Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti



Yüklə 0,75 Mb.
səhifə2/5
tarix10.11.2017
ölçüsü0,75 Mb.
#9574
1   2   3   4   5

(a) «Biz Xəzərin biomüxtəlifliyi haqqında bilirikoyunu.

Məqsəd-şagirdləri posterin məzmunu ilə tanış etməkdən ibarətdir. Hər bir şagird fərdi və ya qrup halında çalışaraq posteri öyrənir və cavabını bildiyi bir sual hazırlayır. Sual mürəkkəbliyindən asılı olaraq 5 ballıq sistem üzrə qiymətləndirilir. Şagird sualı yapışan vərəqdə yazır. İstəsə, həmin vərəqlərdə heyvan və bitki siluetlərini kəsib posterin üzərinə bərkidə bilər.

Oyun başlayana qədər sinifdəki şagirdlər qruplara bölünür. Uşaqlar mürəkkəbliyinə görə seçdikləri suallara cavab verirlər. Daha çox bal toplayan komanda qalib gəlir. Müəllim düzgün cavab verən şagirdləri qiymətləndirir. Bu oyunu 2-ci posterlə keçirmək daha məqsədəuyğundur.

Qeyd: suallar obyektlər arasında qarışıqlı əlaqə, həm də biomuxtəlifliyin tükənməsi kimi digər mövzularda ola bilər. Bu halda uşaqlar yazdıqları sualları Xəzərin ekoloji sistemləri təsvir olunan plakatın üzərinə yapışdıra bilərlər. Böyük bir vərəqdə dənizin mavi suları, dibi və sahil zolağı təsvir edilir. Oyun başlayana qədər şagirdlər sualları uyğun gələn hissədə bərkidirlər.

Məs; «Qida zənciri» mövzusunda kiçik bir oyun keçirmək olar. Şagirdlər bir neçə qrupa bölünür. Qruplar 2-ci posterdə qida əlaqələrinə aid misallar tapırlar. Daha çox əlaqəni təsvir edən qrup qalib gəlir.


(b) Oyun-viktorina

Bu oyunun məqsədi-posterin köməyi ilə məktəblilərin biliyinin yoxlanmasıdır.

2-ci posterdən istifadə etməklə oyun keçirilə bilər. Metodiki vəsaitdə

2-ci posterə aid suallardan viktorinada istifadə edə bilərsiniz. Hər düzgün cavaba görə şagirdlərə kartondan damcı şəklində (Xəzər dənizinin təmiz damılası) vərəq verilir.

Daha çox damcı toplayan şagird /qrup qalib gəlir.

Qalib-Xəzərin müdafiəçisi titulunu alır. Bu oyun zamanı istənilən ideyadan istifadə edə bilərsiniz.


(c) Ekoloji Müzakirə

Məqsəd- məktəblərin problemin müzakirəsinə şüurlu və emosional tərzdə cəlb olunmasıdır.

«Xəzərin biomüxtəlifliyi ilə əlaqədar problemlərin yaranma səbəbləri» mövzusunu öyrənərək bu iş formasından istifadə etmək olar. Sinifdəki şagirdlər 2 qrupa bölünür: təbiətə şüurlu münasibət göstərənlər və təbiəti istismar edənlər. Müzakirə zamanı hər bir qrupun nümayəndələri öz nöqteyi-nəzərini müdafiə edir. Şagirdlərin öz fikirlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərin inandırıcı olmasına nəzarət etmək lazımdır. Siz bu üsula yaradıcı yanaşaraq istənilən posterə aid diskussiyanı təşkil edə bilərsiniz.
(d) Biomüxtəliflik necə fəaliyyət göstərir.

Bu çalışmanın məqsədi ekoloji sistemlərin davamlığında biomuxtəlifliyin rolu haqqında uşaqlara məlumat verməkdən ibarətdir. Belə ki, planetdə biomüxtəliflik heç zaman sabit olmamışdır. Təkamül prosesində və ətraf mühitin dəyişən şəraitində biosferdən bəzi növlər itirilmişdir. Bu proseslər sürətləndikcə təbiətdə ekoloji tarazlıq pozulmuş, bir növün populyasiyası kəskin olaraq artmış digərlərinin xeyli azalmışdır; orqanizmlərin həyatını təmin edə bilmədiyindən ekosistemlərin fəaliyyəti dayanmışdır. Bu dəyişikliklər ləngidikdə isə ekosistemlər fəaliyyətdə olaraq digər növlərin həyatı üçün şəraiti təmin etmişlər. Ekoloji sistemdə mövcud olan növlərin bioloji müxtəlifliyi bu sistemlərin davamlığını təmin edir.

Biomuxtəlifliyin əhəmiyyətini izah edərkən posteri nəzərdən keçirmək üçün şagirdlərə 5 dəqiqə vaxt ayırın. Sonra posteri büküb kənara qoyun. Hər bir qrup posterə təsvir olunan bitki və heyvanlar sadalamalıdır. Müxtəlif posterlər üçün müxtəlif tapşırıqlar hazırlamaq olar.
Çöl təcrübəsinin keçirilməsi

Biomuxtəlifliyin öyrənilməsində çöl təcrübəsinin və ya praktiki işlərin böyük əhəmiyyəti vardır. Regionun ümumtəhsil məktəblərinin əksəriyyətinin həyətyanı sahəsində biomüxtəlifliyi müşahidə etmək olar. Əgər sizin məktəbiniz Xəzərin sahilindən uzaqda yerləşirsə, yenə də bəzi çalışmaları şagirdlərinizlə birlikdə sinifdən xaric məşğələlərdə yerinə yetirə bilərsiniz.


Təbiətin öyrənilməsinin təcrübi üsulları

Təbiəti müxtəlif təcrübi üsullarla öyrənmək mümkündür. Əsas üsullar aşağıdakılardır:

- Müşahidələr və qeydlərin aparılması.

- Tədqiqat işləri (eksperimentlər) və ya testlər.

- Ölçmələr

Müşahidə-təbiəti tədqiq etməyin bir üsuludur. Bu üsul obyekt və hadisələrin vizual öyrənilməsinə və ya müşahidəyə əsaslandığına görə təbiət üçün daha təhlükəsizdir. Obyektləri və hadisələri daha yaxından müşahidə etmək üçün optik avadanlıqdan istifadə etmək olar: böyüdücü şüşə, mikroskop, binokl, teleskop, foto və videokameralar. Təbiət hadisələri, obyektlər haqqında

məlumat toplamaq üçün müşahidələr müntəzəm aparıla bilər. Bu zaman müşahidələr ümumiləşdirilir və onun əsasında çıxarılan nəticələr elmi məlumatlar kimi istifadə edilir. Belə müşahidələr monitorinq adlandırılır.

Müşahidələr aşağıdakı qayda üzrə təşkil oluna bilər:



  • Təbii ekosistemlərdə hadisə və obyektlərin öyrənilməsi;

  • Eksosistemin obyektləri arasında qarışıqlı əlaqələrin öyrənilməsi;

  • Eksositemdə bir hadisənin və ya obyektin ətraf mühitin vəziyyətinə təsirinin

öyrənilməsi;

  • Ekoloji problemin öyrənilməsi;

  • Təbii eksosistemlərə və ya obyektlərə insan fəaliyyətinin təsirinin öyrənilməsi;

  • Obyekt haqqında məlumatın toplanması.

Məktəblilərdə tədqiqat işlərinin təşkilli üçün maraqlı mövzulardan biri də quşlardır. İstənilən məktəbdə bu mövzuda məşğələlər keçirmək mümkündür. Biz bataqlıq quşları haqqında yeni təlim materialları üzərində çalışırıq. Quşların öyrənilməsinin təşkil etmək üçün bir neçə ümumi təklifləri diqqətinizə çaldırırıq.
1. Quşlar üzərində mövsümi müşahidələrə aid misallar.

Şagirdlərə tapşırıq verin ki, erkən yazda köçəri quşların üzərində ilk müşahidələri qeyd etsinlər və xoşlarına gələn quşların rəsmini çəksinlər. Beləliklə, yaz mövsümində köçəri quşlar və daimi sakinlərin növləri haqqında məlumat toplaya bilərsiniz. Mövsümi müşahidələr əsasında konfrans hazırlayıb keçirin.

Qeyri-müntəzəm aparılan müşahidələrdən təbiət hadisəsi və ya obyektlə tanışlıq üçün istifadə etmək olar. Hətta, eyni zamanda müxtəlif yerlərdə aparılan birdəfəlik müşahidələr də

kifayət qədər qiymətli elmi məlumat verə bilər. Adətən, quşları mühafizə cəmiyyətinin və s. digər elmi təşkilatların təşəbbüsü ilə belə müşahidələr təşkil etmək mümkündür.

Təbiətdə müşahidələri keçirmək üçün müşahidə gündəliyindən istifadə edə bilərsiniz. Müşahidələrdə sinifin bütün şagirdləri iştirak edirsə, uşaqları qruplara ayırmaq məqsədəuyğundur. Hər bir qrup öz seçdiyi obyekt üzərində müşahidə aparır. Hər bir şagird və ya qrup üçün qeydiyyat forması hazırlayıb, müşahidələrinizi qeyd edə bilərsiniz.

Quşlar üzərində müşahidənin qeydiyyat vərəqinin nümunəsi:



  • Şagirdin soyadı, adı, atasının Adı.

  • Müşahidələrin vaxtı və tarixi.

  • Müşahidə yeri (yaşayış məntəqəsi).

  • Yaşayış mühiti (altında xətt çəkməli): dəniz sahili, çay sahili, göl, meşə, kənd təsərrüfat torpaqları.

  • Şəhər parkı, bataqlıq və s. (göstərmək)

Siz saydığınız quşları və növləri qeyd etməlisiniz. Sayı çox olan növləri aşağıdakı cədvəldə qeyd edin.




Tipin/növün adı

Sayı




















2.Çöl təcrübəsinin təşkilinə aid tapşırıqlar

Çöl müşahidələrinə və açar-təyinedicilərlə işə sadə tapşırıqlardan başlamağı tövsiyə edirik. Bunlar məktəbdənkənar təlim prosesində uşaqların ilkin müşahidəçilik vərdişlərinə yiyələnməsinə kömək edir.



(a) Şəhər quşları

Bu çalışma daha çox 11-14 yaşlı şagirdlərə uyğundur. Dərsin sonunda uşaqlara tapşırın ki, şəhəri bir anlıq quşlarsız təsəvvür etsinlər. Sərçələr torağaylar, göyərçinlər şəhəri tərk ediblər. Bu fikir çoxlarını kədərləndirir, elə deyilmir? Halbuki, müasir şəhərdə, yeni salınan mikrorayonlarda quşların yaşayışı getdikcə çətinləşir. Yeni tikilən binaların ətrafında yaşıllıqlar çox azdır, bəzən isə yoxdur. Lakin ağac və kollar quşlara çox lazımdır. Onlar quşların qidalanma və yuvalanma məskəni olub, həm də düşmənlərdən onları qoruyur. Şagirdlərə belə bir ev tapşırığı verin:

- quşların özlərini yaxşı hiss etdikləri şəhər ərazisinin şəklini və ya ya rəsmini çəksinlər.

Çalışmanın birinci hissəsini yoxladıqdan sonra şagirdlərə aşağıdakı müşahidəni yerinə yetirməyi tapşırın. Şagirdlərin əksəriyyəti çox asanlıqla bu tapşırığın öhdəsindən gələ bilər.

Quşlar şəhərdə əsasən qrup və ya dəstə halında yaşayırlar. Onlar birlikdə düşmənlərdən qorunur, qida tapır və soyuqdan daldalanırlar. Sizə təklif edirik ki, göyərçin qağayı, sərçə və ya qarğa dəstəsini müşahidə edəsiniz.
Mənim müşahidələrim:

Tarix (gün, ay, il)

Saat

Hava şəraiti



Müşahidə yeri

Mənim müşahidələrim:

1. Dəstədə quşların sayı.

2. Quşlar nə edirdilər. (dincəlir, qidalanır, yatırlar və s.)

3. Dəstədə lider vardımı? Əgər varsa, siz bunu necə təyin etmisiniz?

4. Dəstədə quşları nə birləşdirir?

5. Quşlar öz aralarında necə əlaqə yaradırlar?

6. Digər müşahidələr.

Quşları öz həyətinizə və ya məktəbyanı əraziyə cəlb etmək üçün fəaliyyət planı tərtib edin.
(b) Quşlar üçün yeməkxana

Bu çalışma 11-12 yaşlı şagirdlər üçün faydalıdır. Çalışmanın məqsədi - insanla yanaşı yaşayan əsas quş növlərini öyrənməkdir. Əsas vəzifələr: yem təknəsini hazırlamaq və yemi seçmək; yem təknəsinə qonan quşları təyin etmək; müxtəlif vaxtlarda yem təknələrinə qonan quşların sayını təyin etmək və qidalandığı yem növünü (üstünlüyünü) müəyyənləşdirmək.

Vəsait

Sizə aşağıdakı materiallar lazım olacaqdır:



- yem təknələrinin rəsmləri, qayçı, yapışqan, plastik butulkalar, karton qutular, boş qutular (süd və şirə qutusu).

Şagirdlərə rayonunuzda yaşayan quş növlərini sadalamağı tapşırın. Yem təknəsinin bir neçə variantını təklif edin, onlardan hansının uyğun gəlməsini müzakirə edin.




Günün vaxtı

yem təknəsi



Səhər

Günorta

Axşam




1













2










Yeməkxanada quşların sayı və növləri

3












Şagirdlərə xəbərdarlıq edin ki, yem təknəsinə quşlar həmin dəqiqə qona bilmirlər, ona görə də gözləmək lazımdır. Şagirdlərə aşağıdakı nəticəyə gəlməkdə kömək edin:

1. Hansı yem təknələrinə daha çox quş qonur? Bu nə ilə izah olunur? (yem təknəsinin quruluşu, yeri və s.)

2. Hansı quş növləri yem təknəsinə daha tez-tez baş çəkir?

Bu çox vacibdir! Şagirdlərə xatırlatmaq lazımdır ki, onlar yem təknəsini müşahidələr qurtardıqdan sonra da doldursunlar. Quşlar yemlənmə yerinə çox tez öyrənirlər. Adi şəraitdə soyuq qış günündə quşların orada qalıb yem gözlənməsi ölümlə nəticələnə bilər.
(c) Çöl müşahidələri zamanı hansı oyun və çalışmaları yerinə yetirmək olar.

Bu bölmədə təqdim etdiyimiz oyun və çalışmalar, çöl müşahidələri zamanı təbiəti öyrənmək prosesindən ayrılmadan uşaqlara istirahət etmək imkanı yaradır. Bəzən müşahidələr uşaqlar üçün maraqsız da keçə bilər.



  • «Karl Linneyin nəvələri». İştirak edən şagirdlər müxtəlif bitki və heyvan növləri üçün ad fikirləşib tapırlar. Məs: Təbiət obyektinin adına bir söz əlavə edirlər (nəcib maral, salxım söyüd və s.). Burada siz rollu oyun elementlərindən istifadə edə bilərsiniz. Şagirdlərə müraciət edin: «Siz təsəvvür edin ki, elmi ekspedisiyanın üzvlərisiniz və elmə məlum olmayan bir neçə yeni bitki və heyvan növü kəşf etmisiniz. İndi siz onlara ad verməlisiniz». Karl Linney haqqında şagirdlərə məlumat verərək onun bitki və heyvan növlərini adlandırdığını və sistematikanın banisi olduğunu qeyd edin.

  • Olum, yoxsa ölüm? Sinifdəki şagirdləri 3-4 nəfərlik qruplara bölün. Qruplara aşağıdakı sualları verin:

«Sizin imkanınız olsaydı Yer üzərində yaşayan hansı canlını yox edərdiniz? Nə üçün?» Bütün qruplar bu suala cavab verdikdən sonra onlara yeni tapşırıq verin: Müxtəlif növləri hansı səbəblərə görə qorumaq lazımdır və bu səbəbləri siyahıda qeyd edin.



  • Məhv olan meşə. Əgər sinifdə 30 şagird vardısa, onlardan 5 nəfərinə irəli çıxaraq ağac rolunda bir-birindən aralı durmağı təklif edin. Digər uşaqlar «quşlar» olacaqlar. «Quşlar» «ağacların» ətrafında qaçırlar. Siz əl çaldığınız zaman onlar ağaca qonmalıdırlar. Bir ağaca yalnız 4 quş qona bilər. Sizin komandanızla (məs; artıq gecədir, yatmaq vaxtıdır) quşlar gecələmək üçün ağacda yer tapmalıdırlar. Hər bir «ağac» yalnız 4 quşu qəbul edə bilər.

Növbəti mərhələdə gün çıxır və quşlar ağacı tərk edirlər. Yavaşca bir ağacı oyundan kənar edin (onu kəsiblər). Baxın görün, siz əl çalanda quşlar ağaclara qonmaq üçün nə edəcəklər. Siz oyunda baş verənləri real həyatla müqayisə edin. Məs; bir ağaca həddindən artıq quş qonarsa onlar bütün qidanı yeyib qurtara bilərlər və digər quşlara qida çatmaya bilər.

Oyunu tərk edən quşlardan soruşun, onlar meşədə özlərinə yer tapmadıqda hansı hissləri keçiriblər?

Bu oyun quşların real həyat tərzinə nə dərəcədə uyğundur? Oxşar və fərqli cəhətləri göstərin.
Bioloji müxtəliflik.

Biomüxtəliflik – həyatın müxtəlifliyi deməkdir. 1 posterdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən biomüxtəlifliyə verilmiş tərif göstərilir.

Biomüxtəlifliyi ölçmək üçün müxtəlif üsullar vardır. Adətən biomüxtəlifliyin ölçü vahidi bitki və heyvanlarda olan genetik müxtəliflikdir. Bəzən bu genetik ehtiyatlar adlanır. Biomüxtəliflik meşə, çəmən, bataqlıq, dağ, səhra və dəniz ekosistemlərində mövcuddur. Müxtəlif ekosistem qruplarının fərqli olmasına, həmçinin bitki və heyvanların müxtəlif növlərinin sayına əsasən biomüxtəlifliyi təsvir etmək olar. Məsələn, ekosistemdə müxtəlif və müəyyən bitki örtüyünü təmsil edən, bir-birindən fərqlənən landşaft formaları ola bilər. Canlı qruplaşmaların sərhədinə görə ekosistemlərin müxtəlifliyini ölçmək çox çətindir. Biomüxtəlifliyi həm də müxtəlif səviyyədə təsəvvür etmək olar: yerli, milli və regional biomüxtəliflik. Biomüxtəliflik – təbiətin qanunudur. Biomüxtəliflik – təbiətdə müxtəliflik dərəcəsidir.

Bioloji müxtəlifliyin qorunması çox əhəmiyyətlidir. Məsələn, biomüxtəliflik insan irqini dəstəkləyən əsas biotik ehtiyatı təmin edir. Bizim qida təhlükəsizliyimiz bioloji sərvətimizi qoruyub saxlamaq bacarığımızdan asılıdır. Halbuki, hazırda əhalinin kütləvi artımı və idarə olunmayan inkişafı nəticəsində ətraf mühitdə və yaşayış arealında baş verən kəskin dəyişikliklər o qədər qeyri-təbiidir ki, növlərin salamat qalması və uyğunlaşması üçün sərbəst zaman və məkan tapılmadığına biomüxtəliflik tükənir, yəni qlobal miqyasda böhran baş verir. Dünya səviyyəsində 1600-1950—i illər arasında növlərin məhv olma sürəti hər 10 ildə 1 növün itirilməsinə səbəb olmuşdur. Hazırda isə bu göstərici artıq hər il 1 növün itməsinə gəlib çatmışdır.

İstənilən bitki və ya heyvan öz ekosistemində əhəmiyyətli rol oynayıb, yeni tərəqqi üçün genetik material ola bilər. Buna görə də biomüxtəlifliyin itirilməsinin nəticəsi daha geniş miqyaslı olub, bütün ekosistemin davamlılığına təsir göstərə bilər. Biomüxtəlifliyin itirilməsi qida zəncirinin dağılmasına və ekosistemin pozulmasına gətirib çıxarır.

Xəzər dənizinin ətrafında bir çox müxtəlif ekosistemlər vardır. Sahilyanı ərazi, bataqlılaşmış sahələr, bataqlıqlar, çaylar, meşələr və s. bu ekosistemlərə aiddir. Bütün bunlar getdikcə tükənən təkrarolunmaz biomüxtəlifliyi təşkil edir. Buna görə də biomüxtəlifliyin məktəblərdə tədris olunması və məktəblilərin onun qorunmasında iştirak etməsi çox vacibdir.


Xəzərin biomüxtəlifliyi

Aşağıdakı suallardan istifadə etməklə məktəblilərin Xəzərin biomüxtəlifliyi və onun təkrarolunmazlığı barədə düşünməsinə nail ola bilərsiniz. Bəzi terminləri şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq izah edin.



  • Nə üçün bizim regionda fil və zürafə yaşamır?

  • Nə üçün Xəzərdə yaşayan nərə balığı növlərinə vəhşi təbiətin başqa bir yerində

təsadüf olunmur?

  • Nəyə görə Xəzər suitisi Xəzər dənizinin endemidir?

  • Nə üçün Xəzər pələnginin nəsli kəsilmişdir?

  • Nə üçün bu qədər çoxlu müxtəlif quş növləri Xəzərin bataqlıqlarmış ərazilərinə miqrasiya edirlər?


Çünki........

Fillər və zürafələr Xəzər regionundan fərqlənən mühitdə təkamül etmişlər. Bizim regionda onlar üçün əlverişli yaşayış mühiti yoxdur. Onlar yalnız uyğunlaşdıqları ekosistemlərdə yaşayıb çoxala bilərlər.

Xəzər dənizi unikal ətraf mühitə malik olan qapalı su hövzəsidir. Qədim dövrlərdə Tetis adlı nəhəng qədim okeanın bir hissəsi olan Xəzər 30 milyon il bundan əvvəl bütün dünyadan təcrid olaraq öz təkamül yolunu davam etdirmişdir. Təkamül prosesində Xəzər dənizi digər su hövzələrindən aşağıdakı cəhətlərinə görə fərqlənmişdir:


  1. Coğrafi mövqe;

  2. Geoloji formasiya;

  3. Hidroloji xüsusiyyətləri;

  4. Dəniz səviyyəsinin enib-qalxması;

  5. İqlim;

  6. Biomlar;

  7. Flora və fauna;

  8. İnsan cəmiyyətinin, mədəniyyətinin və sosial-iqtisadi şəraitin yayılması;

  9. Təbii ehtiyatlar;

  10. Yaşayış areallarının müxtəlifliyi

Bu fərqli cəhətlərinə görə dənizin və ətrafındakı mühitin həyat formalarının məcmusu unikal olaraq Xəzərin biomüxtəlifliyi adlanır. Bir neçə milyon illər ərzində bu həyat formaları müxtəlif

dövrlərdə bitki və heyvanlar, onları əhatə edən fiziki mühit arasında baş verən qarşılıqlı təsirlərə uyğunlaşmışlar.

Xəzər dənizi hələ 100 il bundan öncə, Xəzərin biomüxtəlifliyinin bütövlüyü üçün təhlükə törədən insan fəaliyyəti və onunla bağlı inkişafa qədərki dövrdə sabit ətraf mühitə malik idi.

Xəzər dənizində və ətraf mühitdəki həyat formalarının müxtəlifliyi ümumi və yerli ərazinin fiziki və iqlim şəraiti ilə harmonik təkamül edən müxtəlif ekosistemlərin mövcudluğunu sübut edir. Çoxlu miqdarda köçəri quşlar Xəzərlə əlaqəsi olan bataqlılaşmış ərazilərdə və çay məcralarında qida ilə zəngin yuvalama və qışlama yerləri tapırlar. Bu gün quşların 3 əsas miqrasiya yolu Xəzər regionundan keçir və milyonlarla quş hər il Xəzərin bu hissəsində qışlayır və ya yuvalayır.

Xəzərdə bir çox gəlmə növlər (köçəri, yad) də vardır ki, bu növlər Qara və Azov dənizlərindən kanallar vasitəsilə səyahət edən gəmilərin ballast suları ilə buraya gətirilmişdir. Digər növlər isə iqtisadi səbəblərə görə başqa su hövzələrindən gətirilmişdir. İntroduksiya edilmiş bəzi belə növlər Xəzərin biomüxtəlifliyi üçün ciddi təhlükə yaratmışdır.

Bir çox amillər Xəzərin biomüxtəlifliyinə mənfi təsir göstərir:


  • Çirklənmə (sənaye, kimyəvi, aqrokimyəvi çirkləndiricilər çirkab suları, karbohidratlar, bərk tullantılar…);

  • Yerli əhalinin ekoloji savadsızlığı və məlumatın azlığı;

  • Çayların axınına nəzarət (kanallar, bəndlər);

  • Qaçaqmalçılıq (brakonyerlik) və ya təbii ehtiyatların həddindən artıq istismarı;

  • Meşələrin qırılması, mal-qaranın otarılması;

  • Ekzotik, gəlmə növlər;

  • Suyun səviyyəsinin dəyişilməsi;

  • Yaşayış arealının inkişafı və dağılması;

  • İqlim dəyişməsi və qlobal istiləşmə.

Məlumdur ki, hər bir növ yaşadığı ekosistemdə özünəməxsus və əhəmiyyətli rol oynayır. Hər bir növ eyni zamanda istənilən ekosistemin ayrılmaz tərkib elementidir və bu növün itməsi insanın həyatına və həyat şəraitinə naməlum təsir göstərən zəncirvarı reaksiyaya səbəb ola bilər. Hazırda bir çox ölkələrin qanunvericiliyində, dövlətlərarası saziş və müqavilələrdə biomüxtəlifliyin qorunmasının vacibliyi öz əksini tapmışdır.

Beynəlxalq səviyyədə Tehran Konvensiyası - Xəzər ekoloji konvensiyası 2003-cü ildə 5 ölkə tərəfindən imzalanmışdır.

Xəzər ekoloji konvensiyasının 20-ci maddəsinə uyğun olaraq Xəzəryanı 5 ölkənin hər biri Xəzərin, onun ətrafındakı ərazinin biomüxtəlifliyinin qorunub saxlanılması və bərpa edilməsi üçün layihələr və proqramlar hazırlayıb həyata keçirməlidir.
Poster 1

Biomüxtəliflik nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Posterin məzmunu.

Bu poster biomüxtəlifliyin nə olduğu və onun əhəmiyyəti barədə uşaqlarin istifadə edə biləcəyi məlumatların müxtəlif mənbələrini nümayiş etdirir. Biomüxtəliflik (bioloji müxtəliflik) - canlı orqanizmlərin, onların təşkil etdiyi ekoloji sistemlərin və ekoloji proseslərin müxtəlifliyidir.


Biomüxtəlifliyi 3 kateqoriyaya bölmək olar:

  • Genetik müxtəliflik, bir növdə olan genlərin müxtəlifliyi;

  • Növlərin müxtəlifliyi - bir regionda olan növlərin müxtəlifliyi;

  • Ekositemlərin müxtəlifliyi-yaşayış arealının, bioloji qruplaşmaların və biosferdə gedən ekoloji proseslərin müxtəlifliyi.

Bioloji müxtəlifliyin hər üç səviyyəsi vahid bir sistemi təşkil edir. Genetik müxtəlifliyin «yeni axın»ın olmaması səbəbindən azalması növlərin məhv olmasına, beləliklə də, müəyyən bir regionda biomüxtəlifliyin azalmasına səbəb olur. Bioloji müxtəliflik insan fəaliyyəti nəticəsində

baş verən qarşı ekositemlərin, biosferin sabitliyi və davamlılığından birbaşa asılıdır. Biomüxtəlifliyin azalması təbii qruplaşmaların deqradasiyasına və ekoloji əlaqələrin dağılmasına, onların özlərini qoruyub saxlaya bilməməyinə və məhv olmasına gətirib çıxarır.


1.Xəzərin biomüxtəlifliyinə giriş

Bu çalışmaların məqsədi - Xəzər dənizinin fiziki tarixi barədə anlayış verməkdir.

Çalışmalar uşaqlara Xəzər dənizi barədə əsas məlumatları almaqda kömək edir. Şagirdlər qruplara bölünür və belə təsəvvür edirlər ki, ensiklopediya üçün Xəzər dənizi haqqında qısa məlumat hazırlayırlar. Kiçik həcmli yazıda Xəzər haqqında əsas statistik məlumatlar. Məs; ölçüləri, maksimal və minimal dərinliyi, neçə ölkə ilə sərhədləndiyi, əsas çayların adları və s. öz əksini tapmalıdır. Siz şagirdlərdə inkişaf etdirmək istədiyiniz vərdişlərdən asılı olaraq, onlara yazdıqları məqaləyə daxil etməsi üçün konkret informasiyası verə bilərsiniz. Məs; uşaqlar sahil xəttinin uzunluğu ölçə bilərlər və ya dənizin rəsmini çəkə bilərlər. Uşaqlar həmçinin iqlim şəraitini, yağıntıların miqdarını, temperaturu və s. əks etdirən atlas xəritələrdən istifadə edə bilərlər.

Uşaqlar xəritədən Xəzərin peyk fotoşəkillərindən də istifadə edə bilərlər.


2.Xəzərin ətrafındakı ekosistemlər

Məqsəd peyk foto şəkillərdən istifadə edərək müxtəlif ekosistemləri təyin etməkdən ibarətdir.

Şagirdlərə qruplara bölünərək, Xəzərin peyk fotoşəkillərini nəzərdən keçirməyi tapşırın. İzah edin ki, şəkillər vegetasiyanı əks etdirir, müxtəlif rənglərin hansı vegetasiyaları göstərdiyini soruşun. Bundan sonra Xəzərin ətrafında müxtəlif vegetasiyaların sxematik xəritəsini çəksinlər. Şagirdlərə X və Y şəkillərini göstərin, onların Xəzərin hansı rayonları olmasını təyin etməyi tapşırın. Yaşıl bataqlılaşmış ərazi İran, quru və daşlı ərazi isə Türkmənistandır.

3. Biomüxtəliflik-bu nədir?

Məqsəd - biomüxtəliflik haqqında anlayış verməkdən ibarətdir.

(a) Şagirdlərə tapşırın ki, Xəzərin ətrafında yaşayan tanıdıqları bütün bitki və heyvanların siyahısını yazsınlar. Neçəsini yaza bildilər?

(b) Şagirdlərə tapşırıq verin ki, posterə baxaraq «müxtəliflik» sözünün mənasını izah etsinlər. Onlara fikirləşmək üçün vaxt verin. Şagirdlər posterdə göstərilən informasiyadan istifadə edərək öz cavablarını izah etməlidirlər. Sonra «bio» sözünün mənasını soruşun. Uşaqların ideyalarını lövhədə yazaraq 2 sözü birləşdirin və posterdən biomüxtəlifliyin tərifini oxuyun.

(c) Uşaqlar qruplara ayrılaraq diaqramla Tanis olurlar. Siz diaqramın surətini çıxararaq (§1) onlara paylaya bilərsiniz. Qruplara Xəzərin biomüxtəlifliyi diaqramı barədə izahat verməyi tapşırın.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə