A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə52/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   48   49   50   51   52   53   54   55   ...   168

 186 

"Humayun" idi. 

Həmin o gecə  mən yuxumda dənizi, bulvarı  və arvadımı 

görürdüm. 

Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar 

toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad 

gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın 

dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və 

bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat 

etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir 

təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər. 

Həmin bu gecə saat on birdə  Kərim dayı bir həftə 

işlənmədiyinə görə qabda quruyub bərkimiş  rəngə  və 

qərtməklənmiş fırçasına baxıb arvadına dedi: 

–Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı  mərtəbələr 

səmtinə baxıb mənalı gülümsündü. 

Həmin bu gecə saat on ikidə  Sənan geyinib çıxmağa 

hazırlaşırdı. Qoca anası: 

–İşin necədir? – deyə soruşdu:  

Sənan dedi: 

–Sən yat. Mən gec gələcəm. 

–Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir 

nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və 

səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində 

sonsuz bir fərəh vardı. 

Həmin bu gecə saat birdə bizim qapımız döyüldü. 

Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda 

isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə 

məni döyürdü. Ağrı hiss etmirdim. 

Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini 

eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu 

anladım. Saniyənin yüzdə biri belə keçmədən hər  şeyi 

qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız 

şübhələrim,  ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım, 

intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən 



 187 

nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə 

xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb–

biçmişdimsə  və  hər  şey də  məhz mənim zənn etdiyim kimi 

olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə 

hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və 

hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər 

başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan 

gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək. 

YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına 

çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya 

vıyıldatmaq, sonra yenidən  əlimə  nə keçsə girənlərin başına 

çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan 

sonra vuruşmaq, yerə  sərilmək, dişləmək, yıxılmaq, 

təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət. 

BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq, 

YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX. 

Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX, 

ağlamaq, YOX, qəhqəhə  çəkib gülmək, YOX, sakit olub 

uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb 

düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən 

bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə  və 

tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz 

vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək, 

YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə 

etmək, nə etmək, nə etmək? 

Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı 

tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi  əriyib 

sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya 

çökmüş lal bir sakitlikdə  əsməyən, amiranə, arxayın və  əmin 

bir səs eşitdim. 

–Qapını aç. 

Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü 

sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını  təyin etmək 

çətin idi. 



 188 

Mən ovsunlanmış kimi onun əmrinə itaət etdim. Amma 

qapını açmamışdan onun özünün bu günlərdə həyətdə itilətdiyi 

və gecələr yanıma qoyduğum, mətbəx bıçağını cibimə soxdum. 

Fikirlərimdə onu həmişə  Sənanın bağrına sancırdım. Nədənsə 

əmin idim ki, bizə məhz Sənan gələcəkdir. Yanılmamışdım. 

Otağa birinci Sənan girdi. O tək deyildi. İşığı yandırdılar. 

Gözləri otaqda vurnuxan adamlardan biri onu yataqda görüb. 

–Geyin – dedi.        

Sənan dərhal: 

–Əvvəl kağızı göstər, – dedi. 

O, həmişəki kimi nəzakətli idi. 

Mən əyilib kağıza baxdım. Qeyri–ixtiyari: 

–Bəs mən? – dedim.  

Gələnlərin dodağı qaçdı: 

–Tələsmə, sənin növbən də çatacaq. Sənan mənə "siz" deyə 

müraciət elədi. 

–Görürsünüz ki, kağız yalnız arvadınızın adınadır. Biz 

kağızsız heç kəsi apara bilmərik. Odur ki, arvadınızı bizə etibar 

etməli olacaqsınız. 

O bərkdən güldü. Bu həmişəki maska gülüş – mədəni təbəssüm 

deyil,  ən alçaq və  rəzil bir pozğunun sitizə  hırıltısı idi. Bıçaq 

cibimi yandırmağa başladı. Lakin mən hələ özümü saxlayırdım, 

hələ  şüuruma nəzarət edə bilirdim. Şüurum isə: Nə olsun? Nə 

olsun? –  deyə yanıb–sönürdü. Bir Sənanı öldürdün. Bəs o birilər? 

Birincisi Sənanı öldürsəm, özümü demirəm, özüm cəhənnəm, 

arvadımın işi daha ağırlaşacaqdır. Ondan daha da intiqam alacaq

şübhələnəcək, onu daha çox incidəcək, daha pis təhqir edəcəklər. 

Sənanı yox, başqa birisini öldürsəm, yenə  də  həmin vəziyyətdir. 

Yox, mən lap div olub bütün otaqdakıları öldürsəm belə neçəsi 

qapının dalında, pilləkəndə, həyətdə, küçədə durub, neçəsi başqa 

mənzillərdə  həmin  əməliyyatı aparır, neçəsi maşının içərisində, 

neçəsi məlum binada marıqdadırlar. Lakin mən heç bir şey etməyə 

də bilməzdim. Mən yaxşı bilirdim ki, sabah, bəlkə elə bu gecə iki 

saatdan sonra mənim də dalımca gələcəklər. Bəs mən bu gecəni, 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə