283
Əliyevi maşından atmaq təklifi – bir növ onun həyatını xilas
eləyib, axı Mazanı Əhməd dediyi kimi, Şirvan kanalına
tullasaydılar, o hökmən tələf olacaqlı.
***
Martın 28–də Mazan Əliyev özünə gəldi. Adını, ünvanını
dedi, xahiş elədi ki, evlərinə zəng vursunlar, ailəsini
sakitləşdirsinlər. Onu da dedi ki, müstəntiqlə söhbət eləmək
iqtidarındadır. Müstəntiqin Mazanın dilindən yazdığı sözlər
onun bu işdə ilk ifadəsidir. Bu ilk ifadə mahiyyəti etibarilə
onun sonrakı ifadələrindən – sağalma və şüurun normal
fəaliyyəti zamanı verdiyi ifadələrdən – fərqlənmir. Varsa yalnız
kiçik fərqlər var, bunun da səbəbi aydındır: belə bir sarsıntıdan
üç gün sonra verilən ifadədə qeyri–dəqiq detallar təbiidir.
Ancaq detallar! Mazanın ifadəsində bizim yuxarıda nəql
etdiyimiz hadisələr təsvir olunur. Univermağa gəldiyi
dəqiqədən, Poluxin və Nizami küçələrinin tinində maşınına iki
gənci mindirdiyi vaxtdan ta o saatacan ki, gicgahında bıçaq,
Qazıməmmədli təcili yardım məntəqəsinə gətirilir. Oxucu artıq
bu hadisələrin gedişinə bələddir. Yalnız bircə cəhəti qeyd
etmək istəyirəm: bıçaqla yaralanmış və sürüşüb oturacağa
yıxılmış Mazan – canilər onu ölü saysalar da hər şeyi eşidir və
dərk edirdi, ölüb-ölmədiyi barədə şübhələri də, yeni zərbələr
vurmaq təklifini də, "bıçağı çıxartmaq olmur" çavabını da
(kiçiyin maraqlı replikası: "Dayıma nə cavab verəcəyəm?",
böyüyün cavabı: "Pulunu verərik"), gözləri deşmək haqqında,
Şirvan kanalı haqqında sözləri də, hamısını eşidirdi və cınqırını
çıxartmırdı. Cınqırını çıxartmırdı, çunki bilirdi: hər bir həyat
əlaməti onun üçün ölüm deməkdir. Bunu mən ona görə
yazıram ki, bir daha Mazanın iradəsini, igidliyini, yalnız fiziki
yox, həm də ruhi möhkəmliyini nəzərə çatdırım.
–Caniləri sizə göstərsək tanıyarsınızmı?
–Onları qaranlıqda görmüşəm, sifətlərinə də əməlli-başlı
baxmamışam. Axı həmişə yola baxırdım. Amma, hər halda,
284
mənə elə gəlir ki, tanıyaram.
Eyni boy-buxunlu altı oğlan gətirdilər. Mazan onları sanki
duman içində, sanki tor dalından görürdü, amma dərhal
oğlanların birinin alnındakı çapığa diqqət yetirdi və həmin
andaca onu tanıdı.
–Aydın budur – dedi.
"Aydın" – yəni ki, Məmməd Əhmədov lal–dinməz
dayanmışdı. Heç nəylə nəzərə çarpmaq istəmirdi. Hətta elə bil
sakit idi, guya bütün bu işlərin ona nə dəxli var?
Əhməd Əbdülrəhimov bilmirdi ki, onu kameradan çıxarıb
hara aparırlar. Dünən də onunla Məmmədi hadisə yerinə
aparmışdılar – onlar həmin yeri tanıdılar, qəza baş verən yeri
də göstərdilər, dalında gecələdikləri təpəni də... Mazanın şilküt
qoyduqları maşınını da tanıdılar. Məmmədi hətta sınaqdan
keçirdilər: sükanın arxasında oturtdular (təbii ki, başqa
maşının) və nə dərəcədə maşın sürə bildiyini yoxladılar. Ancaq
indi nədənsə Əhmədi xəstəxanaya gətirmişdilər və o hələ heç
nə anlamırdı. Hər şeyi və birdən-birə Əhməd o zaman başa
düşdü ki, üz-gözü sarıqlı adamın gözlərini gördü və diksindi-
öldürdükləri adam "xortlamışdı". Bu anda Əhməd hansı hissləri
keçirirdi? Ağına-bozuna baxmadan irəli atılmaq, yataqdakı
taqətsiz şəxsi boğub öldürmək, üç gün qabaq başa çatdıra
bilmədikləri cinayəti tamamlamaq? Ya başqa bir hiss?
Yalvarıb-yaxarmaq, üzr istəmək, əfv diləmək? Bəlkə də sevinc
hissi. Bəlkə o sevindi ki, cinayətin bütün ağırlığına baxmayaraq
tale onu daha ağır bir günahdan qurtardı – formal surətdə də
olsa o, qatil deyil, müharibə əlilini öldürməyib, on bir uşağı
yetim qoymayıb. Yox, yox, Əhməd nə duyur-duysun, bu
sevinci duymurdu. İndi görəcəyik ki, duymurdu.
Mazan gözlərini bayaqkı təki eyni boy-buxunla seçilmiş
yeddi oğlanın üzünə zilləmişdi. Əhməd maşında arxa yerdə
oturmuşdu və onun sifətini Mazan Məmmədinkindən də pis
xatırlayırdı. Ancaq diqqətlə yeddi oğlanı süzüb Mazan beşini
buraxdı.
285
–Bu ikisi qalsın – dedi.
İkisindən biri Əhməd idi. Onların baxışları toqquşdu –
caninin və cinayət qurbanının gözləri! Və Mazan tərəddüdsüz
göstərdi:
–Budur.
Bəlkə də o, sifət cizgilərini yadda saxlamamışdı, amma
gözlərinin ifadəsindən hər şey oxundu – bu gözlərdə qorxu
vardı, amma qorxunun da dibində amansızlıq, qansızlıq,
insafsızlıq vardı. Gecə yarısı maşında o zərbələri vuran əllərin
və o sözləri deyən dilin sahibi məhz bu cür gözlərə sahib
olmalıydı.
Cavab da yubanmadı:
–Heyf səni bərk vurmamışam ki, canın çıxaydı bir dəfəlik, –
bu sözləri Əhməd dedi.
Onda müstəntiq Əhmədə bir şillə vurdu. Elə buradaca –
Mazanın və tibb işçilərinin gözü qabağında.
Şəxsən mən vəzifə başında olan şəxslərin öz hüquqlarının
həddini keçmələrinin qəti əleyhinəyəm. Amma burada mən
müstəntiqə rəğbət bəsləyirəm. O, şilləsinə bu sözləri də əlavə
etdi:
–Mən səni Mazanın yerinə vurdum, onun əlləri sarıqlıdır,
səni vura bilməz.
***
Azərbaycan SSR Ali məhkəməsinin cinayət işləri üzrə
məhkəmə kollegiyası Ali məhkəmə sədri Abdulla İbrahimovun
sədrliyi ilə, xalq iclasçıları A.Qaradağlı və F.Aydazadənin,
prokuror Y.Yusifovun, müdafiəçi S.Mədətova və
S.Əfəndiyevin iştirakı, F.Daşdəmirovun katibliyi ilə 1974-cü il
oktyabrın 12-18-ində bu işə baxmışdır. Məhkəmə prosesində
ictimaiyyətin nümayəndələri – V.İ.Lenin adına APİ-nin
psixologiya kafedrasının müdiri professor Ş.Ağayev və
Azərbaycan Mərkəzi müəllimləri təkmilləşdirmə institutunun
direktoru, pedaqoji elmlər namizədi B.Vəliyev iştirak edirdilər.
Dostları ilə paylaş: |