11
Bu tipli rəsmlər sırasına ilk növbədə əl-ələ verib elə bil ki, "yallıyabənzər"
rəqs edən bir qrup insan fiqurunu əks edən təsvirləri aid etmək olar.
Böyükdaş "Ovçular zağası" adlanan mağaranın üstündə oyulmuş bu
kompozisiyada arxeoloqlarımızın fikrincə, tonqal ətrafında dini mərasim xarakteri
daşıyan kollektiv ritual təsvir edilmişdir.
Araşdırmalar göstərir ki, hətta indinin özündə də Afrika və Avstraliyanın ən
ucqar yerlərində ibtidai həyat tərzi keçirən insanlar ovlarının səmərəli olması üçün
əvvəlcədən kollektiv şəkildə dini mərasimlər keçirirlər. Bu kollektiv mərasimlər,
əsasən, tonqalın və ya öldürüləcək heyvanın şəkli ətrafında olur.
Mənbələr göstərir ki, Sibirin və Orta Asiyanın qədim ovçuları da ovdan
əvvəl qaya təsvirləri üzərində belə məşqlər etmişlər. Bu təsvirlərin üzərindəki nizə
zərbəsinin izləri də qayadakı şəkillərin praktiki əhəmiyyətini təsdiq edir. Bu rəqslər
dini-sehrkar mahiyyəti etibarilə, bəlkə də Azərbaycanda ilk ayin rəqslərindən hesab
edilməlidir. Belə qrup şəklində icra edilən rəqslərin mənşəyi yeni daş dövrünün
ictimai həyatı ilə bağlı olmuşdur. Belə ki, ilk neolit maldarları heyvanları
əhliləşdirərkən
əl-ələ
verərək
kollektiv bir şəkildə işləyirdilər.
Maldarların belə birgə kollektiv
fəaliyyəti, müvəffəqiyyətli əmək
prosesindən sonra, istirahət zamanı
oyun keçirmək məqsədilə təkrar
edilirdi. Belə oyunlar tez-tez təkrar
edildikcə onların ayrı-ayrı hissələri
rəqs şəklini alırdı.
Totemizm əqidələrinin mis-
daş dövründə geniş şəkildə yayılması
maldarlığın tərəqqisi ilə əlaqədar
olmuşdur. Totemizm ilə əlaqədar olan
dini təsəvvürlər qədim və ibtidai
xalqların
hamısında
özünü
göstərmişdir.
Bu dövr rəssamı belə
ovqabağı
məşqlərdən
birini
Böyükdaşın yuxarı mərtəbəsindəki
daşda yaxşı təsvir etmişdir. Burada
çiyinlərində kaman olan beş ovçu
sıraya düzülüb vəhşi öküz rəsmi qarşısında məşq edir, yəni öküz təsvirinə ox atırlar.
Aşağıdakı, ikinci cərgədəki ovçular isə növbə gözləyirlər. Üzləri
öküz təsvirinə tərəf
olan ovçuların kaman tutan qolları görünmür. Hündürboylu, enlikü-rəkli ovçular
enli şalvarda olduqlarından onların qıçları bitişik tərzdə göstərildiyi üçün
tədqiqatçılar səhvən onları qadın təsvirləri kimi qələmə vermişlər. Bu petroqlifdə
ovçuların ov şalvarlarını bellərinə sarıdığı aşkar görünür. Bellərindən sallanmış
12
iplərə isə ov zamanı heyvan quyruqları bağlanarmış. Məşq zamanı həmin
quyruqlardan istifadə edilmədiyindən onlar təsvirdə öz əksini tapmamışdır. Bu
petroqlif, çox güman ki, inisiasiya ayininin -gənclərin ov sənətinə yiyələnməsi
ayininin keçirilməsinə həsr edilmişdir.
Böyükdaşın yuxarı və aşağı mərtəbələrində aypara şəklində cızılmış, ucu
günəş təsvirli qayıqlar da xüsusi maraq doğurur. Qayıqların içindəki adamlar düz
xətlərlə göstərilmişdir. Belə petroqliflərin balıq ovuna çıxan balıqçılara həsr
edildiyinə inanmaq olar. Lakin günəş təsvirlərinin bu qayıqlar üçün mühüm əlamət
olması
imkan verir ki, onları günəşə pərəstiş dini əqidəsilə əlaqələndirək.
Tunc dövründə Azərbaycanda dini əqidələrdən biri də günəşə pərəstiş idi.
Bu dövrün dulusçuluq məmulatlarında günəşin müxtəlif rəmzi və sxematik
təsvirlərinə tez-tez rast gəlmək olur. Bu əqidə Qobustan petroqliflərində də öz
əksini tapmışdır.
O dövrdə əcdadlara və bununla əlaqədar olaraq ölülərə də pərəstiş edilirdi.
Bu əqidənin də özünə aid ciddi və toxunulmaz atributları - əlamətləri, işarələri,
qayda və qanunları var idi. Maraqlı burasıdır ki, əcdadlara - ölülərə pərəstiş əqidəsi
üzərində günəşə sitayişin böyük təsiri olmuşdur. Misal üçün bu dövrün
kurqanlarına müraciət edək. Arxeoloq Y.İ.Hummel sübut etmişdir ki, Xanlar bölgəsi
kurqanlarının - dəfn abidələrinin tikilməsi vahid günəş "şəfəq sistemi" ideyasına tabe
edilmişdir. Tunc dövrünün qəbirlərində dulusçuluq və metal məmulatları üzərində
günəşin təsvirlərinə tez-tez rast gəlirik. Bəzən qəbirlərdə çıraqlara, ocaq qalıqlarına,
oxra ilə boyanmış qırmızı daşlara və oxra boyalarına təsadüf edilir. Belə fikir oyanır
ki, bəlkə də əcdadlarımız qəbirlərin, axirət dünyasının işıqlandırılması qayğısına
qalmış və bu məqsədlə günəşi andıran müxtəlif vasitələrdən istifadə etmişlər.
Maraqlıdır ki, indi də adam vəfat edərkən "qəbri nurla dolsun" deyirik, görünür
qəbrin işıqlı olması ideyası tunc dövrünün, ən qədim "atəşpərəstlərin" dini
mirasıdır. Beləliklə, ölülərə pərəstişin günəşə sitayişdən asılı, ona tabe olduğunu
nəzərə alaraq, mülahizə şəklində demək olar ki, Qobustanın qayıq təsvirlərindəki
adamlar bəlkə də balıqçılar yox, axirət dünyasına günəş təsvirlərinin müşayiəti
altında yola salınan ölülərdir, onların ruhlarıdır.
Qədim dünya mədəniyyətinin görkəmli araşdırıcısı Tur Xeyerdal
Qobustanın qayıq təsvirlərilə şumerlərin qayıq təsvirləri arasında yaxınlıq olduğunu
göstərmişdir. Bu yaxınlıq onların qamışdan toxunması, ayparayabənzər formada
olması, ilahi məqsədlərə xidmət etməsi ilə əsaslandırılır. O bu cür ayparaşəkilli
qamış gəmilərin ilahi mənşəyi və onların günəş allahı ilə bağlılığı haqqında belə
yazır: "Uzun illərdir ki, Ay tarixdən əvvəlki sənətin ən mühüm motivi kimi məni
məşğul edirdi. İndi fikrim məni o günlərə aparıb ki, onda qamış gəmilərin böyük
qurğuları Şumerdə, inklərdən əvvəlki Peruda və tənha Paska adasında ayparaya
(hilala) allahın gəmisi kimi baxırdılar: bu gəmidə günəş allahı və ən qədim
padşahların əcdadları gecə vaxtı göydə səyahət edirdilər. Bu etiqad qədim
şumerlərin və peruluların həm rəvayətlərində, həm də təsviri sənətlərində öz əksini
tapmışdır".