233
Yıxılı halda da topu rəqibə vermirəm. Sıçrayıb yenidən
hücuma keçirəm. Meydançanın ortasındayam. Rəqibin
qapısına yaxınlaşmağa vaxt çatmayacaq. Elə buradanca qəfil
güclü zərbə ilə topu vururam. Qapıçı karıxıb bu gözlənilməz
topu buraxır. Hakimin fışdırığı eşidilir. Oyun qurtarır: 5:4 biz
udduq. Yoldaşlarım məni qucaqlayıb öpür. Futbol "bazları"
meydançaya cumur, məni atıb tuturlar. Birtəhər qurtulub
geyinirəm. Camaatı yarıb Qəmərin yanına gəlirəm. Maşına
minirik, bağa qayıdırıq. Qəmər bütün yol boyu oyundan
danışır. Mənim oyunumun ayrı–ayrı təfərrüatını xatırlayır.
Radio xəfif melodiyalar verir. Külək mənim nazik ipək
köynəyimi yelləyir. Qəmər: "Tərlisən, deyir, – sənə soyuq
dəyər". O yun jaketini çiynimə salır. Xoşbəxtəm, bəxtiyaram.
Bircə qıçım yaman qaşınır. Bu nədir? hə, ağcaqanad.
Xəyallardan ayrılıram, ağı qıçımın üstünə çəkirəm. Eh,
ağcaqanad, görüm səni andıra qalasan, ağcaqanad!
...Fikirlər dağılır, ağcaqanad aman vermir, dəniz xışıldayır,
ulduzlar sayrışır. Məni yuxu aparır.
Yuxuda Fuadı görürəm. Anası Zivər xalanı. Bir də Qəməri.
Yuxuda üşüyürəm. Qəmər yun jaketini çiynimə salır. Jaketi
çiynimə salanda əli boynuma toxunur, saçları yanağımı
sığallayır, bədənim gizildəyir... Yadımdadır, bir dəfə, yalnız
bircə dəfə Qəmər yuxuda məni öpdü və neçə illər sonra mən
yuxuda yox, real həyatda, Qəməri yox, başqasını ilk dəfə
öpəndə məndə belə bir duyğu vardı ki, bu, həyatımın birinci
sevgi öpüşü deyildir, mən bu hissi, bu titrəyişi daha qabaq
keçirmişəm.
–Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş əngəl. – Qəmər
silkələyib məni oyadır. – Dur, Bəxtiyar, bu qədər yatmaq
olmaz.
Dənizə çimməyə gedirik.
–Sən say görək nə qədər suyun altında dayana bilirəm.
–Bir, iki, üç, dörd, beş, altı...
Qumlar ayağımızı yandırır.
234
Zivər xala:
–Gəlin çıxın da, – deyir, – acından qırılmadınız?
Sapsarı qayqanaq, yamyaşıl soğan, qıpqırmızı turp. Bundan
gözəl hansı nemət var?
Sonra ağaclara dırmaşırıq. Qocaman tut ağacında mənim öz
budağım var. Qəmərin öz budağı. Fuad isə heç vaxt ağaca
çıxmaz, bütün günü kitab oxuyur. Ağacda Qəmərin yeri mənim
yerimdən bir az hündürdür. Hərəmiz öz yerimizi tuturuq.
Qəmər deyir:
–Amma bu gün su əntiqə idi.
–Hə, – tut dərib ağzıma qoyuram, – axşam yenə gedərik.
–Yox, mən şəhərə gedəcəm.
–Şəhərdə nə var?
–Heç, elə–belə.
–Sözlü adama oxşayırsan.
–Sənə bir şey demək istəyirəm.
–Nə barədə? – Gözüm iri bir tuta sataşır. Onu dərib ağzıma
qoyuram.
–Heç, elə-belə. Qalsın sonraya. Axşam dənizə Fuadla
gedərsiniz.
–Yaxşı...
–Bəxtiyar, sən Sultanı tanıyırsan?
Mən Sultanı tanıyıram. O, axır vaxtlar Qəmərgilə tez–tez
gəlir. Həmişə oturanda şalvarının dizlərindən yapışıb yuxarı
dartır, onun bu hərəkəti Fuadla mənə gülməli gəlirdi. Biz
Qəmərə də bu barədə dedik. Qəmər izah etdi: "Belə eləyir ki,
şalvar əzilməsin, dizləri torbalanmasın". Bu izaha baxmayaraq,
yenə hər dəfə Sultan əyləşəndə Fuadla mən bic-bic baxışırıq.
Deyirdin ki, o, oturmur, əyləşir. Sultan hamı ilə, o cümlədən
mənimlə də çox nəzakətlə danışırdı. Amma mənim nədənsə
bundan xoşum gəlmirdi.
Mən bir tut da dərdim və Qəmərə cavab verdim:
–Hə, tanıyıram, nə olsun ki?
–Heç. – Qəmər bir an tutuldu və əlavə etdi: – O, payızda
235
bizə elçi göndərmək istəyir...
Axır vaxtlar mən Fuadın təsiri altında bir neçə kitab
oxumuşam. Qəmər bu sözləri deyəndə özüm haqqında
düşünürəm: "Sanki Bəxtiyarın qəlbi çilim-çilim olub yerə
dağıldı. Artıq o, ömrü boyu bədbəxt olacaqdı".
Əlbəttə, mən ömrüm boyu bədbəxt olmadım.
–Hara, Bəxtiyar? – Qəmər ardımca qışqırdı.
O gün axşam bir bəhanə tapıb dənizə getmədim. İki gün bir
az kədərli gəzdim. İkinci gün axşam Fuadla dənizə getdik. Mən
suda Sultanın oyununu çıxardıb Fuadı güldürməyə başladım.
İki gündən sonra bütün dərd-qəmimi unutdum. Qəribədir, iki
gündən sonra unutdum, amma bu gün də bütün təfsilatı ilə
yadımdadır.
Sultan çox yaxşı oğlandır. Mən onu yaxından tanıyandan
sonra ürəkdən bəyəndim. Qəmər də yaxşı qızdır. Tərlan elə
şirin uşaqdır ki... "Ananın adı nədir, de görüm şeytan?" –
Qəmər. "Ay sənin dilinə anan quzulardan qurbanlar kəssin. Bəs
atanın adı nədir?"
O ağacdakı söhbət gününü yadıma salanda gülümsünürəm.
Bir az da kədərləniram. O gün Qəmərin ağ zolaqlı göy paltarı
vardı. Özü də arıq, nərmə–nazik bir qız idi. Uşaqdan sonra
yaman kökəlib. "Bəxtiyar əmisi, gör nə ağıllı qızdır. Nənənin
adını de, nənənin adı nədir?"
O böyük tut ağacı qurudu, kəsdilər...
Nə isə...
Avtobus Buzovnadan uzaqlaşdıqca fikrim yenə Buzovnaya
qayıdırdı.
...Dünən axşam Qəmərlə xeyli mübahisə etdik, Fuadla
Sultan Mərdəkana getmişdilər. Zivər xala Tərlanı yatızdırırdı.
Qəmərlə ikimiz tək qalmışdıq. Elə bil Qəmər bu məqamı
çoxdan gözləyirmiş. Ürəyini boşaltdı. Guya bütün bunları mən
özüm bilmirəm. Guya mən Fuadı ondan pis tanıyıram, onun
daxili nigarançılığından xəbərsizəm.
–Yox, Bəxtiyar, sən bilmirsən. – Zivər xala eşitməsin deyə,
236
Qəmər lap pıçıltıya keçir. – Fuad ölüb qurtarıb.
Mən qaranlıqda Qəməri görmürdüm, həyəcanını yalnız
titrək səsində duyurdum.
–O, hər şeydən imtina edib. Şəxsi həyatı yoxdur Üst-başına,
yeməyinə, yatmağına heç fikir vermir. Neçə dəfə zarafatla
evlənməkdən söhbət salmışam. Eşitmək istəmir. Bütün həyatı,
bütün marağı, butün varlığı o təcrübələrdədir.
–Bilirəm, – dedim. Papiros çıxarıb kibrit çəkdim.
–İndi əgər elmi şuranız onun işini təsdiq eləməsə, Fuad
bilmirəm neyləyəcək. Sən ona kömək etməlisən, Bəxtiyar.
Əlbəttə, o, heç bir vaxt bu məsələ üçün sənə ağız açmaz.
Amma mən bilirəm, o sənin rəyindən yaman nigarandır.
–Gəl bu barədə danışmayaq, Qəmər. Qərar qəbul eləmək
vaxtı gələndə mən öz borcumdan imtina eləməyəcəyəm. Burda
isə mən bu barədə düşünmək istəmirəm. Bakıya gedəndə mən
Fuadın təcrübələri haqqında ciddi və çox düşünməli olacağam.
Gəl indi bu barədə danışmayaq. Gör bir nə xoş axşamdır.
Gilavardır. Dənizə qulaq as...
...Bilet alın!
Başımı qaldırıram. Dünənki axşamın xatirələri yuxu kimi
gözlərimdən çəkilir. Konduktor mənə yanaşır. Bilet alıram.
Konduktor o biri cərgəyə keçir. Növbə, pulunu itirmiş
arvada çatır.
–Bacı, bilet al.
Arvad tərs–tərs konduktora baxır.
–Hardan alacağam? Olan-qalan pulumu itirdim.
–Mənə nə?
–Necə yəni mənə nə? Çölün düzündə düşməyəcəyəm ki!..
Özü də bu yağışda.
Yağış deyəndə, ağıllı-başlı yağmır da, amma hər halda
çisələməyə başlayıb. Pəncərədən əyilib buludlu göyə baxanda
gözüm "tülkünün" istehzalı gülüşünə sataşdı. Mən bu gülüşün
mənasını duydumsa da, özümü o yerə qoymadım. Qonşum
mənim başa düşmədiyimi zənn edib lap acığa keçdi:
Dostları ilə paylaş: |