ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

___________________Milli Kitabxana__________________
Nə suç, nə də tamalı olar,
Nə zor, nə də silah olar.
Şair dönüb Allah olar,
Gözəllik duyulan yerdə.
Cenevrə, 1 oktyabr 2004
ÇİÇƏKLİ YER
Hayana boylanıb, hayana baxsan,
Yer çiçək, göy çiçək, təbiət çiçək.
Çiçəkdən doğulur sevən-sevilən,
Qız-oğlan çiçəkdi, məhəbbət - çiçək.
İstisi, işığı, odu çiçəkdi,
Tamı, şirinliyi, dadı çiçəkdi,
Burda həqiqətin adı çiçəkdi,
Çiçək həqiqətdi, həqiqət - çiçək.
Havası çiçəkdi, suyu çiçəkdi,
Bayramı çiçəkdi, toyu çiçəkdi.
Məst ol, qucağında uyu, çiçəkdi,
Təmizlik çiçəkdi, təravət - çiçək.
Yatıram, yuxumda çiçək görürəm,
Qalxıram, duyğumda çiçək görürəm.
Hər tumda, toxumda çiçək görürəm,
Nəzakət çiçəkdi, ləyaqət - çiçək.
İlahi seygi var torpağa, yurda,
Çöllər cilvələnir işıqda, nurda.
Allahın özü də şairdi burda,
Söz bir gülüstandı, şeriyyət – çiçək.
Cenevrə, 1 oktyabr 2004


___________________Milli Kitabxana__________________
GÖYLƏRƏ ÇAĞIRIŞ VAR
Yaşıl bir diyardayam,
Qəlbimə qüvvət gəlib.
Çiçəklərdən ruhuma
Axıb, təravət gəlib.
İşıq mənəm, nur mənəm,
Eşqi çaydan gur mənəm.
Dağ kimi məğrur mənəm,
Dizimə taqət gəlib.
Nə yol kəsən yağış var,
Nə qar - boranlı qış var.
Göylərə çağırış var,
Tanrıdan dəvət gəlib.
Cenevrə, 3 oktyabr 2004
XƏBƏRİM YOX ÖZÜMDƏN
Bu rəssam təbiətin rənglər dünyasındayam,
Vurulmuşam torpağın yaşılına, alına.
Öpüş alıb güllərin şeh çilənmiş üzündən,
Dönmüşəm pətəyinə, cevrilmişəm balına.
Düşünən yaradası, yoğuran yapasıdı,
Burda vaxt itirən kəs gözəllik tapasıdı.
Oğlanlar dəstə-dəstə, qızlar gül topasıdı,
Hər çiçəkdən zər qonub yanaqların xalına.
Xəbərim yox özümdən, ruhumdan, yaddaşımdan,
Nə canımdan xəbər var, nə çatılan qaşımdan.
Ağıllılar gülməsin, ağlım çıxıb başımdan,
Gəlin, indi siz baxın Zəlimxanın halına!
Cenevrə, 4 oktyabr


___________________Milli Kitabxana__________________
GÖZƏLLİK DƏLİSİ
Bu an, bu saat, bu gün zaman məndə yerləşir,
Əvvəlin axırıyam, axırın əvvəli, heey!!!
Allah özü göndərib bu yerləri görməyə,
Başımın üstündədir Yaradanın əli, heeey!!!
Günəş olub doğmuşam, bulud olub yağmışam
Cahana sığmasam da gözəlliyə sığmışam.
Gördüklərim nə varsa, gözlərimə yığmışam,
Qəlbimə toplamışam sərvəti heeey, ləli heeey!!!
Gözüm hər addım başı gözəlliyə tuş oldu,
Xəyalım əsən külək, fikrim uçan quş oldu.
Burda Zəlimxan adlı bir şair bihuş oldu,
Dəli mənəm! Dəli mən! Dəli mənəm! Dəli, heeey!!!
Cenevrə, 6 oktyabr 2004
BU AĞACIN BAR GƏTİRƏN VAXTIDI
Torpaq diri, toxum sağlam, yer sulu,
Bu ağacın bar gətirən vaxtıdı,
Bağ arzuda, bağban muraz üstədi,
Bu ağacın bar gətirən vaxtıdı.
Arıya bax, öpür gülün üzündən,
Çiçəyə bax, sevgi yağır gözündən.
Doymaq olmur nəğməsindən, sözündən,
Bu ağacın bar gətirən vaxtıdı.
Göz oxşayır ləçəklərin xumarı,
İnsan əli budaqların tumarı.
Havalıdı, tutub sevgi damarı
Bu ağacın bar gətirən vaxtıdı.


___________________Milli Kitabxana__________________
Toxumuna, özəyinə dad verib,
Kökünə su, budağına od verib.
Ana torpaq döşlərindən süd verib,
Bu ağacın bar gətirən vaxtıdı.
Hər çiçəyin bar verməyə cəhdi var,
Barı varsa, şirəsi var, səhdi var.
Bu payızla ilqarı var, əhdi var,
Bu ağacın bar gətirən vaxtıdı.
BAŞ GÖTÜRÜB ƏLLİ BEŞƏ GEDİRƏM
Axşam-axşam dönüb işdən gəlirəm,
Səhər-səhər qalxıb işə gedirəm.
Evdən getdi, kim qayıda, kim qala,
Elə bil ki, son gedişə gedirəm.
Bir gəlmişəm, bir də qoymaz gəlim bir,
Doğum birdi, yaşam birdi, ölüm bir.
Son mənzilə, son məkana yolum bir,
Dərdi edib canda peşə, gedirəm.
İnsan oğlu küsmədi nə, küsdü nə,
Əvvəl-axır dərd duracaq üstünə.
Qəlb sındıran qocalığın üstünə
Ürəyimi deşə-deşə gedirəm.
Yelli gündə pambığımız atılıb,
Alan alıb, satılanlar satılıb.
Cəhənnəmdə gur ocaqlar çatılıb,
Ciyərimi taxıb şişə, gedirəm.
Qırx körpü var, qırx keçid var, qırx ada,
Salam verdim otuza da, qırxa da.
Bir də gördüm əlli qalıb arxada,
Baş götürüb əlli beşə gedirəm.
18 avgust 2004


___________________Milli Kitabxana__________________
TÖKÜLƏR
Gündə bir kərpic düşür
Ömrümün sarayından.
Bayatıdan
Ürək yazıq ağlamasın, neyləsin,
Dərd üstünə şələ-şələ tökülər.
Payız gələr, ağacların yarpağı,
Halımıza gülə-gülə tokülər.
Zaman bizi sevincə tuş gətirməz,
Yuxla, ayıl, əlləş, vuruş - gətirməz.
Can evində kərpic duruş gətirməz,
Canı çıxar, ölə-ölə tökülər.
Hər ürəkdə bir zədə var, bir yara,
Qarışıqdı sevinc-kədər, ağ-qara.
Birdəfəlik axmaz canım qurtara,
Yaş gözümdən gilə-gilə tökülər.
Qızıl ürəklərdən qara qan tökür,
Can ağrısı gözümüzdən yaş tökür,
Allah göydən başımıza daş tökür,
Daş özü də bilə-bilə tökülər.
20 avqust 2004
TORPAQ ƏTRİ
Öz içimdə torpaq əkib, dən səpirəm,
Duyğuları cücərdirəm pöhrə kimi.
Yağışım gür, günəşim bol, havam təmiz
Yetişirəm ən şirin bar-bəhrə kimi.
Çirkinliyin son ucu qaranlıq olur,
Gözəlliyin meyvəsi heyranlıq olur.


___________________Milli Kitabxana__________________
Söz var yağdı, söz də var ayranlıq olur,
Gecə-gündüz çalxanıram nehrə kimi.
İçimdəki qaynar çeşmə, axar çaydı,
Nəğməsini hər gün eldən-elə yaydı.
Ürəyimdə torpaq ətri olmasaydı,
Quruyardım qumsal kimi, səhra kimi.
30 avqust 2004
MƏN ÜRƏYİ ÜRƏK KİMİ SAXLAMADIM
Mən bilmədim sına bilər, yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim, bir baxışdan dona bilər?
Mən ürəyi ürək kimi saxlamadım.
Qohum gəldi, qonşu yığdı, yad apardı,
Qəmli qələm qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.
Xeyrə-şərə, toya-yasa yüyür dedim,
Taleyinə yaralanmış cüyür dedim,
Qızdır onu harda kim üşüyür dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm, dumanıyam, fəryadıyam,
Öz qəlbimin qan içəni, cəlladıyam,
Mən ürəyi ürək kimi saxlamadım.
Yeri göyə, göyü yerə bağla dedim,
Alış dedim, tutuş dedim, çağla dedim,
Yas görəndə hönkür-hönkür ağla dedim,
Mən ürəyi ürək kimi saxlamadım.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə