A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə74/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   70   71   72   73   74   75   76   77   ...   168

 263 

xəyanət idi. O, Tavusun qolundan tutub: 

–Sus görüm, – dedi və söydü. 

Addım səsləri onların qapısından qopub aralandı. Cavanşir 

əsəbi hərəkətlə papirosunu odladı. 

–Ay-hay, kül ağlıma, – dedi və güldü. – Tamam yadımdan 

çıxıb. Axı yuxarıda bir mərtəbə də var. 

–Dördüncü mərtəbədə, – deyə Tavus ağlamsındı. Söyüşü 

hələ də onun qulağını yandırırdı. 

"Dördüncü mərtəbə!" – deyə Cavanşir düşündü. Dördüncü 

mərtəbə? Kim ola? Kapitan? Neftçi?". 

Dördüncü mərtəbədə iki mənzil vardı. 

Yeddi nömrəli mənzildə Salayev yaşayırdı. O, Həştərxana 

gedib-gələn gəminin kapitanı idi. Həftədə üç gün evdə olurdu. 

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə – dörd gün dənizdə. 

"Bu gün cümədir – deyə Cavanşir fikirləşdi. – Deməli neftçi 

Zeynallı?  İşə bax. Kim deyərdi. Forsu adamı  yıxırdı. Axır 

vaxtlar heç salam–zad da almırdı". 

Cavanşir qulağını şəkləyib dinləməyə başladı. 

Addım səsləri yeddi nömrəli mənzilin qabağından ötüb 

səkkiz nömrəli mənzilin qarşısında susdu. 

Sonra səkkiz nömrəli mənzilin qapısı döyüldü. Bərkdən 

döyüldü. Bütün ev eşitdi. 

Altı nömrəli mənzildə Cavanşir düşünürdü: deməli belə. 

Vətəndaş Murad Zeynallı. Forsuva ki! Üç böyük işıqlı otaq da 

boşaldı. Görəsən kim köçəcək. Amma heç Zeynallının 

bozburutundan deyərdin ki, işləri yaşdı?". 

5 nömrəli mənzildə... 5 nömrəli mənzilin qapısı 

möhürlənmişdi. 

4 nömrəli mənzildə Qurban kişi var–gəl edir, düşünür, 

düşünürdü. "Bəlkə, birtəhər eləyib Moskvaya gedim, məktubu 

şəxsən özüm aparım. Görək...". 

3 nömrəli mənzildə Surxay işləyirdi. 

2 nömrəli mənzildə  Səkinə için-için ağlayırdı. Zəhra qarı 

yatmışdı. Yuxu görmürdü. 



 264 

1 nömrəli mənzildə domkom Bəşir arvadına öyüd-nəsihət 

verirdi: 

–Arvad, boş-boş danışma, – deyirdi. – Təqsirsiz heç kəsi 

aparmazlar. Görəsən nə  qələt elayib. – Sonra o, dərindən ah 

çəkib  əlavə etdi: – Eh! Süleymana qalmayan dünya, kimə 

qalacaqsan? 

Dördüncü mərtəbədə 8 nömrəli mənzilin qapısı açıldı, içəri 

girdilər. Bir qədər sonra addım səsləri eşidildi. 

Addım səsləri mərtəbə-mərtəbə endi. Binanın çöl qapısı 

açıldı, bağlandı. Maşın işə salındı. Maşın hərəkətə gəldi. Maşın 

səsi uzaqlaşıb itdi. 

Küçənin sükutu sanki səsləri   canına   çəkib hopdurdu. 

Qaranlığa qərq olmuş binada yalnız bircə  pəncərədən 

gecəyə işıq süzülürdü. 

Bağda – üstünə  qırıq qanad kimi ağac budağı  əyilmiş 

skamyada – oğlan qızın dodaqlarından öpürdü. 

Səhər tezdən domkom Bəşir  fırça və  rəng dolu vedrə 

götürüb dəhlizə çıxdı. 

Dəhlizdə qara bir lövhə üstündə ağ hərflərlə ev sakinlərinin 

ad-familləri yazılmışdı. Yalnız 5 nömrəsinin qarşısındakı famil 

qaralanıb oxunulmaz olmuşdu. Domkom Bəşir onu iki həftə 

bundan qabaq qaralamışdı. 

Bu səhər də domkom Bəşir qara vedrəsini və  fırçasını 

götürüb dəhlizə çıxdı. 

Saat yeddi idi. 

İşə  tələsən ev sakinləri Səkinə, Cavanşir, Tavus dəhlizdə 

rastlaşdılar. Bir an ayaq saxlayıb domkom Bəşirə baxdılar. 

Səkinə üşüdü, örpəyini boynuna bir də doladı. 

Bəşir kişi fırçanı qaldırıb "Zeynallı" familinə yaxınlaşdırdı. 

Birdən... 

Cavanşir və Tavus diksindilər. 

Səkinə örpəyinin saçaqlarından yapışdı. 

Domkom Bəşir durduğu yerdə mat-məəttəl donub qaldı. 

Dəhlizin çöl qapısından boz sement döşəməyə  çəpəki işıq 



 265 

düşürdü. Qapının açıq qanadından küçənin bir hissəsi, 

qarşıdakı evin pəncərəsi, pəncərənin məhəccərinə düzülmüş 

yaşıl səmənilər görünürdü. 

Ancaq dəhlizdəkiləri mat-məəttəl qoyan başqa şey idi. 

Qapıda 8 nömrəli mənzilin sakini neftçi Murad Zeynallı 

dayanmışdı. 

Murad domkom Bəşirə, lövhəyə, fırçaya, vedrəyə baxdı  və 

dərhal hər şeyi başa düşdü, ancaq qapıdan çəkilmədi. 

Cavanşir: 

–Bəs... siz... dünən gecə... maşın... – deyə dolaşıq kəkələdi. 

Bəşirin arvadı Züleyxa da qapıya çıxdı. O da təəccüblə 

Murada və dəhlizdəkilərə baxdı. 

Yuxarı mərtəbədən pillələri tez-tez düşən bir adamın addım 

səsləri eşidildi. Surxayın qoltuğundakı layihə kağızları boru 

şəklində burulmuşdu, 

Murad güləndə  ağzı qulaqlarının dibinə gedirdi, dümağ 

sağlam dişləri görünürdü. Murad: 

–Bədniyyət olmayın, – dedi. – Təcili yardım maşını idi. 

Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu. 

Tavus  əlini alnına  çırpdı, – aaa, vaxsey, – dedi..– Tamam 

yadımdan çıxıb. Fəridə axı qarnı burnunda gəzirdi.  

Züleyxa: 

–Doğrudan a, heç ağlımıza gəlməyib, – dedi. – Allah 

saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla. 

Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı. 

Səkinə nədənsə qızardı. Başını aşağı saldı. 

Taqqıltı eşidildi, fırça domkom Bəşirin əlindən sürüşüb yerə 

düşdü. 

Surxay: 


–Gözün aydın, təbrik edirik, – dedi və tələsik çıxıb getdi.  

 

*** 

Bu gecə dünyaya gələn uşaq mən idim. 



 


 266 

*** 

Hər ildə müxtəlif günlər olur, sevincli, kədərli günlər.  

İş günləri, bayram günləri, matəm günləri. 

Amma elə illər var ki, insanların hafizəsinə birrənglə  həkk 

olunur. 

Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq. 

Biz böyüyəndə bildik ki, bu qara il olub, xalq yaddaşında 

qorxu, nigarançılıq ili kimi qalıb. 

Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir. 

Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il. 

 

1964



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə