ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Qovana bax, qaçana bax,
Dağdan-daşdan uçana bax!
Ha çağırsan, haya gəlməz
Nə tanrılar, nə də dinlər.
Allahından üz döndərib,
Dinsiz olar didərginlər!
Su tökdülər ocağına,
Od vurdular torpağına.
Bələk yandı, beşik yandı,
Ev alışdı, eşik yandı.
Ürəyini zaman-zaman
Sıxar qəmlər, didər kinlər.
Qisas qalmaz qiyamətə,
Fürsət gəzər didərginlər!
Ünü çatar fələklərə,
Əli çatmaz ətəklərə.
Külək keçirər odunu,
Tarix itirər adını.
Qayğılar qatar başını,
Zaman pozar yaddaşını.
Bir xoş günə həsrət qalar
Neçə yüzlər, neçə minlər.
Gözü göydə, ağzı haqda,
Ömür sürər didərginlər!
Ölüsü kəfənsiz qalar,
Dirisi vətənsiz qalar.
Əli budaqdan üzülər,
Kökü torpaqdan üzülər.
Taleyini döyər, söyər,
Göy bürünər, qara geyər.
Gözlərində yuva salar,
Qəbrə kimi gedər kinlər.
Tək qəbirdə sakit yatıb,
Rahat olar didərginlər!


___________________Milli Kitabxana__________________
YETİM MƏZAR
Qəbir dedim, qədim Göyçə, Ələsgərim yada düşdü,
Başdan aşan, dolub daşan dərdim-sərim yada düşdü.
Gözləri yol çəkən Ələsgər dədə,
Dağlarda təklənən qəbrinə qurban!
Bəd gəldi bizlərə bu vaxt, bu vədə,
Döz, bu da zamandı, səbrinə qurban!
Heç xeyir taparmı sənə toxunan,
Ara qarışdıran, pəl vuran olub.
Deyirlər, ruhuna dəyən, toxunan,
Deyirlər, qəbrinə el vuran olub.
Sənsən haq vergisi, Allah adamı,
Gözünə baxdığın bulağa qurban!
Haqqın əllərindən içdiyin camı
Dastana döndərən torpağa qurban!
Getdim neçə dəfə ziyarətinə,
Məzar heykəlindən öpdüm, qayıtdım.
Güvəndim gücünə, məhəbbətinə,
Odunu qəlbimə səpdim, qayıtdım.
Bilmirəm, kim olsun dərdimdən halı,
Burda əllərimi sıxan əl hanı?
Üstünə yığışan Göyçə mahalı,
Qəbrinə yaraşan o heykəl hanı?
Mənim taleyimi, mənim eşqimi
Döyən çox olsa da, duyan az oldu.
Nəsimi, Füzuli məzarı kimi
Sənin də məzarın əlçatmaz oldu
Gedərəm Hələbə, gedərəm, ustad,
Gedərəm Bağdada, gedərəm, ustad!


___________________Milli Kitabxana__________________
Üz tutub Göyçəyə gedə bilməsəm,
Dağları, daşları didərəm, ustad!
Tutsalar cığırı, kəssələr yolu,
Yerin damarını qırıb gedərəm.
İldırımdan taxıb qanadı, qolu,
Göyün yaxasını cırıb gedərəm!
Elə ki qatığa dedilər qara,
Elə ki azğınlar həddini aşdı,
Allah adamına sataşanlara
Allah yaman dəydi, yaman sataşdı!
Yalan danışsa da xeyrini güdən,
Həqiqət yenə də şahıydı, ustad!
Zəlzələ deyildi yeri tərpədən,
O, sənin çəkdiyin ahıydı, ustad!
Bir xalqın, bir elin qəlbinə dəyən
Savabı tanımaz, günahı görməz.
Ayağı altında yeri görməyən
Başının üstündə Allahı görməz!
Qəlbim səksəkədə, qulağım səsdə,
Dumanım dünyaya sığası deyil.
Bir qarış ot qalxa qəbrimin üstə,
Bu dəhşət yadımdan çıxası deyil.
Kim olub bu qədər qudurmuş, harın,
Görəsən, kim salıb bunu ağıla.
Peyğəmbər nəfəsli bir sənətkarın
Məzarı sökülə, qəbri dağıla!
Min dağın tufanı, min qışın qarı,
Ört-basdır edəmməz bu zülmü qəti.
Dünyanın ən qanlı cinayətkarı
Vallah, törətməzdi bu xəyanəti!


___________________Milli Kitabxana__________________
Gör yağı nə qədər qurğular qurub,
Fəndi baş tutanda əl çalıb, Allah!
Gör ustad nə qədər ucada durub,
Gör düşmən nə qədər alçalıb, Allah!
Qalmışıq əlində kədərin, yasın,
Çəkilmir nə dərdi, nə dağı belə.
"Fələk Ələsgərtək oda salmasın
Nə xəstəni belə, nə sağı belə"!
Haqsızlıq odunda sızlayan nə çox,
Nə qədər gör, ölüm-itim olarmış.
Təkcə körpələr yox, balacalar yox,
Qəbirlər özü də yetim olarmış.
Qulağı kar olub nəğmənin, səsin,
Yaralı könlümün duyanı yoxdur.
Səsinə bir mahal yığılan kəsin
Yanında bir nəfər həyanı yoxdur.
Qınama bizləri ustad,
Zaman bəd gəldi, bəd gəldi.
Göz açmağa vaxt olmadı,
Duman bəd gəldi, bəd gəldi.
Axdı seli, yağdı qarı,
Səmti döndü bizə sarı,
Zülüm kəssin zülümkarı,
Yaman bəd gəldi, bəd gəldi.
Ölüm oldu, itim oldu,
Atalılar yetim oldu.
Müxənnətdən bir him oldu,
Tufan bəd gəldi, bəd gəldi.


___________________Milli Kitabxana__________________
NƏĞMƏ DODAQDA QALDI
Allah bir də heç kəsə bu dağı göstərməsin,
Qar-boranı, şaxtanı, sazağı göstərməsin.
Səhənglər suda sındı, dolça bulaqda qaldı,
Söz ürəkdə qırıldı, nəğmə dodaqda qaldı.
Bu ütüdən qurtarınb bir yana çıxmaq üçün
Gözlər göyə dikildi, ağızlar haqda qaldı.
Bizi öz bəxtimizə biganələr üşütdü,
Boran, qar üşütmədi.
Göyə çıxan vayları,
Daş dələn harayları
Kar qayalar eşitdi,
İnsanlar eşitmədi!
Biri öy tikdirirdi, öyü qaldı yarımçıq,
Biri öz balasını təzə nişanlamışdı,
Toyu qaldı yarımçıq!
Alışmadı şamları, gülmədi axşamları,
Qaldı, gözündə qaldı
Neçə-neçə insanın arzuları, kamları.
Taleyin qəsdinə bax!
Əziyyət verə-verə öldürür adamları!
Duyğular kövrəkləşir, könüllər sızlar olur,
Saçı yolan gəlinlər, ağlayan qızlar olur.
Qara gəlmiş dövranın ili ildən pis gəlir,
Qəddimizi əyməyə,
Qapımızı döyməyə
Gündə bir alçaq gəlir, gündə bir xəbis gəlir!
Fərman verən kəslərin
Qəlbi, hissi, niyyəti daş olur, dəmir olur,
Puç olan saf arzular, çürüyən ömür olur!
Verilən fərmanların hamısı boş, yalançı,
Fərman alan köməksiz, fərman verən talançı!
Gəl, indi baş tap görüm
Minsifət adamların əməlindən, işindən.
Qurtar öz taleyini
Oyunbaz siyasətin caynağından, dişindən.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə