A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə151/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   147   148   149   150   151   152   153   154   ...   168

 544 

çevirmisən —gecə düşəndə  şəhər işıqları közərən papiroslara 

oxşayırdı, sonsuz girdablardan gələn ulduz işıqları isə, sanki 

boş fəzadan keçmir, qatı, qalın bir maddəni deşib çıxırdılar. 

Otuz gün idi can qurtaran külək  əsmirdi ki, əsmirdi. Ağac 

yarpaqları, kövrək, incə söyüd salxımları  hərəkətsiz asılıb 

qalmışdılar, elə bil havanın qatılığına yapışdırılmışdılar,  şəhər 

civarında, çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə 

torpağa yapışıb, daha doğrusu, mıxlanıb qalmışdı.   Ehtizazsız, 

tərpənişsiz. Atılmış siqaret yerə mismar kimi düşürdü. Sonra 

kimsə onu tapdalayır,  əzirdi, asfalta həkk edirdi və o zaman 

tütün qırıqları da eyni cür hərəkətsiz donub qalırdı. 

Şəhərin sakinlərinə elə gəlirdi ki, hamısı yavaş-yavaş əriyir, 

tərə çıxır. Bir neçə gün, bir neçə saat da belə davam etsə onlar 

əriyib atılmış dondurma kimi qabıq paltarlarından süzülərək 

küçələrlə axıb gedəcəklər. Bu yalnız cismani bir düyüm 

deyildi, həm də şüurlu hiss idi. Hər halda tələbə (bir həftə idi 

ki, onun tələbə adlanmağa hüququ vardı, bir həftə bundan 

qabaq köks təpəsindən atılıb çıxmağa hazır olan qəlbinin, sanki 

içindən dışarıda səslənən döyüntüləri altında o, adını instituta 

qəbul olunmuşlar siyahısında oxudu) özünü məhz belə hiss 

edirdi: elə bil beyni istinin təsiri nəticəsində  nə isə başqa bir 

şeyə — mayeyəmi, buxaramı çevrilirdi. Səbəb yalnız istilərdə 

idimi? Görəsən, niyə ömrün vacib sınaqlarından biri — ali 

məktəbə  qəbul imtahanları ilin ən bürkü ayına düşür? Bütün 

bunlar hamısı tanımadığı yad cənub şəhəri (o bu şəhərə ilk dəfə 

bir ay bundan qabaq gəlmişdi və indi azı beş il burada 

yaşamalıydı), qəbul imtahanlarının üzücü gərginliyi, istilər, 

istilər və  nəhayət bəxtinin uğuru —instituta düşməsi (bu uğur 

onun düşündüyündən də çox təsir etdi tələbəyə), bəli, bütün 

bunlar birlikdə — tələbəni aydın  şüurla dərk olunmayacaq, 

qeyri–müəyyən, qeyri-real bir hala salmışdı.  İndi bütün 

həyəcanlar, təlaşlar sovuşandan sonra, tələbə  dərslərin 

başlanmasına qədər qalan bu müddətdə, bu qısa bekarlıq 

fasiləsində  nə edəcəyini, nədən başlayacağını bilmirdi. Hər 



 545 

halda bir şeyi o, qət etmişdi —yataqxanada qalmayacaq. Artıq 

onun yataqxanada qalmağa tam hüququ vardı, amma o, 

hüquqdan heç vəchlə istifadə etməzdi. Təbiətən tələbə 

adamayovuşmaz idi, özünə qapılmış, içinə çəkilmiş insandı və 

qəbul imtahanı zamanı üç nəfər başqa abituriyentlə birlikdə 

yataqxana otağında qalmaq məcburiyyəti onu bir daha 

inandırdı ki, adamlarla, illah da yad adamlar ola, heç cür dil 

tapa, ünsiyyət, ülfət bağlaya,  əlaqə yarada bilmir. Bu 

təşəbbüslər onunçün dözülməz işgəncəyə çevrilərdi. Tələbə 

təəccüblənirdi ki, otaqdakı üç digər qonşusu —əvvəlcədən bir-

birlərini tanımasalar da elə ilk gün günortaya yaxın cur 

olmuşdular — bir-birlərinin sözündən, sirrindən agah idilər. 

Bir də tələbəni mat qoyan o idi ki, bu üç oğlan bir-birinə rəqib 

kimi baxmırdılar. Halbuki, onlardan ikisi eyni institutun eyni 

fakültəsinə daxil olmaq istəyirdi. Tələbə də sənədlərini məhz o 

institutun o fakültəsinə  təqdim etmişdi. Dördünün arasında 

tələbə elə bir o oldu. Oğlanlardan biri elə ilk imtahanlardanca 

kəsildi. O biri iki oğlan onun halına, ürəkdən və  səmimi 

acıdılar, amma özlərinin də aqibəti elə oldu. Qalan iki oğlandan 

biri ikinci imtahandan, ikincisi isə axırıncı imtahandan kəsildi. 

Bir gün sonra isə  tələbənin daxil olduğu bilindi. Ancaq 

tələbənin iki qonşusu (birinci oğlan kəsilən kimi yataqxanadan 

getmişdi) heç də ona həsəd aparmır, paxıllıq etmirdi, əksinə, 

deyirdilər ki, gəl bu xoş hadisəni birlikdə qeyd edək. Tələbə bir 

bəhanə tapıb boyun qaçırdı. Bu adamlarla heç bir əlaqə 

yaratmaq istəmirdi, fikirləşirdi ki, nə onun onlara, nə onların 

ona xüsusi rəğbət bəsləməsinə  əsas yoxdur. Onların 

uğursuzluqdan sonra özlərini sındırmamaları, özlərini tox 

tutmaları, zarafatları, lətifələri, öz aralarında, yataqxanadakı 

başqa oğlan və  qızlarla mehribançılıqları, ünsiyyətləri, asan 

təmasları bir növ tələbəni daha da əzirdi, çünki qılıqsızlığını, 

ülfətsizliyini bir daha gözə çarpdırırdı. Odur ki, sınaqdan qalib 

çıxıb, bir nəfər tanış–bilişi olmayan şəhərdə yaşayacağını bilən 

kimi, tələbə qalacağı yer haqqında düşünməyə başladı. O bura 



 546 

gəlməmişdən bilirdi ki, yataqxanada tək qalmaq imkanı 

olmayacaq, odur ki, tələbəlik həyatına hazırlaşarkən yavaş-

yavaş kiçik bir məbləğ  yığıb hazırlamışdı. Məbləğ kiçik olsa 

da, balaca bir otaq, ya guşə tutmağa bəs edərdi.  İnstituta 

düşdüyünü bilən kimi o, axtarışa başladı. Tələbə bilirdi ki, belə 

axtarışları iki yolla aparmaq mümkündür, ya şifahi  şəkildə, 

tanış–bilişlər vasitəsilə, soraqlaşa–soraqlaşa (onun da 

dediyimiz kimi, burada heç bir tanış–bilişi yox idi), ya da 

yazılı, yəni elanlar vasitəsilə. Allahın ver günü tələbə elan 

lövhəsi asılmış balaca küçəyə üz tuturdu, bura cürbəcür 

adamlar toplaşardı —ev, mənzil, otaq, guşə kirayə verənlər, 

kirayə götürənlər, dəyişənlər, çeşid-çeşid dəllallar və bir də 

avara bekarlar. Onlar iri lövhənin qabağına yığışar,  əllə, ya 

makinada yazılmış, lövhəyə yapışdırılmış elanları oxuyar, 

müzakirə, mübahisə edər, çənə-boğaz olardılar. 

Düz altı gün idi ki, tələbə bu lövhənin qarşısına gəlirdi. 

Hamısı da hədər. Bu gün lövhənin qabağında adam az idi, 

tələbə yarım saata qədər dayandı, elanların hamısını elədən 

belə oxudu və yenə də münasib bir şey tapmayıb kor–peşman 

yola düzəldi. Ancaq bir addım atıb dayandı. Tələbəyə elə gəldi 

ki, onu çağırdılar, adını çəkdilər. Şübhəsiz o yanılmışdı, çünki 

bu  şəhərdə üç nəfər yataqxana qonşusundan başqa heç kəs 

onun adını bilmirdi. Onlar da bu şəhərdən çıxıb getmişdilər. 

Ancaq qəribədir ki, tələbə yalnız adını eşitmədi, eyni zamanda 

ona zillənmiş  zəndli baxışları da hiss etdi. Tələbə çevrilib 

baxdı: küçə bomboş idi, lövhənin qarşısında altı  nəfər (tələbə 

tezcə saydı onları) dayanmışdı. Onlar diqqətlə elanları 

oxuyurdular. Onlardan ikisi cib dəftərlərini çıxarıb elanları ora 

köçürdü, hər halda heç biri nə  tələbəyə baxmaq, nə  də onu 

çağırmaq fikrində deyildi. Tələbə aramla küçəyə göz gəzdirdi, 

sonra başını qaldırıb küçənin hər iki tərəfində yerləşmiş bir və 

ikimərtəbəli evlərə baxdı. Pəncərələri də nəzərdən keçirdi, axı 

ona dikilən baxışlar pəncərə arxasından da zillənə bilərdi. 

Bütün pəncərələr istiyə baxmayaraq, ya bəlkə də elə istiyə görə 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə