MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
5
- Dahilərdən biri deyib ki, sağlamlıq həkimin
məharətindən və dərmanlardan daha çox insanın
vərdişlərindən və qidalanmasından asılıdır. Bu fikir nə
qədər həqiqətə uyğundur?
- Fikrimcə, insanın sağlam olmasında faktorların sayı kifayət
qədər çoxdur. İstər qida rasiyonumuzun, istər həyat tərzimizin,
həyat ritmimizin, istərsə də yaşadığımız mühitdə stress faktor-
larının sağlam olmağımızda ciddi rolu var. Deyərdim ki, insanın
öz sağlamlığına qarşı diqqətli olması daha vacıb amildir. Möv-
cud bir şikayətə, hər hansı bir narazıçılığa etinasız yanaşmaq
gələcəkdə çox ciddi problemlərə səbəb ola bilir. Bu baxımdan,
söylədiyimiz faktorlardan daha əhəmiyyətlisi insanın özünün
sağlamlığına qarşı olan diqqətidir. Bu daha üstün mahiyyət
kəsb edir.
- Xəstəxanalara müraciət edən, xüsusən də cərrahi
əməliyyata ehtiyacı olan xəstələrin sayı həddən artıq
çoxdur . Xəstələr ən çox nədən şikayətçidir?
- Təbii ki, ümumi cərrahiyyə bölümü böyük bir cərrahi spektri
əhatə edir. Yəni bir çox orqanların xəstəliklərinə aid olan
problemlərin cərrahi müalicəsi ilə məşğuldur. Bizə daha çox
müraciət edənlər həzm sisteminin xəstəlikləri – istər xoşxassəli,
istər onkoloji, istərsə də travma xəstələri olurlar.
- Sadaladığınız bu xəstəliklərin hər birinin tam
müalicəsi mümkündürmü? Bəzən eşidirik ki, adi bir
xəstəlikdən insanlar dünyasını dəyişir.
- Təbii ki, bütün xəstəliklərin tam aradan qaldırılması, insan-
ların xəstəliyindən asılı olmayaraq tam sağlamlığına qovuş-
masını həmişə təmin etmək qeyri-mümkündür. Lakin bu-
günkü gündə tibbin inkişafı, tibb aləmində olan elmi-texniki
tərəqqinin istifadəsi bir çox xəstəliklərin müalicəsində daha
yaxşı nəticələr almaq üçün şərait yaradır. Bu gün ölkəmizdə
yeni-yeni xəstəxanalar qurulur və müasir avadanlıqlarla təchiz
olunur. Ölkəmizdə olan rezidentura sisteminin tətbiq edilməsi
nəticəsində ümid edirik ki, perspektivdə savadlı yerli kadrların
yetişdirilməsində yaxşı nəticələr əldə olunacaq. Eyni zamanda,
Türkiyədə, Avropada təhsil alıb qayıdan və aramızda fəaliyyət
göstərən həkimlər də bizim yerli mütəxəssislərlə bərabər
vətəndaşlarımıza günü-gündən yüksək səviyyədə tibbi xidmət
göstərməkdədirlər. Təbii ki, qüsursuz bir sahə olmadığı kimi,
bu sahədə də tam mükəmməllikdən bir qədər uzağıq. Amma
aparılan işlər gələcək üçün ümidverici yol göstərməkdədir.
- Tibb sahəsində elmi-texniki tərəqqi Mərkəzi Klini-
kada hansı cərrahi əməliyyatların həyata keçirilməsi
üçün imkanlar açır?
- Təbii ki, hər bir cərrahi əməliyyat orqanizm üçün travmadır,
cərrahi aqressiyadır. Zaman keçdikcə, yeni texnoloji vasitələrin
kəşfi ilə əlaqəli cərrahi əməliyyatların da imkan daxilində daha
az travmatik yollarla aparılması istiqamətində bir çox işlər aparı-
lıb. Bunların sırasında bu gün özünü ümumi cərrahiyyədə daha
çox doğruldan endoskopik, yəni kəsiksiz, xırda dəliklərdən
aparılan cərrahi əməliyyatlardır. Bunlar artıq yeni deyil, uzun
müddətdir ki, bütün dünyada aparılır. Gündən-günə bu üsul-
la aparılan əməliyyatların çeşidləri və həcmləri artmaqdadır.
Bizim xəstəxanada öd daşı xəstəliyi, yoğun bağırsağın cərrahi
xəstəlikləri, yırtıqlar, bir çox təcili əməliyyatlar və bir sıra gi-
nekoloji əməliyyatlar məhz bu üsulla həyata keçirilir. Təbii ki,
bu üsulların da nəticələri xəstələr üçün daha çox məqbuldur.
Onlar əməliyyatdan sonrakı dövrdə daha tez normal həyat
tərzinə qayıdırlar. Kosmetik olaraq qarın üzərində kəsik izləri
qalmır. Əməliyyatdan sonra daha az ağrının olması da bu üsul-
ların ürəkaçan nəticəsidir. Bununla yanaşı son zamanlar tək
bir dəlikdən aparılan əməliyyatların say və çeşidi artmaqdadır.
Təbii ki, bu işlər davamlı xarakter daşıyır.
- Ölkəmizdə müxtəlif orqanların transplantasiyası
həyata keçirilir. Ancaq donorların çatışmazlığı ilə bağ-
lı şikayətlər eşidilir. Problem nədədir?
- Bu sahə ölkəmizdə nisbətən yeni olduğu üçün təbii ki, donor-
la bağlı problemlər yaşamaqdayıq. Mərkəzi Klinikada böyrək
köçürülməsi əməliyyatı həyata keçirilir. Donor problemi doğ-
rudan da bu işin aparılmasına ciddi əngəllər yaradır. Əvvəla,
beyin ölümü olan xəstələrdə orqan alınma proseduru tətbiq
olunmamaqdadır. Bu əhali üçün də bir qədər yeni olduğu üçün
ciddi çətinliklər yaradır və bu gün Azərbaycanda da bu işin
həyata keçirilməsi hələ icra olunmur. Söhbət canlı donorlardan
gedir. Donorların seçimi və əməliyyat nəticələri haqqında əhali
az məlumatlıdır. Cəmiyyətdə tez-tez rast gəlirik: xəstə gəlir, ən
yaxın qohumu, ailə üzvü belə təhlillər, nəticələr uyğun olmasına
baxmayaraq donor olmaqdan imtina edir. Təbii ki, bəlli risklər
var. Amma əməliyyat öncəsi aparılan ətraflı müayinələr donor
üçün istər əməliyyat risklərini, istərsə də əməliyyatdan sonra-
kı yaşam müddətində ortaya çıxa biləcək problemləri minimal
səviyyədə saxlamağa imkan verir. Donorların seçimində cid-
di kriteriyalar mövcuddur. Təbii ki, donorun əməliyyat öncəsi
gələcək həyatı üçün az da olsa risklər mövcuddursa, o do-
norların əməliyyata alınması dayandırılır. Bu kriteriyaların da
ictimaiyyətə geniş təbliğ olunması lazımdır ki, gələcəkdə insan-
lar bu işdə daha aktiv iştirak edə bilsinlər. Ona görə bu işin daha
geniş yayılmasında KİV-in, ziyalı təbəqələrin üzərinə vəzifələr
düşür. İnsanların öncə bunun nə qədər faydalı olduğuna inan-
ması üçün bu işin təbliğatı lazımdır.
- Bəzən xarici ölkələrdə insanlar sağ ikən «müəyyən
orqanlarımı bağışlayıram» deyə elan edirlər. Bizdə bu
cür faktlara rast gəlinirmi?
- Son vaxtlar bir neçə kampaniyalar aparıldı və bu sahədə bir
qədər hərəkətlik yarandı. Amma təəssüf ki, bu qısa müddət
çəkdi. Bilirsiniz ki, təbliğat olmayınca, insanlar da unutmağa
doğru gedir. Məncə bu işlərin bir müddət davamlılığını təmin
etmək lazımdır. Bir çox ölkələrdə bu prosedur qaydaları var. Av-
ropanın bir çox ölkələrində əgər insan sağlığında orqanların-
dan donor kimi istifadə olunmasına etiraz etdiyini rəsmi bəyan
etməmişsə, beyin ölümü ilə qarşı-qarşıya qalarsa, birbaşa do-
nor olmağa razı olmuş kimi qəbul olunur. Yəni, əgər sağlığında
belə bir müraciət imzalamamışsa, hər hansı bir qəza nəticəsində
xəstə xəstəxanaya düşürsə, beyin ölümü təsdiqlənirsə, soruş-
durulmadan onun daxili orqanları donor kimi istifadə olunur.
Təbii ki, bizim cəmiyyət üçün bu cür təbliğatların aparılması
üçün uzun zaman lazımdır.
- Evtanaziya ilə bağlı fikirləriniz də mənə maraqlıdır.
Bəzi ölkələrdə “yüngül ölüm” həyata keçirilir. Bizdə
isə evtanaziya ilə bağlı fikirlərə münasibət birmənalı
deyil.
- Təbii ki, bizim işimiz xəstələrin sağlamlığı uğrunda mübarizəyə
bağlı olduğu üçün mən ölüm haqqında düşünməməyə ça-
lışıram. Amma təəssüf ki, bu da bizim işimizin bir parçasıdır.
İstər-istəməz cərrah üçün hər bir xəstəsinin itkisi ağır bir trav-
madır. Mən bir həkim kimi, evtanaziyanın əleyhinəyəm. İnsanı
biz yaratmadıq ki, Allahın verdiyi canı da onun əlindən alaq.
Bu baxımdan, mən psixoloji olaraq evtanaziyanı qəbul edə
bilmirəm. Lakin mən ümidsiz bir mərhələyə çatmış və perspek-
tivi olmayan xəstələrə tibbi xidmətin dayandırılmasının daha
çox tərəfdarıyam. Yəni, tutaq ki, xəstə onkoloji xəstədir, ter-
minal bir mərhələdədir, artıq bütün resurslar tükənib. Həmin
xəstənin yerdə qalan zamanında da süni tənəffüs aparatına
qoşub nəticəsi olmayan dava-dərmanla onu yükləməkdənsə,
sadəcə göstərilən tibbi xidmətin dayandırılması məncə daha
düzgün yanaşma olardı. Təbii ki, bu işdə əsas qərar xəstənin
ailəsindən asılıdır.
- Bu gün insanların şikayətləndiyi problemlərdən
biri də piylənmə və onun fəsadları ilə bağlıdır. İnsan
sağlam olması üçün nələrə riayət etməlidir ki, onda
piylənmə, şəkər xəstəliyi, hipertoniya və s. xəstəliklər
baş verməsin.
- Təəssüf ki, artıq çəki günümüzdə problem olaraq qəbul olu-
nur və zaman keçdikcə çox yayılmış bir hala çevrilir. Amerikada
və Qərb ölkələrində statistik olaraq parametrlər Azərbaycandan
daha ciddi şəkildə özünü göstərir. Bu insanların çox yüksək ka-
lorili qida qəbul etmələri ilə əlaqədardır. Üstəlik oturaq həyat
tərzi, insanın aldığı kaloriləri xərcləməməsi artıq çəkinin yaran-
masına səbəb olur. Nəticədə bir sıra həyati təhlükəli halların
– şəkərli diabet, hipertoniya, ürək-qan damar problemi, beyin-
qan dövranının pozulması ilə nəticələnən çox ciddi fəsadlar
yarana bilir. Artıq çəki ilə mübarizə aparmaq üçün ilk növbədə
qida faktoruna ciddi riayət etmək, aktiv həyat tərzi sürmək la-
zımdır. Əgər bunlar kömək etmirsə, cərrahi müdaxilə ilə artıq
çəki probleminin aradan qaldırılması tətbiq olunur. Artıq bü-
tün dünyada piylənmə ilə bağlı aparılan cərrahi əməliyyatların
sayı ildən-ilə artmaqdadır. Bu əməliyyatların bir neçə çeşidləri
var. Bəziləri sadəcə mədəni kiçiltməyə yönəlidir. Yəni mədənin
həcmi kiçilir və insan az qida qəbul edərkən onda artıq doyma
hissi yaranır. Bu əməliyyatlar artıq çəkinin bir ildə 75 faizə qədər
azalmasına imkan yaradır. Bu gözəl bir nəticədir. Bundan əlavə,
bağırsaq mənfəzində əmilmə prosesini də azaldan əməliyyatlar
var ki, bunlar super kökəlmələrdə geniş istifadə olunmaqdadır.
Biz ötən ilin dekabr ayında Strasburqda, Avropa Telecərrahiyyə
İnstitutunda bununla bağlı ixtisasartırma kurslarından keçdik
və hal-hazırda xəstəxanamızda da bu əməliyyatlar aparılma
ərəfəsindədir.
- İndi insanlar həmçinin mədə xoraları, qastrit, mədə
xərçəngi kimi xəstəliklərdən əziyyət çəkirlər. Bu
xəstəliklərin yaranmasının əsas səbəbləri nədir?
- Bu gün xəstəliklərin tam təsdiq olunmuş səbəblərindən təkcə
infeksion xəstəliklərin səbəbi aydındır. İnsanın orqanizminə
hər hansı infeksion agent - bakteriya, virus düşür və bunun
nəticəsində bir xəstəlik yaranır. Digər xəstəliklərin - istər ürək-
damar, istər həzm sistemi, istərsə də onkoloji xəstəliklərin və s.
əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Son zamanlar
xəstəliklərin artması fikrinə gəlincə, zənnimcə bu xəstəliklərin
artması səbəbi yox, diaqnostikanın mükəmməlləşməsi ilə bağ-
lıdır. Yəni əvvəllər bu qədər təfərrüatlı müayinələr aparılmır,
diaqnozlar vaxtında qoyulmurdu. İndi müayinələr daha erkən
mərhələdə xəstəlikləri üzə çıxarır. Həzm sistemi, mədə xorası və
onkoloji xəstəliklərinin yaranmasında irsiyyət faktoru ilə yanaşı
alimentar faktor da var. Yəni elmi olaraq sübut olunub ki, bu
faktorların bəlli xəstəliklərin inkişafında rolları böyükdür.
- Sizə elə gəlmirmi ki, bu gün efirdə, internet sayt-
larıda, elə sosial medianın özündə belə həkim
məsləhətlərindən daha çox klinikaların, dərmanların
və həkimlərin öz reklamları yer alır?
- Bu, ağrılı bir məqamdır. Xəstəxanaların, sağlıq qurumlarının,
həkimlərin, dərmanların efirdə reklamını çox da alqışlamıram.
Həkimin reklamı onun gördüyü iş olmalıdır. Həkimin peşəkarlığı,
xəstələrlə ünsiyyəti - əsas faktorlar bu olmalıdır. Hətta indi şad-
lıq sarayları ilə müqayisə olaraq “filan xəstəxanada endirim
oldu”- deyə reklamlar gedir. Digər tərəfdən, qeyri-peşəkar tiblə
məşğul olan həkimlərin reklamları olur ki, bu da ciddi fəsadlara
səbəb olur. İnsanlar reklama aldanaraq qeyri-peşəkar insanla-
rın müalicəsi ilə qarşı-qarşıya qalırlar. Nəticədə həm xəstəliyin
diaqnostikası gecikir, həm də yanlış istiqamətdə müalicə ge-
dir. Bunun özü də əlavə fəsadlar yaradır. Xəstəliyin müalicəsi
düzgün yolla getməlidir. Müalicəni yanlış yoldan düz yola
istiqamətləndirmək sonradan biz mütəxəssislər üçün də çətin
olur. Yaxşı olar ki, bu cür hallar da bəlli bir nəzarət altında olsun
ki, insanlar yanlış informasiyaya aldanmasınlar.
- Sonuncu sualım bəlkə bir qədər obrazlı səslənəcək:
sizcə cərrahın skalpeli, yoxsa dili xəstəni sağaltmalı-
dır? Axı, el arasında belə bir məşhur söz var: “Həkimin
dili həkim olmalıdır”.
- Məncə, hər iki faktor çox əhəmiyyətlidir. Biz cərrahlar təbii ki,
skalpeli bir kənara qoyub xəstənin cərrahi problemini yalnız da-
nışmaqla aradan qaldıra bilmərik. Digər tərəfdən, xəstəni yaxşı
əməliyyat edib ondan sonra acılasaq, bu da xəstənin ciddi psi-
xoloji travma yaşamasına və aparılan cərrahi əməliyyatdan son-
rakı reablitasiyada mənfi faktor ola bilər. Xəstənin müalicəsində
ilk növbədə həkimin yüksək peşəkarlığı rol oynasa da hesab
edirəm ki, cərrah üçün “skalpel” qədər, xəstə ilə münasibət də
əhəmiyyətlidir. İnsan gördüyü işə nə qədər hakimdirsə, bir o
qədər də aldığı nəticə yaxşı olacaq. Cərrah üçün öz imkanla-
rını doğru dəyərləndirmək çox vacibdir. “Mən hansı xəstəni
əməliyyat edə bilərəm”- onu seçməyi bacarmalısan. Yəni çox
böyük bir işin altına girib xəstənin həyatını riskə atmaq haqqını
heç kim heç kimə verməyib.
Leyla Mirzəzadə
T.e.n., Dr. Zaur Xəlilov: "Cərrah üçün «skalpel» qədər,
xəstə ilə münasibət də əhəmiyyətlidir"
Mərkəzi Klinikanın baş həkim müavini, Ümumi Cərrahiyyə şöbəsinin müdiri t.e.n. Zaur Xəlilovla müsahibə
Artıq çəki ilə mübarizə aparmaq üçün
ilk növbədə qida faktoruna ciddi riayət
etmək, aktiv həyat tərzi sürmək lazımdır.
Əgər bunlar kömək etmirsə, cərrahi
müdaxilə ilə artıq çəki probleminin
aradan qaldırılması tətbiq olunur.
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
6
Qan-damar sistemi xəstəliklərinin profilaktikası ak-
tiv həyat tərzinin və uzun illər sağlamlığın qorunub
saxlanması üçün vacibdir. Bu birinci növbədə Sizin
ürəyinizin qorunması üçün gərəkdir. Sağlam ürək
yaxşı əhval-ruhiyə, fiziki aktivlik və tam yaşayış-həyat
tərzidir.
Qan-damar sistemi xəstəliklərinin profilaktikası – öz
üzərində requlyar iş, bir sıra prioritet məsələlərə,
vərdişlərə baxış deməkdir. Ona görə də sağlam olmaq
istəyən hər bir şəxs nəinki zərərli vərdişlərin istifadəsini
minimuma endirməli, hətta onlardan imtina etməlidir.
Siqaret çəkmə və alkoqol qəbulu damar keçiricili-
yinin pozulmasına mənfi təsir göstərir. Tutulmuş,
zədələnmiş damarlar isə - ürək-damar xəstəliklərinin
əsas səbəbidir. Qəbul edilmiş qida – bu tip xəstəliklərin
profilaktikasında vacib şərtdir. Vitaminlərlə zəngin qi-
daların qəbulu (xüsusilə B qrup və C vitaminləri), xörək
duzundan, qızardılmış, kəskin, yağlı qidalardan az
istifadə çox vacibdir.
Emosional vəziyyət ürəyin işinə və damarlara təsir
edir. Stressə qarşı kəskin reaksiya, əsəbilik, nevroz
və digər reaksiyalar damarların spazmına və nəticə
etibarilə ürək əzələsinə oksigen daşınmasını ləngidir.
Sinir sistemi reaksiyalarını nəzarət etməklə Siz daxili
tarazlığa nail olur, ürəyi artıq yüklənmədən qorumuş
olacaqsınız.
Ölçüb – biçilmiş fiziki aktivlik də qan-damar sistemi
xəstəliklərinin profilaktikası üçün önəmlidir. Hipodi-
namiya (az hərəkətli həyat tərzi) və ya həddən artıq
aktivlik – bunlar ürək əzələsinə mənfi təsir edən, iki
arzu olunmayan cəhətlərdir. Ürək-damar sistemi-
nin sağlamlığı üçün yüngül, lakin requlyar fiziki işlər
məsləhətdir. Gündəlik piyada gəzintilər Sizə ayda bir
dəfə idman zalında edilmiş məşğələlərlə müqayisədə
daha faydalı ola bilər.
Artıq çəkinin azaldılması, pəhriz, qanda xolesteri-
nin səviyyəsinə nəzarət həkim məsləhətlərinə aiddir.
Zərərli vərdişi olan insanlar siqaret çəkməkdən imtina
etdikdə onlarda iştaha güclənir. Bu isə qida qəbulunu
artırmaqla, çəkinin yüksəlməsinə səbəb olur. Bu
arzu edilməz hallardan uzaqlaşmaq üçün artıq qida
qəbulundan qaçmalı, düzgün, rasional,vitaminlərlə
zəngin qida qəbul edilməlidir. Lakin bu da məlumdur
ki, qəbul edilən qidaların tərkibində nə qədər çalışsaq
da vitamin defisitini, xüsusilə B qrup vitaminlərinə olan
tələbatı ödəyəcək miqdar yoxdur. B qrup vitaminlərin
isə insan orqanizmində kimyəvi reaksiyaların gedişatı
baxımından böyük rolu vardır. Əfsus ki, multi – vita-
min komplekslərinin tərkibində B qrup vitaminlərinin
dozası cüzidir. Halbuki, B qrup vitaminləriin tablet
formasında, rahat şəkildə, lazımlı dozada qəbul edilə
bilməsi hər bir kəsin arzusudur. Orqanizmin B qrup
vitaminə olan tələbatını ödəyəcək, sağlamlığını bir
daha gücləndirəcək preparatlardan biri Benoral B12
vitaminidir. Benoral B12 vitamini orqanizmin B qrup
vitamin defisitini aradan götürməklə yanaşı, maddələr
mübadiləsini bütün orqanlarda sürətləndirir, nor-
mallaşdırır. Benoral B12 vitamini tərkibinə B1, B6,
B12 vitaminləri daxil olmaqla qan-damar siste-
mi xəstəliklərinin profilaktikası üçün istifadə olu-
na bilər. Benoral 12 vitaminin tərkibində B1 bir sıra
fermentlərin tərkibinə daxil olub, qəbul olunan qida-
lardan enerji alınması üçün vacibdir. Eyni zamanda
zülal və yağların sintezi üçün də istifadə olunur. Sinir
impulslarının ötürücülüyünü, ürək əzələsinin normal
yığılmasını təmin edir. B1 vitamininə xüsusilə xəstəlik
baş verdikdə, stress hallarında, fiziki iş zamanı tələbat
artır. Benoral 12 vitaminin tərkibindəki B6 vitamini
də maddələr mübadiləsində iştrak edərək, orqanizm
üçün vacib olan “xoşbəxtlik hormonu” adlanan sero-
toninin sintezində iştrak edir. Serotonin emosiyanı,
iştahanı, yuxunu nəzarətdə saxlayır. Qanyaranma-
da iştrak edir. Benoral B12 vitamininin tərkibindəki
üçüncü vacib vitamin B12 vitaminidir. Orqanizmdə
regenerativ- bərpa işlərini görür. Qanda oksigen da-
şıyıcısı olan hemoqlobinin sintezində iştrak edir. Bu
ürək – qan damar sistemi xəstəliklərində xüsusilə
ürəyin oksigenlə təchizatını sürətləndirə bilir. Beno-
ral B12 vitamini tablet şəklində olduğundan istifadəsi
də rahatdır. Gündə bir dəfə yeməkdən sonra qəbul
edilir. Hər bir tablet örtük qişaya malik olduğundan
xüsusi kəskin qoxu vermir. Qeyd etmək lazımdır ki,
Benoral B12 vitamini eyni zamanda infeksiyalara qar-
şı müqaviməti artırır, hormonların ifrazına təsir edir,
zehni və fiziki əmək qabiliyyətini artırır, xarici mühitin
zərərli təsirlərinə qarşı orqanizmdə davamlılıq yaradır.
Qədim Romada xəstə, cərrahiyyə
əməliyyatı zamanı öldüyü halda,
cərrahın əlləri kəsilirdi.
Dünyadakı canlıların 70%-i bakteriya-
lardır.
Akulalarda xərçəng xəstəliyinə qarşı
immunitet vardır.
Burun insanda bütün ömrü boyu inki-
şaf edir.
20 uşaqdan yalnız biri həkimin dediyi
tarixdə doğulur.
Dil izləri bütün insanlarda fərdidir.
Bədən temperaturunun 80%-i insanın
baş nahiyyəsindən ötürülür.
İnsan başının orta çəkisi 3.6 kq-dır.
İnsanların bədən üzvlərini sıxan
geyimlərdən istifadə etməsi bədənin
kəskin dartılmasını, mədə, bağırsaq
sisteminin sıxılmasına səbəb olaraq
turşu reflyüksu və qıcqırma, sidik sax-
laya bilməmə hallarının ağırlaşmasına
gətirib çıxarır.
Sovet Antarktik ekspedisiyasında
həkim vəzifəsində çalışan Roqozov
səfər zamanı başqa həkimin olma-
ması səbəbindən özünü appendisit
əməliyyatı etmişdir.
XOCALININ QİSASINI ALAQ BİZ
Daşnaq tapdağında qalıb torpağım,
Yaran çox dərindir, can Qarabağım.
Xocalı-köksümdə sızlayan dağım.
Nə ağlayaq, nə də ki, saç yolaq biz,
Xocalının qisasını alaq biz!
Bitsin anaların naləsi ahı,
Qaranlıq qalmasın yurdun sabahı,
Ər igidlər, ələ alın silahı!
Düşmənləri hey lərzəyə salaq biz,
Xocalının qisasını alaq biz!
Sahib çıxaq torpağa da daşa da,
Ürək gərək yurda sevgi yaşada.
Bayrağımız dalğalansın Şuşada,
O gün olsun qələbəni çalaq biz!
Xocalının qisasını alaq biz!
Xanın zənguləsi, Zülfinin səsi,
Ilhama gətirir eşidən kəsi.
Vətən -qəlb duyğusu, könül nəğməsi,
Xankəndində xan havası çalaq biz
Xocalının qisasını alaq biz!
Personalın yaradıcılığı
Qan-damar sistemi xəstəliklərinin birincili profilaktikası
Təsisçi:
Mərkəzi Klinika
Baş redaktor: Toğrul Adıgözəlov
Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov,
Nikbin Yusifov
Bülleten ayda bir dəfə nəşr olunur.
Tiraj: 500
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika twitter.com/MerkeziKlinika
MARAQLI FAKTLAR
Arif Kərimov
2-ci qrup Qarabağ əlili, bağban