Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə24/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

 
47
- Orda bütün gözlər üstümüzdəydi axı. 
- Heç vecimə də deyildi. Birinci addımı səndən gözləyirdim. Sən isə... 
Dodaqlarına yapışıb sözünü yarıda kəsdim. Onun vanil tamlı dili damağımda gəzişdikcə, huşumu itirməkdən qorxurdum.  
O anda, Sevili kişilik alətimlə tanış etmək, əlini qaldırıb qabaran qasığıma qoymaq keçdi ağlımdan. Amma “hələ tezdir” 
düşünüb, bu fikirdən daşınmışdım.  
Kinodan çıxıb bulvarda veyllənməyə qərar vermişdik. Dondurma yemiş, qağayılara bublik qırıntıları atmışdıq. Nəhayət, 
saatlar yeddini göstərəndə, Malakan bağının yanındakı Anadolu restoranına tələsmişdik. 
Toğrulla sevgilisi artıq bizi gözləyirdilər. Qızın qabağındakı boş fincan və yarıya qədər yeyilmiş keks, onların bizdən xeyli 
əvvəl bura gəlmələrindən xəbər verirdi.  
Sözün düzü, Toğrul mənə bir qızla tanış olduğunu deyəndə, onun da Toğrul qədər sakit, mülayim, gülərüz olduğunu 
düşünmüş, beynimdə Skandinav məsumluğu olan, həlim təbiətli gənc bir qız obrazı canlandırmışdım. Nədənsə mənim 
təsəvvürümdəki Zümrüd danışanda qızarmalıydı. Ola bilsin məhz bu şərtlənmişlik, “o”nu gördüyüm anda, zehnimdə 
qurduğum bütün konstruksiyaların darmadağın olmasına gətirib çıxarmışdı. Yekəxana, özündən müştəbeh adamlara xas 
kinayəli, istehzalı nəzərlərlə bizə baxan, üstəlik fiziki cəhətdən eybəcər bu varlığı görəndə sarsılmışdım.  
- Axşamınız xeyir, - çətinlikə dilləndim.  
- Axşamın xeyir! Xoş gəldin. – Toğrul ayağa qalxdı. Qucaqlaşdıq. – Tanış olun Zümrüd, - deyə o, bizə sevgilisini təqdim 
etdi. Stula yayxanmış Zümrüd tənbəlcə “salam” deyib, oturduğu yerdən əlimi, sonra da Sevilin əlini sıxdı. 
Heç yadımdan çıxmaz,  əvvəl iki dəqiqəyə yaxın davam edən sükut çökmüşdü masaya. Sonra Sevil kinoteatrda 
baxdığımız filmdən söhbət açmaq istəmişdi, amma kinonu düz-əməlli xatırlamadığına görə, mövzunu dəyişməli olmuş, 
bulvarda yeni quraşdırılan karusellərdən danışmışdı. Sifətindən, onun da şokda olduğu anlaşılırdı. Yavaş-yavaş başa 
düşürdüm hər  şeyi - Toğrulun son günlərdə keçirdiyi metamorfozun, danışan zaman fikrinin haralardasa uzaqlarda 
dolaşmasının, hətta qiymətlərinin aşağı düşməsinin səbəbləri indi aydın olurdu mənə. Gülüşündən danışığına qədər, hər 
şeyi ilə saxta olan bu qız, onu caynaqlarına keçirmişdi. Bunu anlamaqdan ötrü, Toğrulun gözlərinə baxmaq kifayət edirdi. 
Zümrüdün gözləri isə dərin, intəhasız mənadan xəbər verirdi. Bu dərinlik təqdir ediləsi, sahibinə şərəf gətirən bir dərinlik 
deyildi. Bu ümmandan də dərin gözlər - əsrlərin əsrarını özündə gizlədən qap-qara enerji yuvası; bu coğrafiyada, hətta 
uzaq Misirdə yaşanmış qorxulu əhvalatların, qaranlıq cinayətlərin, qəddarlıqların, qanın və hərisliyin; küpəgirən qarıların 
ən  şiddətli, açılması namümkün cadularının məlumat mərkəzi idi. Bu sürməli, Tutanxamon gözlərdən namərdlik, 
şərəfsizlik fışqırırdı və sanki bu qara magiya, əlli-yüz metr radiusdakı hər kəsi ruhdan salır, süstləşdirirdi. Əyriburun, sinə 
sümüyü çənəsinə çatacaq qədər qabaran bu qancığa, enerji vampirinə şər qüvvələrin ərməğan etdiyi butanın təsir gücü 
mənim də, Sevilin də həyat eşqimizi, sabaha olan ümidlərimizi param-parça edirdi. Ağzını hər açdığında  ətrafa üfunət 
çiləyən, Fəyyum portretlərindəki təsvirlərə bənzər bu ifritə, deyəsən Sevillə mənim keçirdiyimiz diskomfortu da sezmiş və 
üzərimizdə çaldığı qələbəyə sevinmişdi. 
Toğrul isə... O, heç nəyin fərqində deyildi. Göylərdə uçurdu, daha doğrusu quyunun dibində çapalayırdı. Onu valeh edən 
gözlərdə məsumluğun, qadına xas şıltaqlıq işartılarının çatışmadığını görməyəcək qədər kor olmuşdu. Əksinə, Toğrul bu 
gözlərdə, rəqqasələrə xas saxta təbəssümdə  məna görürdü, işıq görürdü. Nökər kimi oturmuşdu onun qarşısında. 
Zümrüdün ən ağlasığmaz tələb və arzularını yerinə yetirməyə, alçalmağa, diz üstə sürünməyə hər an hazır bir əda ilə 
baxırdı onun ilan gözlərinə. 
- Zaqatala necə keçdi? – Toğrul, yaranmış susqunluğu pozmaq üçün soruşdu.  
İndi biz onun bu mənasız sualına nə cavab verək? Sevil üzümə baxdı. O andaca Zaqatalanın sərinliyi yadıma düşdü, 
fikirləşdim ki, məmnuniyyətlə qaçardım bu tozlu, zəhərli Bakıdan. Xoruz banları ilə bir anlıq pozulan sükunəti, sonra dağ 
kəndinə çökən sakitliyi xatırladım. Sübh-tezdən həyət-bacasında eşələnməyə başlayan kəndlilər, bu iyrənc Zümrüddən 
min dəfə maraqlı, mənalı adamlardır. 
- Əşi necə keçəcək? – dedim. – Biz öz aləmimizdəydik. Sevilin tələbə yoldaşları o qədər maraqsızdırlar ki...  
Sevil gülüb, nifrətlə bizi süzən Zümrüdə baxdı və dedi: 
- Hə, oğlanlar ancaq kababı fikirləşirdilər, qızlar da Muradla mənim qeybətimi qırırdılar.  
- Bir yandan onları da qınamalı deyil. Oğlanları deyirəm. Başqa nə haqda fikirləşsinlər? – dedim. - Azərbaycanlılar 
istirahətə gedəndə gəzmək, təbiətin gözəlliyinə tamaşa etmək üçün getmirlər ki. Beyinlərində ancaq kababdı, araqdı.  
Zümrüd döşlərini əsdirərək köks ötürdü, darıxdığını nümayiş etdirircəsinə çənəsini ovcuna qoyub Toğrula baxdı.  
- Murad, sənin sözünə qüvvət, o gün professor Həsən Quliyevin kitabını oxuyurdum, elə  təxminən sənin dediyin 
mövzuya aid bir hissə varıydı orda. – Sevil dedi və gözlənilmədən Zümrüdə baxıb, - Siz professor Həsən Quliyevi 
oxumusunuz? – soruşdu. 
Zümrüd bir daha döşlərini silkələyib köks ötürdü, gözlərini süzərək üzünü Sevilə çevirdi. Kirpiklərini saniyədə  səksən, 
bəlkə də yüz dəfə titrədə bilirdi. Boğazından yox, hardasa qarnından, ya da göbəyindən yüksələn boğuq tembrlə:  
- Yox! Oxumamışam! – şəstlə dedi. 
Adətən belə səs tonu ilə, kasıb tələbənin, ya da məzuniyyətə çıxmış əsgərin “sevişmək” təklifinə qətiyyətlə etiraz edən, 
hətta belə bir təkliflə üz-üzə qalmağı özlərinə təhqir bilən “bahalı” qəhbələr danışırlar.  


 
48
- A, doğrudan!? Nahaq yerə. Professor yazır ki, normal insan təbiətin qoynunda bir anlıq da olsa romantikləşməlidir
tamam ayrı şeylər barədə fikirləşməlidir, yəni başı istirahətə qarışmalıdır. Amma azərbaycanlı təbiətə düşən kimi, həmin 
andaca beynində arxetipik istirahət obrazı canlanır, özünü kababa hazırlayır, təbiət isə elə-belə... istirahətin anturajına, 
nə bilim, fonuna çevrilir. 
Toğrul alt dodağını çeynəyə-çeynəyə gah mənə, gah Sevilə baxırdı. Həqiqətən də anlaşılmaz situasiya yaranmışdı – bizi 
sevgilisi ilə tanış etmək üçün bura dəvət edən Toğrula “təbiətin qoynunda özünü necə aparmalı” mövzusunda leksiya 
oxumağa başlamışdıq. Daha doğrusu Toğrula yox, Zümrüdə. Düzdür, Sevillə  mənim bu tip qızlardan acığımız gəlirdi, 
onları tez-tez lağa qoyub gülürdük, amma bu gün Sevil gözlədiyimdən də aqressiv aparırdı özünü. O, professordan sitat 
gətirməyə davam etdi:  
- Həsən Quliyev onu da yazır ki, müasir azərbaycanlılar bizə  məlum olmayan səbəbdən təbiətə qarşı tamamilə 
laqeyddirlər, biganədirlər. Düz deyir də, yox? Azərbaycanlıların  ənənəvi həyat tərzində hansısa mutasiya baş verib, 
nəticədə də mentallığın təbiətlə mənəvi simbiozu pozulub, yaşayış mühitinə qarşı cazibə hissi onlarda ölüb... 
Tanışlıq mərasimi alınmamış, məclis “poxa” dönmüşdü.  
 
*** 
 
Anadolu restoranında görüşməyimizin üstündən yarım ilə yaxın vaxt ötürdü. 
Toğrulla artıq düz-əməlli görüşə də bilmirdik. Dərslərdən sonra ATU-nun qarşısında saxlayan 10 ZM 555 nömrə nişanlı, 
Lexus markalı qara sedan, qapılarını açıb Toğrulu udur və yüksək sürətlə oradan uzaqlaşırdı. Bir zamanların şən, həyat 
eşqi ilə dolu, dost məclislərinin əvəzolunmaz sevimlisi Toğrulun ətrafında, indi bircə adam da qalmamışdı. O günlərdə 
Sevillə görüşlərimiz intensivləşdiyi və atamın xəstəliyi şiddətləndiyi üçün, Toğrulla aramızda yaranan məsafə bir o qədər 
də gözümə görünmürdü. Yenə də ona zəng vurmaq üçün arada vaxt tapır; keçmiş günlərdə olduğu kimi pivə içməyə, 
bilyard oynamağa dəvət edirdim. Bu dəvətlərimin onda doqquzuna verdiyi “yox” cavabları aramızda müəyyən soyuqluq 
yaratsa da, illərdir davam edən dostluğumuzu bitirməyə  tələsmirdim. Hamıdan fərqli olaraq yaranmış  vəziyyətin 
müvəqqəti olduğunu düşünür, Toğrulun bir gün mütləq bəsirətinin açılacağına ümid bəsləyirdim. 
Zümrüdü bircə dəfə görənlərin isə onun enerji vampirliyindən, eybəcərliyindən danışmağa başlaması, Toğrul və sevgilisi 
ətrafında dedi-qoduların çoxalması mənə pis edirdi. Dostumun təəssübünü çəkdiyimdən, universitetdə edilən qeybətlərə, 
pıçhapıçlara etiraz bildirib, bir-iki nəfərlə az qalsın əlbəyaxaya çıxmışdım.  
Amma Toğrulun valideynləri ilə dava edə bilməzdim. Anasının zəngi məni qəfil yaxalamışdı. O əsnada Sevillə sevişirdik. 
- Oğlum, siz yaxın dostsunuz. Ağıl qoy onun başına. Bu uşaq lap özünü itirib axı. Gecəsi gündüzü qalmayıb. Qapanır 
otağına, çıxmır ordan. Saatlarla telefonla danışır, qışqırır, ağlayır. O qız kimdi axı ay bala? Tanıyırsan? Eşitmişəm 
rəqqasədi.  
-... 
- Toğrul eləsinə vurulan oğlan deyil axı. Gördüm o gün ciyəri yanmışı. Gəlmişdi məhləyə. Həyasız köpək qızı. Toğrulun 
dalınca maşınla gəlmişdi. Təsəvvür edirsən? Biz görmüşük kişi qız dalınca maşınla gələr. Bunun heç abırı, həyası 
yoxdu?  
- ...  
- Sifətindən zəhrimar yağır. Nəyə oxşayır o ay Murad? 
- Zövqlər müxtəlifdir xala. Nə etmək olar? 
Məntiqim deyir ki, rənglər və zövqlər mübahisə predmeti ola bilməz. Ürəyim isə... söhbət həqiqətən də zövqdən gedirsə, 
əlbəttə belədir. Razılaşmamaq mümkün deyil. Amma mən, bu prinsipi Toğrula nə qədər aid etmək istəsəm, bir o qədər 
çıxılmazlığa düşürəm. Axı bu situasiyada zövqdən yox, yalnız korluqdan söhbət gedə bilər.  
Bəli, bu zövqsüzlük də deyil – korluqdur.  
Bizim ümumi tanışlarımız arasında Zümrüdü bəyənən bircə nəfərin olmaması, onu Toğrula yaraşdırmaması - məni çətin 
vəziyyətə salırdı, çünki problemin məndə olduğunu, qıza qarşı  qərəz bəslədiyimi istisna edirdi. Sözün düzü, hər kəsin 
nifrət etdiyini sevməyi, hamının başa düşdüyünü başa düşməməyi bacarmaq da qəhrəmanlıqdır bir növ. Lap Daniel De 
Fonun dediyi kimi “Hər kəs yanılır, bir mən həqiqəti bilirəm demək çox çətindir. Bəs bu doğrudan da belədirsə, o zaman 
nə etməli?” 
Toğrul üçün böyük mənada heç kəs və heç nə mövcud deyildi artıq. Hər şeyə qarşı laqeyd, hətta kinayəli olmuşdu. Hər 
kəsdən aralanmış, özünə qapanmışdı. Mənimlə dostluğunun davam etməsinin səbəbi isə, sırf onu olduğu kimi qəbul 
etməyim, Zümrüd barədə söz düşəndə isə susmağım idi. Ona bütün şıltaqlıqlarını, yerli-yersiz coşmağını,  ən adi 
sözümə, təklifimə, xahişimə qarşı əsəbi reaksiya göstərməsini bağışlamağa hazır idim - təki bu ürəkbulandırıcı, zavallı 
görkəmli Toğrul getsin, yenidən əvvəlki səmimi, cana yaxın dostum qayıtsın. 
Ayaqüstü, beş-onun dəqiqəlik söhbətlərimizin mövzusu ya birbaşa, ya da dolaylı olaraq Zümrüd olurdu. Gözləri 
işıldayaraq gələcək qayınatasından, qayınanasından, hətta baldızından belə danışırdı. 
“Qayınanamın ad gününə nə alım görəsən?” 
“Qayınatam Range Rover alıb. Ona açarlıq hədiyyə etmək istəyirəm. Yaxşı, bahalı açarlıqlar harda satılır?” 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə