A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə48/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   44   45   46   47   48   49   50   51   ...   168

 174 

O ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün 

nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır 

düzünün baş gicəllədən uçurumundan aşağıda köpüklənən çaya 

və  İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi. 

Şuşada hamı  və  hər yer oxuyur. Hər çobanın zənguləsini beş 

dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın 

dibindən muğamat səsi gəlir. O, Şuşanı  və  Şuşanın hər bir 

dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu 

görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında 

qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O, 

adamı min dillə dindirən  şuşalı arvadları, yanaqlarından qan 

daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi. 

O,  şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama 

bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı 

vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey 

yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt 

da olmayacaq. O, Şuşa təbiətindən və Moskvada 1 May 

nümayişinin rənglərindən ilham alırdı. O, "Humayun"dan 

riqqətlənir və "Beynəlmiləl" himnindən ruhlanırdı. O, şimal 

qütbünü fəth edən sovet təyyarəçilərindən, Bakının yeni 

məktəblərindən yazırdı. O, Şərq qadınını çadranı atmağa 

çağırırdı. O, eşqi,  şəfəq çağı  dənizin rəngini, aylı gecələri, 

çiçək açan alma ağaclarını, tərənnüm edirdi. O, Füzulidən, 

Sabirdən, Fikrətdən və Mayakovskidən həzz alırdı. 

Mən indiyənəcən təəccüb edirəm. Necə oldu ki, belə ilahi 

bir varlıq məni sevə bildi. 

Qonağım qəflətən mənə müraciət edərək: 

–Doğrudur, – dedi, – mən də o vaxt indiki halımda 

deyildim. Amma mən hara, o hara? Hər halda qəribədir ki, o 

məni sevdi. Allaha and olsun o məni sevirdi. Özü də möhkəm 

sevirdi. Mənimçün isə o, mələkdi, pəriydi, huriydi, daha nə 

bilim nəydi. Allahın fəlakətində insanlara göndərdiyi təsəlli və 

şəfqət ilahəsiydi. Biz xoşbəxt idik. Kim və neçin bizim 

xoşbəxtliyimizi pozdu? Axı biz bəxtiyarlıqdan doya bilmədik, 



 175 

sevincdən usanmadıq. Mən xəbər alıram, bizim nə  təqsirimiz 

vardı? Kim, neçin onu məndən aldı? 

O bu sualları mənə verirdi, özü də ritorikcəsinə deyil, məhz 

cavab almaqçün verirdi. O susub məndən cavab gözləyirdi. 

Mən nəinki təfərrüatını, hətta ən adi faktlarını belə bilmədiyim 

məsələ haqqında necə hökm verə bilərdim. O yenidən inadla:  

–Kim? Neçin? – deyə məndən soruşdu: 

–Sizi həbs edib ayırdılarmı? – deyə mən suala sualla cavab 

verdim. 


–Yox, – deyə o tez cavab verdi – dəhşət ondadır ki, bizi 

həbs etmədən ayırdılar. 

Qonağım yenidən təmkinlə danışmağa başladı: 

–İncəsənət işçiləri evində   üçüncü mərtəbədə bizim ikiotaqlı 

mənzilimiz vardı. Bütün evlərdə olduğu kimi bizim evin də 

birinci mərtəbəsində – giriş qapısının ağzında sakinlərin 

siyahısı – qara bir lövhə asılmışdı. Bütün evlərdə olduğu kimi 

bizdə də bu qara lövhənin üstündə ağ hərflərlə evin sakinlərinin 

familiyaları, mənzillərinin nömrəsi yazılmışdı. Həyətimizdə 

Kərim dayı adlı bir xidmətçi vardı. Kərim dayı mağazadan qara 

rəng və iri bir rəngsaz fırçası almışdı. Ayda beş, ya daha çox, 

bəzən hər həftə, bəzən günaşırı  Kərim dayı  səhər tezdən qara 

rəngini və  fırçasını götürürdü, giriş qapısına yanaşır, lövhədə 

ağ hərflərlə yazılmış müəyyən bir familiyanı qaralayırdı. Lövhə 

çox qəribə  və gülməli  şəkil almışdı. Məsələn, yuxarıda bir 

nömrəsi yazılmış, sonra aradan qara bir ara verilmiş, dalıycan 

məsələn 4 nömrəsi gəlmiş  və lövhənin dalı da bu əcaib sıra 

üzrə düzülmüş, get–gedə daha az qalan ağ  hərflərlə yazılmış 

familiyalar yazıq, aciz, yetim və narahat görünürdülər. Lövhə 

çox qəribə və gülməli şəkil almışdı. Lakin ona baxanda heç kəs 

gülmürdü. Boşalmış  mənzillərə köçən təzə sakinlər nədənsə 

hələ öz familiyalarını lövhəyə yazdırmırdılar. Təzə sakinlərdən 

bir çoxunun familiyası yazılmamışdan pozulurdu. 

Mən hər gecə bir şey edirdim. Arvadımdan qorxa–qorxa 

gizli edirdim. Duyurdum: o bilsə mənə nifrət edəcəkdi. Çünki 



 176 

onun buna ehtiyacı yox idi. O güclüydü, mən isə onun kimi 

deyildim, mən zəif idim. Mən bunsuz bacarmazdım. Mən hər 

gecə on birdən gecə qalmırdım və  hər gecə yatmazdan əvvəl 

qüvvətli dozada yuxu dərmanı içirdim. Ondan gizli içirdim. O 

bilsəydi, mənə nifrət edəcəkdi. Çünki onun bu dərmana 

ehtiyacı yoxdu. O güclüydü. Mən isə  zəif idim. Mən bu 

dərmansız qala bilməzdim. Məni qınamayın, mən hər gecə 

qüvvətli dozada yuxu dərmanı içirdim. Yerimə girən kimi və 

heç bir şey haqqında düşünməmək və o saat yuxulamaqçün 

içirdim. Təsadüfən gecə yuxudan ayılıb qulaqlarımı 

şəkləməmək, hər pıçıltıdan, hər ayaq səsindən, hər şaqqıltıdan 

diksinməmək, səssiz küçədən keçən hər maşının tormoz səsini 

dinləməməkçün içirdim. Gözlərimi qaranlıq tavana dirəyərək 

nəyisə, nəyisə, nəyisə gözləməmək, gözləməmək, 

gözləməməkçün içirdim. Kərim dayının qara lövhədə 

familiyamı pozan fırçasını yuxuda görməmək, ayrı, daha 

dəhşətli yuxular görməməkçün, bərk, daş kimi, ölü kimi yatıb 

yalnız səhər oyanmaqçün, bu gecə  də keçdi – deməkçün 

içirdim. Mən kimdən və nədən qorxurdum? Bəlkə, mən adam 

öldürmüşdüm, ev yarmışdım, hər nəysə bir cinayət eləmişdim, 

ifşa olunmaqdan qorxurdum. Bəlkə, mən siyasi bir qəbahət 

eləmiş, qeyri-ciddi bir söz demiş  və ya yanımda deyiləndə 

eşitmişdim. Yox, bu cəhətdən mənim vicdanım təmiz idi. 

Amma mən ondan qorxurdum ki, günahsızlığına başımla 

zəmanət verəcəyim 9 nömrəli mənzildə yaşayan, uzun illərdən 

bəri tanıdığım bəstəkar dostumun da heç bir təqsiri yoxdu, 

lakin bir səhər mən siyahi-lövhədən rəqəmlərin yeni düzülüş 

sırasını öyrəndim: səkkizdən sonra 10 gəlirdi. 

Mən zəif, gücsüz, iradəsiz, aciz, bəlkə də qorxaq adam idim. 

Amma allaha and olsun ki, mən özümçün qorxmurdum. Mən 

onunçun qorxurdum – Şairə yoldaşımçün qorxurdum. Ən 

böyük qəbahət istedad, ən böyük cinayət ad–san, şöhrət, 

hörmət, ən böyük təqsir seçilmək və sevilmək, ən böyük günah 

öz ağlınla düşünmək sayılan bir çağda mən onun aqibətiyçün 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə