ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

___________________Milli Kitabxana__________________
Göz yaşım bilməz nədir,
Baş daşım bilməz nədir,
Qardaşım bilməz nədir,
Qəbrə apardığım sirr.
Çörək olub yeyilməz,
Paltar olub geyilməz.
Allaha da deyilməz
Qəbrə apardığım sirr.
28 iyul 2004
OXUYA BİLMƏDİM AXIRA QƏDƏR
Kim deyir, bu dünya kefdi-damaqdı,
Kefi olanlar da kefdə deyilmiş.
Yüz il bu dünyada yaşasan belə,
Göz açıb görürsən həftə deyilmiş.
Vəfası yalandı, dostluğu hədər,
Ötərgi sevincdi, əbədi kədər.
Oxuya bilmədim axıra qədər,
Dünya kitab kimi rəfdə deyilmiş.
Min ürək qırıla, min könül sına,
Fələyin qılıncı çəkilməz qına.
Verir verdiyini can bahasına,
Tanrının heç nəyi müftə deyilmiş.
30 aprel 2004


___________________Milli Kitabxana__________________
QOŞA SƏTİRLƏR
Türk dünyasının böyük şairi Nəcib Fazil
Qısakürəyin ruhuna ulu sevgilərlə
GÖZƏLLİK
Allahım! Gözümü tox, ürəyimi ac elə,
Sən məni gözəlliyə həmişə möhtac elə.
RUH
Allah, vaxtsız ayırma bizdən müqəddəs ruhu,
Qoru, necə qorudun tufan içində Nuhu.
HƏYAT SEVGİSİ
Kim sevirsə həyatı, yeri, göyü, varlığı,
Qırx arşın quyuda da olmaz onun darlığı.
BEŞİK-TABUT
İlkim ağacdan beşik, sonum ağacdan qutu,
Kim yırğalar beşiyi, kim qaldırar tabutu.
QURTULUŞ
Ürək hər addımbaşı ağır bir dərdə tuşdu,
Ölüm insan oğluna ən gözəl qurtuluşdu.
BİRCƏ SANİYƏ
Fani dedik dünyaya, bel bağlama faniyə,
Ömür yüz il olsa da, ölüm bircə saniyə.
ÖMRÜN AXŞAMI
Səhər pəncərəni aç, axşam qapını bağla,
Axşamı gələn ömrə bir dəsmal götür, ağla!


___________________Milli Kitabxana__________________
SƏRGİ
Bu dünya başdan-başa tamaşadı, sərgidi,
Dünyaya gələnlərin hamısı gedərgidi.
QILINC-BALINC
Başımızın altına qoyulan balınca bax,
Başımızın üstündə yellənən qılınca bax!
BAŞÇI
Başçıda baş olanda, baxtımıza gün düşər,
Başçı başsız olanda, baxtımız düyün düşər.
VAXT
Nə yıxılana baxır, nə yerindən qalxana,
Zaman axır sulartək hey çalxana-çalxana!
ANLAMAQ
Vaxtında anlasaydıq nədir xeyir-şərimiz,
Yerin bir tərəfini əyərdi ləngərimiz!
KİTAB
Dünya qədim bir kitab, oxunur varaq-varaq,
Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq?!
QURAN
Bir kitab oxuyuram, ucadı hər kitabdan,
Allah, məni ayırma bu şirin iztirabdan!
NƏ QƏDƏR Kİ
Nə qədər ki, insanın gözündən axan su var,
Nə qəlbin rahatlığı, nə gözün yuxusu var!
ŞAM
Könül, əgər bənzəməsən pərvanəyə, ya şama,
Çırp özünü qayalara, öl, dünyada yaşama!


___________________Milli Kitabxana__________________
CANLI-CANSIZ
Dünyaya canlı gələn dünyadan cansız gedər,
İnamı olmayan kəs dinsiz-imansız gedər!
KİŞİ-NAKİŞİ
Zəlzələ də tərpətməz nakişinin tükünü,
Ancaq kişilər çəkər bu dünyanın yükünü!
İLK GÜNAHKAR
Həsrət qalıb cənnətə buğda yeyəndən bəri,
İlk günahkar kim olub, haqqın ilk peyğəmbəri!
TARİX
Ahdı burulub çıxan tüstülü bacalardan,
Nələr gördü bu tarix, soruşun qocalardan.
QIRIŞLAR
Yorulub, yola salıb payızları, qışları,
Anamın alnındakı zamanın qırışları.
ZİYARƏT
Qurban olum Məkkəyə, məndən inciməz qəti,
Anamın ayaqları başımın ziyarəti.
ƏR-SƏNGƏR
Xalqın ümid qaynağı ər oğlu ərdən gələr,
Döyüş vaxtı kişinin səsi səngərdən gələr.
VAXT
Yaman aldı üstümü, yaman yerdə təklədi,
Mən vaxtı tutammadım, vaxt məni ətəklədi.


___________________Milli Kitabxana__________________
YAXŞI Kİ
Allah! Allah! Nə qədər yalançı qəhrəman var?
Yaxşı ki, hər əməlin son hakimi zaman var.
DUYA BİLMƏZ
Yıxdı xalqın evini yalançılar, saxtalar,
Milləti duya bilməz qəlbi, ruhu taxtalar.
BÖYÜK MƏQSƏD
Ölsə də şəhidimiz, qalsa da şikəstimiz,
Cəmiyyətin boynunu düzəltməkdi qəsdimiz.
ƏSİR-HƏSİR
Kim qarnının quludu, kim nəfsinin əsiri,
Küçələrin tozudu, ayaqların həsiri.
DAŞ-BAŞ
Atılan daşlara bax, heyfini başdan çıxır,
Yarılan başlara bax, qisməti daşdan çıxır.
FACİƏ
Xalqa üz qaralığı insana təhqir, ləkə,
Millətin faciəsi köləlik, müstəmləkə.
XƏZİNƏLƏR-DƏFİNƏLƏR
Yatır torpaq altında xəzinələr, dəfnələr,
Allah tək insanı yox, xəznəni də dəfn elər.
SIXINTI
Tale insan oğlunu hər gün sıxasıxdadı,
Həzrəti İsa kimi hərə bir çarmıxdadı.


___________________Milli Kitabxana__________________
QİYAMƏT
İtilənib qılınclar, hazırlanıb tilovlar,
Qiyamət qopa bilər səngiməsə alovlar.
SUAL
Görəsən bu milləti dartıb, hara çəkirik?
Dardan xilas edirik, yoxsa dara çəkirik?
DÜNƏN-BU GÜN
Dünənki faciəmiz gur alqışlar, çəpiklər,
Bugünkü faciəmiz fışqırıqlar, təpiklər.
DUA
Göy əsgiyə bürünüb ömürləri, günləri,
Allah, özün razı sal taledən küskünləri.
TORPAQ
Nəfəs candan üzülüb, ruh çıxanda bədəndən,
Əbədi vətən üçün ayrılırsan Vətəndən.
HEÇ NƏ ƏBƏDİ DEYİL
Əbədi qalan deyil nə saraylar, nə damlar,
Hərdənbir yerə baxsın göynən gedən adamlar.
QEYRƏT
Qeyrət elə şeydi ki, qanadı var, canı var,
Önündə Çin səddi çək, aşmağa imkanı var,
DƏLLAL
Elə ki ağırlaşır, çətin olur halları,
Xalqı alverə çəkir siyasət dəllalları.


___________________Milli Kitabxana__________________
BACARMAZ
Bacarar krallığı, sultanlığı, şahlığı,
Bəndə yaranan insan bacarmaz Allahlığı.
SƏS GƏLİR
Qulaq ver qəbirlərə, səs gəlir dədələrdən,
"Heyifdi, insanlığı qoruyun zədələrdən".
SEVGİ
Sevgidən mayalanır qəlbin, gözün toxluğu,
Dünyaya sevgiylə bax, var eləsin yoxluğu.
SÖZ
Söz kəsdim, söz doğradım, sözdən tutdum şələmi,
Tanrının özü yonub mən tutduğum qələmi.
ULU SÖZ
Dahilər ulu sözün səcdəsinə gəldilər,
Peyğəmbər məqamına söz ilə yüksəldilər.
ADİ-DAHİ
Yaranan var adidi, doğulan var dahidi,
Biz kimik? Hər qisməti göndərən İlahidi.
PİSLİK-HƏRİSLİK
İnsanın insan üçün yamanlığı, pisliyi,
Pula, vara, dövlətə, şöhrətə hərisliyi.
KEÇƏR
Başımızın üstündən həftələr, aylar keçər,
Qəbrin qaşına doğru bizi haraylar, keçər.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə