447
taxma, zərəri daha çoxdur. Elə adicə şüşə tax.
Qorxuram dəcəl uşaqlar eynəyini sındıra, başlayasan
zərrəbinlə baxmağa. Zərrəbinlə oxuma, qardaşım, özün-özünü
ürküdərsən, gözüvə cin-şeyatin görünər.
Zarafat bir yana qalsın, bütün bu dediklərim ciddi sözüm idi
ha.
Ciddi. Lap ciddi.
Zarafatsız.
Hə, indi bu yerdə ciddi söhbət qurtardı.
Keçək zarafata.
Zarafatcıl
448
MƏLUMAT
Xüsusi müxbirimiz Xəbərçi Xədicədən
Danabaş, 30 fevral.
Yaşıl ayın başında burada qabaqcıl içkibazların simpoziumu
açılmışdır. Səhər saat beşin yarısında müşavirə iştirakçıları
toplaşmağa başladılar... Xoş xaş iyi ətrafı bürümüşdür.
Qədəhlərin cingiltisi, stəkanların çıqqıltısı, şüşələrin açıltısı
gözəl bir ahəng yaradır. Hər tərəfdə şən əhvali-ruhiyyə
hakimdir. İştirakçıların kefi ala buluddadır. Hamı, necə
deyərlər, lül vurub, mil durub. Çoxdan bəri görüşməmiş köhnə
tanışlar bir–birilə mehriban zarafatlaşırlar: Aşna, içmisən çaxır,
gözlərin axır... və yaxud, xeyri yoxdur çaxırın, içmə açar
paxırın. Foyedə noxud, pudralı limon, vobla balığı satılır.
Divardakı lövhələrdə Ömər Xəyyamın, Bəhlul Danəndənin,
Kefli İsgəndərin portretləri nəzəri cəlb edir. Prezidium
masasının üstünə boş araq, çaxır, konyak, şampan, pivə şüşələri
düzülmüşdür.
Tamada — qocaman içkibaz Lül Qəmbər məclisi giriş
tostuyla açdı. Lül Qəmbər yoldaş içkibazlar məclisini mədəni
həyatımızda əlamətdar bir hadisə olduğunu qeyd etdi. Sonra o,
əsas tost üçün və əlavələr üçün reqlament təyin olunmasını
təklif etdi, əsas tost üçün yarım litr, əlavələr üçün yüz qram
reqlament təyin olundu.
Lül Qəmbər yoldaş dedi ki, iştirakçılar dörd seksiyaya
ayrılıblar: araq, konyak, şərab və pivə seksiyalarına. Sonra
L.Qəmbər yoldaş müşavirəyə başqa şəhərlərdən gəlmiş
qonaqları salamladı və onlara bir-bir söz verdi.
Qonaqlardan Soobrazim Natroixov iki məsləkdaşın cütləşib
üçüncüsünü axtarması metodunun səmərəli nəticələrindən
danışdı. Sonra qonaqlardan Vipivenko, Kindzmarauli,
Çaxiryan, Şaltay Baltayev və Aldıyatdı Batdıqaldıyev tost
dedilər, allahverdisi iştirakçılara.
449
Əsas tost üçün söz Hayıl Mayılova verilir. H.Mayılov
yoldaş içkibazlığın müvəffəqiyyətlərindən danışdı. Son iki il
ərzində içki mağazalarının sayı on dəfə, vıtrezvitellərin sayı
iyirmi dəfə artmış, on yeddi min içkibaz milissiyaya düşmüş,
onların on beş mini on beş sutkalıq həbs çəzasına məhkum
olunmuş, yerdə qalanları müxtəlif satirik jurnallarda, satirik
vitrinlərdə şəkillərini çap elətdirmiş, habelə işlədiyi idarələrdən
töhmətlər almışlar. Məhkəmə qərarları, karikaturalar və
töhmətlər fəxri sərgimizdə nümayiş etdirilir. H.Mayılov
nöqsanlara da göz yummadı. Müxtəlif içkilərə aludə olan
içkibazlar arasındakı ixtilaflardan da danışdı. O müxtəlif
seksiyalara mənsub olan içkibazları geniş konsalidasiyaya
çağırdı. Dedi ki, nə içirik içək, araq ya çaxır, amma bir-
birimizin üstünə çaxır atmayaq. Birləşib ümumi düşmənə —
huşyarlara, ayıqlara qarşı mübarizədə ayıq, bağışlayın, sərxoş
olaq.
H.Mayılov dedi ki, içkibazlar cəmiyyətinə üzv olmaq üçün
çoxlu ərizə verənlər var. Lakin vıtrezviteldən zəmanət
gətirmədiklərinə görə onların ərizələrinə baxılmayacaq.
H.Mayılov içkibazlığın zəngin ənənələrindən danışdı. Təsadüfi
deyildir ki, xalqımız hələ çox qədimlərdən bəri: çaxırı çaqqalın
boğazına töksən, canavarı basar, — deyə içkibazlığı yüksək
qiymətləndirmişdir. Biz Araq Şəmistanın ənənələrini deyil, Kefli
İsgəndərin ənənələrini yaşatmalıyıq. H.Mayılov tostunda qınından
çıxıb qınını bəyənməyən bəzi cavan içkibazları kəskin tənqid etdi.
Dedi ki, bu cavanlar çürük qərb modalarına aludə olur, milli
zəminimizdən ayrılırlar. Belə üzdəniraq "içkibazlar", "orijinallıq"
naminə ceçə arağı, tut arağı, "Atəşli" konyakı, Kəmşirin, Sadıllı,
Alabaşlı çaxırları kimi milli içkilərimizə xor baxıb rom, cin, viski,
kalvados, şerri-brendi kimi ikrahedici xarici markalar qarşısında
diz çökürlər. Biz bu biabırçılığa birdəfəlik son qoymalıyıq.
Simpozium iştirakçıları H.Mayılovun bu sözlərini sürəkli
alqışlarla qarşıladılar, qədəhləri bir qırağa qoyub milli şüşələri
boğazından içməyə başladılar, cuşa gəlib bir ağızdan.
450
Mişkə piyandır, ola bilməz,
Şəpkəsi yandır, ola bilməz...
mahnısını oxudular.
Məclis öz işini davam edir.
451
GÜLMƏŞƏKƏR KƏNDİNİN SABAHI
(Oçerk)
Maşınımız qəlbi dağlar boyunca məsafəni qət etdikcə sanki
nazlı bir gəlin kimi kəlağayı buludların arxasında yaşmaqlanan
zərif ayın cazibədar çöhrəsindən süzülən ziya yolumuzu
izləyirmiş kimi asfalt şosenin üzərinə pul–pul gümüşü
mirvarilər düzürdü. Qızmar günəşin zərrin şüaları yolumuzu
əbədi məşəl kimi işıqlandırırdı. Dərələrdən yel kimi, təpələrdən
sel kimi axıb gələn ilanvarı yol uzandıqça uzanır, enəldikcə
enəlir, çoxaldıqca çoxalır, bizi sanki, əfsanəvi bir diyarın
cazibədar üfüqlərinə doğru, lacivərd göylərin ənginliyində bərq
vurub sayrışan ulduzların füsunkar aləminə çəkib aparırdı.
Möhtəşəm günəş maşınımızın şüşələrində əks olunur, açıq
səma başımızın üzərində əlçatmaz, intəhasız bir ümman kimi
açılır, narın yağış qara yağımsız buludlardan əlini üzüb torpağa
pənah gətirir, damcılar, gilələr, işini görüb qurtarmış, yorulub
dincəlmək istəyən əfsanəvi bahadırlar kimi ana torpağın
mehriban qoynunda əbədi sığınacaq tapır. Əbədi sığınacaq!..
Əbədi məskən! Məzar! Mənzil! Mərkəz!
Mə, mə, mə... — deyə qoyunlar mələşdikçə örüşdən qayıdan
sürü bizi pəjmürdə xəyallardan ayırır, bu yerlərdə yaşayan,
xarüqələr yaradan əmək cəngavərlərinin bütün xəyal və
əfsanələrdən daha maraqlı, daha gözəl, daha cazibədar olan real
həyatlarına qaytarırdı.
Çoban tütəyinin həzin iniltisi nikbin gümrah bir marş
ritmində, gələcəyə, qələbəyə, irəliyə, qabağa, istiqbala, üfüqə,
vuruşa, döyüşə, mübarizəyə, hücuma çağıran bir zəfər himni
kimi, hünər simfoniyası kimi səslənirdi. Yol yoldaşım dərindən
köksünü ötürüb "heyf, səd heyf, min heyf" — dedi.
Mən onun bu yanıqlı ahını əlüstü dağlara ötürdükdən sonra,
qəmlənməsinin və təəssüf etməsinin səbəblərini soruşdum.
O, yenə də mənim sualıma cavab vermədi: heyf bu
Dostları ilə paylaş: |