A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə153/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   149   150   151   152   153   154   155   156   ...   168

 550 

Niyə adam dolamağa bu cür imkan yaradılır? 20-ci mərtəbə! 

Bu da sənin iyirminci mərtəbən. Belə düşünə-düşünə  tələbə 

birmərtəbəli evlərə göz gəzdirirdi: bax, bütün bu komaları yan–

yana yox, üst–üstə düzsən onda doğrudan da iyirmi nədir, lap 

yüz mərtəbəli bina olar! Amma belə düşünməsinə baxmayaraq 

tələbənin gözləri yenə  də 17–i rəqəmini axtarırdı: elanda bu 

nömrə göstərilmişdi. Nəhayət, tələbə  rəqəmi gördü, həmin 

rəqəm göydələn binanın deyil, ikimərtəbəli mülkün üstündə 

vurulmuşdusa da, tələbə  nədənsə  dərhal arxayınlaşdı. Bu an 

ona doğrudan da elə  gəldi ki, elanda yazılanlar zarafat deyil, 

gerçəkdir. Ev küçənin o biri tərəfində idi. Tələbə küçəni keçib 

17 nömrəli evin qarşısında dayandı. Qapıdan iri bir qıfıl 

asılmışdı. İkinci mərtəbədə balaca taxta balkon vardı. Otaqdan 

ora çıxan qapı bir qədər açıq idi və oradan qara tül pərdənin 

ucu çıxmışdı. Eyvanda gil qablarda qeyri-müəyyən rəngli süst 

bitkilər vardı, görünür, onlara çoxdan su verən olmamışdı. 

Hərəkətinin bütün mənasızlığını  dərk edə-edə  tələbə iki dəfə 

qapını döydü, sonra çevrilib getmək istədi. Amma elə bu vaxt 

qonşu darvaza açıldı, oradan ortayaşlı bir qadının başı göründü 

və qadın acıqlı bir ədayla: 

–Kimi istəyirsiz? — deyə xəbər aldı. 

Tələbə bilmədi nə cavab versin, axı elanda familiya 

yazılmamışdı. 

–Mən elana görə  gəlmişəm, — dedi, — bu küçə, bu ev, 

nömrəsi... 

Qadın daha da bərk hirsləndi: 

–Burda çoxdan heç kəs yaşamır, —dedi və darvazasını 

örtdü. Ancaq tələbəyə elə  gəldi ki, qadın darvazanın ardından 

çəkilməyib, dayanıb deşikdən onu izləyir. 

Onu çağırdılar, tələbə lap aydın eşitdi ki, məhz onu 

səslədilər, amma adını çəkdilərmi, yoxmu — bunu dəqiq deyə 

bilməzdi. Hər halda ona müraciət edirdilər. "Ah" qədər qısa bir 

nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci 

mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha 



 551 

doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü. 

Tələbəyə, hətta elə  gəldi ki, ona əl elədilər, işarə verdilər, 

amma bunun belə olub-olmadığını  qəti deyə bilməzdi. Hər 

halda tələbə  qıfıllı qapıya yanaşdı  və eyvanın düz altında 

dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki 

haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə  qızğın 

mübahisə edirdilər: tələbə bircə  kəlmə sözü də seçə bilmirdi, 

amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı 

darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca 

çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin 

qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar 

çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox 

qaba bir tərzdə tələbəyə: 

–Yuxarıdadır, — dedi — pilləkənlə qalx. 

Sonra kobud şəkildə  qızın belindən yapışdı, boynuna bir 

qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri 

girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da 

vurub darvazanı çırpdı, kilidlədi. 

Tələbə dar, qaranlıq, pişik iyi verən pillələrlə ikinci 

mərtəbəyə qalxdı. Pillələr ikinci mərtəbədə qurtarırdı və burada 

yeganə bir qapı vardı — hər tərəfinə  bənövşəyi mürəkkəb 

çıldırlamış köhnə qapı, 

–Gəlin, — bu səs içəridən eşidildi,  şübhəsiz indicə eyvan 

qapısından baxan qarının səsi idi. 

Tələbə daxil oldu. Otaq çox baxımsız və basırıq bir şəkildə 

idi, nimdaş, işlənib isbatdan çıxmış  şeylərlə dop-dolu idi. 

Otaqdan qocalıq və iqtidarsızlıq qoxusu gəlirdi, köhnə divanın 

üzü süzülüb tökülmüşdü, çırıqlarından prujinlərin sivri ucları 

çıxırdı.  Əcaib burumlu ayaqlara malik olan hündür, arxalı 

kürsülər də beləcə köhnə,  əldən düşmüş idi. Otaqda çoxlu iri 

yöndəmsiz şkaf vardı. Elə bil onların rəng-rufu qocalıqlarından 

tutulmuş, tündləşmiş, qaralmışdı. Tavandan iri və tozlu abajur 

asılmışdı. Onun qotazlarını hörümçək toru bürümüşdü. 

Divarlarda çoxlu mismar vardı. Bu mismarlar müxtəlif 



 552 

səviyyələrdə vurulmuşdular — hündür yerdən vurulanı da 

vardı  və elə  aşağıda vurulanları da vardı ki, bu səviyyədə 

şübhəsiz, onlardan bir şey asmaq mümkün deyildi. Bütün 

bunlar  əcaib-qəraib təəssürat oyadırdı. Amma bu əcaiblikdən 

başqa otaq həm də nə isə faciəvi bir ovqat oyadırdı. Belə ovqat 

nədən doğurdu, tələbə  dəqiq təyin edə bilməmişdi, amma bu 

duyumu çox aydın hiss edirdi. Otağa nəzər salan kimi nədənsə 

onda anlaşılmaz bir istək — tez, bir an belə yubanmadan 

buradan — bu otaqdan, bu evdən, bu küçədən qaçıb qurtarmaq 

istəyi oyandı. Səs eşitdi: 

–Nə lazımdır sizə? — Küncdə, hündür kürsünün içinə çöküb 

qalmış qarını gördü. İstiyə baxmayaraq otağın bütün 

pəncərələri kip bağlı idi, qarı da boğazınacan düyməli uzun 

qara paltar geymişdi, hələ üstündən çiyninə qara yun şal da 

salmışdı. Nədənsə  tələbəyə elə  gəldi ki, qarı iflicdir, 

hərəkətsizdir. Qarının sifətindən onun əsl-nəcabətli adam 

olduğu sezilirdi və fantaziyanı bir az işlətsən onu çox illər 

bundan qabaq, uzaq gəncliyində gözəl varlıq kimi xəyalda 

canlandırmaq mümkün idi. Amma indi bu ötüb getmiş gözəllik 

onun sifətinin və  bədəninin bütün guşələrindən amansızcasına 

qovulmuşdu və yalnız bircə yerdə — gözlərinin dibsiz 

kədərində ilişib qalmış, özünə orada son məskən tapmışdı. 

Gözəl zil qara gözlərinin kədərində  nə isə bir məşumluq da 

vardı. 

–Mən elana görə gəlmişəm. Deyəsən, səhv etmişəm. 



–Səhv? — deyə qarı  təkrar etdi. —Yox, bu elanı  mən 

vermişəm. Sizə otaq lazımdır?  

Tələbə: 

–Bəli, — dedi, — amma orada söhbət 20-ci mərtəbədən 

gedir və yazılıb ki... — O, sözünü  yarımçıq  qoyub susdu. 

Əgər elanı bu qarı veribsə, orda yazılanları onun özünə 

sadalamağa nə hacət? Hər halda öz yazdıqlarını bilir... 

Qarı: 


–Bəli, —dedi və öskürməyə başladı, bu papirosa aludə 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə