Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə5/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
1   2   3   4   5   6   7   8   9
Çox analar tez-tez öz vaxtlarını lazımsız xırdalıqlara sərf edirlər. öz hisslərini və diqqətlərini müvəqqəti, ötəri olan şeylərə həsr edərək, əbədi olan haqqında fikirləşmirlər. Nə qədər analar öz uşaqlarını diqqətdən məhrum edirlər və onlar kobud, nəzakətsiz və mədəniyyətsiz böyüyürlər!
Gündəlik vəzifələrinizi yerinə yetirmək üçün Allahdan güc və dəstək istəyin, o zaman ərinizin hörmət və etibarını qazanacaq, uşaqlarınızın ləyaqətli insan, ədalətli davranmaq əxlaqına malik olduqlarını görəcəksiniz. Bununla bərabər, bu cür imkanları əldən buraxan və öz vəzifələrini başqalarına həvalə edən analar ən sonda bu nəticəyə gələcəklər ki, cavabdehlikdən boyun qaçırmaq olmaz. Onlar acı kədər içində laqeydlik və etinasızlıqla əkdikləri toxumların bəhrəsini yığacaqlar. Bu həyatda heç nə təsadüfi baş vermir; məhsul səpilən toxuma uyğun olacaq.

22. Ananın sağlamlıği və xarici görünüşü


"Sağlamlıq uğur kimidir - ondan sui istifadə edənə artıq iltifat göstərmir". Sent Evremont
Analar öz sağlamlıqlarının ciddi şəkildə qayğısına qalmalıdırlar. çox vaxt başı yaşamaq üçün vacib olan vəsaitlərin əldə olunmasına qarışmış, qayğı və çətinliklərin təzyiqi altında qalmış ər və atalar qadının gücünün tükənməsinə yol verirlər. Ailənin ümumi maraqlarına görə ananı bütün izafi işlərdən azad etmək və Allahın ona bəxş etdiyi həyatı, sağlamlığı və qüvvəni qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır.

Özünüzü ələ almağı öyrənin


Özünü tamamilə ələ ala bilməsi üçün ana, hər hansı fiziki və əqli pozğunluqdan qorunmaq üçün bütün təhlükəsizlik tədbirlərindən istifadə etməlidir. Onun həyatı sağlamlıq qanunların uyğun gəlməlidir. Qəbul olunan qida ağıl və xarakterə birbaşa təsir göstərdiyi üçün ana qida qəbulunda diqqətli olmalıdır. O, həyəcanlandırıcı deyil, doyurducu qida qəbul etməlidir ki, əsəbləri və xarakteri sakit vəziyyətdə olsun. O zaman o, uşaqlarının müxtəlif meylləri ilə qarşılaşan zaman təmkinini saxlamağı bacaracaq.
Ana depresiya anlarında öz əsəblərini və düşüncəsini idarə etməyi öyrənmək üçün çox çalışa bilər və çalışmalıdır, əgər özünü öyrətsə, hətta xəstə olanda belə, mehriban, şən və daha artıq səs-küyə davamlı ola bilər. Uşaqların ondakı əzgin ruhu görmələrinə, evi qəbir kimi, ananın otağını isə dünyada ən kədərli yer kimi qəbul etmələrinə yol verməməlidir. Əqlimiz və emosiyalarımız yalnız iradəmiz sayəsində bizə tabe olur. Bir çox hallarda iradə əsəblərin sakitləşdirilməsi üçün ən etibarlı vasitəyə çevrilir. Uşaqlarınızın sizi qaşqabaqlı görməsi üçün şərait yaratmayın.

Cazibədar görünməyə çalışın


Bəzi qadınlar və analar çox güman ki, evdə işləyərkən necə göründüklərinin fərq etmədiyini düşünürlər, evdə isə onları yalnız ərləri və uşaqları görürlər. Lakin küçəyə çıxarkın zövqlə geyinməyi bacarırlar. Məgər ərin və uşaqların fikri və məhəbbəti yad adamların və dostların nöqteyi-nəzərindən daha vacib olmalı deyilmi? Ərin və uşaqların fikri qadın üçün bütün digər insanların fikrindən daha vacib olmalıdır.
Əgər analar evdə səliqəsiz geyməyi özlərinə rəva bilirlərsə, uşaqlarını da özləri kimi pinti öyrədirlər. çox analar belə hesab edirlər ki, evdə hər cür paltarı, hətta çirkli və cırıq olsa da geymək olar. Uşaqlar öz analarının çirkli, əzik paltarlarını həmişə səliqəli geyinən adamların paltarları ilə müqayisə edirlər və ana get-gedə uşaqları arasında hörmətini itirir.
Sizə yaraşan paltarlar geyinin. Bu yolla uşaqlarınızın hörmətini daha çox qazanmış olarsınız. Uşaqlarınızın da bu cür geyinməsinə nəzarət edin. Pintiliyə alışmalarına yol verməyin.
Bəzək əşyalarının köməyilə deyil, təmiz, yaxşı tikilmiş paltarlar geyinməklə, bacardığınız qədər cazibədar görünməyə çalışın. Bu yolla siz daim uşaqlarınızı səliqəyə və təmizkarlığa alışdırmış olacaqsınız. Uşaqların məhəbbəti və hörməti hər bir ana üçün ən qiymətli hədiyyə olmalıdır. Ananın geyindiyi paltarlar uşaqları təmizkarlığa və səliqə-səhmana öyrətməli və onların düşüncəsində təmizlik təsəvvürü yaratmalıdır. Hətta ən az yaşlı uşaqlarda da ahəngdarlıq hissi, əşyaların uyğunluğu anlamı mövcuddur; əgər onlar hər gün çirkli paltar və yığışdırılmamış otaqlar görürlərsə, onda təmizkarlığa və səliqəyə necə ehtiyac duya bilərlər?
Səliqə-səhman və təmizlik səmavi qanundur; bu İlahi tələblərə uyğun olmaq üçün səliqəli və cazibədar görünməliyik.

Qidalandırıcı resept


Səhər yeməyi üçün bu qidanı sınaqdan çıxarın. Çox şübhəsiz o, bütün ailənin zövqünə uyğun olacaq.

Myusli
İnqrediyentlər:

1/2 kq herkules

1 stəkan şəkər tozu

50 qr. üyüdülmüş kokos

1 stəkan buğda kəpəyi

1/3 stəkan ərik qurusu

1/3 stəkan çərdək və saplaqlarından təmizlənmiş kişmiş

1/3 stəkan badam və ya qoz-fındıq

1/3 stəkan su

1/3 stəkan bitki yağı

2 stəkan qovrulmuş qarğıdalı.


Hazırlanması: 1. Qarğıdalı və kişmişdən başqa bütün quru inqrediyentləri qabda qarışdırın.

2. Yaxşıca qarışdırılmış yağla suyu əlavə edin.

3. Hazırladığınız qarışıqdan hər tavaya üç stəkan tökərək, azacıq qızdırılmış duxovkaya qoyun. Qarışıq quru, xırçıltılı hala gələnədək vam odda qızardın. Hər 10 dəqiqədən bir qarışdırın.

4. Qarışığı duxovkadan çıxarın, böyük qaba tökərək yaylaşdırın, yaxşı külək tutan yerə qoyub soyudun.

5. Qovrulmuş qarğıdalı və kişmişi əlavə edin.

6. Ağzı yaxşı bağlanmış paket və bankalarda saxlamaq lazımdır.

7. Soyuducudan kənarda saxlama müddəti 1 aydır.

8. Süfrəyə süd (isti və ya soyuq), meyvə salatı, yoqurt və sokla vermək olar. Yaxud tort və piroqların yuxarı səthinə səpmək olar.

Myusli qidalandırıcı ərzaqdır və uşaqlar onu xüsusilə sevirlər.

23. Övlad dünyaya gələnə qədər


Uşağın düzgün formalaşması bütünlüklə ananın vərdişlərindən asılıdır.
Ana olmağa hazırlaşmaq üçün qadın böyük səbir göstərməlidir. Əksər valideynlər hesab edirlər ki, bətndaxili dövrdə uşağa olan təsir davamlı deyil və buna görə də böyük əhəmiyyət kəsb etmir.
İnsanların meyl və maraqları müəyyən prinsiplərə əsaslanmalıdır. Əgər ana uşağının dünyaya gəlməsi ilə bağlı Allahın niyyətlərini həyata keçirmək istəyirsə, bəzi şeylərdən imtina etməyi bacarmalıdır. Əgər uşaq dünyaya gəlməzdən əvvəlki vaxtlarda ana öz arzularına uyğun, eqoist, əsəbi, tələbkar həyat tərzi keçirirdisə, onda onun bu cəhətləri uşağın xarakterində əks olunacaq. Bunun nəticəsində bir çox uşaqlar irsi olaraq öhdəsindən gəlmək mümkün olmayan şərə meyllilik əldə edirlər. Lakin əgər qadın səbirli və fədakar ruha malikdirsə, əgər o, xeyirxah, nəvazişli və qərəzsizdirsə, bu gözəl xüsusiyyətləri uşaqlarına da ötürə bilər.
Gələcək ananın ətrafını xoşagələn və sevincli etmək işinə diqqətli yanaşmaq lazımdır. Qadın və ananın üzərinə düşən yükü azaltmaqdan ötrü əlindən gələni etmək üçün ər və atanın üzərinə çox böyük məsuliyyət düşür. Ər qadının vəziyyətini nəzərə alaraq, bacardığı qədər ona kömək etməlidir. O, gülərüz, nəzakətli, xeyirxah, nəvazişli olmalı və qadının bütün ehtiyaclarına xüsusi diqqət yetirməlidir.

Qidalanma ilə bağlı yanlış fikirlər


Hamiləlik dövründə qadının istədiyi hər şeyi yeyə bilməsi fikri yanlışdır və bu fikir sağlam düşüncəyə deyil, adətlərə əsaslanır. Hamilə qadının iştahası aldadıcı və çətin doyurulandır, artıq mövcud olan adətlərə görə o, yediyi qidanın onu doyurdacağı və uşağının inkişafını təmin edəcəyi haqqında fikirləşmədən, qarşısına keçən hər şeyi qəbul edə bilər. Qəbul olunan qida qıcıqlandırıcı deyil, doyurducu olmalıdır.
Məhz hamiləlik dövründə qadınlar sadə qida qəbul etməli və istifadə etdikləri məhsulun keyfiyyətinin qayğısına qalmalıdırlar.
Bu prinsiplərə uyğun hərəkət edən və ətraflı məlumatlara malik olan qadınlar hamiləlik dövründə sadə qidalardan imtina etməyəcəklər. Onlar unutmayacaqlar ki, gələcək uşağın həyatı onlardan asılıdır, ona görə də öz vərdişlərinə, xüsusilə də qidalanma tərzlərinə diqqətli yanaşacaqlar. Onlar qidanı yalnız yaxşı daddığına görə yeməli deyillər. Sağlam düşüncə tərzinə görə etməməkləri gərəkən şeyləri etməyi tövsiyə edənlər çox olacaq. Uşaqların bir çoxunun xəstə doğulmasının səbəbi anaların öz iştahalarına güzəştə getmələrindədir.
Qadının fiziki təlabatlarına diqqətsiz yanaşmaq olmaz. O, iki həyat üçün cavabdehlik daşıyır; onun arzularını diqqətlə dinləmək və təlabatlarını ödəmək lazımdır. Lakin qadın da eyni zamanda qida, yaxud digər məsələlərlə bağlı olmağından asılı olmayaraq, öz fiziki və əqli qüvvəsini zəiflətməkdən uzaq durmalıdır.
Uşağın düzgün xarakterinin əsası, o, hələ dünyaya gəlməzdən qabaq ananın öz qarşısına qoyduğu qəti özünüidarə sayəsində qoyulur.

Daxili vəziyyət


Ana olmağa hazırlaşan qadın şəraitdən asılı olmayaraq, həmişə şən, sakit əhval-ruhiyyəni saxlamalıdır və bilməlidir ki, uşağının fiziki sağlamlığı və sakit, təmkinli xarakteri ilə onun bütün səylərinin əvəzi səxavətli şəkildə ödəniləcəkdir. Lakin bu, hələ hamısı deyil. O, həyata nikbin baxışı özündə vərdiş halına sala bilər və bu yolla şən əhval-ruhiyyəni saxlaya, öz ailəsini və ünsiyyət saxladığı insanları xoşbəxtlik ruhu ilə doldura bilər.

Valideyn olmağa hazırsınızmı?


Aşağıdakı fikirlərdən hər birini diqqətlə oxuyun və sizin hisslərinizə daha çox uyğun gələn cavabı qeyd edin.
1. Körpələri müşahidə etmək və qucağıma almaq xoşuma gəlir. (Bəli, xeyr, hərdən).

2. Həyat yoldaşımın köməyi olmadan da uşağın qayğısına qala bilərdim. (Bəli, xeyr, hərdən).

3. Mən öz emosiyami büruzə vermədən gecə qalxıb ağlayan körpəni sakitləşdirməyə hazıram. (Bəli, xeyr, hərdən).

4. Uşağın qayğısına qalmaqla bağlı ənənəvi işləri görməkdən xoşlanıram: onu çimizdirmək, alt paltarlarını dəyişdirmək, yedizdirmək, yırğalamaq və s. (Bəli, xeyr, hərdən).

5. Uşaq öz davranışına görə sevgiyə layiq olmasa da, onu sevməyə hazıram. (Bəli, xeyr, hərdən).

6. Uşağımın xarici görünüşü nə cür olsa belə, onu qəbul etməyə hazıram. (Bəli, xeyr, hərdən).

7. Bizim ailə gəlirlərimiz uşağı vacib olan hər şeylə təmin etməyə imkan verir. (Bəli, xeyr, hərdən).

8. Dostlarımla görüşə getmək əvəzinə xəstə uşağımla evdə qalmağa hazıram. (Bəli, xeyr, hərdən).


Bu suallara cavab verərkən öz fikrinizi həyat yoldaşınızla bölüşdürün. Əgər övlad dünyaya gətirmək üçün qərar vermisinizsə, məsləhət və müdriklik üçün Allaha öz tutun, O, böyük məmnunluqla sizə kömək edəcəkdir.

24. Kiçik yaslı uşaqlara qayğı


"Ananın boynunu bəzəyə biləcək ən gözəl boyunbağı onu qucaqlayan övladının əlləridir". Qarsiya Matos
Körpə üçün ən yaxşı qida təbiətin ona bəxş etdikləridir. Bu imkanı gərəksiz hesab edərək, rədd etmək lazım deyil. Uşağı yedizdirmək kimi vacib vəzifədən şəxsi rahatlığı naminə boyun qaçırmaq ananın insafsızlığını göstərir.
Uşağın xarakteri müəyyən dərəcədə anasından aldığı qidadan asılıdır. Buna görə də ananın körpəni yedizdirərkən şən olması və eyni zamanda özünü ələ ala bilməsi çox vacibdir. Uşaqla ünsiyyət zamanı ananın sakit, təmkinli davranışı körpənin əqlinin formalaşmasına müsbət təsir göstərəcək. Əgər körpə əsəbi və özündən tez çıxandırsa, ananın ehtiyatlı, aramlı hərəkətləri ona sakitləşdirici və tənzimləyici təsir göstərəcək və körpənin sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Körpəyə qayğı


Körpənin həyatı nə qədər sakit və sadə keçsə, onun fiziki və əqli inkişafı da bir o qədər müsbət istiqamətdə gedəcək. Ana həmişə sakit təbiətli, təmkinli olmağa çalışmalıdır. Südəmər uşaqlarla qeyri-düzgün rəftar, demək olar ki, öldürücü təsirə malikdir. Onlar şıltaqlıq edəndə, adətən, sakitləşdirmək məqsədilə yedizdirməyə başlayırlar. Beləliklə, hələ beşikdən uşaqlara öyrədirlər ki, onlar yemək üçün yaşayırlar. çox vaxt analar gün ərzində müəyyən işləri yerinə yetirmək üçün plan qururlar və uşaqlar onları işlərindən ayıran zaman, ana onları sakitləşdirmək və əyləndirmək əvəzinə, yemək yedizdirirlər. Bu üsuldan istifadə edərək, müəyyən müddətlik məqsədlərinə nail olurlar, ümumilikdə isə vəziyyəti daha da çətinləşdirirlər. Körpənin qidaya ehtiyacı olmayan bir vaxtda onun mədəsi qidayla doldurulur. Bu halda tələb olunan yeganə şey ana diqqətidir.
Körpənin paltarını hazırlayarkən, dəbə uyğun və qürur doğuran şeylərə deyil, rahatlıq, sərbəstlik və sağlamlıq üçün gərəkli olanlara üstünlük vermək lazımdır. Körpənin istiliyə ehtiyacı var, lakin çox vaxt böyük bir səhvə yol verirlər. Körpəni təmiz havadan əsaslı dərəcədə məhrum edərək, həddindən çox qızdırılmış otaqlarda saxlayırlar.
Körpəni onun orqanizmini zəiflədə və ona zərər gətirə biləcək şeylərin təsirindən qorumaq lazımdır. Körpənin ətrafında xoşagələn və təmiz mühitin yaradılmasına xüsusi diqqət ayırmaq lazımdır. Körpəni gözlənilməz şəkildə və kəskin dəyişən tempraturdan qorumaq vacibliyi ortaya çıxa bilər. Həmçinin, körpə yatanda və ya ayıq olan zaman, gündüz və ya gecə, onun təmiz, orqanizmi möhkəmləndirən hava ilə qidalanmasının qayğısına qalmaq vacibdir.

Xəstə uşaqlara qulluq


Bütün valideynlər uşaq xəstələnən zaman ona qulluq etməyi, xəstəliyin qarşısını almağı və naxoşlamış körpəni müalicə etməyi öyrənməlidirlər. Xüsusilə analar xəstə uşağa qulluq etməyi yaxşı bacarmalıdırlar. Uşaqların xəstələnməsinin səbəbi bir çox hallarda qeyri-düzgün qulluqda olur. Rejimsiz qidalanma, qeyri-düzgün geyim tərzi, düzgün qan dövranı üçün fiziki məşğələlərin azlığı və qanın təmizlənməsi üçün təmiz hava çatışmazlığı xoşagəlməz hallara səbəb ola bilər. Mümkün qədər tez bir müddətdə xəstəliyin səbəbini təyin etmək və səhvləri aradan qaldırmaq lazımdır.

25. Ananın başlıca vəzifəsi


"Uşaqları tərbiyə edin... Onda böyükləri cəzalandırmağa ehtiyac olmayacaq".Pifaqor
Allah uşağın potensial imkanlarını görür. O, çox böyük maraqla izləyir ki, valideynlər Onun planını həyata keçirəcəklər, yoxsa öz yersiz xeyirxahlıqları ilə Allahın niyyətlərinin üstündən xətt çəkərək, uşaqlarının indiki və əbədi həyat üçün məhv olmasına yol verirlər. Köməksiz bir məxluqu şəxsiyyətə çevirmək böyük və vacib bir işdir. öz uşaqlarınızla bağlı vəzifələrinizi yerinə yetirməkdə heç nəyin sizə mane olmasına yol verməyin.
Siz dövlət işçiləri sırasına daxil olmaya bilərsiniz. Lakin Allah üçün və vətəniniz üçün böyük işlər görməyə qüdrətiniz çatar. Siz uşaqlarınızı tərbiyə edə, şərə qarşı durmaları və başqalarını da ədalətə səsləmələri üçün xarakterlərini kamilləşdirməkdə onlara kömək edə bilərsiniz.

Ailə tərbiyəsi


Təhsil sahəsində əhəmiyyətli dərəcədə nailiyyətlər əldə edilsə də, uşaqların bugünkü tərbiyəsi acınacaqlı haldadır. Ailə tərbiyəsinə etinasız yanaşırlar. Valideynlər, xüsusilə də analar üzərlərinə düşən vəzifənin vacibliyini tam dərk etmirlər. Uşaqlara öyüd-nəsihət vermək üçün səbirləri, onları idarə etmək üçünsə düzgün düşüncə tərzləri kifayət qədər deyil.
Allah Onun köməyi sayəsində edə bilməyəcəyimiz, bizim şəxsi xeyrimiz və uşaqlarımızın xeyri üçün xidmət etməyəcək heç bir şeyi bizdən tələb etmir.
Uşaqlarınızın vərdişlərinin və meyllərinin formalaşması üçün bütün imkanlardan istifadə edin. Onların xarakterinin inkişafını diqqətlə izləyin, artıq olan şeyləri təmizləməyə və çatışmayan cəhətləri bərpa etməyə çalışın. öz həyatınızı uşaqlarınız üçün saf və nəcib bir nümunəyə çevirin.
Uşaqlarınızın tərbiyəsinə cəsarət və enerji ilə can atın və bütün səylərinizdə Allahın sizə kömək edəcəyinə şübhə etməyin. Uşaqlarınızda mənfi meyllərdən uzaq əxlaqi yüksəliş görüncəyə qədər, onların həyat məqsədləri əyləncələrə meyldən daha artığına çevrilənədək durmadan çalışın. Uşaqlarınız sizin bütün fikirlərinizdən yüksəkdə durmalıdırlar.
Həyatın hər bir anına diqqətlə yanaşın - hər bir an hədsiz dərəcədə qiymətlidir. Yadda saxlayın ki, uşaqlar irəliyə gedirlər və özünüz də hiss etmədən sizin təsiriniz altından çıxa və ailə təlim-tərbiyəsini rədd edə bilərlər. Bütün digər işlərdə uğursuz olsanız da, bu işə diqqət və aktiv yanaşın. Əgər ailə tərbiyəsi sayəsində uşaqlarınız gözəl insanlar kimi böyürürlərsə, onda sizin həyatınızı uğursuz adlandırmaq olmaz və vicdan əzabı çəkməniz üçün heç bir səbəb yoxdur.
Uşaqlar ananın güzgüsüdür, burada o, öz vərdiş və davranışlarını görə bilər. Onun hər bir hərəkətini izləyən balaca şagirdlərinin yanında ana öz danışığı və hərəkətlərinə nə qədər diqqət yetirməlidir! Övladlarında görmək istədiyi cəhətləri əvvəlcə özündə inkişaf etdirməlidir.
Uşaqlar - Allahdan qalan mirasdırlar, mülkiyyətinin idarə olunmasına görə Onun qarşısında cavabdehik.

Məsih və uşaqlar


Məsihin dövründə analar övladlarını Onun yanına gətirirdilər ki, O, əllərini onların üstünə qoysun və onları xeyir-dualasın. Bu hərəkətləri onlar İsa Məsihə inandıqlarını və onlara tapşırılmış körpənin bu həyatda və gələcəkdə rifahının qayğısına qaldıqlarını göstərirdilər. Lakin Məsihin şagirdləri başa düşə bilmirdilər ki, Müəllimin onların uşaqlarına diqqət yetirməsi üçün Onu narahat etməyə necə cürət edirlər. Odur ki, inadla onları geri qaytarırdılar. İsa şagirdlərini məzəmmətlədi və camaata əmr etdi ki, anaları uşaqları ilə birlikdə Onun yanına buraxsınlar. O, dedi: "Buraxın uşaqları Mənim yanıma gəlsinlər, onlara mane olmayın; çünki Allahın Padşahlığı bunlar kimilərinindir" (Lk. 18:16). Analar hələ də tozlu yolla Xilaskara yaxınlaşmaqda davam edirdilər, O isə artıq uşaqları üçün ürəklərində səssizcə dua edərkən, onların gözlərindən qeyri-ixtiyari axan yaşları və titrəyən dodaqlarını görürdü. O, şagirdlərin dilindən çıxan irad kəlmələrini eşitdi və onların əmrlərini təxirə saldı. Onun məhəbbətlə dolu böyük ürəyi uşaqları qəbul etmək üçün açıqdır. O, uşaqları bir-birinin ardınca qucağına götürdü və xeyir-dualadı.
Bu, bütün dövrlərdəki analar üçün ruhlandırıcı bir dərsdir. O, analar və övladlarına sülh, ümid və xoşbəxtlik bəxş edəcəkdir. Hər şeyin ən yaxşısını uşaqlarınıza vermək istəyirsinizmi? Onda onların Allaha gətirin.
Qoy analar öz problemlərilə Məsihin yanına gəlsinlər. Uşaqların tərbiyəsi işində Ondan kömək alacaqlar. öz yükünü Xilaskarın ayaqları ünündə qoymaq istəyən hər bir qadın üçün qapılar açıqdır. O, yenə də anaları dəvət edir ki, övladlarını Onun yanına gətirsinlər və O, onları xeyir-dualasın.
Məsih özünü məzlumlarla, ehtiyac içində olanlarla və ümidsiz, dərdli insanlarla eyniləşdirirdi. O, balaca uşaqları qucağına götürürdü və gənclərlə onların həmyaşıdı kimi söhbət edirdi. Onun böyük sevən ürəyi onların problem və ehtiyaclarını başa düşürdü və onların sevincinə O da sevinirdi. Onun adamla dolu şəhərin mənasız həyatından və həyəcanlarından, hiyləgər və ikiüzlü insanlarla ünsiyyətdən yorğun düşmüş qəlbi, günahsız uşaqların əhatəsində sakitlik və sülh qazandı. Məsihin onların yanında olması heç vaxt uşaqları qorxutmurdu. Səma alisi o dərəcədə alçalırdı ki, onların bütün suallarına cavab verirdi və öz vacib dərslərini o qədər sadələşdirirdi ki, uşaqlar da qavraya bilsinlər. İsa onların düşüncəsinə həqiqət toxumları əkirdi ki, bu toxumlar cücərə və yaşa dolduqları vaxtda bol məhsul verə bilərdi.
"Buraxın uşaqları mənim yanıma gəlsinlər! Onlara mane olmayın! çünki Allahın Padşahlığı bunlar kimilərindir" (Mk. 10:14). Bu sözlər valideynləri ruhlandırmalıdır ki, uşaqlarını Məsihin yanına gətirsinlər. Onun ismilə Allahdan xahiş etsinlər ki, O, onların bütün ailələrini xeyir-dualasın.

Uşaqlar səmanın gözüylə


Sizin uşaqlarınız Məsihin gözündə o qədər qiymətlidirlər ki, O, onlardan ötrü öz canını qurban verdi. Allahı sevən və Allahdan qorxan ən balaca uşaq Rəbbin gözündə böyük xilasa etinasız yanaşan ən istedadlı və savadlı adamdan daha qiymətlidir. Məsihə iman edən uşaq ürəyi Rəbbimizin gözündə Onun taxtı yanındakı mələklər kimi qiymətlidir. Uşaqları valideynlər dünyaya gətirirlər, lakin bununla belə, onlar həyatı Allahın yaradıcı qüdrəti sayəsində qazanmışdırlar, çünki Allah həyat Bəxş Edəndir.
Məsih özü də nə vaxtsa uşaq olmuşdur. Onun xatirinə uşaqlarınızla nəvazişli davranın. Onlar sizə ona görə etibar edilməmişdirlər ki, hər bir arzularını həyata keçirməyə çalışaraq, onları ərköyün böyüdəsiniz və ya yerli-yersiz onlara təpinib onların ürəyini qırasınız, əksinə onlara təmiz, yüksək həyatla yaşamağı öyrədəsiniz. Onlar Allahın mülkiyyətidirlər; O, onları sevir və sizi də səsləyir ki, Onunla əməkdaşlıq edərək, uşaqlarınızda kamil xarakterin formalaşmasına kömək edəsiniz.
Uşaqlara izah etmək lazımdır ki, onlarda olan qabiliyyətlər şəxsi mülkiyyətləri deyil. Güc, vaxt, təfəkkür - bizə borc verilmiş dövlətdir. Bunlar Allaha məxsusdur, ona görə də hər bir insan qərar verməlidir - öz qabiliyyətlərini ali məqsədə həsr etmək.
İsa bizim zəif cəhətlərimizi bilir, günah işlətməkdən başqa keçdiyimiz yolların hamısından O da keçmişdir. Odur ki, O, bizə qüvvəmiz və qabiliyyətimizə uyğun yol hazırlamışdır. O, öz yaxın iştirakı ilə bizi dəstəkləyə və təsəlli verə, bizim üçün əbədi Müəllimə çevrilə bilər. O, uşaqların da həyat cığırını hamarlaşdırır. Allah bizə gücümüz çatan dərəcədə və qabiliyyətlərimizə uyğun yol hazırlamışdır.

26. Kiçik köməkçilər


"İş bizi üç böyük şərdən xilas edir: darıxqanlıqdan, əxlaqsızlıqdan və ehtiyacdan".Volter
Uşaqlarınızın ailənin tam hüquqlu üzvləri olduqlarını və buna görə də ailədə öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli olduqlarını onlara başa salın. Valideynlər uşaqlarını yedizdirməyə, geyindirməyə və tərbiyə etməyə, onların qayğısına qalmağa, uşaqlar isə öz növbələrində ev işlərinin bir hissəsini görərək və ailəyə xoşbəxtlik gətirərək, sevinc və səmimi sədaqətlə valideynlərinə kömək etməyə borcludurlar.

Valideynlərə kömək


Qoy uşaqlar bilsinlər ki, onlara verilmiş kiçik tapşırıqları yerinə yetirməklə ata-analarına kömək etməlidirlər. Onlara hansısa işi yerinə yetirməyi tapşırın, yerinə yetirdikdən sonra onları tərifləyin və oynamağa icazə verdiyinizi söyləyin.
Uşaqlar canlı təfəkkürə malikdirlər və onları intizama və cavabdehliyə öyrətmək vacibdir. Yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə vermək düzgün deyil. Valideynlər uşaqların məşğuliyyətlərini nəzarət altında saxlamalıdırlar.
Əgər uşaqlar valideynlərə kömək borcunu başa düşmürlərsə, onlara belə bir sual verin. Valideynlər uşaqlarının ehtiyaclarını ödəməyi dayandırsalar, uşaqlar bu haldan xoşlanarlarmı? Valideynlərinə kömək məqsədilə onlara tapşırılmış vəzifələrdən (bu, çox da xoşagələn iş olmasa belə) boyun qaçırmaqla, uşaqlar daha vacibini, gələcəkdə cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmək üçün vacib olan tərbiyəni əldə etmək imkanından məhrum olurlar.

Vəzifələr


Valideynlər uşaqlarının quluna çevrilərək və hər şeylərini onlara qurban verərək, onların laqeyd böyüməsinə, gündəlik ailənin iş və qayğılarında iştirak etməmələrinə yol verməməlidirlər. Uşaqları erkən yaşlarından faydalı əməyə alışdırmaq lazımdır ki, özlərinə qulluq etməyi və başqalarına kömək etməyi öyrənsinlər. Belə olarsa, onlar kiməsə fayda gətirdiklərini dərk edərək, məmnun qalacaqlar. Heç vaxt uşaqlarınızın yanında deməyin ki, onların işləyib işləmədiklərinin heç bir əhəmiyyəti yoxdur. Beyinlərinə yeritməyə çalışın ki, onların köməyi sizin üçün lazımdır, onların vaxtı qiymətlidir və siz onlara güvənirsiniz.
Uşaqları bədbəxt etməyin ən yaxşı yolu onları bütün vəzifələrdən azad etmək, boş, məqsədsiz həyat keçirmələrinə yol vermək, onları nəyisə etməyə məcbur etməmək, yaxud da yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə verməkdir. Uşaq təfəkkürü tez qavrayan və fəaldır, ona görə də onları yaxşı və faydalı işlərlə məşğul etməsəniz, hökmən pis işlərə can atacaqlar. İstirahətə ehtiyacları olması fikri doğrudur. Lakin eyni zamanda onları zəhmətə alışdırmaq, fiziki əməyə, həmçinin bədii qiraət və digər məşğuliyyətlərə də vaxt ayırmaq lazım olduğu da doğrudur. Diqqət yetirin ki, məşğuliyyətlər uşaqların yaşlarına uyğun şəkildə seçilsin və onlar faydalı və maraqlı kitablardan bilik əldə edə bilsinlər.
Valideynlər başa düşməlidirlər ki, uşaqlarına öyrətməli olduqları ən vacib dərs ev işlərinin bir hissəsini yerinə yetirməkdir. Valideynlər uşaqlara həyata sağlam fikirlə yanaşmağı və cəmiyyətə fayda verməli olduqlarını dərk etməyi öyrətməlidir. Oğlanlar və qızlar gündəlik vəzifələrini yerinə yetirmək haqqında ilk öyüdləri ailədə müdrik analardan almalıdırlar.

Əməyin faydalı təsirləri


Uşaqları faydalı əməyə alışdırmaq vacibdir. Onlar təbiətən fəal və məşğuliyyət axtarmağa meyllidirlər, bu fəallığı idarə etmək və düzgün istiqamətə yönəltmək olar. İlk yaşlarında onlara gündəlik, çox da çətin olmayan işləri yerinə yetirməyi öyrətmək lazımdır, hər bir uşağa konkret iş tapşırmaq olar, o, bu işə görə cavabdehlik daşımalıdır. Kiçik tapşırıqları yerinə yetirmək uşaqlara məmnunluq və sevinc bəxş edə bilər. Onlar əməyə vərdiş edəcəklər və vaxtlarının çox hissəsini faydalı işə sərf etsələr, özlərini xoşbəxt hiss edəcəklər. Sizin tapşırığınızı yerinə yetirdikdən sonra öz əyləncələrindən böyük həzz alacaqlar.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə