Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə12/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

 
24
- Əlbəttə oğlum. Bundan sonra hamımız bir yerdə yaşayacağıq.  
- Ata, mən ad günümə saat istəyirəm. Ana deyir ki, sən hələ balacasan. Amma mən saatı bilirəm axı.  
Martın onu Özgürün ad gündür. Yəni bir aydan az vaxt qalıb. Sevil bunu da demişdi mənə.  
- Mən anayla danışaram, sənə saat alarıq. Ürəyin başqa nə istəyir?  
- Heç nə. Saat istəyirəm. 
Mən bu uşağın körpəliyini də xatırlayıram. Hə, xatırlayıram.  Əl boyda, sifəti qırış-qırış, gözləri yumulu uşağı ilk dəfə 
qucağıma götürəndə  şiddətli hisslər keçirmişdim – hələ bir gün, bir saat əvvəl mənə tanış olmayan atalıq duyğusu 
birdən-birə bürümüşdü bütün varlığımı.  Əynində mavi rəngdə  çıqqılı kostyum, üstündə  də dovşan  şəkli. Bu həmin 
uşaqdır, bizim Özgürümüzdür. 
İki saatlıq ünsiyyət övladımı yenidən həyatımın bir parçasına çevirməyə kifayət edərmi? Doymurdum ondan, ayrılmaq 
istəmirdim. Amma qayınanam fərqli düşünür – onlar hələ evə çatmalıdırlar, uşaq dərslərini oxumalıdır, sonra yatmalıdır 
ki, səhər tezdən oyanıb məktəbə gedə bilsin. Özgürün sifətindən görünür ki, getmək istəmir, məmnuniyyətlə gecəni 
burda, xəstəxanada keçirərdi. Amma məktəb, dərs məsələsində nənəsi ilə həmrəy olmağa borcluyam.  
Üzündən ciddilik və iztirab yağan, mənimlə  nəzakətlə, amma soyuq tərzdə sağollaşan qayınanam Özgürü aparandan 
sonra Sevilin də onları ötürməyə çıxmasını fürsət bilib, doyunca yastığıma ağladım. 
 
*** 
 
Polislər ertəsi gün, axşam saat yeddidə  gəldilər. Gələn iki nəfərdən biri dəhlizdə qaldı, ikincisi isə palataya girib 
nəzakətlə salam verəndən sonra, Sevilin stuluna oturmaq üçün icazə istədi. “Buyurun, əyləşin” dedim və  pəncərənin 
qabağında dayanıb, bizə qulaq asmağa hazırlaşan Sevilə baxdım. Başı ilə “hər şey qaydasındadı” mənasında işarə elədi 
mənə. Bundan sonra hər şeyin doğrudan da qaydasında olacağına inanmamaq üçün əsasım qalmırdı.  
Özünü mayor Dadaşov kimi təqdim edən hündürboy, qumral, həddən ziyadə intellekt saçan gözlərə malik polis 
əməkdaşı: 
- Özünüzü necə hiss edirsiniz Murad bəy? – soruşdu. 
- Sağ olun, pis deyiləm.  
- Bağışlayın sizi narahat edirik, amma həkim dedi ki, sizinlə söhbət etmək olar.  
- ... 
- Mən sizə qəza barədə bir neçə sual vermək istəyirəm.  
Səsindəki məlahət, nəzakətli davranışları, yaraşığı, boy-buxunu məndə qeyri-adi, izahını tapmaqda çətinlik çəkdiyim 
hisslər oyadırdı. Hətta, gülməli də olsa, mayor Dadaşov danışdıqca, polisin belə tərbiyəli olmağa haqqının çatmadığını 
düşünürdüm.  
- Buyurun. Eşidirəm sizi.  
-  Əvvəlki quruluşda aparılmış istintaqlar, yumşaq desək  şübhə doğurduğundan, biz işlərin hamısına olmasa da, bir 
qisminə  təzədən qayıdırıq. Həmçinin sizin işinizə  də – gülümsəyib qovluğu açdı, içindən kağızları  çıxartdı. - Qəzanın 
olduğu gün, mərhum Toğrul Əsədovla hara getdiyinizi, hardan gəldiyinizi xatırlayırsınızmı? 
- Nə bilim – dedim və aciz-aciz mayorun üzünə baxdım. – Yadımda deyil. 
- Ümumiyyətlə heç nə yadınızda deyil? Məsələn Şamaxı rayonu.  
- Y... yox. Doğrudan yadımda deyil.  
Beynimi zorlayıram, gərirəm özümü, yada salmağa çalışıram amma poxa qalmış hafizəm qayıtmır ki, qayıtmır!  
- Komadan çıxandan sonra, olub ki, nəyisə yada salmısınız?  
-  Əlbəttə. Uşaqlıq illərimə aid bəzi epizodlar yadıma düşür. Valideynlərim də yadımdadı elə bil. Bu gün də öz oğlumu 
tanıdım – deyib təbəssüm etdim.  
Mayor da gülümsündü. Gözləri isə... gözlərindəki bu qəribə ifadəni, qığılcımı bilmədim hara, nəyə yozum.  
- Bəs Şeyla adlı qadın yadınızdadır? 
Bayaqdan üzünü pəncərəyə çevirib bayıra baxan Sevil, mayorun növbəti sualını eşidəndə diksinən kimi oldu, tez mənə 
baxdı. Bu hərəkəti, mayorun da gözlərindən yayınmadı. “Şeyla” adını  eşidən Sevilin nə üçün belə  əsəbi reaksiya 
göstərdiyini başa düşmədim. Gözlərimi ondan ayırıb mayorla göz-gözə gəldim. 
- Şeyla? Yox, yadımda deyil. Şeyla kimdir? 
Mayor Dadaşov fit çalmağa hazırlaşırmış kimi dodaqlarını büzüb başını tez-tez yırğaladı: 


 
25
- Aydındır. Deməli gözləməli olacağıq. Yoldaşınızda mənim kartım var. Yaddaşınız tam bərpa olunan kimi, xahiş edirəm 
mənimlə  əlaqə saxlayın. Cinayət işi hələ  də açıq qalıb – kağızları  təzədən qovluğa yığa-yığa dedi. – Ancaq sizin 
köməyinizlə bu işi bağlaya bilərik. 
- Cənab mayor – qəfildən dedim. 
Bu gün heç bir sualına cavab ala bilməyəcəyini anlayan mayor, artıq getməyə hazırlaşdığı yerdə ona nəsə demək 
istədiyimi görüb sevindi, bir az da gərginləşdi. Gözlərini maraqla üzümə dikib həyəcanla: 
- Buyurun – dedi. 
- Heç – dedim. – Yox, heç nə – gülümsəməyə çalışdım. – Sonra danışarıq. Özümə gəlim, mütləq danışarıq. 
Mayor məyus olsa da üzə vurmadı və başının hərəkəti ilə razılığını bildirib Sevilə baxdı. 
- Bağışlayın xanım, sizi də narahat etdik.  
Ayağa qalxan Sevil: 
- Yox, yox xoşdur. Heç bir narahatçılıq yoxdur – üzünə mülayim ifadə qatıb dedi. 
- Murad bəy siz də tez sağalın. Ümidvaram tezliklə sizinlə yenə görüşəcəyik. 
Mayor Dadaşov getdi. Mən isə hələ də onun ardından bağlanan qapıya baxırdım. Yox, bu polisin davranışları, danışığı, 
üzündəki intellekti bir mənalı olaraq qəribədir, qeyri-adidir.  
Dəqiq bilirəm ki, polis belə olmamalıdır.  
 
*** 
 
Ənənəyə uyğun olaraq içdiyim toyuq şorbasından sonra Qəmər gəlib iynəmi vurdu. Zalım qızı hələ palatadan çıxmamış, 
gözlərim yumulmağa başladı. Bu əclaf ağrı kəsici, həm də yuxu gətirir. 
Yanımda oturub əlimi sığallayan Sevildən: 
- Rasim kimdir? - soruşdum.  
- Özgürün atalığı. 
Əlavə nəsə deməyə, dəqiqləşdirməyə halım olmasa da, birtəhər soruşdum:  
- Doğrudan? İndi onunla yaşayırsan?  
- Yox. Əvvəl yaşamışıq. 
- Sevil... Mayor əvvəlki quruluşdan zaddan danışdı. Əvvəlki quruluş nədir?  
- Uzun söhbətdi. Sabah sənə hər şeyi danışaram. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə