407
–Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə
gedir ağ günə çıxır, bu da adını ər qoyub.
Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı.
–Axı nə olub yenə? —dedi.
–Nə olacaq? Odey, Anaxanım gəlmişdi. Ərindən, evindən,
dolanışığından danışır, adam yanır–yanır yaxılır. Topal
Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə.
Feyzulla söhbəti zarafata salmağa çəhd elədi:
–Neyniyim, ay arvad, özün mənə aşiq olmuşdun da. Özün
mənə qoşulub qaçmadın?
–Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan gün, gözüm
kor olaydı, səni görən gün. Kül mənim gic ağlıma, uşaq idim,
nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm
tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər
Muradəliyevə qismət oldu, mən də sənə...
Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən
gəldi.
–Utanmırsan, Həcər? Heç olmasa Qəmər yazığın adını
çəkmə.
–Yazıq niyə olur Qəmər?
–Bəs yazıq deyil. O cür faciənin qurbanı oldular, o da,
İsgəndər yazıq da. Nə yaşları vardı, ölməli vaxtlarıydı heç?
Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz
fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi...
–Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan
kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada
kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma
mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada?
Sənin bu qıcqırmış sir–sifətini, bir də bu iylənmiş xarabanı...
Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, —
deyə birdən özü öz sözünü kəsdi, —sənə dedim–demədim nə
təfavütü var?
Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu
stəkandan qurtum–qurtum içirdi.
408
–Həcər, —dedi, — görürəm bu gün sənin əhvalın özündə
deyil. Anaxanım da gəlib səni fitdəyib.
–Məni fitdəmək–zad lazım deyil. Özüm koram, görmürəm,
xalq necə dolanır, biz necə dolanırıq.
Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya
çəkdi, otağa qayıtdı.
Həcər:
–Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan
damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib.
Feyzulla:
–Eşitmişəm, — dedi, — Aydın dedi mənə, Eldarın yoldaşı.
–Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-
kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan?
Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə
gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir,
odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam.
Həcər isə yorulub usanmaq bilmirdi.
–Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də
deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam
olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə
gözün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı
bunu körür, tanıyır, hamı buna gülür, rişxənd eləyir, ələ salır,
mən də qalıram içimi yeyə–yeyə.
—Eldar heç vədə belə söz deməz.
—Yalan deyənin lap atab atasına lə'nət. —Həcər əlini stolun
üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları
arasında ovxaladı, — bax bu bərəkət haqqı, uşaq danışırdı,
ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş
deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir
cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, gecəni
gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram.
Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların
hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən
xoşum gəlir. Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan,
409
kinolardan, hardan deyir desə mən də xəbər verirəm, xəcalət
qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə
bir savadı, biliyi var, nə də bir əməlli sir-sifəti, vücudu üç
qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da
ki, atası kalandır, ayağının altında maşını, cibində pulu.
Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da
deyir daha onu qoyub mənimlə gəzməyəcək ki...
Feyzulla:
—O cür qızla elə gəzməsə yaxşıdır, —dedi. — O nə qızdır
ki, pula, maşına qəlbini satır.
Həcər susub bir müddət maddım–maddım Feyzullaya baxdı,
sonra iki əliylə ona boğma çıxarıb:
–Ala ey, külü qoyum ağlıva, —dedi, —durdu, durdu, söz
danışdı da... Elə bütün ömrünü belə əfəl olmusan ki, bu günə
qalmısan da...
Feyzulla nəhayət hövsələdən çıxdı:
—Arvad, bilirsən nə var?—dedi. — Bəsdi. Sən dedin, mən
dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də
özümə görə heysiyətim, mənliyim var.
Həcər:
–Sənin mənliyinə ki, — dedi, — yaxşı, yum, səninlə
danışanda bütün qanım qaralır.
Feyzulla ayaqqabılarını çıxarıb çarpayısına uzandı. Həcər
dəhlizə çıxdı. Ordan qab-qacaq səsi, çəngəl–bıçaq cingiltisi
eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər
yaş əllərini silə-silə otağa qayıtdı:
–Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə
yaddan çıxarıblar?
Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da
yalandan özünü yuxuluğa qoymuşdu.
Həcər:
–Sən yat, —dedi, — sənə nə var ki, buğda yeyib cənnətdən
çıxmısan.
Dəhlizə getdi, bir azdan yenə qayıtdı.
410
–Eldar deyir ki, kaş bircə dəfə mənim dədəm haqqında da
qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə
yazmırlar, ya da bircə kəlmə yazırlar ki, "Kəbirlinski yenə də
rolunun öhdəsindən gələ bilmədi".
Feyzulla aramla gözlərini açdı, uzun–uzadı Həcərə baxdı:
–Həcər, — dedi. — Bəlkə məsələni açıb Eldara deyək.
Həcər birdən–birə elə bil dəyişib başqa adam oldu, sapsarı
saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq
səslə:
–Nə danışırsan, ay kişi? —dedi. — Ağlın çaşıb. Sən atovun
goru heç o fikri başına gətirmə.
Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə
keçdi və Feyzulla evdən gedənəçən bir kəlmə də danışmadı.
Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş–yavaş
artistlərin hamısı gəlib yığışdı. Rejissoru gözləyirdilər. İri
projektorların işığı və istisi studiyanın içini hamama
döndərmişdi. Mikrofonlar — budaqdan sallanmış armud kimi
artistlərin başları üzərindən asılmışdı.
Cürübbəz, balaca boylu, çevik Mamed ora–bura şütüyür, bu
qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər
verirdi. Tez-tez "deməli belə, deməli belə" deyə təkrar edirdi.
"Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha,
deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən,
krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera.
Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini.
Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey
Siyavuş müəllim də gəldi".
Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu
axşamkı verilişinə Siyavuş dəvət olunub. O, televiziyaya tez-
tez gələn deyildi. Rejisorun Siyavuş olduğunu bilsəydi, mütləq
boyun qaçırardı. Siyavuş da dərhal onu gördü.
–Kəbirlinski, — dedi: — balam, mən səndən qaçıram, sən
də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan
gözümüzü açaq.
Dostları ilə paylaş: |