Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə20/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

 
41
tutduğu körpə  oğlu ilə, qaça-qaça yolu keçirdi. Tez-tez ayaqları yerdən qopan balaca isə, görünür mağazadan istədiyi 
şirniyyatı, ya da oyuncağı almayan anasına etiraz olaraq gözlərini yumub, dodaqlarını dördbucaq formaya salıb bərkdən 
ağlayırdı. 
İnsanları başa düşmək çətin deyil. Xeyr, bəraət qazandırmalıyıq demirəm, sadəcə başa düşməkdən danışıram. Əslində 
mən də gücsüzəm, acizəm bu qeyri-insani sistemin hüdudsuz imkanları qarşısında. Repressiv aparata tuşlaya 
biləcəyimiz hansı silahımız var axı? Odur ki, bu qəddar rejimdən qorxanları qınamalı da deyil. Hər kəsdən özünü qurban 
verməsini, fəda etməsini gözləyənlər, hətta bunu tələb edənlər var. Halbuki buna haqqımız yoxdur. Bu sistem ondan 
narazı olanları, etiraz səsini yüksəldənləri qaçırdan, öldürən, işgəncə verən, ailəsinə, uşağına qarşı zorakılıq törədən, 
malını-mülkünü talan eləyən, evini yandıran, partladan, sübh tezdən ya da alaqaranlıqda evinin qarşısında alnından 
güllə ilə vuran, cibinə narkotik maddə atıb həbs edən bir sistemdir. Nə qədər danışsam da, susmağı özümə ar bilsəm də 
- mən də bu sistemdən qorxuram. 
Sənanla razı olduğum məqamlar var - xalqın mentaliteti bizi təslimçiliyə, boyun əyməyə, susmağa səsləyir. Bu “dəyərlər 
toplusu” da sistemi qane etdiyinə görə, aparat onu maksimum kultivasiya edir. Mentalitet cilalanır, ona parlaqlıq qatılır, 
inkişaf etdirilir və mümkün olan bütün kanallar vasitəsilə kütlə arasında təbliğ olunur. Təslim olan, boyun əyən xalqı 
sevmək çətindir, bilirəm, bəs bizləri bu ağır, dözülməz rəftara məruz qoyanların heçmi günahı yoxdur? 
İndi Rəna öz evində Ləmanla nahar edir. Mən isə ora getmək istəmirəm. Rəna tək olsaydı da getməzdim – ovqatım əl 
vermir. Bu gün işə də getməyəcəm. Deməli vərdiş etdiyim, artıq iyrənməkdən yorulduğum ağız boşluğu, tüpürcək, qan, 
irin də görməyəcəm. Pasientlərim beş ildir diş həkimi peşəsinə yovuşa bilməyən, işindən zövq almayan, xəstələrindən 
zəhləsi gedən bir stomatoloqun kreslosuna əyləşdiklərini bilsəydilər, görəsən reaksiyaları  nə olardı? Mənə nifrətlərini 
qusardılar, yoxsa peşəsini sevməsə də, işini yüksək səviyyədə görən stomatoloqa valeh olardılar? 
Hər bir insanın uşaqlıq arzusu olur - özü də bir yox, bir neçə. Onlardan bəziləri uzaq, geri dönüşü olmayan keçmişdə 
ilişib qalsa, zamanın dəhlizlərində yox olub getsə, aktuallığını itirsə  də - qəlbimizdə, yaddaşımızda yaşatdığımız və 
müxtəlif səbəblərdən nə tam, nə  də qismən reallaşdıra bilmədiyimiz arzularımız da var. Bu arzularla bağlı xatirələrə 
dalanda, yüngül bir hüzn saplanır ürəyimizə  və biz, bu mütəmadi kədərlə, peşmançılıq hissi ilə yaşamağa məhkum 
olduğumuz üçün, özümüzü bağışlaya bilmirik. 
Mən, atamın təlqinləri ilə diş  həkimi oldum. İndiyə  qədər də bu peşəmi, pul qazanmağın başqa üsulları  mənə  məlum 
olmadığı üçün icra edirəm. Ola bilsin yazıçı, publisistlərlə ünsiyyətim də, içimdəki realizə olunmamış arzuların doğurduğu 
kompleksdən irəli gəlir.  
Atam tez-tez olmasa da, məni anasız böyütdüyünü, həyatımı ona borclu olduğumu vaxtaşırı yadıma salardı. 
Konstruktorlara, suvenir avtomobillərə marağımdan tutmuş, məktəbdəki ilk məhəbbətimə  qədər - həyatdakı bütün 
cəhdlərim onun ülgüc kimi kəsici ironiyası ilə toqquşurdu. Uşaq olanda mənə ən əziz, ən doğma insan idi atam. Zaman 
keçdikcə anladım ki, qan qohumluğu sən demə heç nə ifadə etmirmiş bu həyatda, çünki bu qohumluq, bu bağ - mənim 
seçimim deyil. Tibb Universitetinə qəbul olunmağım - bütün başlanğıclarımı rüşeymdəcə boğan atamın qarşısındakı son 
təslimçiliyim oldu. 
Gözlərimi yumub alnımı ovuşdurmağa başladım. Rəna yanımda olsaydı yarım saat, hətta bir saat alnımı, gicgahlarımı 
zərif barmaqları ilə yorulmadan masaj edərdi. Ola bilsin başımın ağrısı heç keçməzdi də, amma mən bunu ona 
bildirməzdim.  
Şiddətli baş  ağrılarımın, müdhiş qorxularımın, günü-gündən böyüyən narahatçılığımın,  əndişələrimin məni bir gün dəli 
edəcəyini düşünüb, bu ehtimaldan vahiməyə qapılıram. Hər  şeyini itirmiş  pərişan, pəjmürdə  məcnun obrazında görə 
bilmirəm özümü. Psixiatriya kitablarında  əzab çəkən insanların çırpınışlarına və sonradan xoşbəxtliyi tapdıqlarına dair 
pafoslu hekayələrə rast gəlmək olur. İnsanlar, biz stomatoloqlara pul ödəyib  əvəzində sağlam dişlər  əldə edirlər, son 
dövrlər dəbə minən psixiatrlara dünyanın pulunu xərcləyənlər isə bir qayda olaraq: “Problem sənin özündədir, dərdinin 
dərmanı öz içindədir, ancaq özün-özünə kömək ola bilərsən” kimi səfeh-səfeh məsləhətlər eşidirlər. Bütün psixiatrlar 
buna oxşar diaqnozlar qoyub, bir-iki əsəb sakitləşdirici, hərdən də psixotrop dərmanlar yazırlar. Yenicə formalaşmağa 
başlayan milli, feodal burjuaziyamız dəniz sahilində milyonluq villalarla, “super car” avtomobillərlə yanaşı, psixiatrlara da 
meyl salıb. Bu səbəbdən, ölkədə həmişə ögey övlad münasibəti görən bu sahə, indilərdə uğurla inkişaf edir. Bəlkə də 
belə olması daha yaxşıdır. 
Görəsən mən dəli olsam, nə cür dəli olacağam – mülayim, həlim təbiətli yoxsa aqressiv? Tələbəlik illərində, sahəmizə 
aidiyyəti olmasa da, sırf maraq xətrinə psixiatriya kafedrasında oxuyan yoldaşlarımızla ruhi dispanserə, “praktikaya” 
getmişdik. Orada mən, dəlilərimizin bir qayda olaraq qəzəbli, hiyləgər, namərd xislətli olduğunu, ambisiya və iddialarında 
sərhəd tanımadıqlarını  aşkarladım. Kinolardan, sənədli filmlərdən gördüyüm Qərb ölkələrinin dəliləri isə  mənə  həmişə 
səxavətli, mülayim, şirindil görünüb. Deməli dəlilər xalqın güzgüsü, iç üzü, onun keyfiyyətinin göstəricisidir. Ola bilsin 
yanılıram, amma bu mənim müşahidələrimdir.  
Bircə ona təəssüf edirəm ki, Rəna ilə tanış olandan sonra məndə  həyata aid ağır, iztirablı ümidsizlik hissindən, ruhi 
boşluqdan heç əsər də qalmayacağına inandığım halda, bu belə olmadı.  
Rənagilə getməsəm də, heç olmasa küçəyə çıxım. Bəlkə təmiz havada bir az özümə gələrəm?  
Tünük gödəkcəmi hara tullamışam görəsən?  
 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə