A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə46/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   42   43   44   45   46   47   48   49   ...   168

 168 

gələndə geyinsin. Axı ORDA – getdiyi yerdə paltar dəyişmək 

imkanı olmayacaqdı. 

Qonağım gözünü divarda bir nöqtəyə zilləyərək danışırdı. 

Onun danışığında bir qeyri–təbiilik hiss olunurdu. Elə bil o öz 

şahidi olduğu  şeylər haqqında deyil, haradasa oxuduğu  şeylər 

haqqında danışırdı. 

–Nağıya axırıncı dəfə 26–lar bağının qabağında rast gəldim. 

Küçəni keçməyə hazırlaşırdım. Yolumu maşınlar kəsmişdi. 

Dayandım. Birdən kiminsə pıçıltıyla məni çağırdığını eşitdim. 

Dönüb baxdım. Dəhşətə  gəldim. Məni çağıran Nağıydı. O 

məndən beş addım aralı dayanmışdı. Mənə baxmırdı. Düz 

qabağa baxırdı. Rəngi ağappaq idi. Pıçıltıyla: "Üzünü o yana 

çevir" – dedi. O mənimlə danışmağa qorxurdu. Məni 

ləkələməkdən qorxurdu. Mən o deyən kimi etdim. Yarım 

dəqiqə maşınlar ötüb–keçənəcən uşaqlıq dostum olan bu 

adamla belə yan–yana, lakin bir–birimizə baxmadan durduq. O 

pıçıltıyla: "Məndən nə  eşitsən inanma" – dedi. Maşın axını 

qurtardı. Mən sağa, ölümə  məhkum olunmuş  və 

məhkumluğunu bilən, rəngi kətan kimi ağ, ürəyi donmuş diri 

meyit sol tərəfə getdi. Eh, danışmaqla qurtarmaqmı olar? 

Faciədən məzhəkəyə bir addımdır – deyirlər. Faciənin gülməli 

epizodları da olurdu. Bir müstəntiq bir həkimi dindirir. "Hansı 

əksinqilabi təşkilatın üzvü olmusan? Təşkilatda daha kimlər 

vardı? Məqsədiniz nə idi?". Hər sual bir şillə, hər sual bir 

qapaz, hər sual bir yumruq, hər sual bir kötək! Həkim çox kök 

idi. Onun dalınca kameraya gələndə bu 55 yaşlı kök kişi 

heyvani bir sövq-təbii hisslə qaçıb hıqqana-hıqqana, çarpayının 

altına pərçim olaraq girmək istəyirmiş. Onu darta-darta ordan 

çıxarır, istintaqa aparırlarmış. "Hansı  əksinqilabi təşkilatın 

üzvü olmusan, təşkilatda daha kimlər vardı? Məqsədiniz nə 

idi?". Hər sual bir şillə, hər sual bir qapaz, hər sual bir yumruq, 

hər sual bir kötək! Həkim heyvani bir qorunma instinktiylə 

danışmağa, ağzına gələni, gözünə görünəni, insan 

fantaziyasının yarada biləcəyi bütün rəzalətləri danışmağa 



 169 

başlayır. "Təşkilatımızın adı "Gənc Azər" idi. Üzvləri flankəs

flankəs, (yüzə  qədər adam). Məqsədimiz qiyam edib bütün 

ölkəni dağıtmaq idi. Müstəntiq yazır. Birdən sanki ayılır. 

Adları  çəkilən adamların çoxusu çoxdan ölüb. Bütün başqa 

məlumatlar da belə səf-səfədir. Həkim isə fantaziyası işlədikcə, 

dili tərpəndikcə danışmaq, sonra bircə saat dəmir çarpayının 

yumşaqlığında dincəlmək istəyir. Müstəntiq qarşısındakı kağızı 

doldurmaq, yuxarıda  şübhə doğurmamaq, dərisini qorumaq, 

başını saxlamaq istəyir. Həkim bircə saat yumşaq dəmir 

yataqda dincəlmək istəyir. Yaxşı  məşq keçmiş boksçu 

zərbəsinin gücünü sınamaq istəyir. O, yenidən həkimi döyməyə 

başlayır. Müstəntiq yazdığı cəfəngiyatları bir qırağa qoyub yeni 

kağız çıxarır. Həkim dəmir çarpayının yumşaq yatağında 

dincəlmək istəyir. Onu yarımcan halda kameraya atırlar. 

Ayılanda başı üstündə yoldaşını görür. 

–Səni kim dindirir? 

–F. 


–Eh. Onda işin  yaxşıdır ki,  balam  sən Tibb İnstitutunda 

dərs demirsən. Gəl sənə yolun öyrədim. 

Səhər həkim istintaqı səbirsizliklə gözləyir. 

–Hansı  əksinqilabi təşkilatda iştirak etmisən. Daha kimlər 

iştirak edirdi? Məqsədiniz nə idi? 

–Bu saat, bu saat yazın. Çox vacib məlumatlar verəcəm. 

–Yenə cəfəngiyat?  

Bir şillə. 

–Yox, bu səfər əsl həqiqət. Daha vicdanım məni gizlətməyə 

qoymur. Yazın. 

–Hə. 

–Mən  İnstitutda qadınlar arasında  əksinqilabi iş aparırdım. 



Bir neçə adamı təşkilata toplaya bilmişdim. 

–Hə. Kimləri? – Müstəntiqin gözləri sevinclə  işıldayır. – 

Adların de. 

–Bu saat, bu saat. Yazın R.S.D.Q. sonra V və bir də 

Kərimova Asiya. 



 170 

Müstəntiq dik atılır. 

–Necə? 

–Hə, Kərimova Asiya, sonra... 



– Dayan, dayan, Kərimova Asiya da vardı? 

–Bəs necə, o ən fəal iştirakçılardandı. Başçılarından və 

təşkilatçılarından. 

–Yox, yox siz yanılırsınız... 

–Niyə? Onu tanıyırsınız ki? Müstəntiqin dili–dodağı əsir. O, 

dodağını çeynəyərək pıçıltıyla: 

– O mənim arvadımdır – deyir. 

O biri stolun arxasında oturan ikinci müstəntiq şübhəylə bu 

tərəfə baxır. Qəzavü–qədəri bilmək olmaz. Hər anın bir hökmü 

var. Ola bilsin ki, bir az sonra bu müstəntiqlərin biri o birini 

dindirəcək, onun özünün hamıya dediyi sözləri ona qaytaracaq: 

–Biz hamısını bilirik, yaxşısı budur boynuna al. 

 Hələ  bəlkə bir şillə  də  çəkəcək. Yox, lap yəqin mütləq 

çəkəcəkdir.   İkincii müstəntiq otaqdan çıxır. Birinci müstəntiq 

yalvarıcı baxışla indicə şillələdiyi həkimə baxır: 

–Bəlkə, bu adı  çəkməyəsən. Mən də yazığam. Ailəmi 

pozma. Bizə əmr belədir ki, onsuz da boynunuza təqsir qoyub 

göndərəcəyik. Nahaq yerə mənim evimi yıxma. 

–Yox, mən hər  şeyi boynuma alıram, – deyə  həkim 

cəlladından hayıf çıxır. 

Faciədən məzhəkəyə bircə addımdır – demişlər. 

Lakin dəmir barmaqlıqlar ardında xarüqələr də olurdu. 

Qocaqlıqları  və iradələri tarixin ən böyük qəhrəmanlarını 

kölgədə buraxacaq igidlər də olurdu. 

Mühəndis Cavad göstərişlərinin hər sətrindən bir qol 

çəkmişdir. Bu o deməkdir ki, böhtanın hər sətrinə razı 

olmamışdan qabaq mühəndis şüurunu itirənəcən incidilirdi. 

Utancaqlığından beş adam yığılanda danışmağa çəsarət 

eləməyən qoca yazıçımız Seyid bütün işgəncələrə dözərək bir 

nəfərin də yalandan adını verməmişdir.  Şair Müslüm ölümə 

"Beynəlmiləl" oxuya–oxuya getmişdir. O, axıracan bayrağına 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə