Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə16/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

 
33
- Təzə yaranıb, inqilabdan sonra. İndiki hakimiyyətdən narazılar Rifaha Qayıdış adlı partiya qurub seçkilərə getdilər. 
Ölkədə  nə  qədər kloun, təlxək, avara var, yığışdı bu partiyaya. İnqilabdan sonra prezident seçkiləri ilə parlament 
seçkilərinin eyni gündə keçirilməsinə qərar verildi. RQP-nin də 125 nəfərlik parlamentdə 6 deputatı var.  
Təəccüblə ona baxdığımı görüb: 
- Sən komaya düşəndən sonra siyasətlə maraqlanmağa başladım – fəxrlə dedi. 
Güldüm. Sonra ciddiləşib soruşdum: 
- İnqilab dəqiq nə vaxt oldu? 
- Ay yarım olar. Deyirəm  ən çox arzuladığın hadisəni də görə bilmədin. Çox təəssüf – dedi və  əlimdən pultu alıb 
televizoru söndürdü – İndi sən çiməcəksən, sonra da sənin yaddaşını düzəldəcəyik. 
Çaydan bir qurtum içib alnımı qırışdırdım: 
- Necə edəcəyik bunu? 
- Hmm. Məsələn sənə suallar verəcəm, sən də cavab verəcəksən. Qorxma, kömək eləyəcəm sənə. 
- Gündəliklərim hanı bəs? 
Gözlərini qıyıb mənə baxdı. 
- Elə indi oxumaq istəyirsən? Qaça-qaçdır? 
Ayağa qalxıb stola yaxınlaşdım, ağzıma bir şokolad atdım. Bu dad üçün də darıxmışammış. 
- Rasimdən niyə ayrıldınız? 
Divanın belinə yaslanıb fincanı iki ovucu ilə tutdu, gözlərini tavana dikdi. 
- Bizimki alınmadı. Alınmayanda insanlar boşanır. 
- İnsanların hansı hallarda boşandığını təxmini başa düşürəm – gülərək dedim. – Mən səbəbini soruşuram. 
Köks ötürüb qabağa əyildi, qamətini düzəltdi. 
- Çünki səndən sonra onunla qala bilməzdim. Komada yatırdın, hər an ölə bilərdin. Mən hər gün sənin yanında 
olmalıydım, səninlə olmalıydım. İki ay reanimasiyada yatdın, sonra intensiv terapiyaya köçürdülər. Ondan sonra yanına 
buraxıldım. Özgürü də bir-iki dəfə gətirdim yanına. Rasim bunları qəbul edə bilmirdi. Onu da qınamıram, arvadı gecə-
gündüz xəstəxanada itib batırdı. 
Vicdanım sızıldadı: 
- Mənə görə nə qədər əziyyət çəkmisən – dedim.  
- Boş-boş danışma. O nə sözdür?  
- Bəs necə oldu? Birdən-birə ona dedin ki, ayrılıram səndən? 
- Bir gün dava düşdü evdə. Ağlamağımın üstündə. Qayıdıb mənə dedi ki, o adam canlı deyil, bitkidir, bu gün sabahlıqdı. 
Sonra məlum oldu ki, mən evdə olmayanda uşağa da həmin sözləri deyib, onu ağladıb. Özgür əməlli-başlı depressiyaya 
düşmüşdü. Dərslərini buraxırdı, oxumurdu. Anam da ona görə indi düşüb onun dərslərinin üstünə ki, uşaq sinifdə dala 
qalmasın. 
Divana qayıdıb yanına oturdum, yarıyacan boşalmış fincanı  əlindən aldım. Öpüşməyə başladıq.  Əllərimi döşlərində 
sürüşdürdüyümü görüb üzünü məndən araladı: 
- Buna hələ vaxtımız olacaq – dedi və ayağa qalxdı.  
Yataq otağına keçib oradan noutbukla qayıtdı.  
- Bu da sənin kompüterin. Yaxşıdı parol qoymamısan, indi yüz faiz yadına düşməzdi. 
Bərkdən gülüb, əlindən noutbuku aldım, üstünü sığalladım: 
- Parol qoymamışam, sən də əlbəttə qurdalamısan, hə? 
- Yox əşi, nəyimə lazımdır? – gözlərini bic-bic süzüb dedi.  
- Yaxşı, yaxşı mənə gəlmə də. Bəs gündəliklərim hanı?  
Sevil saxta hiddətlə noutbuku əlimdən dartıb aldı, masanın üstünə qoydu: 
- Kolonka qızıb, marş hamama! Xəstəxananın iyi gəlir səndən.  
- Sən canın, sonra çimərəm də. 
- Elə  şey yoxdu! Elə bu saat çimirsən. Xəstəxana iyi verə-verə  gəzmə evdə. Çiməndən sonra da yemək yeyəcəyik. 
Ondan sonra istəyirsən gündəliklərini oxu, televizora bax, neynirsən elə.  
- Sən həmişə belə qəddar olmusan? 


 
34
- Marş! 
Sevil məni vanna otağına tərəf itələyir, mən isə zəli kimi yapışdığım dodaqlarından qopmaq istəmirdim. 
 
*** 
 
Qara bloknotumdan əlavə, Sevil evin künc-bucağında yığılıb qalmış son bir ayın ona yaxın qəzetini də verdi mənə: 
“Bunları da oxu, faydalı olar”. Qəzetlərə sevindim, amma əvvəl bloknotdakıları oxumaq - özümlə, fikir dünyamla tanış 
olmaq üçün tələsirdim. İndi məni yalnız gündəliklərin düşündürdüyünü, gecəni onları oxumaqla keçirmək istədiyimi başa 
düşən Sevil, saat on ikiyə qalmış yanağımdan öpüb mənə “Gecən xeyrə” dedi və yatmağa getdi. Evdə ayaq səsləri 
susandan, qonaq otağının işığı sönəndən sonra özümə kofe süzüb mətbəx stolunun arxasına keçdim, bloknotu açdım və 
bir zamanlar yazdığım, bu gün isə xatırlamadığım qeydlərimi oxumağa başladım.  
Nəhayət keçmişimə səyahət edib, özümlə üzləşəcəkdim. 


 
35
II FƏSİL 
 
GÜNDƏLİKLƏR
1
 
 
 
 
“O... ömrü boyu yalan və cinayətlərlə qidalana-qidalana, qəddarlıq, şərəfsizlik  
üzərində ucalmış və anlamışdı ki, hakimiyyət tamahı – yalnız şiddətli 
hakimiyyət yanğısını doğurur, lakin, başa düşməmişdi ki, hakimiyyətdən, 
təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün deyil...” 
 
Gabriel Garsia Markes 
“Patriarxın payızı” 
                                                 
1
 Gündəliklər Muradın özü tərəfindən əlavələr edilərək bədiiləşdirilib. Apardığı qeydlərin tarixlərini isə özü silib. Qəhvə sözündən acığı 
gəldiyi üçün, roman boyu “kofe” sözündən istifadə edib (Sevil). 


 
36
Ürəkbulanma 
 
 
 
Bir, iki, üç, dörd... iyirmi, iyirmi bir, iyirmi iki... qırx altı, qırx yeddi... 
Başımı su ilə dolu sarımtıl vannadan çıxarıb tərləmiş güzgüdə bulanıq, solğun əksimlə göz-gözə gəlirəm. Əksim dərin bir 
nəfəs alır.  
Həftələrdir yuyulmayan dəsmalla güzgüdəki təri sildim, saçlarımı quruladım. Vanna otağının qəhvə  rəngli divarlarına 
eybəcər damcı  ləkələri çöküb. Onlardan birini barmağımla silmək istədim, alınmadı. Ləkə divarın canına hopmuşdu. 
Çətin ki, bundan sonra kimsə bu ləkələri silə. Bütün mənzilim kimi, vanna otağı da qadınsızlığın ağır nəticələri ilə üzləşib. 
Qadına aid heç bir iz daşımayan bu darıxdırıcı məkanda - nə ona aid şampun, nə saç balzamı, nə duş geli, nə makiyaj 
silən salfetlər - heç biri qalmayıb. Vanna otağı erotizmini itirib sanki. Cütünü itirmiş diş fırçam isə, boynunu büküb arıq 
pastaya söykənib. Əncam qılmasam, nəinki vanna otağı, bütün varlığım pas tutacaq. Gülümsəməyə gücüm də var hələ. 
Tənha olmaqla, tək olmaq arasında uçurum boyda fərq varmış. Halbuki, dərinliyinə varmasan, sinonim kimi görünür bu 
sözlər. Aralarındakı  fərqi anlamaqdan ötrü dostlarımın ötən həftə çayxanada etdiyi söhbətə bir küncdə oturub, qəlyan 
sümürə-sümürə qulaq asmalıyammış.  
Bir şairdən söhbət düşmüşdü. İndi heç adı da yadımda deyil. Dedilər “Təkəm” adlı bir şeir yazıb, özü də uğurlu alınıb. 
Əvvəl qulağıma fraqmentlərlə çatan söhbətə diqqət kəsilib qulaq asmağa başladım. Sənan ürəkdən gülmüş, sonra isə 
ciddi görkəm alıb, başını bulamışdı. 
- Gör vəziyyəti necə ağırdır. Tənha da deyil ey bu həyatda! Təkdir, tək! Yəni Allah kimi. 
Heç kim ağzımı açacağımı gözləmirdi. Yenə də: 
- Görəsən bu iddiası təkəbbürdən irəli gəlir? – soruşdum. - Yoxsa təkliyini elan etməsi ümidsizliyin, çarəsizliyin gətirdiyi 
hayqırtıdır? 
Cavab gəlmədi. Birtəhər baxdılar mənə, araya söz qatıb, söhbətin mövzusunu dəyişdilər. “Tək”  şairin poetikası bircə 
dəqiqə belə müzakirə olunmağa layiq deyilmiş. 
İndi özüm-özümə verirəm bu sualı: tənhayam, yoxsa təkəm? Bu, söz oyunu deyilsə  və ikisi arasında doğrudan da 
“uçurum boyda fərq” varsa, hansı birini mənə aid etmək olar? Hansı biri mənim ruhi böhranımı, psixiloji vəziyyətimi daha 
dəqiq, daha dolğun əks etdirir? 
Xeyr, əhatəmdə kifayət qədər insan var. Dost və sevgili adlandıra biləcəklərimdən başqa da, daim ünsiyyətdə olduğum, 
bəzən isə ünsiyyətdə olmağa məcbur qaldığım adamlar. Bu mənada özümü tənha adlandıra bilmərəm. Bəs təklik nədir? 
Təkəbbür qalası? Allahlıq iddiası? 
Təklik mənlik deyil, məsuliyyəti ağırdır. Bəs tənhalıq? 
Örtüksüz, yerbəyerindən ipləri süzülmüş nimdaş Riqa divanına sərilib gözlərimi yumdum. Yenə burnuma köhnəliyin və 
on illər  əvvəl qurumuş  nəmliyin qoxusu dəydi. Bəlkə  də atam bu nimdaş divanda əkmişdi məni, o əsnada yalnız öz 
həzzini düşünərək, nəticəni ağlına gətirməyərək, tərləyərək, yorularaq. Anam da maye halında məni bətninə - 
bəşəriyyətin ən zərif saxlanc yerinə qəbul etdiyində, təri atamın tərinə qarışıb bihuş olanda, zarıyanda və inildəyəndə bir 
əzabın, bir tənhalığın və bir çarəsizliyin bünövrəsini qoyduğunu düşünməmişdi. Axı onların heç biri, mənim indi cavab 
axtardığım sualların ağır yükü altında əzilməmişdilər. 
Uşaq yaşlarımda, böyüklər “başım ağrıyır” deyəndə, bu ağrının nə cür ağrı olduğunu, diş, yaxud da qarın ağrısından nə 
ilə  fərqləndiyini düşünürdüm. Baş  ağrısını dadmaq istəyirdim, böyükləri başa düşməkdən ötrü. Sifətindən zəhrimar 
yağan, yaşıl, qırmızı güllü xələtli anamı, başında arxadan möhkəmcə düyünlənmiş kəlağayı ilə xatırlayıram. Bu ona aid 
hafizəmdəki yeganə obrazdır. Üç yaşlı uşağın yaddaşına rəsm edilmiş, anası ilə bağlı ilk və son obraz. Sonradan baş 
ağrısı çəkən qadınlarımızın  əsasən bu üsula əl atdıqlarını, başlarını sıx çevrələyən əski-üskülərlə ağrılarını azaltmağa 
çalışdıqlarını gördüm. 
İndi bir ildir baş  ağrısı  mənim də çağırılmamış, çıxıb getmək istəməyən qonağımdır. Vücudum bütün ağrı  kəsicilərə 
öyrəşib deyə, həblər də kömək etmir. Uşaq olanda həkimlərin xəstələnmədiyini, müəllimlərin yatmadığını, yemək 
yemədiyini düşünürdüm. Budur, baş ağrılarından əziyyət çəkən bir həkim kimi, özümə əlac tapa bilmirəm indi. 
Mən tənhayam, ya təkəm – deyəsən mənim üçün fərqi də yoxdur. Lap tutaq ki, yalnızam. Bunun adı nə olursa olsun - 
əzabına dözə bilmirəm artıq. Sevmirəm bu hissi, nifrət edirəm. Dərddən, kədərdən mazoxistik həzz duyanlara isə 
paxıllığım tutur. Əzabın mənbəyini qurutmaq bir yana, o mənbəni sevməyə, ona daha çox bağlanmağa, içində daha çox 
batmağa can atırlar və bunu bacarırlar. Necə? Nə üçün? Bax bu aydın deyil mənə. 
Mənə aydın deyil bu sıxıntıdan necə narahat olmamaq; qəfəsə qapadılmış ürəyin gah zəif, gah sürətli çırpınışlarını necə 
sevmək olar? Asosial adamları görən gözüm yoxdur. Dərdinə qapanmış, bədbinliyi kultivasiya edən enerji vampirlərindən 
uzaq gəzirəm, çünki onlarla ünsiyyət zamanı  həyata, işığa, səadətə, xoşbəxtliyə inamım daha da azalır, bəzən isə 
yoxolma həddinə çatır. Sonra özümə gəlmək üçün uzun, upuzun bir zamana ehtiyac duyuram. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə