256
Tahir:
–Düyməsini bas, – dedi.
Eldar tərs-tərs ona baxdı. Rəna radiocihazın düyməsini
basdı. "Qaragilə" mahnısının son pərdələri mənzilə yayıldı.
Rənanın gözləri sevinclə parladı:– Yaxşı burda niyə
dayanmışıq. İçəri gəlin.
Otağa keçdilər.
***
İnsan həyatının müxtəlif məqsədləri ola bilər, Azadlıq,
istiqlaliyyət, ədalət – bütün bunlar şübhəsiz çox yüksək qayələrdir.
Lakin insanların bir çoxu belə ulu məqsədlərlə yaşamır.
Çox sadə, kiçik, adi məqsədlərlə yaşayanlar da var. Amma
hər halda böyük, ya kiçik – məqsəd olmalıdır. Məqsədsiz,
qayəsiz yaşamaq mümkün deyil.
Kazım intihar etmədi, yaşadı. Çünki indi onun da həyatında
məqsəd vardı. Bəlkə bu çox da yüksək məqsəd deyil. Amma
hər halda bu yaşamaqçün bir səbəb idi.
İndi Kazım işləmək, gecə-gündüz tər töküb işləmək, bir
qədər pul yığmaq və bu pula bir radiocihaz almaq məqsədiylə
yaşayırdı.
24 aprel, 1962
257
GECƏNİN SƏHƏRİ
37-ci il gecəsi.
Bakının sakit küçələrindən biri.
Küçənin ağzında iki böyük ev qarşı-qarşıya durub – ütü
kimi ağır iki ev.
Evlərdən o tərəfə balaca bir bağ var.
Torpaq suyu hopduran kimi küçə də gündüz səslərini –
danışıq, addım, təkər səslərini elə bil canına çəkib udub.
Bağ boşalıb, gülüşsüzləşib: skamyanın zolaqları yazı –
ləkəsiz mil-mil dəftər vərəqlərinə oxşayır.
Tək bircə skamyada – üstünə qırıq qanad kimi ağac budağı
sallanmış skamyada – iki nəfər bir-birinə qısılıb; oğlan qızın
saçını sığallayır,
Bağ, küçə, evlər qaranlığa qərq olub. Yalnız sağ əldəki
dördmərtəbənin bir pəncərəsindən gecəyə zəif işıq süzülür.
Hamı yatıb. Amma hamı səksəkəli yatıb.
Gecə təxminən saat iki radələrində küçənin səssizliyi
xırçıltıyla iki bölündü – dördmərtəbəli binanın qabağında
maşın dayandı.
Yeyin gələn və qəfil dayanan maşından paslı tormoz səsi ev
sakinlərinin yuxularını sanki bıçaqla kəsib atdı.
Heç kəs yatağından durmadı. Heç kəs eyvana çıxmadı. Heç
kəs pəncərəyə yanaşmadı.
Çarpayılarında uzanmış adamlar qulaqlarını bir nöqtəyə
zillədilər.
Dördmərtəbəli evin birinci mərtəbəsində bir nömrəli
mənzildə sinli ər-arvad yaşayırdı.
Bəşir kişi domkom idi.
Arvadının adı Züleyxa idi.
Züleyxa yuxuda kəndlərini görürdü. Komalarının
bacasından ağappaq tüstü qalxırdı. Kimsə bərkdən çığırdı: ay
qız Züleyxa, apar bu qab-qacağı pak elə, gətir, harda qaldın, ay
qız? Züleyxa yaxınlaşıb çağıranı tanıdı – anası idi.
258
Domkom Bəşir yuxuda çay içirdi. Pürrəng çay armudu
stəkanda ləzzətlə buğlanırdı.
Maşın dayanışı ikisini də birdən oyatdı. Dinləməyə
başladılar: maşının qapıları açıldı.
Züleyxa pıçıltıyla:
–Allah, sən özün xətadan saxla, – dedi. İndicə gördüyü
yuxunu yada salmaq və yozmaq istədi: Su – aydınlıqdı, anası...
Maşının qapısı çırpıldı.
Züleyxa:
–Allah, sən özün xətadan saxla, – dedi.
Addım səsləri eşidildi. Addım səslərinə görə Bəşir
gələnlərin neçə iəfər olduğunu təyin etməyə çalışırdı: üç, ya
dörd.
Binanın giriş qapısı açıldı.
Addımlar lap yaxında eşidilirdi – Bəşirgilin qapısının
ağzında.
"Görəsən bu gecə kim getdi?" – Bəşir bu barədə düşünürdü.
Addım səsləri onların qapısından ötdü.
Bəşirin qapısıyla üzbəüz iki nömrəli mənzildə qoca dul bir
arvad – Zəhra qarı yaşayırdı. Onun iki otağı vardı. Kişisi
rəhmətə gedəndən bəri otaqlarının birini kirayə vermişdi.
Zəhra xalanın qulağı bir az ağır eşidirdi, özü də bərk yatırdı.
Qulağının dibində top da atsaydılar oyanmazdı. İndi də
oyanmadı.
Kirayənişini Səkinə adlı makinaçı idi. Səkinə otuz iki yaşlı,
mülayim xasiyyətli, sifəti çirkin, başıaşağı bir qız idi.
Maşın qapıda dayanan kimi o dərhal oyandı. Nigarançılıqla
dinləməyə başladı. Addım səsləri onların mənzilinə yanaşdığı
müddətdə Səkinənin başından əlli iki min fikir keçdi. Fikirlər
onun beynində civə kimi xırda-xırda bölünüb dığırlanır, yenə
qayıdıb toplanır, yenə parçalanır, yenə birləşirdi... Yaxşı, bircə
hərfin üstündə ola bilməz, Əhmədovdan başqa heç kəs bilmir,
Əhmədov heç belə şey edər? Yox-yox, düzdü söz mühüm
sözdü, gərək elə-belə sözdə çaşaydım, andıra qalmış "z" hərfi
259
gərək elə "p" hərfinin yanında olaydı. Yox, inanmıram,
Əhmədov elə şey etməz. Amma adamdı bilmək olmaz, bəlkə
öz canının qorxusundan... yox, qorxaq adam deyil, yaxşı, axı
kabinetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə məndən ürküb.
Mən də gərək elə–belə sözdə səhv eləyəydim, yəni kimin
ağlına gələ bilərdi ki bir hərflə belə məna dəyişər indi necə
isbat eləyəsən ki qəsdən yox, təsadüfən belə çıxıb, axı niyə
qəsdən eləyim. Balaca adamam kimlə nə işim var, yüz varaq
şey yazıram bir hərf, əşi yox Əhmədov kişi adamdır məni tez-
tez danlasa da elə namərdlik eləməz, yox, yox, ola bilməz
inanmıram, amma nə deyəsən yox axı...
Səkinə başının altından özü tikdiyi naxışlı dəsmalını çıxarıb
alnından soyuq təri sildi, addım səsləri pilləkənlərdən eşidilirdi.
İkinci mərtəbədə üç nömrəli mənzil Surxayın mənzili idi.
Surxay subay bir memar idi. Küçəyə süzülən işıq onun
pəncərəsindən süzülürdü. Surxay işləyirdi. O, yeni məktəb
binası layihəsini qurtarıb sabah təhvil verməli idi. Odur ki,
bütün gecəni işləyirdi.
Surxayın başı layihəyə elə qarışmışdı ki, heç nədən xəbəri
yoxdu. O nə qapılarında dayanan maşının tormoz xırçıltısını,
nə də addım səslərini eşitmişdi. İndi addımlar lap onun
qapısının ağzında səslənəndə də eşitmədi, addım səsləri ötüb
keçdi. Dörd nömrəli mənzilə tərəf yönəldi.
Dörd nömrəli mənzildə yaşayan Qurban kişi köhnə firqəçi
idi.
Son üç ay ərzində hər gecə Qurban kişi çarpayının yanına
iki dəst təmiz alt paltarı, diş tozu, dişsilən və üç parça sabun
qoyurdu – hələ lap cavanlıqdan dostları ona vasvası deyirdilər.
Maşın dayanan kimi Qurban kişi gözlərini açdı. O hələ
yuxulamamışdı. Axır vaxtlar pis yatırdı. Amma sakit və toxtaq idi.
Addım səsləri pillə-pillə qalxanda Qurban kişi: deməli, 37-ci
il aprelin 14-ü, – deyə düşündü.
İnsan ömrünün bir neçə ən vacib günü olur – yaddaşında
həkk olunan günlər, doğulduğu gün, ilk sevgi günü, ata-analıq
Dostları ilə paylaş: |