253
onların hərəkətlərinə, danışıqlarına diqqət verməyə başladı.
Sanki həyatının bu axırıncı anlarında o gördüyü son insanların
hərəkətlərini, danışıqlarını – həyatın bir qəlpəsini özüylə ora,
qaranlıq, mübhəm bir aləmə aparmaq istəyirdi. Qarşıdakı
masanın arxasında oturan, kişilərdən biri xidmətçini çağırdı:
–Gədə, – dedi, – o nəmənədir ora mindirmisiniz?
–Radiodur, ərbab, ağa onu Amerika dükanından alıb.
–Atan rəhmətlik, bə indi niyə lal Qulaməli kimi susub durub?
–Ərbab, indi Tehran ingilis dili dərsi verir, odur ki, radionu
qurmuruq.
–Tehran olmasın, ayrı yer olsun, – kişi əyilib xidmətçinin
qulağına nə isə pıçıldadı. Xidmətçi diksinib sıçradı. Xeyli
həyəcanlı halda çayxana sahibinə yanaşdı. Nə isə ona dedi.
Sonra çayxana sahibi qarşıdakı masaya tərəf gəldi. Kişiyə
müraciətlə:
–Əziz qonağımın bir sözü iki ola bilməz, – dedi. – Ağa nəyə
qulaq asmaq istəyirsə qulaq asa bilər. Əziz qonağa canımı da
qurban verərəm.
–Qurbanın quzudan olsun. Mən dedim bir muğamata qulaq
asaq, – kişi qeyri-müəyyən bir səmtə işarə etdi. – O tayda yaxşı
xanəndələr var. İcazə versəniz...
Kişi cavab gözləmədən ayağa qalxdı, radiocihaza tərəf
addımladı. Çayxana sahibinin bənizi qaçmışdı, amma özünü o
yerə qoymurdu. Kişiyə müraciətlə:
–Ağa, – dedi – ancaq siyasət...
–Arxayın ol, – kişi onun sözünü kəsdi. – Muğamata qulaq
asaq. Mən onların saatlarını bilirəm. İndi muğamat verirlər.
Segahın da ki, nə urusu, nə ingilisi, segah elə segahdır da... hə,
elə ki, keçdi kommunist təbliğatına, o saat səsini batır.
Ximdətçi Kazıma yaxınlaşdı:
–Bəlkə, ərbab pulunu vermək istəyir.
Kazım:
–Yox, – dedi, – mən hələ oturacam. Bir çay da gətir.
Kişi radioyla əlləşirdi. Qarışıq səslər gəlirdi – ərəbcə,
254
türkcə, ingiliscə, firəngcə – hər millətin öz səsi vardı.
Birdən... çayxanaya iydə ağacının ətri doldu.
Birdən çayxana yox oldu, adamlar yox oldu, ətrafa uzaq
Təbriz axşamı çökdü. Yağış yağdı. Ortada tək bir ağac qaldı.
Ağacdan şırıl-şırıl su damcıları tökülməyə başladı. Bu damcılar
ağacın altında dayanmış qaragözlü qızın saçlarına gildir-gildir
axırdı, Kazım qızdırmalı kimi yerindən sıçradı, radioya tərəf
cumdu. O, sanki radiodan gələn səsi qurtum-qurtum içmək,
udmaq istəyirdi. Radiodan mahnı eşidilirdi.
Təbrizin yolları dolanbadolan, Qaragilə dolanbadolan
Məni ki, sevmirsən get ayrı dolan, Qaragilə, get ayrı dolan.
Nə sənə qız qəhətdir, nə mənə oğlan, Qaragilə, nə mənə oğlan.
Qızılgül əsdi, səbrimi kəsdi, Sil gözün yaşın, Qaragilə ağlama bəsdi.
Kazım üzünü radio cihazının üstünə qoydu.
Çayxana əvvəlki çayxana idi. Çayxana sahibi oturduğu
yerdə qovrulurdu. Xidmətçi elə hey udqunurdu. Adamlar
musiqi dinləyib feyziyab olurdular. Kazım sayıqlayırdı: Odur...
odur. Mihin.
Çayxana sahibi xidmətçiyə tərəf döndü:
–Dəlidir?
–Mən də elə güman edirəm, ağa. Bircə fincan çay içib, dörd
saatdır oturub gözlərini zilləyib bir nöqtəyə.
Çayxanadakılar təəccüblə ona baxırdılar. Hərə bir söz
deyirdi. Radiodan isə nakam bir eşqin yanıqlı nəğməsi çağlayıb
axırdı:
Göz yaşımla sularam Tehran yolunu, Qaragilə, Tehran yolunu,
Bir ildir görməmişəm yarın boyunu, Qaragilə, yarın, boyunu.
–Bir il? On dörd il, Mihin, düz on dörd il, – Kazım radioya
pıçıldayırdı. – Sən sağsanmış, Mihin, sən yenə oxuyursan. Öz
nəğmələrini oxuyursan, bizim nəğmələri. Oxuya bilirsən,
oxumağa ixtiyarın var. Sən məni də unutmamısan, Mihin,
həmi?
255
Gəlmişəm otağına oyadam səni, Qaragilə, oyadam səni...
Nə gözəl xəlq eləyib yaradan səni, Qaragilə, yaradan səni.
Bu sözləri belə yanıqlı deyən dodaqlar onu – Kazımı, ilk
eşqin yarasını unuda bilməzdi. O, bu mahnını da Kazım üçün
oxuyurdu. Bəlkə də düz on dörd il idi ki, hər gün oxuyurdu.
Kazım sağdırsa eşidəcək ümidiylə oxuyurdu.
Qızılgül əsdi,
Səbrimi kəsdi...
Bu on dörd ildə onun səbri kəsilməmişdi, o hər gün oxuyur,
oxuyurdu.
...Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi.
Vəsiqəsiz, vizasız radio dalğaların diliylə intizarlı Mihin
sərhədsiz fəzalardan itkin sevgilisini haraylayırdı, təsəlli
axtarır, təsəlli verirdi... Bədbin olma, kimsəsizləşmə, Kazım.
Bax eşidirsənmi, mən oxuyuram, günəşə günəş, torpağa torpaq,
sevgiyə sevgi, ayrılığa ayrılıq deyən bir dildə oxuyuram. Sən
yaşamalısan, Kazım. Nəğmənin şıltaq sözlərinə inanma,
bilirəm məndən ayrı dolana bilmirsən, bu gen dünyada sənə qız
qəhətdir, mənə də oğlan, Kazım. Mən sənin ümidinlə, Təbriz
küçələrinin xəyalıyla, iydə ağaclarının bahar ətriylə yaşayıram.
Ağlama Kazım, ağlama...
Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi.
Bu səs sanki qanad açıb çayxanadan çıxır, pərdə-pərdə,
dalğa-dalğa həsrətli bir diyara yayılırdı...
***
–Təbrik edirik, təbrik edirik.
Eldar və Tahir Rənagilin dəhlizində dayanmışdılar.
Eldar cibindən balaca radiocihazı çıxardı, Rənaya verdi.
–Bu da sənin hədiyyən, – bir qədər pərt görünürdü.
Dostları ilə paylaş: |