A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə159/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   155   156   157   158   159   160   161   162   ...   168

 568 

Görünür qoparmayıbmış! Külqabı, külqabında da bayaqkı 

yeganə siqaretin götüyü (ay səni, yadından çıxdı, siqaret 

almadı). Fotolar... bəli fotolar... O, fotoları xüsusi bir diqqətlə 

nəzərdən keçirdi; bu diqqət özünə  də  qəribə  gəldi — sanki 

fotolarda nə isə dəyişə bilərdi. Təbii ki, onlar əvvəlki kimi idi 

— eyni miqdarda — evdən çıxmazdan qabaq tələbə  nədənsə 

onları saymışdı —səkkiz dənə idi, indi də səkkiz dənədir. Əgər 

onun mənzildə olmadığı vaxt qarı  gəlibmişsə  də —yəqin ki, 

onun öz açarı var —fotolara dəyməyib. Yəni bayaq, 

doğrudanmı onları  dəyişmişdi? Yəqin tələbəyə belə  gəlib, 

vəssalam. Axı niyə qarı iki daşın arasında fotoları  dəyişməli 

idi. Budur, bax, bu da oğlunun fotosu —əgər oğludursa! Tələbə 

şən fit çala-çala mətbəxə keçdi. Heyf ki, küçədə azdı, başını 

itirdi, yeməyə bir şey almağı unutdu. İndi evdə dişə vurmağa 

bir şey yoxdur. O acmışdı. Eybi yoxdur, səhərə qədər, birtəhər 

dözər. "Gedək yataq, hə, qarının xahişini yerinə yetirək, 

hamamda işığı yana-yana qoyaq, madam ki, arvad bu işığı 

mayak hesab edir, qoy onun istəyincə olsun". Tələbə hamamda 

işığı yandırdı və kranı açdı. Su şux bir şırıltıyla axmağa başladı 

və sanki onun axışı da adamın əsəblərini sakitləşdirirdi. Tələbə 

yenə  də gülümsündü. Sakit, arxayın, rahat bir təbəssümlə, 

güzgüyə baxdı  və güzgüdəcə öz gözlərinin dəhşətdən 

böyüdüyünü gördü. "Düymə!" Bəli, düymə. Bu tələbənin lap 

yaxşı yadında idi. Lap dəqiq. And içə bilərdi. Fotoda oğlan 

köynəkdə idi və bayaq köynəyinin yaxası bağlı idi — tələbə 

bunu tam dəqiq xatırlayırdı.  İndi isə — tələbə bunu da 

nəzərində aydınca canlandırırdı —oğlanın köynəyi 

boğazınacan düymələnmişdi: Bundan qeyri şəkildə bir 

dəyişiklik yox idi; eyni sifət, eyni poza, eyni ölçü. Tələbə: "axı 

bu necə ola bilər?" — deyə düşündü. Güzgünün qabağında 

donub qalmışdı. Vahimə bütün varlığına hakim kəsilmiş, qorxu 

—onu müc eləmişdi. Tələbə addım ata bilmirdi, otağa keçib 

fotoya bir də baxmağa ürəyi gəlmirdi —ona elə gəlirdi ki, indi 

həmin  şəkildəki oğlanı  bəlkə  də qalstuklu görəcək, ya... 



 569 

"deyəsən mənim başıma hava gəlib, dəli olmuşam". 

"Bəlkə —ağlına gözlənilməz bir fikir gəldi — kimsə qəsdən 

məni dəli eləmək istəyir?" Qəribədir ki, bu fikir onu bir qədər 

sakitləşdirdi, arxayınlaşdırdı. Düşmənini təyin edə bilsən, 

onunla mübarizə etmək də asan olar. Amma kim idi onun 

qəsdinə duran? Kim idi düşməni?  Əlbəttə, qarı! Öz 

təşəbbüsüylə olmasa da, hər halda bütün bu işlərdə qarının, 

şübhəsiz, barmağı var. Bəlkə o, kiminsə mürəkkəb bir planının 

icraçısıdır? Amma bu planın özünü kim tökmüşdür, kim burada 

hansı  məqsədi güdür? Eh, nə biləsən? Bəzən görürsən elə 

düşmənlərimiz peyda olur ki, heç yatsaq yuxumuza də 

girməzdi. Özü də  həmin bu düşmənlərə heç bir vaxt, heç bir 

pisliyimiz dəyməyib, amma axı düşmənçilik çox vaxt heç də 

şəxsi münasibətlərdən yaranmır. Bax, məsələn o, tələbə, özü də 

istəmədən kiməsə pislik edib — instituta daxil olub, kiminsə 

yerin tutub. Götürək elə yataqxanadakı otaq qonşularını. 

Bayaqkı maşının, iki sükanlı maşının sürücüsü yaman o oğlana

ilk imtahandan kəsilmiş otaq qonşusuna oxşayırdı —tələbə 

yalnız indi bunu dərk etdi — lap elə bil ekiz qardaşdırlar. Bəlkə 

heç təsadüfi deyil ki, bayaq həmin qonşusuna elan lövhəsinin 

qarşısında rast gəldi. Bəlkə bütün bu hoqqaları da elə o 

düşünüb. Elan, qarı, sürücü-təlimatçı qardaş  və  nəhayət, 

fotolar... Amma məgər onlar belə  qəliz bir intiqama 

qadirdirlər?  Əgər bu cür mürəkkəb bir qisas forması  kəşf edə 

biliblərsə, elə bir bu ixtiraya görə onu instituta qəbul etməyə 

dəyərdi. Həm də imtahansız-filansız. Onlar şübhəsiz, bilirdilər 

ki, tələbə otaq axtarır. Bu qarını tapmaq, mənzili danışmaq, hər 

şeyi belə məharətlə quraşdırmaq... Tələbənin artıq heç bir şəkk-

şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir 

və o, mənzildə olmayan vaxt lap yəqin ki, qarı  gəlib fotoları 

dəyişib. Bu fikrə gələndən sonra tələbə otağa daha sakit girdi. 

Düzdür, fotolara yanaşanda nə isə yenə bir nigaranlıq hissi 

keçirdi, amma bütün iradəsini toplayıb  şəkillərə baxdı. 

Gözlərini oğlanın  əksinə zillədi. Bu nə boş-boş fikirlərdir, 



 570 

ilahi! Hamamda olduğu müddətdə axı  şəkildə  nə  dəyişə 

bilərdi? Nə dəyişmişdisə, o evdə olmayan müddətdə dəyişmişdi 

— elədir ki, var: oğlanın köynəyi boğazacan düyməli idi. 

Tələbə başqa fotolara baxmağa başladı, qarı onlarıdamı 

dəyişdirib? Deyəsən yox, amma məgər bu cütlər —nişanlı 

oğlanla qız, məgər ayaq üstə durmamışdılar, yox, oturublar, 

görünür, elə oturublarmış, tələbənin dəqiq yadında deyil. 

"Gərək bütün şəkilləri dəqiq yadımda saxlayım, sonra görsəm 

ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir onda 

yapışım yaxasından — de görüm mən olmayanda niyə otağıma 

gəlirsən, fotoları dəyişməyinin mənası nədir? Budur, bax, şəkil 

— ata, ana və  yəqin ki, qızları.  Ər-arvad, arvad, deyəsən, 

hamilədir.  İki cavan oğlan —oxşayırlar, yəqin qardaşdırlar. 

Hərbi paltarlı kişi. Cavan qız — fəvvarənin yanında dayanıb. 

Uşaqlar —üç qız, iki oğlan uşağı. Çəlikli qoca. Vəssalam. 

Aydındır. Deməli, ata, ana, qız. Bu belə.  Ər-arvad. Arvad 

hamilədir. Məgər  ərin eynəyi vardı? Bu nə axmaq sözdür, 

madam ki, eynəklidir, deməli varmış da... İki cavan oğlan 

şübhəsiz qardaşdırlar, oxşayırlar. Hərbi paltarlı kişi. Fəvvarə 

yanında qız. İlahi, axı onun sumkası vardı. Sumka necə oldu? 

Ya yox idi? Görünür, yox imiş, madam ki, yoxdur... Onda qızı 

kiminlə çaşdırıram, axı, yadımda qalıb: fəvvarə yanında qız, 

əlində sumka. İki qız uşağı, bir oğlan. Bir oğlan. Bir oğlan? Hə, 

görünür, oğlan bir imiş. Qoca. Bu qocanın nəyisə var idi, amma 

nəyi? Bəlkə mən şəkillərin məzmununu müfəssəl yazım. Yox, 

onda adam, doğrudan da dəli olar. Amma mən dəli olmayacam. 

Bu qoca kaftarın və bütün məni istəməyənlərin acığına dəli 

olmayacam. Saat neçədir görəsən? Qol saatında on birə iyirmi 

beş dəqiqə işləmişdi. 

Nədənsə tələbə divar saatına yanaşdı və örtüyü çəkdi. Divar 

saatında üçə iyirmi beş dəqiqə işləmişdi. Saat işləyirdi, kəfkir 

dəqiqliklə gedib-gəlirdi. Tələbə gözlərini uzun əqrəbə zillədi və 

ayrılmadan baxdı, baxdı. Saata baxsa da dəqiq nə  qədər vaxt 

keçdiyini deyə bilməzdi. Amma hər halda bir müddətdən sonra 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə