Mən Sizə müraciət edirəm,hörmətli Əbülfəz bəy!Biz də,bütün dünya da Sizi
Azərbaycanın xalq tərəfindən seçilmiş Prezidenti kimi tanıyırıq. Bu yüksək vəzifəninin
bütün məsuliyyəti haqqında düşünün və vicdanınızın səsiylə ürəkdən sevdiyiniz və
yolunda cəfalar çəkdiyiniz xalqın taleyini tam ciddiyyətlə nəzərə alaraq qəti qərarınızı
verin!
Hörmətli Heydər bəy! Tale Sizin çiyinlərinizə Azərbaycan tarixinin həlledici
məqamında çox ağır və məsüliyyət dolu bir yük qoyub. Zəngin siyasi təcrübənizi, dünya
siyasətinə miqyaslı baxışınızı,əzminizi, iradənizi xalqımızı bu ağır vəziyyətdən
çıxarmaq üçün əsirgəməyin.
Xalq Cəbhəsinin hörmətli rəhbərləri! Azərbaycanın istiqlaliyyəti uğrunda
mübarizələrdə Cəbhənin döyük xidmətlərini heç kəs tarixdən silə bilməz. Amma xalqın
nəbzini duya bilənlər onun narazılıqlarını da doğru-dürüst qiymətləndirməyi
bacarmalıdır. Zorakılıq xalqın qəbul edəcəyi yol deyil... Bu qisaslar, «hayıf çıxmalar»,
bu gün iş başına gələnlərin dünən iş başında olanlara düşmən gözüylə baxması - xalqı
çaşdırır, bədbinləşdirir, onda özünə inam hissini zəiflədir. Düşmənlərimizə də elə bu
lazımdır. Bir də «külək əkən-tufan biçər» deyiblər, «keçmişə güllə atanı gələcək topa
tutar» deyiblər, «nə tökərsən aşına,o çıxar qaşığına» deyiblər.
Bu çıxmazdan qurtulmalıyıq, bu ğaranlıq tunelin sonunda bir işıq ucu
görünməlidir axır… Bu zəncirvarı reaksiyaya hardasa son qoyulmalıdır… Şuşamız
əldən gedib, Xocalımız, Laçınımız, Kəlbəcərimiz əldən gedib, niyə düşmənlərimizdən
çox bir-birimizə bu qədər amansızıq?
Qardaşlarım, qandaşlarım! Allah var,tarix var, balalarımız var, gündə bir vədə
inanan, gündə bir şüara aldanan bu biçarə xalq var.Bilmir çörək dərdi çəksin, Vətən
dərdi çəksin, ya özünü,ailəsini özümüzünkülərin hədələrindən qorusun. Heç olmasa bu
səfər eşidin sözlərimizi, harayımızı, fəryadımızı. Bəlkə bu gün hələ gec deyil,amma
sabah artıq gec ola bilər.
24 iyun 1993
«Azərbaycan» qəzeti.
Bu müraciət həmin günlərdə ixtisarla
Azəbaycan Televiziyasıyla da səsləndirilmişdi.
İKİ DİLİN BİR ADI OLA BİLMƏZ
-Vaxtilə Azərbaycan dilinin türk dili ilə zənginləşdirdiyinə görə başı ağrayan
Anar bu gün dövlət dilimizin türk dili adlanmasının əleyhinədir. Niyə?
-Anar müəllim, Milli Məclisin Azərbaycanın dövlət dili haqqında çıxardığı qərar
əhali arasında birmənalı qarşılanmayıb. Bu məsələdə Sizin mövqeyinizi bilmək maraqlı
olardı.
-Milli Məclisdə dillə bağlı bu mühüm qərar qəbul olunmazdan bir gün əvvəl Ali
Sovetin mədəniyyət məsələlərinə baxan komissiyasının - adını dəqiq bilmirəm,
(deyəsən, mən də o komissiyanın üzvüyəm, çünki hərdən iclaslara çağırırlar, hərdən
yox), iclasına çağırmışdılar və həmin iclasda bu məsələ qalxmışdı. Orada birinci Əkrəm
Əylisli çıxış eləyib dedi ki, mən onun tərəfdarıyam ki, bizim dilimiz Azərbaycan
türkcəsi olsun. Sonra bir neçə başqa adam çıxış elədi. Bu müzakirələr zamanı iki fikir
yarandı: Azərbaycan dili və Azərbaycan türkcəsi.
İclasa sədrlik edən millət vəkili Rauf İsmayılov mənə müraciət etdi ki, Sizin də
fikrinizi, yazıçıların fikrini bilmək istəyirik. Dedim ki, bu gün mən ancaq öz adımdan
danışa bilərəm, çünki bu mövzuda yazıçılarla fikir mübadiləmiz olmayıb. Həmin iclasda
da demişəm, indi sizə də deyirəm və xahiş edirəm ki, fikrimi olduğu kimi çatdırasınız.
Mən dilimizin Azərbaycan türkcəsi adlandırılması fikrinin qəti tərəfdarıyam və
dilimizin yalnız türk dili adlandırılmasının qəti əleyhdarıyam.
Niyə Azərbaycan türkcəsi? Əvvəla, hamıya aydındır ki, bizim dilimiz türk
dillərindən biridir. İkincisi, o da məlumdur ki, bizim dil 18-ci ildən - Demokratik
Respublika dövründən 30-cu illərin ortalarına qədər türk dili adlanıb. Ədəbiyyatımız
türk ədəbiyyatı, teatrımız türk teatrı adlanıb, pasportlarda türk milləti yazılıb. Bu
mənada uzun illər yasaq olunmuş türk sözünün bərpa edilməsi ədalətli və qanunauyğun
bir işdir. Bəs niyə mən türk dilinin yox, Azərbaycan türkcəsinin tərəfdarıyam? Çünki bu
saat bizim danışdığımız dil, sizin qəzetin dili məhz Azərbaycan türkcəsidir, Türkiyə
türkcəsi deyil. Bunu birdəfəlik anlamaq lazımdır. Son vaxtlar Azərbaycan dili haqqında
deyirlər ki, güya bu, ləhcədir. Mən bu fikrin qəti əleyhinəyəm. Türkiyədə olarkən dil
üzrə mübahisələrdə mənə deyirdilər ki, ləhcə sizin anlamda deyil, ləhcə ayrı şeydir.
Mən dedim, yaxşı, siz Ukrayna dilinə ləhcə deyirsinizmi? Yox. Belorus dilinə ləhcə
deyirsinizmi? Yox. Bəs Azərbaycan dili niyə ləhcə olmalıdır? Ləhcə - küçədə, bazarda,
evdə danışılan dildir. Bir də bədii əsərlərdə personacların dilində ləhcə ola bilər Bakı
ləhcəsi, Qazax ləhcəsi, Şəki ləhcəsi, Göyçay ləhcəsi və s. Ədəbi dil ləhcə ola bilməz.
Mətbuata, televiziyaya, radioya ləhcəni çıxarmaq olmaz. Deməli, radioda, televiziyada
səslənən, mətbuatda işlədilən Azərbaycan dili - Azərbaycan ədəbi dili var.
Türkiyədə Şərqi Anadolu azərbaycanca, azərbaycanlılar kimi danışır. Danışıqda
heç bir fərq yoxdur. Amma Türkiyənin mətbuatı, radiosu, televiziyasının dili,
Türkiyənin türk ədəbi dili Azərbaycan ədəbi dili ilə eynidir, ya yox? Bax, mən bu suala
cavab axtarıram. Bu sualdan hamı qaçır, hərə bir cür cavab verir. Bəziləri deyir ki,
dilimiz birdir. Yox, dilimiz bir deyil, yaxındır.
Azərbaycan dili müstəqil bir dildir. Necə ki, qırğız dili, tatar dili müstəqildir. Heç
bir vaxt tatar dönüb başqa dildə danışmayacaq, qazax da, qırğız da danışmayacaq,
Azərbaycanlı da danışmamalıdır. Çünki Azərbaycan dilinin özünün özəllikləri,
özünəməxsus xüsusiyyətləri var.
-Anar müəllim, dilimizin türk dili adlandırılması tərəfdarları demir ki, biz dilimizi
dəyişib Türkiyə türkləri kimi danışaq. Axı söhbət dilin adından gedir, hələlik...
-Yaxşı, mən razı. Dünən bir kitab almışam: Azərbaycanca-türkcə lüğət. Sabah o
kitab necə adlanacaq? Türkcə-türkcə lüğət? Kitab çıxıb - «Azərbaycan dili tarixi».
Sabah o adlanacaq «Türk dili tarixi». Onda mağazada oxucu deyəcək:
-Mənə «Türk dili tarixi» kitabı verin. Satıcı soruşacaq: hansı «Türk dili tarixi»ni?
Alıcı cavab verəcək ki, Azərbaycan türkcəsi. Bu söz yenə də meydana çıxacaq.
Universitetdə tələbə mühazirəyə gedir. Hansı mühazirəyə gedirsən? Türk dilinə, hansı
türk dilinə? Azərbaycan türk dilinə, yoxsa türk türk dilinə?
Deməli, hər dəfə biz izahat verməli olacağıq ki, söhbət hansı dildən gedir? Ona
görə də gəlin dilin adını bünövrədən düz qoyaq ki, sonra camaat əziyyət çəkməsin. İndi
qəribə bir arqument gətirirlər ki, ermənilər də bizə türk deyir. Ermənilər deyir, lap yaxşı,
amma fransızlar azəri türkləri deyirlər, ingilislər azəri türkləri deyirlər, türklər azəri
türkləri deyirlər. Niyə bizim ermənilərə belə məhəbbətimiz olmalıdır ki, onların sözünü
əsas götürək, ancaq fransızın, ingilisin, türkün dediyini yox? Bu məsələ ilə əlaqədar
Dostları ilə paylaş: |