13
Şumerlərin ayşəkilli qədim gəmilərinin günəş allahı Utu ilə bağlılığı,
Qobustanın günəş təsvirli qamış gəmilərinin də günəş allahı ilə əlaqədar olmasını
deməyə haqq qazandırır.
Qədim Misirdə papirusdan toxunmuş "günəş gəmiləri"ndən fironların
dəfn ayinini keçirmək üçün istifadə edilməsi də maraqlıdır. Qədim Misir
sənətindən yaxşı məlumdur ki, günəş allahı ikincidərəcəli allahlarla birlikdə, papirus
qayığında vəfat etmiş fironu son dəfə üzmək üçün axirət dünyasına müşayiət
edirmiş.
Qobustan qayaları üzərində aparılmış elmi araşdırmalar göstərmişdir ki,
sonrakı dövrlərə aid edilən rəsmlərdə daha heç bir yenilik və orijinallıq olmamışdır.
Onlar əsas etibarilə qədim təsvirlərin kor-koranə təqlidi və təkrarından başqa bir
şey deyildir.
Qədim dövr Azərbaycan sənətkarlığını dulusçuluq sənəti ətraflı təmsil
edir.
Bu günədək əldə edilmiş gil qablar ölçüləri, formaları, üzərindəki naxışları,
materialı və bişirilmə texnologiyası etibarilə bir-birindən xeyli fərqlənirlər.
Elə bu baxımdan da alimlər qədim dövr Azərbaycan dulusçuluğunu iki
böyük hissəyə bölürlər.
Bunlardan birincisi, qırmızı gil
keramika, ikincisi, cilalanmış qara rəngli
keramikadır.
Qədim dulusçuluq məmulatlarının
qırmızı və qara rəngdə olmasının sirrini ilk
dəfə Türkiyənin dulusçuluq sənəti üzrə
araşdırıcısı Nuru paşa açdı. İndi artıq
məlumdur ki, gil qablar kürədə bişərkən,
gilin tərkibində olan dəmir duzları istiliyin
təsiri nəticəsində dəmir oksidinə çevrilir.
Dəmir oksidləri isə bişmiş qablara qırmızı,
çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər
verir. Qədim dulusçular gil qabları bu
rənglərdən azad edib, onlara qara və boz
rənglər vermək üçün texnoloji üsul axtarıb
tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki
qanuna, maddələrin istidən genişlənib,
soyuqdan sıxılması qanununa əsaslanmışlar.
Mingəçevirdən tapılmış dulusçuluq kürələri göstərir ki, onlar aşağı (ocaq)
və yuxarı (bişirici) hissələrdən ibarət olmuşdur. Bu iki hissə çoxlu deşikləri olan
arakəsmə vasitəsilə bir-birindən ayrılır. Gil qablar dulusçuluq dəzgahında
hazırlandıqdan sonra açıq havada qurudulub dulusçu kürəsinin yuxarı hissəsinə
yığılırmış. Bundan sonra istiliyi yaxşı saxlamaq üçün həmin hissəsinin qapısı kip
bağlanırmış. Ocaqda əldə edilən istilik arakəsmənin deşiklərindən keçib gil qabları
14
bişirirmiş. İstilik 800-900 dərəcəyə çatanda gil qablar tam bişib qırmızı rəng alırmış.
Bundan sonra ocaq söndürülür və kürə tamamilə soyuyandan sonra bişmiş qırmızı
məmulatlar sobadan çıxarılırmış.
Qədim dulusçular gil məmulatlara qara rəng vermək istədikdə, ocaq
söndürüləndən sonra kürənin yuxarı, bişirici kamerasında istiliyin 400 dərəcəyə
enməsini gözləyirmişlər. Ancaq bundan sonra ocaqda yaş odun yandırmaq vasitəsilə
yuxarı kameraya his (duda) buraxılırmış. Bu vaxt gil qabların xarici və daxili
səthində, istilikdən genişlənmə nəticəsində külli miqdarda boşluqlar əmələ gəldiyi
üçün his həmin boşluqlara dolur, kürə soyuduqca qabların xarici səthləri getdikcə
sıxılır və beləliklə də məmulatların kütləsinə hopmuş his, qabları qara rəngə boyayırdı.
Bu prosesdən sonra sobadan çıxarılmış qabları əvvəlcə sümük və yaxud hamar bərk
cisimlə, sonra isə yumşaq parça, xəz və mum ilə sürtərək cilalayırdılar. Bu cür üsulla
hazırlanan qara rəngli qabların səthi parlaq olurdu.
Naxçıvan rayonu ərazisi (Kültəpə, Şahtaxtı, Şortəpə və s.) e.ə. II
minillikdə qırmızı keramikanın əsas mərkəzi olmuşdur.
Bu tip keramika nümunələri, əlvan rəngli olduğu üçün ona boyalı keramika
adı verilmişdir. Alimlər sübut etmişlər ki, bu mədəniyyət Qədim İran qəbilələri ilə
iqtisadi-mədəni əlaqə nəticəsində meydana çıxmışdır. Boyalı keramika həm əl, həm də
dulusçuluq dəzgahında hazırlanırdı. Öz inkişafını tunc dövründə başlayan bu tip boyalı
qablar istehsalı dəmir dövrünə qədər inkişaf edərək bir neçə mərhələ keçmişdir.
Bu tip keramika məmulatları üzərində dalğavari, sınıq və mürəkkəb şəkilli
düzxətlər, romb, üçbucaq formalı naxışlarla yanaşı quş, heyvan, hətta stilizə edilmiş
insan fiqurlarına da rast gəlinir. Bunlar qablar üzərinə bir qayda olaraq qara, göy,
sarı, qəhvəyi boyalarla çəkilərdi.
Şahtaxtıdan tapılmış irihəcmli qab (e.ə. XVIII-XVII əsrlər) bu tip boyalı
keramika sənəti haqqında gözəl təsəvvür yaradır.
Hazırda Bakıda Azərbaycan tarixi muzeyində nümayiş etdirilən bu qabın
gövdəsi üzərində ardıcıl təkrar olunan quş, heyvan təsvirləri verilmişdir. Rəsmlərə
diqqətlə nəzər yetirsək, orada tovuz quşu, keçi və at fiqurlarının olduğunu görərik.
Dulusçu böyük məharətlə nəinki burada təsvir olunan canlıların növ və tiplərini, hətta
onların duruş və hərəkətlərini belə verməyə cəhd etmişdir.
Təsvirlərdə realist əlamətlərlə yanaşı, dekorativliyə də geniş yer
verilmişdir.
15
Cilalanmış qara rəngli keramikanın yayılma ərazisi daha geniş olmuşdur.
Bu tip keramikanın inkişafı eneolit dövründə başlayıb tunc dövründə ən yüksək
zirvəsinə çatmışdır.
Bu cür keramikaya Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və s. bölgələrin
ərazisində tez-tez təsadüf edilir.
Bu keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox
üzərindəki bəzəkləri ilə diqqəti cəlb edir. Arxeoloqlarımız bu tip keramika
nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı
növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş
adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusi ilə çox tapılmışdır.
Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış
nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi
isə inkrustasiya idi.
Xanlar bölgəsi ərazisində aparılan arxeoloji qazıntı işləri zamanı tapılmış
ağzı gen qablar üzərində bu iki texniki üsulun hər birindən məharətlə istifadə
edilmişdir. Bu qablar üzərində təsadüf edilən stilizə edilmiş insan, heyvan təsvirləri
öz üslubu ilə Qobustan qaya rəsmlərini yada salır.
Xanlar bölgəsində tapılmış, hazırda Bakıda Azərbaycan tarixi muzeyində
nümayiş etdirilən bu tipli qablardan birini nəzərdən keçirək. E.ə. II minilliyə aid bu
ağzı gen qara qabın yan tərəfindən ağ maddə ilə inkrustasiya texnikasında işlənmiş
iki ovçu və iki keçi təsviri verilmişdir. İnsan təsvirləri keçi fiqurlarına nisbətən daha
sxematik şəkildə verilərək öndən göstərilmişdir. Ovçunun sol əlində oxa-bənzər
silah vardır. Fiqurlar yuxarıda qoşa əyri xətlər arasında verilmişdir. İnsan və heyvan
fiqurlarının üzərində çoxlu nöqtələr vardır. Alimlərin fikrincə, bu onların sayca
çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini göstərir. Cilalanmış qara
rəngli keramika sənəti üzərində elmi araşdırmalar aparmış alimlər sübut etmişlər ki,
qədim keramik məmulatı qara rəngə boyamaq üçün dulusçular adi hisdən bacarıqla
istifadə etmişlər. Bu məqsədlə onlar açıq havada qurudulmuş gil qabları əvvəlcə
hamar sümük və yaxud bərk cisim ilə yaxşıca sürtərək onun üzərindəki məsamələri
doldurub bərkidirdilər. Bunu ona görə edirdilər ki, qab kürədə bişəndən və qara rəng
alandan sonra, həm də cilalanmış və parıltılı olsun. Bu qayda ilə hazırlanan mallar
tamamilə qara rəngli və cilalanmış olurdu.
Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək
Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində də öz yüksək inkişaf
mərhələsini keçirmişdir.
Qədim dövr dulusçuluq sənətinin maraqlı səhifələrindən birini də fiqurlu
keramikalar təşkil edir. Fiqurlu keramika nümunələri bu dövrdə məlum
texnologiyaya əsasən cilalanmış qara və boz rənglərdə olurdu.
Dostları ilə paylaş: |