6
№-li PALATA
I
Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə
bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su
novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və
qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin
qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən,
üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı
sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana
tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.
Əgər gicitkənin dalayıb yandırmasından qorxmusunuzsa, gəlin dar
cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə
giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü
atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy
zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş,
qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır.
Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə
uzanırdı; bu, istefaya çıxmış köhnə bir soldat idi, paltarına tikilmiş
baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun
itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı,
lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər
şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğunu
inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O,
adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki,
bunsuz burada qayda ola bilməz.
Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir
otağa girirsiniz. Otağın divarları çirkli abı rəngə boyanmış, tavanı his
çəkmişdir, yəqin qış vaxtı burada peçlər his verir və otaqda dəm olur.
İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır.
Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı,
taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir
bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.
Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy
xəstəxana xalatı geymiş və başlarına qədim modalı qalpaq qoymuş
adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.
Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları
isə adi meşşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları
parıldayan, ağlar gözlü meşşan, başını ovuclarına dayayıb, gözlərini bir
nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını
yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi, söhbətdə az-az
iştirak edir, suallara adətən cavab vermirdi. Yeməyi-içməyi də qeyri-
ixtiyari idi: nə vaxt təklif etsələr; palatada bu pəncərədən o
pəncərəyədək gəzişir və yanaqlarındakı qırmızılıq onun vərəm
xəstəliyinə tutulduğunu göstərirdi.
Onun o tayındakı çarpayıda alçaq boylu, zirək, xeyli oynaq bir qoca
uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, qıvırcıq saçları
vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz
yatağında bardaş qurub oturur, şaqraq quşu kimi fit çalır, yavaşca
oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün,
yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq
üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu, yəhudi Moyseyko
idi, iyirmi il bundan əvvəl onun papaqçı dükanı yanan zaman başına
hava gəlmişdi.
6№-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana
həyətindən küçəyə çıxmağa izn verilirdi. Xəstəxanada uzun müddət
qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə
çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin
küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət
etmişdilər. Əynində xalat, başında məzəli bir qalpaq və ayağına tuflu,
bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və
dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir
yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə
tox və pullu qayıdırdı.Gətirdiklərinin hamısını Nikita əlindən alırdı.
Soldat bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir
və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə
buraxmayacaqdır, çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir.
Moyseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir,
yatdıqları zaman üstlərini örtür, hərəsinə küçədən bir qəpik pul
gətirməyi və təzə tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna
qaşıqla xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya
insanpərvər duyğular xatirinə deyil, yalnız sağ tərəfindəki qonşusu
Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi.
Otuz üç yaşlı İvan Dmitriç Qromov keçmişdə məhkəmə pristavı,
quberniya katibi olmuşdu, nəciblərdəndi, təqib olunma xəstəliyinə
tutulmuşdu. O, gah yumaq kimi yumurlayıd yataqda uzanır, gah da
sanki hərəkət etmək məqsədilə, otaqda o küncdən-bu küncə gəzinirdi. O,
həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir
vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi,