A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə156/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   152   153   154   155   156   157   158   159   ...   168

 559 

yapışıqlı bir şəxs... Bəlkə  də bu eyni bir adamın müxtəlif 

yaşlarda, müxtəlif  şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş 

fotoları idi. 

Qarının səsi tələbəni fikirlərindən ayırdı: 

–Necədir, bəyənirsiniz otağı? 

O dərhal: 

–Əlbəttə, —dedi və fikrən elandakı  məlumatları burda 

gördükləri ilə müqayisə etdi. Hər  şey elanda təsvir 

olunduğundan da üstün idi —otağa söz ola bilməz, rahatlıqları 

da —əla. Lift, telefon... Telefon demişkən hanı telefon? 

Tələbə: 


–Bəs telefon? — deyə xəbər aldı.  

Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon 

cihazı vardı, amma məftili kəsilmişdi.  

Qarı:  


–O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun 

telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə 

telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar. 

Tələbə: "Telefon nəyimə  gərəkdir, — deyə düşündü. – 

Onsuz, da bu şəhərdə bir tanışım–dostum yoxdur. 

–Yox, — dedi. — Telefonsuz da keçinərəm. Elanda 

göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan? 

Qarı quru bir tərzdə: 

–Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə 

onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət 

elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə 

qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq 

istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını  kəsdi. 

Qətiyyətlə: 

–Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə 

ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi 

heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa 

cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun. 

O işıq dənizdən görünür.  



 560 

Tələbə heç bir şey başa düşməsə  də başını razılıq  əlaməti 

olaraq yellədi: 

–Bəs pul? —deyə soruşdu. —Haçan versəm yaxşıdır?  

Qarı:  

–Elə indi, —dedi. —Deməli, mənzili kirayə götürürsünüz?  



Tələbə: 

–Bəli, — dedi və  dəhlizə keçdi, orada balaca çamadanını 

qoymuşdu, açdı, pul götürdü, otağa qayıtdı. Bütün bu işlər, iki 

dəqiqə çəkdi. 

Qarı pulları aldı, tələsik saydı: 

–Bir aydan sonra gələn müddətin pulunu gətirərsiniz, —

dedi. — Sağ olun. –O, mənzilin açarlarını  tələbəyə uzatdı. –

Mətbəxdə qab-qacaq var, istifadə edə bilərsiniz. Həmçinin 

yorğan–döşəkdən, ağdan, balış üzündən. Onlar da taxtın 

içindədirlər. 

Tələbə qarını liftəcən ötürdü və  mənzilə qayıtdı.  İçəri 

girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə? 

Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə  gəldi ki, fotolar 

azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları 

haçan çıxartdı? — deyə  tələbə düşündü. — Mən dəhlizə 

çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı. 

Tələbəni təəccübləndirən o idi ki, fotolar həm azalmışdı, 

həmdə elə bil dəyişmişdi. O öz–özünə: "İşə bax, a! — dedi. —

Gör nə tez fotoları  dəyişib. Özü də niyə? Mən onsuz da 

onlardan heç birini tanımıram. Ümumiyyətlə, deyəsən bu arvad 

başdan bir az mayıfdı. Görmürsən nə cür şərtlər qoydu: 

"hamamda işığı söndürmə, dənizdən görünür". Dənizin bura nə 

dəxli var, sən allah?" Tələbə güldü. Şən və qayğısız bir gülüşlə 

güldü. Yalnız bu gün ərzində deyil, bəlkə  də bütün bu gərgin 

və bürkülü son ay ərzində ilk dəfə belə şən və qayğısız gülürdü. 

Axır ki, hər  şey onun istəyincə olmuşdu.  Əsas da budur. 

İnstituta düşdü. Möcüzə deyil, nədir? İkinci möcüzə də — bax, 

bu mənzil. Özü də belə ucuz bir qiymətə. Hər rahatlığı, axar-

baxarı, sakitliyi. Özü də qulağı çəkilmiş kimisən, tamamilə tək 



 561 

qala bilərsən, heç kəs sənə mane olmaz, nə bir səs, nə bir səmir. 

Oxu, işlə, dincəl, yat... Otur belə, bax dənizə, siqareti yavaş-

yavaş sümür içinə, dincəl. Lənət şeytana, siqareti qurtarıb ki... 

Bu qarı fikrini elə dolaşdırdı ki, siqaret almağı unutdu. Eybi 

yoxdur, indi düşüb alar. İndi daha öz evi, öz ocağı var, haçan 

istəsə gedə, haçan istəsə gələ bilər, heç kəs də onu sorğu-suala 

tutmaz. Hardan gəlib, hara gedirsən? Pis olmaz çıxıb bir şəhəri 

gəzib dolansa. 

–Bu saat çıxarıq havaya — deyə  tələbə  qərar verdi. — 

Siqaret də alarıq. Amma əvvəlcə bir üzümüzü qırxaq, duş 

qəbul eləyək, madam ki, belə  əntiqə hamamımız var, gərək 

ondan bola-bol istifadə edək də. Sonra təzə köynək geyinib 

gəzməyə çıxarıq. 

O, kolonkanı yandırdı, soyundu və hiss elədi ki, duş 

iynələrinin xoş masajı  bədəninin bütün gərginliyini, 

yorğunluğunu-arğınlığını yuyub aparır və bu günün təlaşları da, 

"birdən baş tutmadı" qorxusu da, yavaş–yavaş boyatlaşıb 

xatirələrə çevrilir... hər  şey nə  əntiqə düzəldi. Tələbə üzünü 

tərtəmiz qırxdı, qurulandı, dəhlizə keçdi, çamadanı açıb təzə 

köynək çıxartdı, geyindi, güzgünün örtüyünü sıyırıb atdı, saçını 

daradı  və otağa girdi. Pəncərənin rəngi dəyişmişdi. 

Axşamlaşırdı  və  səmanın, dənizin boyaları da tündləşir, 

qatılaşırdı. Görunür, bu rəng dəyişikliklərindəndir ki, dənizin 

səthi ona bayaqkından daha aşağı göründü. "Mənzərədən 

olmaz" —deyə tələbə düşündü və mexaniki bir hərəkətlə əlini 

stolun üstündəki külqabıya tərəf uzatdı. Külqabının qırağına 

qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti 

dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı 

və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan 

çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül 

olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub 

gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu 

siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama 

gedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə