1. Albaniyanın təsərrüfat həyatı



Yüklə 151,54 Kb.
səhifə1/5
tarix27.04.2023
ölçüsü151,54 Kb.
#107194
  1   2   3   4   5

1.Albaniyanın təsərrüfat həyatı
Albaniya əhalisinin məşğu­liy­yəti əkin­çilik, bağçılıq, üzümçülük, maldarlıq və sənət­karlıq idi. Yunan – Roma mənbələrində əkin sahələrinin Albaniyada da Misir və Babildə olduğu kimi kanallar vasitəsilə suvarıldığı qeyd edilir. Əkinçilikdə mükəmməl alətlərdən istifadə olunurdu. Müxtəlif meyvələr becərilir, üzümdən şərab hazırlanırdı. Qaramal, davar, at, dəvə bəslənilirdi. Yunanlı Elian Albani­yada balıq­çılıq haqqında maraqlı məlumat verir. O göstərir ki, bu balıqların piyin­dən sürtkü yağı və içalatını bişirib yapışqan hazırla­yırlar.Metaldan müxtəlif silah və əmək alətləri hazırlanmış, dulusçuluq daha çox inkişaf etmişdir. Gildən kərpic, kirəmit, müxtəlif qablar, insan və heyvan fiqurları hazırlanır və dulus kürələrində bişirilirdi. Mingə­çevirdə arxeoloji qazıntılar zamanı antiq dövrə aid çoxlu dulus kürələri aşkar edilmişdi. Saxsı qabların üzəri quş, heyvan, insan, bitki rəsmləri və həndəsi fiqurlarla bəzədilirdi. Toxuculuq, daxili və xarici ticarət inişaf etmişdir. Eramızın ilk əsrlərində Alba­niyada şüşə qablar hazırlanmışdır. Albaniyada möhürlərdən geniş istifadə olunurdu. Əksəriyyəti üzük formasında hazırlanan möhürlərlə sənədləri təsdiqləyir, məhsul yığılmış qabları və anbarların qapılarını möhürləyirdilər.
Albaniya ərazisindən mühüm ticarət yolları keçirdi. Bu yollardan biri Xəzər dənizi sahili ilə cənubdan şimala, digəri isə Kür çayı boyu Qara dənizə çıxırdı ki, bu yolla əsasən Hindistan və Çin malları daşı­nırdı.
Arxeoloji qazıntılar zamanı tapılmış sikkələr göstərir ki, ticarətdə puldan geniş istifadə edilmişdi. Albaniyada işlədilən ən qədim pul Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pullardır. Kənardan gətirilmiş pullar tələbatı ödəmirdi və e.ə. III əsrdən başlayaraq Albani­yada İsgəndərin pullarına oxşar pullar kəsilmişdi. Şamaxıda, Qəbələdə, Nüydidə tapılmış pul dəfnələri bunu təsdiq edir. Albaniyanın bazarlarında Make­doniyalı İsgəndərin, Selevki, Parfiya, Roma, Yunan-Baktriya pullarından da istifadə edilmişdi.
Hələ e.ə. I minilliyin ortalarında Albaniya ərazilərində sənət­kar­lıq və ticarətin inki­şafı ilə şəhərlərin meydana gəlməsi üçün şərait yarandı.Albaniya dövləti yarandıqdan sonra bu proses daha da sürət­ləndi. Şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən adətən mühüm ticarət yollarının qovşağında, dini mərkəzlərin (məbədlərin) ətrafında salınırdı. Xüsusən ticarət yolları üzərində çoxlu şəhərlər meydana gəlmişdi. Strabon Uti vilayətində olan Ayniana və Anarika şəhər­lərinin adını çəkir. II əsrdə yaşamış Klavdi Ptolemey Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin, o cümlədən Qəbələ və Şamaxının adını çəkmişdir.
E.ə. IV əsrdən başlayaraq Albaniyada ictimai bərabərsizlik daha da dərinləşdi. Əvvəllər hər bir tayfanın öz başçısı var idi. Dövlət yarandıqdan sonra isə hər tayfa öz tayfa başçısı olmaqla, vahid hökmdara tabe oldular. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi.
Sosial bərabərsizliyin nəticəsi kimi Albaniyada əhali dörd təbəqəyə bölünürdü:
1) padşah, ordu başçısı;
2) din xadimləri (kahinlər);
3) hərbiçilər və əkinçilər;
4) təsərrüfatda işləyən adamlar.
Albaniya quldar dövləti idi, lakin qul əməyindən klassik quldar dövlətlər­də ol­duğu kimi (Qədim Misir, Hindis­tan, Yuna­nıstan, Roma) geniş istifadə olunmurdu – Albaniyada quldarlıq patriarxal xarakter daşı­yırdı. Qul əməyindən yalnız varlı təbə­qələrin ev təsər­rüfatında, məhdud şəkildə kənd təsərrüfatı və sənətkarlğın bəzi sahələrində istifadə olunurdu. Maddi və mənəvi nemətlərin əsas yaradıcıları azad adamlar idilər.
Alban ordusu da azad adamlarlardan təşkil olu­nurdu. Albanlar müharibə zamanı nizə, ox və sairə ilə silahlanır, əyin­lərinə zirehli paltar geyir, başlarına dəbilqə qoyur­dular.

2.XIII-XIV əsrlərdə Azərbaycan iqtisadi həyatı


Monqol yürüşləri Azərbaycanın iqtisadi və mədəni həyatına mənfi təsir göstərdi. Köçəri monqollar oturaq əhaliyə məxsus torpaqları (əkin yerlərini, bağları və s.) ələ keçirir, öz mal-qaraları üçün otlaqlara çevirir, suvarma qurğularını dağıdır, əhalinin mal-qarasını əlindən alırdılar. Hülakilərin XIII əsrin ortalarında keçirdikləri iqtisadi tədbirlər nəticə­sində yerli feodalların əksəriyyəti torpaq mülkiyyətindən məhrum oldular. Monqollar şəhər həyatına da ağır zərbə vurdular, bir çox sənətkarları qula çevirdilər.Elxanilər köçəri əyanlara arxalanaraq ali hakimiyyət orqanları yaratdılar. Hülakilər dövlətinin başında Hülaki xanın nəslindən olan xan (elxani) dururdu. Əsas idarəetmə orqanı vəzirin başçılıq etdiyi divan idi. Monqollar tutduqları əraziləri şahzadə və əyanlar arsında bölüş­dürmüş­dülər. Cənubi Qafqaz əraziləri 110 monqol şahzadəsi və iri əya­nına paylan­­mışdı. Dövlətin ərazisi hərbi- inzibati dairələrə - tümən və nahiyələrə bölünürdü. Hakim dairələr dörd zümrədən ibarət idi: elxanilər və onların ailə üzvləri, türk-monqol köçəri əyanları, ali ruhanilər və yerli feodallar.XIII əsrin ortalarında Hülakilər dövlətinin yaranması monqolların Azərbaycanda hakimiyyətini möhkəmləndirdi. Hü­la­ki xan və Abaqa xanın dövründə vergilər qaydaya salındı, idarəçilik sistemi yaradıldı. Təsərrüfatda canlanma baş verdi. Monqol xanlarının siyasəti əvvəlki kimi yerli feodalların torpaqlarını ələ keçirmək idi. Yerli feodallar öz malikanələrini idarə etmək üçün Ali Monqol Xaqanından yarlıq, yəni icazə kağızı almalı idilər. Əvvəlki torpaq mülkiyyət formaları ilə (div­an, xassə, mülk, iqta, vəqf, icma,) yanaşı, yeni torpaq mülkiyyət forması olan incu meydana çıxdı. İncu zəbt edildikdən sonra xana və onun nəslinə keçən torpaqlar idi və torpaq mülkiyyət forması kimi geniş yayılmışdı. Monqolların dövründə əhalidən alınan vergilərin sayı 40-a qədər idi. Əvvəlki vergilərlə yanaşı, bir sıra yeni vergilər tətbiq edilmişdi. 1254-cü ildə 10 yaşından 60 yaşına qədər olan kişilər siyahiya alındı və onların üzərinə vergi qoyuldu. Torpaq vergisi xərac adlanır və məhsulun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanır, oturaq əhalinin vəziyyətindən asılı olaraq 1 dinar­dan 7 dinara qədər idi. Monqol qoşunlarını saxlamaq üçün tağar, tacirlərdən təhər və sənətkarlardan tamğa vergiləri alınırdı. Göm­rük vergisi bac adlanırdı. Bundan başqa bağ-şümarə, xaneye-şümarə, monqol şahzadələri üçün ixracat, fövqəladə vəziyyətdə avarizat toplanırdı. Vergilərin toplanması ilə divan məşğul olurdu. Divan vergini ya məmurlar vasitəsi ilə və ya icarə sistemi ilə yığırdı. İcarədarın icarə hüququnu təsdiq edən sənəd barat adlanırdı.Hülakilərin zülmkarlığı və uzun sürən müharibələr təsərrüfatın tənəzzülünə səbəb oldu. Vergilərin ağırlığı kəndli­lərin öz yerlərini atıb qaçması ilə nəticələnirdi. Bunun nəticəsində, dövlətin və əyanların gəliri azalırdı. Dövlət xəzinə­sinin boşalması, kəndlilər arasında iğtişaşların güclənməsi hakim sinfi təşvişə salırdı. Ona görə də Qazan xan bir sıra islahatlar keçirdi.

Yüklə 151,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə