A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə73/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   69   70   71   72   73   74   75   76   ...   168

 260 

günü, əzizinin matəm günü, böyük ümidinin doğulduğu gün – 

yaddaşında həkk olunan günlər, bir də bir gün – yaddaşda həkk 

olunmayan, yaddaşın sönən günü – ölüm günü – insan 

ömrünün ən vacib günləri. 

Addım səsləri Qurban kişinin qapısına tərəf yaxınlaşdı. 

Qurban kişi: "14" aprel deyə bu rəqəmi təkrar edir və 

nədənsə ömrünün ən vacib günlərini yaddaşında canlandırırdı. 

7 dekabr. 1903-cü il. İlk gizli tələbə  yığıncağı. 18 avqust. 

1904-cü il. İlk tələbə nümayişi. 

28 aprel. 1920-ci il. Bakı. İnqilab səhəri. 

22 fevral.10 sentyabr. 8 iyul. 

çar sürgünləri,  

inqilab illəri  

vətəndaş müharibəsi. 

5 oktyabr. Filankəslə son ciddi toqquşma. 

Bu gündən bəri keçən yeddi ay ərzində Qurban kişi 

ömrünün bir vacib gününü, daha doğrusu, bir vacib gecəsini də 

gözləmişdi. Hər gecə gözləmişdi. Bu gecəni gözləmişdi. 

"Deməli 14 aprel gecəsi". 

İndi artıq Qurban kişi bu tarix haqqında yox, başqa bir tarix 

haqqında düşünürdü. O bilirdi ki, bu gecə ömrünün vacib 

tarixlərindən biri olsa da, son vacib tarix deyil. O bilirdi ki, 

ömrünün bir vacib günü – bir vacib səhəri də var. Doğruya, 

ədalətə açılan səhər. Bu səhər haçan açılacaq? Hansı gün? 

Hansı ay? Hansı il? 

Addım səsləri Qurban kişinin qapısına dirəndi. 

Qurban kişi qapıya durmaq üçün çarpayısında dirəkləndi, 

ayağını sallayıb qaranlıqda gecə  məstini axtardı. Yalın ayaq 

döşəməyə toxunub üşüdü,  əsasıyla yol axtaran kor kimi 

qaranlıqda vurnuxub məsti tapdı. 

Qurban kişi sağ ayağını  məstə keçirdi, sol ayağını 

keçirmədi, hərəkətsizləşib qaldı, pillə-pillə uzaqlaşan addım 

səslərinə təəccüblə qulaq verdi. 

Üçüncü mərtəbədə iki mənzil vardı. 



 261 

Beş nömrəli mənzil iki həftə bundan qabaq boşalmışdı. Orda 

Fərəc adlı bir bəstəkar yaşayırdı. Hələ  mənzilə heç kəs 

köçməmişdi. 

Altı nömrəli mənzildə isə Cavanşir adlı bir nəfər, onun 

arvadı Tavus və altı yaşlı qızı Rəna yaşayırdı. 

Maşın döngəni burulan kimi Tavusun belində  gəzən  əl – 

Cavanşirin sağ  əli – hərəkətsizləşib dondu. Bir az sonra 

Cavanşir arvadından aralanıb dik atıldı. Tavus da gərginləşib 

susdu. Dinləməyə başladılar.  

Balaca Rəna mışıl-mışıl yatırdı: yuxusunda böyük, işıqlı, 

mavi rəngli pəncərə görürdü – pərdəsiz bir pəncərə. Kimsə ona 

say öyrədirdi: bir, iki, üç, dörd, beş. 

Bir, iki, üç, dörd, beş. Bir, iki, üç, dörd, beş. 

Maşın dayanıb addım səsləri binada eşidilən kimi Cavanşir 

Tavusa yalnız bircə kəlmə söz dedi: 

–Qurban. 

Yəqin bunu deməyə onun əsası vardı.  İki həftə bundan 

qabaq beləcə maşın səsi gələndə  də Cavanşir arvadına bircə 

kəlmə söz demişdi: 

–Fərəc. 

Mətləbdən təzə agah olanda Tavus bir müddət qaş-qabağını 

salladı. Cavanşir "Sən arvadsan, – dedi. – kişi işinə qarışma". 

İki gündən sonra Tavusun qaş-qabağı açıldı. "Mənim nə işimə, 

– deyə fikirləşdi. – Kişidi, özü bilər". Həm də bu müəyyən 

dərəcədə arxayınçılıq demək idi. Onlar barışan gecə Cavanşir 

arvadının boynunu öpə-öpə  pıçıldayırdı: "Mən heç nə 

uydurmuram, artırmıram, soruşanda bax, bu iki qulağımla 

eşitdiyimi deyirəm". 

Addım səsləri Qurbanın qapısından ötüb pilləkənləri 

qarmaqlayanda yataq ər-arvadı dalamağa başladı? Cavanşir 

əlini çarpayının yanından asdığı pencəyinin cibinə atdı, titrəyən 

barmaqlarıyla damağına papiros apardı. Yandırmadı, quruyub 

qaldı, dinlədi, pusdu, diqqətlə, diqqətlə dinlədi. 

"Bəlkə  səhv salıblar, – deyə düşündü, – yaxşı, bilmirlər 



 262 

məgər ki, bu mərtəbədə yalnız iki mənzil var. Beşinci boşdu, 

altı da ki, mənimkidi...".  

–Bura bax, Tavus, sən artıq-əskik danışıb eləməmisən ki... 

–Nə deyirsən, ay Cavanşir. 

–Axı  sənin o podruqaların ağızlarını allah yoluna qoyub 

axvayı danışmağa pərgardılar. 

–Ay Cavanşir, iki ay bundan qabaq səninlə danışdıq 

qurtardıq. Ondan sonra heç biri buraya ayaq basmayıb, mən də 

ki, onların üzünü görməmişəm. Özün ki, məndən yaxşı bilirsən 

bütün tanışlarla, qohumlarla salam-kəlamı kəsmişik. Heç kəslə 

durub-oturmuruq.  

Addım səsləri beşinçi mənzilin qabağından ötdü. 

–Ay Cavanşir, – Tavusun səsi  əsirdi. Bilmirdi desin, 

deməsin. Axır qərara gəldi, hər halda Cavanşir bilsə yaxşıdır, – 

Bilirsən, Rəna köpəyin qızı yenə o havanı oxuyurdu. 

–Nə? – Cavanşir yerindən dik atıldı. 

Sonsuz, dul bəstəkar Fərəc nədənsə bütün mehrini balaca 

Rənaya salmışdı. Təzə yazdığı  məzəli uşaq mahnılarını ona 

öyrədirdi. 

Srağagün Cavanşir qəzetlərə baxıb dünyanın işlərindən 

xəbərdar olurdu, birdən ilan çalmış kimi sıçradı: dünyanın 

işlərindən bixəbər olan Rəna balaca gəlinciyini yatızdırır, layla 

çalır, xalq düşməni Fərəcin yazdığı mahnını zümzümə edirdi. 

Cavanşir özünü elə itirdi ki, qızına, ya arvadına bir şey izah 

etməmişdən qabaq o biri otağa atılıb Rənaya, bir–iki şapalaq 

çəkdi, handan-hana sakitləşəndən sonra Tavusa dedi ki, bir də 

küçüyünün dilindən belə şey eşitsəm özündən küs. 

Addım səsləri Cavanşirin qapısına yapışdı. 

Tavus nəfəsi kəsilə-kəsilə: 

–Dünən gördüm yenə oxuyur, – dedi. – Yapışdım 

qulağından, deyir, ana, mən yadımdan çıxarmışdım, indi 

oxuyuram görüm hamısı yadımdan çıxıb, yoxsa yox. 

Bu sözləri deyib Tavus əcaib bir iş etdi – gülümsündü.  

Bu il, bu gecə, bu dəm bu mənzildə gülüş Cavanşirə ən ağır 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə