Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə20/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   189

*** 

Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb. Buradan  Bakının hər 

səmti,  hər  tərəfi  görünür,  soyub,  sorub  taladığımız  gözəllər  gözəli  Xəzərin  genişliyi 

açılır. Duman təbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır və biz yaxın-

uzaq  Xəzər  adalarını  da  görürük.  Böyük  Zirəni  -  Nargini  görürük.  Bu  adalarda  20-ci 

illərdən bəri nə qədər günahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarına daş 

bağlayıb dənizə atırmışlar. 

Toğrul  Nərimanbəyovun keçən il tamamladığı  dəhşətli bir tablosu  var  -  dənizin 

içi  və  dənizin  dibinə  doğru  gedən  ayağına  daş  bağlanmış,  sinəsi  güllələrlə  deşilmiş 

meyitlər.  Güllələnmişlər,  qurbanlar,  şəhidlər...  Şəhidlərin  şahidləri  -  Xəzər  adaları. 

Xəzər adalarından, dənizin mavi səthindən yüngül bir meh qalxır, xəfif bir nəsim əsir - 

Şəhidlər  dağına  çatır,  təzə  qurbanların  qəbirlərini  ussufluca  sığallayır.  Dəniz  yelinin 

yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarına qarışır. 

 

*** 



Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün Azərbaycan 

görünür - o taylı, bu taylı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. 

Bu  dağın  zirvəsindən    keçmişimizi  də  görürük,  gələcəyimizi  də.  Tariximizin  rəmzidir 

Şəhidlər  dağı  -  min  bir  əzab-əziyyətli,  məşəqqətli,  kəşməkəşli  tariximizin.  İgidliyin, 

qeyrətin, qürurun rəmzidir Şəhidlər dağı. İtkilərimizin,  müsibətimizin rəmzidir - yalnız 

bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi, ağrısı, matəmi çöküb bu dağa - 

duman, çis çökən kimi, çən düşən kimi. 

Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmana salınıb. Bu nəcib işdə 

əməyi  olanların  hamısı  sağ  olsun.  Amma  Şəhidlər  dağının  tariximizin,  azadlıq 

mübarizəmizin  möhtəşəm  abidəsi  kimi  əbədiləşməsi  üçün  hələ  çox  işlər  görmək 

gərəkdir. 

Götürülmüş  heykəlin  yerində,  onun  özül  daşının  yanında  üç  şümal  sütunun  da 

ucaldığını xəyalən təsəvvür edirəm. Bu üç sütunun üstündə üç od - üç məşəl yanır - həm 

Bakımızın  məşhur  gerbi  kimi,  həm  Odlar  yurdunun  rəmzi  kimi,  həm  də  Şəhidlər 

qəbiristanlığının əbədi alovu kimi. 



Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey də tamam başqa cür qurulur. 

Bura Şəhidlər muzeyidir. Burda qara Yanvar günlərinin tükürpədici əşyayi-dəlilləri də 

nümayiş etdirilir - tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın - bədbəxt alimlərin 

avtomaşını,  gülləbaran  olunmuş  təcili  yardım  karetası  da,  güllələrdən  dəlik-deşik 

pəncərə    şüşələri,    çopur-çopur  divarların    maketi,  məktəbli  qızın  çantası,  qanlı  pal-

paltar da, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də. 

Amma bu muzey yalnız Qanlı Yanvar abidəsi deyil. 18-ci ilin mart qurbanlarına 

həsr olunmuş guşə də var burda, 20-ci ildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də əks 

olunub. Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə can verən Məmməd 

Əmin Rəsulzadə, daşnak güllələrinə hədəf olmuş Fətəli xan Xoylu, Həsən bəy Ağayev, 

Behbud xan Cavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli, Azərbaycanın ilk 

səhiyyə  naziri,  Xəzər  adasında  güllələnmiş  ana  babam  Xudadat  bəy  Rəfibəyli  -  uzun 

illərin ayrılığından, həsrətindən sonra bu muzeydə görüşüb qovuşurlar. 

Xiyabani də burdadır, Pişəvəri də... 

Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-ci ilin və başqa illərin 

neçə-neçə qurbanları, gedər-gəlməzdən qayıtmayanları da. 

Qətl  günü  üzünü  tərtəmiz  təraş  edib,  ağ  köynək  geyinən,  səliqəylə  qalstuk 

bağlayıb  edam  yerinə  qalxan  Firudin  İbrahimi  də,  Savakın  sularda  boğduğu  Səməd 

Behrəngi də... şəhid qadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızı da, 

Mərziyə  Üsküyü  də...  Kürd  qəhrəmanı  Məhəmməd  Qazi  də...  Bu  muzeydə  xalqların 

formal,  rəsmi,  boğazdan  yuxarı  dostluğu  yox,  halal  qardaşlığı,  həqiqi  həmrəyliyi,  tale 

birliyi  əks  olunmalıdır.  90-cı  ilin  Yanvar  faciəsi  haqqında  mərkəzi  mətbuatda  ilk 

həqiqətləri  söyləyən  rus  recissoru  Stanislav  Qovoruxinin  yazısı  da  bu  muzeydə  yer 

tapmalıdır,  qazax  dostumuz  Oljasın  təyyarə  bileti  -  Bakının  ağır  günündə  onu  bura 

yetirən  təyyarənin  bileti...  Tiflisin  89-cu  il  9  Aprel  faciəsi  də  əks  olunmalıdır  bu 

muzeydə,  Ermənistan  zəlzələsindən  sonra  yardıma  tələsən,  hava  qəzasında  həlak  olan 

və qəzaya uğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də... Ayrıca bir lövhədə, 

-  Qobustan  daşları  kimi  əbədi  bir  daşın  üstündə  -      kənd,  çay,  dağ,  meşə,  bulaq  adları 

yazılmalıdır  -  Ermənistandan  qovulmuş  Azərilərin  -  yurd  yerləri,  qədim  dədə-baba 

məskənlərinin adları. Axı bu adlar da repressiyaya məruz qalmış adlardır. 




Muzeydə  hər  saatdan  bir  həzin  musiqi  səslənir  -  Üzeyir  bəyin  ölməz  "Şəbi-

hicran" xoru, Böyük Füzulinin sözləri elə bil məxsusi Şəhidlər dağı üçün yazılıb: 



Şəbi-hicran yanar canım, 

Tökər qan çeşmi-giryanım. 

Oyadar xəlqi əfğanım, 

Qara bəxtim oyanmazmı? 

Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada, döşəmədə mis bir dairə - 

qalxan  kimi.  Ətrafında  dairəvi  divarlar.  Divarların  üzərində  böyük  sənətkarlarımızın 

sözləri. Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin: 



Dağa dersən eşidər, sonra verər əks-səda, 

Daşa dönmüşlərə əks eyləmədi fəryadım -  

beytinəcən, Sabirin:  



Ey dərbədər gəzib ürəyi qan olan cocuq, 

Ey ehtişami-milləti talan olan cocuq - 

misralarına qədər. 



Bu  gün  Kərbəla  meydanı  Azərbaycandakı  vətənpərvərlik  meydanıdır.  Yekə  bir 

millətin  dili,  namusu,  hüququ,  vətəni  təhlükədədir.  Axıtmalı  qanımız,  ehsan  etməli 

pulumuz  varsa  -  gözümüzün  qabağında  ürəklər  parçalayan  Azərbaycan  matəmgahı 

durur" (Mirzə Cəlil).  

 Bu sarsıdıcı sözlərdən çağdaş şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan 

- bütün mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis dairənin üstündə isə 

məncə ikicə sətir yazılmalıdır. Bu sətirlərin müəllifi - gənc şəhid şair dahilərin, uluların, 

böyüklərin məclisində  mərkəz yeri öz halal qanıyla, taleyilə, qismətiylə qazanıb! Onun 

sətirlərinin saf həqiqəti qarşısında baş əyməliyik: 



Həyat üçün doğulmuşduq, 

Vətən üçün ölməliyik.  

 

*** 


Şəhidlər  dağı,  ürəklərə  dağdan  ağır  dağ  çəkən  Şəhidlər  dağı...  Xalqın  matəmi, 

hüznü, dərdi. Xalqın mütilik, köləlik, əsarət üzərində qələbəsi... 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə