243
etibarına dəyəcək zərbədən sarsılacağından qorxurdum. Lakin
indi elə bil aylardan bəri çəkdiyim bu qorxu birdən-birə yox
olurdu. Məndə Fuadın işinə, onun mübahisəli təcrübələrinə elə
inam, elə etibar hissi əmələ gəlmişdi ki, çoxdan bəri özümü
belə arxayın hiss eləməmişdim. Əlbəttə elmi şurada çıxış
etməzdən əvvəl dönə-dönə o təcrübələri yoxlamaq lazımdır.
Mən onları şəxsən özüm yoxlayacağam. Mən bu yoxlamaların
müsbət nəticəsinə artıq həştad yox, yüz faiz əminəm. Daha
doğrusu, doxsan doqquz faiz elmi dəqiqlik tələb edir.
Kefim yenə durulmuşdu. Balaxanı şosesində avtobusa
gənclər doluşdular. O saat da bərkdən "Ala göz" mahnısını
oxumağa başladılar. Qabaq cərgədəki uşaq onlardan qorxub
ağlamağa başladı. Təsbehli kişi zənbilindən bir salxım qara
şanı çıxardıb uşağa uzatdı:
–Al, bala, al, ağlama, hə pişt, hə pişt.
Uşaq sakit oldu.
Avtobus Bakıya girdi.
Yağış kəsdi...
1962
244
QARAGİLƏ
Rübabə Muradovanın xatirəsinə1
Musiqi şöbəsinin məsul redaktoru İmran bir əlində qələm
sabahkı verilişlərin proqramını nəzərdən keçirirdi. Onun başı
üstündə dayanmış Tahir izahat verirdi:
–7.15-də opera musiqisi. – "Koroğlu", "Sevil", "Vətən". –
Sabahkı proqramı o hazırlamışdı – 8.20-də rəqslər. 9.40-da aşıq
musiqisi. 10.15-də simfonik saat. 11.00. Muğamat konserti.
12.50–də... 13.30–da... 17.15-də....
İmran diqqətlə qulaq asırdı. Onun heç bir etirazı yox idi.
Proqram rəngarəng, maraqlı tərtib olunmuşdu.
–20.30–da lirik mahnılar. "Küçələrə su səpmişəm", "Aman
ovçu", "Bəxtəvər oldum" – Tahir susdu.
İmran başını qaldırdı:
–Yaxşı sonra?
Tahir bir an duruxdu, sonra qətiyyətlə əlavə etdi:
–Bir də Eldar Musayevin "Rəna" mahnısı.
İmran təəccüblə ona baxdı.
–Düzdür, İmran müəllim, – Tahir izah etməyə başladı, – bu
mahnını bu gün vermişik, amma...
–Nə amma?
Tahir özü də bilmirdi "nə amma?". Amma o, İmrana necə
başa salsın ki, mahnını bu gün ondan xəbərsiz veriblər, nahaq
veriblər. Bu mahnı məhz sabah, özü də məhz 20.30-da
getməlidir.
Gənc bəstəkar Eldar Tahirin dostu idi. Amma məsələ bunda
deyil. Rəna Eldarın nişanlısıdır, mahnı ona həsr olunub, amma
məsələ bunda da deyil. Məsələ ondadır ki, sabah Rənanın ad
günüdür. Tahir Eldara söz vermişdi: onlar Rənagilə girib
paltolarını çıxaran dəqiqələrdə Eldar cibindən hədiyyəsini – cib
radiocihazını çıxaracaq, Tahir də deyəcəkdi: Eldar, bir Bakını
245
tut. Eldar da Bakının dalğasını tutacaqdı və bu zaman, düz
dəqiqəbədəqiqə diktor elan edəcəkdi: Eldar Musayev: "Rəna".
Və məlahətli bir səs Eldarın adından Rənaya vurğun bir könlün
eşq–məhəbbət təranəsini oxuyacaqdı.
İmran dedi:
–"Rəna" mahnısını çıxart, yerinə ayrı bir şey sal.
Tahir dinmədi. Bütün bu səbəbləri izah etmək çox çətin
olardı.
–Bəlkə qalsın... bilirsiz... – deyə o zəif bir cəhd etdi.
İmran quru bir tərzdə:
–Yox, Tahir, – dedi, – mütləq dəyiş. Bilirsən ki, gündə eyni
mahnıları vermək olmaz, – o ayağa qalxdı – Yaxşı, mən
studiyaya gedirəm – qapıya çatarkən bir də Tahirə tərəf döndü
– əvəzinə bir xalq mahnısı sal. "Gül oğlan", ya "Qaragilə".
–Yaxşı.
Tahirin ovqatı təlx olmuşdu. O, Eldara nə deyəcəyi və
Rənaya nə sürpriz hazırlayacaqları haqqında düşünürdü.
***
Kazım Təbriz yaxınlığındakı Hacı Yəhya çayxanasında bir
küncdə oturub düşünürdü: hansı yaxşıdır – sıldırım qayadan
uçuruma atılmaq, ya baş gicəlləndirən sürətlə gündə belədən-
belə gedən Amerika hərbi maşınlarının altına tullanmaq?
Onun qərarı qəti idi.
Kazımın 37 yaşı vardı. Ömrünün on dörd ilini məhbəsdə
keçirmişdi. On dörd il idi ki, o ulduzları, günəşi, istini, sazağı
mil-mil barmaqlıqlar arasından görmüş, duymuşdu. On dörd il
idi ki, o, anasının, Mihinin, dostlarının taleyindən, otların
iyindən, quşların səsindən, cahan hadisələrindən, Savalandan
əsən sərin mehdən – insanlardan, dünyadan xəbərsizdi. On
dörd il idi ki, o haqqa, ədalətə inamını, xoşbəxt gələcəyə
inamını qırıb sınıq güzgü kimi atmışdı. Ömrünün on dörd ilini
Kazım məhbəsdə çürütmüşdü. İndi o azad idi. Neçə gün idi
məhbəsdən buraxılmışdı.
246
Ümidsizliyin sal divarına dirənmiş adam belə özünə bir baba
yolu qoyur. Kazım məhbəsdə ümid güzgüsünü sındırıb atarkən
bir parçasını saxlamışdı. Bu parçada onun son pənahı, son
sığnağı, ömrünün yeganə və axırıncı xilas cığırı – baba yolu
əks olunmaqdaydı. "Bəlkə, anam hələ yaşayır? Bəlkə, Mihin
diridir? Bəlkə, dostlardan sağ qalanı var?". Səhərsiz məhbəs
gecələrinin on dörd illik qaranlığında heç kəsin
maraqlanmadığı, heç kəsin soruşmadığı Kazım bu nigaran
fərziyyələrlə yaşamışdı.
Bir nəfər, heç olmasa bircə nəfər onu yada salmalı idi. Bir
cüt göz ana gözləri, dost gözləri, ya da Mihinin qara gözləri
onun yolunu çəkməliydi. Yoxsa hər şey mənasızlaşardı. Gərək
o kiməsə, bir nəfərə, bircə nəfərə lazım olaydı. Lakin bu puç
bir ümid idi. Anası altı il bundan qabaq ölmüşdü.
Qardaşlarından biri itkin düşmüş, o biri asılmışdı. Dostlar...
Uzun məhbəs illəri ərzində o dostları tez–tez yada salırdı.
Qurban, Hüseyn, Əyyub... "Bizə dost demək olarmı? Hüseynlə
bir böyümüş, Qurbanla, Əyyubla bir oxumuşuq. Lakin
yollarımız çox tez ayrıldı. Uşaqlıq, ilk gənçlik dövrü
qurtaranda, yol seçmək məqamı gələndə biz ayrı–ayrı səmtlərə
getdik... Daha doğrusu, onlar getdi. Mən getmədim. Öz
yerimdə durdum. O vaxt mənə elə gəlirdi ki, ən doğru yol heç
bir yol seçməmək, heç bir səmtə getməməkdir. Bir yerdə durub
dayandığın yeri seyr etmək, dərk etmək, dərindən öyrənmək,
sevmək. Günəşə baxmaq. Məgər günəşə baxmaqçün harasa
getmək lazımdır. Günəş hər yerdən görünür. (Doğrudur günəş
hər yerdən görünür, lakin bəzən ona dəmir barmaqlıqlar
arasından baxmalı olursan – bu həqiqəti Kazım sonralar başa
düşdü).
Məgər ayın, ulduzların, bahar yağışının gözəlliyini
duymaqçün mütləq bir yol seçmək, baş alıb harasa getmək, bu
uzun səfərdə yüz işgəncəyə, əzaba dözmək lazım idi...
Əyyub mənim müddəalarıma cavab verirdi ki, aya, ulduza,
yağışa, küləyə, günəşə öz dilində ay, ulduz, yağış, külək, günəş
Dostları ilə paylaş: |