ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə
əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə
təyin olunması ilə bağlı səlahiyyətlər məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər
verən institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə alındığından, bir çox
hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin
edilən şəxslərin peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və
sair keyfiyyətləri də nəzərə alınır. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi
doktrinanı, dövlət büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya
məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya məhkəmələrinin hakimlərini
vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına və vəzifədən kənarlaşdırılmasına razılıq verir,
beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan
Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, prezidentin
müraciətinə əsasən müharibə və sülhə razılıq verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb
edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun
icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə icra hakimiyyətinə təsir
edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir.
Lakin bu səlahiyyətdən ildə, ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən
dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır. 95-ci maddənin 1-5-ci
bəndlərində nəzərdə tutulan məsələlər üzrə (MM-in işinin təşkili, prezidentin təqdimatı ilə diplomatik
nümayəndəliklərin təsis olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiqi, dövlət
büdcəsinin təsdiqi) qanunlar qəbul edilir. Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda prezident
fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında
fərmanlar Milli Məclisin təsdiqinə verilir. O cümlədən, Milli Məclis Baş nazirin vəzifəyə təyin edilməsinə
razılıq verir.
İcra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyət
promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur. Prezidentin veto
hüququ Konstitusiyada birbaşa göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin
etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu maddənin II
hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul olunan qanunları 95 səs çoxluğu, 63
səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən
sonra qüvvəyə minir. Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq
prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar verir.
Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti ilə də
qarşılıqlı əlaqəsi vardır.
Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici hakimiyyətdən asılıdır. Məhz
qanunverici hakimiyyət məhkəmə quruluşu, hakimlərin statusu, məhkəmə icraatı və s. ilə bağlı məsələləri
nizama salır. Belə hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda
məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.
Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda hakimlərin təyinində və
amnistiya aktlarının tətbiqində özünü göstərir.
Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli deyildir. Məhkəmə
hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd olduğu barədə qərar qəbul
etməklə qanunverici hakimiyyətə qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli Məclis deputatlarının
seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqində də özünü göstərir. Konstitusiyanın 86-cı və 2003-cü il
27 may tarixli «Azərbaycan Respublikasının Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis
deputatları seçkilərinin nəticələrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq
edir.
Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında
qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli
Məclis 125 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi,
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Daxili
nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur:
- aşkarlıq;
-
siyasi plüralizm, çoxpartiyalılıq;
-
məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.
Milli Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır.
Milli Məclis hər il iki növbəti sessiyaya yığılır:
1) yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir;
2) payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir.
Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin və ya
Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar deputatların tətil dövründə cağırılarsa,
bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar
dövründə Milli Məclis iclaslar keçirir. Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş
deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası aparır. I iclasda hesablayıcı komissiya, sonra isə
sədr seçilir və bununla da I iclas işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb
olunur.
Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. İclasların
günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab
olunur. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə
işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə
Dostları ilə paylaş: |