A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə157/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   153   154   155   156   157   158   159   160   ...   168

 562 

çıxıb, heç çür yadına sala bilmir. Haçan, neçə? Tələbə öz-

özünə: "Bəli, — dedi, — deyəsən mənim skleroz xəstəliyim 

çox erkən başlayıb axı... Mən yandırmamışamsa kim yandırıb 

bu siqareti? — Qəribədir". Elə bil o öz-özunü sakit etmək 

istəyirdi. Bu heç də onun xoşuna gəlmədi. Ümumiyyətlə 

bugünkü mənzil sevdasının bütün məziyyətlərinə baxmayaraq, 

nə isə anlaşılmaz bir şey onu narahat edirdi; amma bunun nə 

olduğunu heç cür müəyyənləşdirə bilmirdi. Nədənsə bir də 

fotoqrafiyaları gözdən keçirdi. "Qəribə sifətlərdir, — deyə 

düşündü — neçə  dəfə, nə  qədər baxırsan bax, heç cür yadda 

qalmırlar. Hətta bax bu — guya ki, qarının oğlu adlandırdığı 

şəxs — bayaq mənə elə gəldi ki, o şəkildə gülümsünür, amma 

indi baxıram, sifətində təbəssümdən əsər-əlamət yoxdur. Daha 

dəqiq desək sifəti kədərlidir, narazı bir ifadə var üzündə, 

gözləri də eynilə anasının, əlbəttə, əgər qarı bunun doğrudan da 

anasıdırsa —gözləri kimidir —qəmli, məşum. 

Tələbə divar saatının örtüyünü dartıb saldı. —Altıya iyirmi 

beş dəqiqə işləmişdi. "Saatları da xərifləyib, — deyə düşündü. 

— Gör, nə yaman geridir. İndi yəqin səkkizin yarısı olar". 

Gedib hamamdan qol saatını  gətirdi — çiməndə orda çıxarıb 

qoymuşdu. —Doğrudan da səkkizə iyirmi beş dəqiqə işləmişdi. 

Tələbə fit çala-çala qapını açdı, çıxdı, lifti çağırdı, gələndə 

kabinəyə girdi və birinci mərtəbənin düyməsini basdı. 

Tələbə binadan çöllüyə  çıxdı  və bir neçə addım gedəndən 

sonra çevrilib evinə baxdı. Qəribədir, sanki bu evdə heç kəs 

yaşamırdı, elə bil evi tikib təhvil vermişdilər, amma sakinləri 

hələ köçməmişdi. Bütun pəncərələr, eyvanlara açılan qapılar 

kip bağlı idi, heç bir yerdə paltar ipi, televiziya antenası, gül 

dibçəkləri, pərdələr, işıq, bir sözlə, heç bir yaşayış əlaməti gözə 

dəymirdi. Axşam düşürdü. Daha doğrusu, hələ axşam 

düşməmişdi, ancaq şər qarışırdı, ala-toranlığın elə bir çağı idi 

ki, küçə fənərlərini yandırmaq hələ tezdi, amma bu çıraqlarsız 

da ətrafı seçmək çətinləşirdi; qaş qaralırdı. Tələbə bir qədər də 

çöllükdə addımladı, ayaq saxladı, geri — binalarına baxdı, 



 563 

mənzilinin pəncərəsini tapıb təyin etmək istədi. Bu müşkül 

məsələ deyildi. Soldan son blok, sonuncu mərtəbə — güncdəki 

mənzil onunku idi. Budur, bax, — dənizə açılan sarı  pərdəli 

pəncərə — onun pəncərəsi. Bəs bu biri tərəfdən nədir o — elə 

bir divardan iki uzun dirək uzanıb çıxır. Tələbə diqqətlə baxdı 

və başa düşdü –görünür, bu iki dirək mövcud olmayan eyvanın 

dayaqları imiş  və onların arasında görünən qapı da məhz o 

çalın-çarpaz taxtalarla mıxlanmış qapıdır. Görəsən nə olub

eyvanı tikməyi unudublar, ya eyvan uçub tökülüb, elə bircə bu 

iki dayağı qalıb? Bəlkə bu uçulub dağılmış eyvanın (əgər o, 

həqiqətən də uçulub tökülübsə) — müdhiş  və faciəvi bir sirri 

var? Tələbə  xəyallara qapıldı  bəlkə  məhz elə qarının oğlu bu 

eyvandan yıxılıb həlak olub, axı o, tələbə, həmin qapıya tərəf 

yönələrkən qarı qeyri-adi bir çevikliklə onun yolunu kəsdi. 

Əlbəttə, bütün bunlar fərziyyələrdən başqa bir şey deyil. Bir də 

axı onun nə borcuna? Əsas odur ki, daldalanmağa bir bucağı 

var — həm də belə gözəl, rahat mənzil —daha nə lazımdır 

ona? Təmiz hamamı, işıqlı otağı, iri pəncərəsi... Budur bax, bu 

pəncərə. Amma allah, bu nədir belə? Pəncərə —onun pəncərəsi 

birdən–birə  işıqlandı. Məhz bu pəncərədə, — onun 

pəncərəsində, tək bircə onun pəncərəsində  işıq yandı. Kimsə 

işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı. 

Tələbənin  əti ürpəşdi. Anlaşılmaz bir hiss — şüura tabe 

olmayan ibtidai vahimə hissi — tələbəni bir iş etməyə — 

qışqırmaqa, qaçmağa, gizlənməyə — hər hansı bir fəal hərəkətə 

sövq edirdi, hava qaraldıqca bu hiss daha da güclənir və eyni 

zamanda onun əl-qolunu bağlayırdı. Bəzən yuxuda, adamı qara 

basanda belə bir hal keçirirsən — qışqırmaq istəyirsən, qışqıra 

bilmirsən, qaçmaq istəyirsən, ayaqların qıc olub qalır... Elə bu 

an — evin qabağındakı səki gur işığa qərq oldu: gecə çıraqları 

yandı  və  tələbənin başına  ən adi və sadə bir izah gəldi: ola 

bilsin ki, o, evdəykən bütün rayonun elektrik xətti  şəbəkəyə 

qoşulmayıbmış, otaq işığının düyməsi açıq imiş və indi bütün 

rayonun işıqları yanarkən, təbii ki, onun otağının işıqları da 



 564 

yanır. Hər  şey necə  də asan və aydın izah olunurdu... Tələbə 

arxayın gülümsündü və avtobus dayanacağı olan səmtə  tərəf 

addımladı. Amma bir neçə addım atandan sonra elə bil kimsə 

ona dedi ki, dön bir də binaya bax, daha doğrusu, öz mənzilinə, 

mənzilin mövcud olmayan eyvanına və eyvanın yerində 

görünən iki dayağa. O çevrilib baxdı  və bir anda —bu an da 

deyildi, anın yarısı, çərəyi, nə bilim neçədə biri idi — bəli, bu 

qısaca müddətdə tələbəyə elə gəldi ki, onun mənzilinin eyvan 

boşluğuna çıxan qapısı açıldı  və oradan nə isə  aşağı atıldı. 

Amma bu an o qədər qısaydı, sanki onun heç bir gerçəkliyi yox 

idi. Alnını soyuq tər basmış  tələbə bundan sonra nə  qədər 

gözlərini həmin nöqtəyə zillədisə  də  hər  şeyi bayaqkı kimi 

gördü —çalın–çarpaz mıxlanmış qapı  əvvəlki kimi bağlı idi, 

eyvan boşluğunun dayaqları əvvəlki təkin havaya uzanmışdı. 

Tələbə qaçmağa başladı, daha doğrusu, elə yeyin-yeyin 

addımladı ki, az qala qaçırdı. Bir azdan sonra o azdı. Qaranlıq 

bir küçəyə gedib çıxdı, buradakı evlər o qədər bir-birinə 

bənzəyirdi ki, tələbə dolaşıb qaldı. "Bu evlər üçmərtəbəlidir, — 

deyə  tələbə düşündü, — onların arasında mən mütləq öz 20 

mərtəbəmi, heç olmasa onun siluetini görməliyəm", həqiqətən 

də bir neçə vaxt sonra saat doqquz radələrində o, xeyli gəzib-

dolaşandan sonra kösöv kimi qaralmış göyün fonunda nəhəng 

binanın konturlarını sezdi, amma nədənsə ev indi xeyli alçaq 

görünürdü;  ətrafdakı üçmərtəbəlilərdən hündür olsa da, hər 

halda iyirmi mərtəbəyə oxşamırdı. 

Tələbə bu binaya sarı getdi. Nədənsə yaxınlaşdıqca 

sevinmirdi, nə isə elə bil ürəyinə dammışdı ki, yeni bir 

anlaşılmazlıqla rastlaşacaq. Doğrudan da bir azdan sonra o, 

tanış çöllüyə  çıxdı  və  mıxlanıb qaldı: qarşısında binanın 

siluetini yox, skeletini gördü. — Çoxmərtəbəli bina xarabaya 

çevrilmişdi — güman ki, yanmışdı, yarıuçuq divarların 

arasında boş  pəncərə — qapı deşikləri görünürdü. 

Mərtəbələrin, tavansız-döşəməsiz mənzillərin arasında külək 

vıyıldayır, birinci mərtəbədə bir neçə sərgərdan it boğuşurdu. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə