116
avtoqrafı və ya katib tərəfindən ağardılmış sürətini görmək olar. Məktubların
əhəmiyyətini hamıdan əvvəl özü düzgün başa düşən ədib onların səliqə ilə
qorunub saxlanılması qeydinə qalmış və yaxın dostlarına da həmin məktubları
gələcək nəsillər üçün qorumağı tövsiyə etmişdir.». (Mirzə Fətəli Axundov. Əsərləri
III cild, «Elm» nəşriyyatı, 1988, səh. 5) Mirzə Fətəli ölümündən bir neçə ay əvvəl
Mirzə Melkum xana ünvanlandığı məktubda yazırdı: «Mənim sizə göndərdiyim
məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın! Bu məktublar
biz öləndən sonra gələcək nəsil üçün tarixi və əntiqə sənədlər olacaqdır» (yenə
orada. səh. 15).
«İdrak işığında» pyesində Mirzə Fətəlinin öz qəhrəmanları, xüsusi ilə
komediyalarında yaratdığı obrazlarla görüşü, dialoqu böyük maraq doğurur. Bu
səhnələr hər şeydən öncə Mirzə Fətəlinin feodal əsarəti və orta əsr geriliyinə,
fanatizmə, cəhalətə qarşı neçə ardıcıl və amansız mübarizə apardığını göz önündə
canlandırır. Kimyagər Molla İbrahim Xəlil öz əməllərindən əl çəkməmişdir,
əksinə, daha da quduzlaşmış, həyasızlaşmışdır, o, Mirzə Fətəliyə hücum çəkir, onu
təhqir edir, fırıldaqlarını «peyğəmbərlərdən qalan elm»lə ört-basdır etməyə çalışır.
O, hay-küylə cahil və avamları Mirzə Fətəliyə qarşı qaldırır. Mirzə Fətəli təmkinini
pozmur, Molla İbrahim Xəlilin hədə-qorxularından çəkinmir, əksinə, onu yeni
faktlarla ifşa edir və sonda deyir: «Get, nə edəcəksən, et! (Stolun üstündəki bir
dəstə kağızı göstərir). Budur, bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan
donos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən fəhş! Get, sən də təkfir et,
qəbulumdur». Bunları dinlədikcə, cəhalətin nə qədər dərinə işlədiyinə, zülmətin
qalınlığına, zalımın nadanlığına heyrət edirsən, eyni zamanda Mirzə Fətəli
mübarizəliyinə, əzmkarlığına, dönməzliyinə, əzəmətinə valeh olursan. Digər
tərəfdən isə böyük demokrat-yazıçının nikbinliyinə, sabaha inamına, məsləkinə,
sədaqətinə heyran qalırsan: «Hamı məndən üz döndərib və buna da səbəb mənim
həqq yazmağım, həqq danışmağım və camaatın ayıbını açıb üzünə deməyimdir.
Həqq acı isə də meyvəsi şirin olar!» Gələcəyə inam Mirzə Fətəlini dindən-imandan
uzaqda olmaqda, «bir nəfər çör-çöp yığan kafir firəngi» onun evində qonaq
saxlamaqda, «övrətinin, qızının adını camaata bildirməkdə» qınayan, bununla da
kifayətlənməyib onu donosla, Sibirlə, sürgünlə hədələyən Hətəmxanla dialoqda
daha qabarıq üzə çıxır: «Hətəmxan ağa! Mən əlimə qələm alanda rüsvayi-cahan
olmağı, təkfiri, vəhsü, hətta ölümü qəbul etmişəm. Sən nə deyəcəksən, de! Hamısı
qəbuldur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar,
sənin oğlun və nəvən anlar. Sən məni söyürsən, amma sənin oğlun və nəvən mənə
rəhmət oxuyacaqlar, yəgin bil!»
Mirzə Fətəlinin məşhur «pulu batan, malı tutulan, evi yıxılan», həm də
məsxərəyə qoyulan Hacı Qara ilə görüşü də diqqəti çəkir. Hacı Qara öz əməllərinə
məharətlə don geyindirir, «rus malı alıram, solgün çıxır, qızılbaş malı alıram, çürük
çıxır» - deyərək sızıldayır, «saqqal gətirməyə gedəndə bığı da qoyub gəldiyini»
göz yaşları ilə bəyan edir, Mirzə Fətəlidən kömək umur, ona dua edir…
Dərviş Məstəli şah isə qəzəblidir, ağzından od püskürür: «Ya hu, ya haqq!
Sənsən biz dərviş sinfini, məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən?
Sənsən cəmi əcinnə taifəsinin mənim həyətimdə olmağını inkar edən? Sənsən
mənim Parisi dağıtmağıma inanmayan?» M.Fətəlinin kimyagər Molla İbrahim
117
Xəlil, Hətəmxan və Hacı Qara ilə sərt dialoqu dərvişlə söhbətdə istehzaya,
kinayəyə çevrilir: «Səbr et, ağa dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və
kitabımda da səndən yazmağıma peşman olmuşam.» Əlbəttə, bununla dramaturq
A.Mədətov həm bütövlükdə əsərə, həm də dialoqlara bir çalar, rəngarənglik
gətirmişdir. Əsərdə Mirzə Fətəlinin Həsən bəy Zərdabi, general-qubernator D.
Staroselski, Qafqaz Canişini dəftərxanasının direktoru A.F. Kruzenştern, akademik
Dorn, Mirzə Hüseyn xan, Qafqaz Canişinliyi Baş idarəsinin direktoru N.İ.
Baranovski, Osmanlı dövlətinin sədr əzəmi, Manuklu, oğlu Rəşid bəy və digərləri
ilə təmaslarını, əlaqələrini münasibətlərini əks etdirən yazışmalar, teleqramlar,
məktublar, dialoqlar böyük mütəfəkkir-yazıçının həm həyatının, həm də bədii
yaradıcılığının, sosial fəlsəfi düşüncələrinin, tənqidi görüşlərinin, əlifba islahatı
uğrunda fəaliyyətinin və sensura ilə inadkar, fasiləsiz və fədakar mübarizəsinin
işıqlandırılmasına xidmət edir. Mirzə Fətəlinin Mirzə Yusif xanla mükaliməsi
gərgin olduğu qədər də səmimi və mənalıdır. İranın viran qalması, əlifba islahatı və
digər problemlərlə bağlı Mirzə Yusif xanın Mirzə Fətəliyə ünvanladığı saysız-
hesabsız suallara böyük maarifçi-filosof-reformator inandırıcı, təkzibolunmaz fakt
və dəlillərlə, dəmir məntiqlə cavab verir. Onun fikrincə, İran xalqının Allahın
verdiyi nemətlərdən faydalanması üçün «İran camaatı istər şəhərli, istər kəndli,
istər elat olsun, istinasız, qadınlı-kişili, Rusiya ölkəsinin əhalisi kimi, başdan-başa
savadlı olmalı, təbiətin sirlərini öyrənməli, elmin gücü və qüdrətinə arxalanmalı»,
«hər bir məsələ də avropalıların təcrübəsini tətbiq etməyi» bacarmalıdır.
Azərbaycan mədəniyyətinin iki nəhəng, parlaq siması Mirzə Fətəli və
Həsənbəy Zərdabinin əlaqəsi, əməkdaşlığı da pyesdə epizodik, lakin yaddaqalan
əksini tapmışdır. Müəllif A.Mədətov bunu, həm dahilərin məlum məşhur, tarixi
məktubları ilə, həm də mükalimələri ilə tamaşaçıya, oxucuya təqdim edir. Xalqın
iki böyük xadimi savadsızlığa, fanatizmə qarşı mübarizə yolları barədə düşünür,
problemlərin həlli üçün fikir mübadiləsi edir, qarşılıqlı tövsiyələr verir, bir-birini
ruhlandırırlar.
Mirzə Fətəli H.Zərdabiyə bildirir ki, qəzetinizin şriftindən razıyam. Amma
türk dilində mətnləri hazırlayan mühərririn işindən çox narazıyam. O, kiçik bir
elanda bağışlanılmaz səhvlərə yol vermişdir. Onu başqa bir savadlı adamla əvəz
edin. Sizin qəzetinizin əsas vəzifələrindən biri ifadənin gözəlliyi, ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Qəzetiniz dilimizi yad
ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə
olmalıdır. H. Zərdabi də Mirzə Fətəliyə xalqa xidmət yolunda yorulmamağı,
mübarizədən geri çəkilməməyi, ruhdan düşməməyi məsləhət bilir: «Boynuma alım
ki, təəccüb eyləyirəm, nədən başqaları yaşa dolduqca da təcrübələri artır, əsərləri
daha ciddi olur. Siz isə etiraf edirsiniz ki, əksinə, heç əlinizə qələm ala
bilmirsiniz». Azərbaycan mədəniyyətinin iki korifeyinin həyatı və irsi bugünkü və
gələcək nəsil üçün örnək, məktəb, beyinlərə qida, gözlərə nur verən tükənməz
enerji mənbəyi, idrak işığıdır.
Pyesdə müəllif A.Mədətov Mirzə Fətəlinin çoxşaxəli, eyni zamanda maraqlı
və mürəkkəb işini daha qabarıq vermək üçün diqqətçəkən üslubdan istifadə
etmişdir. Mirzə Fətəli - əsərlərinin qəhrəmanları, Mirzə Fətəli - müasirləri, Mirzə
Fətəli - aktyorlar, Mirzə Fətəli - oğlu Rəşid bəy kimi xətlər böyük demokratın,
Dostları ilə paylaş: |