  
Kaskalı yanğınsöndürənlər professional soyuqqanlılıqla üstündən su damcılayan maşınların ətrafında var-
gəl edirdilər. Polismenlər itələşən kütlənin qarşısında dəyənək yellədərək ayaqlarının birini götürüb, 
birini qoyurdular: "Hara? Hara! Geriyə!" Alov xətti, elə bil, müqəddəs idi. Ora ancaq fabrikin sahibini və 
reportyorları yaxın buraxırdılar.  
Polis serjantı gözləri, az qala, hədəqəsindən çıxan bir fəhlənin qarşısını kəsdi: 
– Orada mənim alətlərim var! – fəhlə bağırdı. 


– Heç kəs istisna olunmur! – serjant təkəbbürlə dedi, – buradan heç kəs keçməyəcək. 
Amma bir nəfər yenə də keçdi. Sürətlə şütüyən təcili yardım karetinin arası kəsilməyən, qəzəbli, az qala, 
meydan oxuyan "cınq-cınq-cınq" səsi eşidildi. İnsanlara komanda verilməsə də, hamı aralandı və az qala, 
adamlara toxunaraq kütlənin düz ortasından böyük boz avtomobil keçdi. Arxadakı dar oturacaqda öz ağ 
geyimində laqeyd görünən doktor Martin Erousmit təkəbbürlə əyləşmişdi. 
Kütlə ona heyran idi, polismenlər onu qarşılamaq üçün irəli cumdular. 
– Yaralı yanğınsöndürən haradadır? – o, sözü havaya atdı. 
– Bax orada, sarayda, – polis serjantı sözü elə havadaca tutaraq qışqırdı və avtomobilin yanında 
vurnuxmağa başladı.  
– Yaxına sür. Tüstüyə baxma, – Martin sürücünün üstünə qışqırdı. 
Baş yanğınsöndürən onu yonqar qalağının yanına gətirdi. Brada üzünün rəngi qaçmış, dərisi yapışqan 
kimi olmuş hissiyyatsız bir gənc uzadılmışdı.  
– Nəm taxtaların tüstüsünü udub, sonra da guppultuyla yıxılıb. Qəşəng oğlandır. Doğrudan, ölüb? – baş 
yanğınsöndürən soruşdu. 
Martin dizləri üstə çökdü, əli ilə oğlanın nəbzini yoxladı, nəfəsinə qulaq asdı. Sonra sərt bir hərəkətlə 
qara çantanı açaraq zərərçəkmişə strixnin  vurdu və naşatır dolu şüşəni onun burnuna yaxınlaşdırdı.  
– Sağalacaq. Bura iki nəfər göndərin. Onu karetə daşıyın. Cəld! 
Polis serjantı və təcrübədə olan cavan  polismen eyni anda yerlərindən sıçradılar və eyni vaxtda Martinə 
cavab verdilər: 
– Baş üstə, dok. 
Elə bu an "Advokat-tayms" qəzetinin baş reportyoru Martinə yaxınlaşdı. Onun cəmi iyirmi doqquz yaşı 
var idi, ən təcrübəli reportyor və bəlkə də, yer üzündə ən abırsız adam idi. O, senatorlardan intervü 
almış, xeyriyyə cəmiyyətlərində, hətta boks yarışlarında baş vermiş cinayətlərin üstünü açmışdı. Bu 
adamın gözlərinin ətrafında nazik qırışlar yuva salmışdı. Reportyor adəti üzrə dayanmadan ucuz 
tənbəkidən eşmə papiros bükürdü. Hamı yaxşı bilirdi ki, o nə kişi şərəfini, nə də qadın ləyaqətini bir o  
qədər yüksək qiymətləndirmir. Buna baxmayaraq, heç olmazsa, Martinlə – doktorla nəzakətli davranırdı. 
– Vəziyyətdən çıxacaq, dok? – o, burnunun altında mızıldanaraq soruşdu. 
– Düşünürəm ki, hə. Ürəyi hələ işləyir. 
Son sözlərini Martin artıq karetin içindən söyləyirdi. Karet yavaşca yırğalandı, acı tüstünün içiylə fabrik 
həyətindən keçərək yola düzəldi. O,  düz kütləyə tərəf gedirdi. İndi bütün şəhərin hakimi və ağası onlar 
idilər – Martin və sürücü. Onların ikisi də hərəkət qaydalarına əməl etmir, teatrdan və kinodan qayıdan, 
asta addımlarla yeriyən kütləni saymır, uçan kuzovun qarşısında açılan küçəylə irəliləyirdilər. "Çəkilin 


yoldan!" Çikeso və İyirminci avenyü küçələrinin tinində hərəkəti tənzimləyən polismen onların gecə 
ekspressinin sürəti ilə necə yaxınlaşdıqlarını eşitdi – urrr…ru..  cyanq-cyanq-cyanq-cyanq…  Polismen cəld 
dörd yol ayrıcını boşaltdı. Kənara sıçrayan atın ayaqları, ya daldala gedən avtomobilin altına düşməməsi 
üçün camaat səkiyə tərəf sıxışdırıldı… Hamı karetin yanından sürətlə ötüb keçirdi – cyanq-cyanq-cyanq…  
Doktor isə kəmərdən yapışaraq öz təhlükəli oturacağında sakitcə əyləşmişdi.  
Xəstəxananın qapıçısı qışqırdı: 
– Pavilyonda kimisə güllələyiblər, dok! 
– İndi! Bircə stəkan su içim, – Martin özünü itirmədən cavab verdi. 
Öz otağına tərəf gedə-gedə o, oymalı stol qoyulmuş, cansız kolba və cihazlarla dolu xəstəxana 
laboratoriyasının yanından ötdü.  
– Fu! Ölü zir-zibil! Cəhənnəm olsun laboratoriya! Budur əsl və həqiqi həyat! – o şadyanalıq edir və Maks 
Qotlibin haradasa yol gözləyən, haldan düşmüş, yorulmuş, dözümlü obrazını gözləri önündən qovurdu.    
 

 
Zenit şəhər xəstəxanasının altı təcrübəçisi, o cümlədən də Martin və Anqus Dyuer, altı səyyar çarpayısı, 
bir də qalstuk, fotoşəkil, cırılmış corablarla dolu altı balaca şkafı olan uzun qaranlıq otaqda qalırdılar. 
Gənc həkimlər saatlarla nəyin – cərrahiyyənin, yoxsa terapiyanın yaxşı olduğunu müzakirə edərək 
yaşayır, boş axşamlarda hansı yeməkdən həzz alacaqlarını düşünür və yeganə evli yoldaşları olan 
Martinə bir-birinin ardınca vurulduqları tibb bacılarının məziyyətləri haqqında danışırdılar.  
Martin klinikada gündəlik işi darıxdırıcı hesab edirdi. O, təcrübəçinin yerişini mənimsəmişdi, yəni 
stetoskop olan ciblərini şişirərək dəhlizdə lovğalana-lovğalana cəld addımlarla gəzişə bilirdi. Amma heç 
cürə xəstələrlə danışıq tərzini tapa bilməmişdi. Onun gücdən düşmüş, saralmış, əzab çəkən pasientlərə 
rəhmi gəlirdi: çarpayılarda xəstələr həmişə dəyişirdi, amma hüznlü ağrının  böyüklüyü dəyişilməz olaraq 
qalırdı.  
Bununla belə, bir neçə sarğı edəndən sonra onu bu iş darıxdırmağa başladı. Martin artıq nəsə yeni bir 
şeylə məşğul olmaq istəyirdi. 
Yalnız xəstəxanadan kənarda – təcili yardımda gördüyü iş onun qürurunu oxşayırdı. 
Ancaq həkim gecələr qorxmadan "Pavilyon" deyilən viranəlikdə peyda ola bilərdi. Qara sakvoyaj onun 
üçün icazə vərəqəsi rolunu oynayırdı. Polismenlər ona rəsmi təzim edir, fahişələr rişxənd etmədən baş 
əyir, salonların sahibləri isə ucadan salamlayırdılar: "Axşamın xeyir, dok!" Soyğunçular giriş yollarında 
ona yol verərək geri çəkilirdilər. Həyatında ilk dəfə Martinə hakimiyyət verilmişdi – açıq-aşkar bir 
hakimiyyət. Və o, saysız-hesabsız macəralar yaşayırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə