Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə11/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

 
22
 
*** 
 
Özgür nadinc, hiperaktiv uşaq olsa da, dərslərini yaxşı oxuyan, tərbiyəli şagird imiş. Nadincliklə tərbiyəli olmağı uzlaşdıra 
bilən oğlumla artıq fəxr edirdim. Sevilin sözlərinə görə, məni “dünyalar qədər” istəyirmiş, pizzanı da çox sevirmiş.  Ən 
böyük əyləncəsi luna-parkda karusellərə minmək və rəsm çəkməkmiş. Sevil deyir ki, səkkiz yaşlı bir uşağı xarakterizə 
etmək üçün, bu qədər məlumat kifayətdir.  Əsas odur ki, bir ailə kimi yaşadığımız illərdə  və ayrılandan sonra, onunla 
necə vaxt keçirdiyimizi, ona hansı hədiyyələri aldığımı bilim. Çünki bu barədə söhbət açılsa, uşaq nəyisə yadına salsa 
məndən bunun təsdiqini gözləyəcək. Bu məqamda da yaddaşım mənə dönük çıxsa, Özgür pərt ola bilər. Ona görə də
ortaq xatirələrimiz barədə məlumatlı olmalıyam. 
- Hamısı yadında qalacaq? – Sevil gülə-gülə soruşdu. 
- Çalışaram yadımda saxlayım – çaşqın halda dedim. – Səndə şəkili var? 
- Əlbəttə. 
Sevil çantasından çıxartdığı mobil telefonunda bir az qurdalanıb  şəkli tapdı  və telefonu mənə verdi. Əllərim  əsə-əsə 
cihazı götürüb displeyə baxdım.  Şəkildən üzümə yaraşıqlı, zərif üz cizgilərinə malik, iri gözləri olan, saçları az qala 
çiyinlərinə çatan bir oğlan uşağı gülümsəyirdi. Düşüncəli, ağıllı gözləri olan bu uşağı necə tanımayım?  Əlbəttə bu üz, 
burun, dodaqlar doğmadır,  əzizidir mənə. Onları necə unutmaq olar? Gözlərimin yaşlanmasından, dodaqlarımın 
titrəməsindən utandım.  
Sevil isə xoşbəxt görünürdü. Həyəcanla soruşdu: 
- Deyəsən tanıdın? 
- Hə, tanıdım. Sevil... 
- Ay can. 
- Mən yaxşı ata olmuşam? 
- Olmusan nədir? Sən indi də çox gözəl atasan.  
Özümdən asılı olmadan gözlərim yumulur, bütün ağırlığı ilə üstümə çökən yuxuya müqavimət göstərə bilmirdim. Yəqin 
iynələrin, dərmanların təsiridir. Sevil yastığımı, ədyalımı düzəldə-düzəldə “Yat, bir az yuxunu al” deyir mənə. Heç özümə 
də aydın olmayan, başa düşmədiyim sözlər mızıldanıb yuxuya gedirəm.  
Axşam beşdə oyananda başım yüngülcə  ağrıyırdı. Bəlkə  də  həyəcandandır. Həmişəki kimi Sevillə  gəzintiyə  çıxıb, 
dəhlizdə bir saata yaxın avaralandıq. Onu da deyim ki, bir az sonra oğlumu görəcəyəm deyə çox ünsiyyətçil olmuşdum. 
Bu günlər  ərzində tanış olduğum bir-iki xəstə ilə ayaqüstü söhbət eləyib, hətta biri ilə  Qəmərin qeybətini qırmışdım. 
Üzbəüz palatada yatan əlli yaşlı Oqtay dayı eyvanda siqaret çəkməyi təklif edəndə isə, gözlərimi qeyri-ixtiyari olaraq 
Sevilə zillədim. Bu baxışlar, siqaretə münasibətim barədə ona ünvanlanmış səssiz sual idi. Sevil “sən də çəkən olmusan” 
cavabı ilə  məni xeyli təəccübləndirdi. Deməli çəkən olmuşam. Ola bilsin çəkmişəm, amma əlli yaşlı  xəstə ilə soyuq 
eyvana çıxıb, ciyərlərimə tüstü doldurmaq nəsə cəlbedici görünmür mənə. Kişiyə elə belə də dedim. Eynilə mənim kimi 
avtomobil qəzası keçirən amma yaddaşını itirməyən Oqtay deyəsən ikimizdən də inciyib bizə acıqlı-acıqlı baxdı  və 
eyvana tək çıxdı.  
Sevil gülə-gülə qoluma girib: 
- Nədi? Qəzadan sonra siqareti də atmısan? – dedi. 
- Hə, deyəsən elə olub. Heç dadı da yadımda deyil, inanırsan. 
- Əladır ki.  
- Bilmirəm – tərəddüdlə dedim. - Bəlkə nə vaxtsa yenə çəkməyə başlayaram.  
Sevil ayaq saxlayıb gözlərini süzə-süzə üzümə baxdı: 
- Sən allah lazım deyil. Guya fərli şeydi. 
 
*** 
 
Hər gün olduğu kimi, bu gün də saat altıdan sonra dəhliz canlandı, səslər səslərə qarışdı - xəstə yaxınlarını içəri 
buraxmağa başlamışdılar. O əsnada çarpayıda yarı uzanmış  vəziyyətdə oturmuşdum, tumboçkanın üstünü sahmana 
salan Sevillə söhbət edirdim. Mənə işindən, kollektivdən, müdirindən, aldığı maaşdan danışdı, sonra da yanımda qala 
bilməkdən ötrü götürdüyü məzuniyyətin bir həftə sonra bitdiyini dedi.  
- Sən də o vaxta qədər çıxacaqsan burdan. Narahat olma.  
Sevil nə danışır?  Əsla narahat deyildim. Mənim üçün harda olmağın bir o qədər fərqi yoxdur – təki Sevil hər zaman 
yanımda qalsın, mənə dayaq olsun. Sevirəmmi onu? Bu qeyri-adi duyğunun, Sevili hər gördüyümdə, ona hər 
toxunduğumda sinəmdə hiss etdiyim şirin sancının sevgidən başqa adı varmı? Nəinki onun qədər, hətta ondan əvvəl 


 
23
kimisə sevdiyimə, bu qədər bağlandığıma, aşiq olduğuma inanmıram, inana bilmirəm. Həyatımda Sevildən başqa bir 
qadının olması ehtimalı çox gülünc görünür mənə. Ola bilsin yanılıram, həyatımda başqa qadınlar da olub. Lakin indi... 
indi Sevil mənim hər şeyimdir – sevgilim, anam-atam, dostum, sirdaşım. Doğrudan da, ondan başqa kimim var axı? Heç 
kimim. Belə  çıxır ki, yalqız, kimsəsiz adamam. Valideynlərimin olmamasını başa düşdüm – bəs dostum, yoldaşım? 
Bunlardan da yoxsunam? Olsun. Onsuzda Sevil mənə  bəs eləyir. Həyatımda ondan qeyrisini təsəvvür edə bilmirəm. 
Amma yenə də... istərdim ki, Sevildən başqası da bu qapını açsın.  
 
*** 
 
Qapı  əvvəl döyüldü, sonra ehtiyatla aralandı. Özgür nənəsi ilə aralı qapıdan içəri boylananda, ürəyim sanki yerindən 
qopub dabanlarıma endi. İkisi də məni görüb duruxdular. Nədənsə mənə elə gəldi ki, qayınanamın məndən acığı gəlir. 
Ya da qorxur. Qınamıram onu - yaddaşsız adamlar həqiqətən də qorxulu olurlar. Dünən danışdığın, deyib-güldüyün 
adam ertəsi gün səni tanımırsa, bunun çox sarsıdıcı, eyni zamanda adamı vahiməyə salan bir hadisə olduğunu təsəvvür 
etmək çətin deyil. 
Oğlum isə eləcə donub qalmışdı qapının ağzında – bilmirdi yaxınlaşsın yanıma, yoxsa mənim ona doğru gəlməyimi 
gözləsin. Ayaqlarımı yerə basıb çarpayıda otura bildim ancaq. Durmağa, addım atmağa taqətim yox idi, ağrılarım 
başlamışdı yenə. Sevilin telefonundakı  şəkildə görüb tanıdığım uşaq idi qarşımda dayanan. İndi daha yaxşı  işləyirdi 
beynim, daha aydın idi şüurum. Mən bu ağıllı gözləri, min gözün içindən seçərdim. Mən bu məsum, utancaq üzü, 
şabalıdı saçları, ifadəli burnu, al dodaqları altı ay yox, altı il komada qalsaydım da xatırlayardım. Bilirəm ki, onu bağrıma 
basmaq üçün qapıya cummalı, Özgürümü qucaqlamalı, öpməliydim. Canımdan, qanımdan bir parçanı görürdüm uzun 
ayrılıqdan sonra. Həyəcanımı cilovlamağa çalışsam da, bu məndə pis alınırdı – titrəyən dodaqlarım, sızıldayan burnum 
iradəsizliyimin bariz göstəricisiydi. Oturduğum yerdə daş olmuşdum, hərəkət edə bilmirdim. Sevil palataya çökən sükutu 
pozmaq üçün Özgürə: 
- Gəl də atanın yanına, orda niyə durmusan – dedi. 
Sanki bayaqdan anasından bu sözləri gözləyirmiş kimi, əvvəl ürkək, sonra isə  əmin addımlarla yanıma yaxınlaşıb 
bərkdən sarıldı mənə. Onu qucaqladıqdan sonra anladım ki, bu duyğu da mənə tanışdır, bu qoxu da. Əlbəttə bu, mənim 
balamın qoxusudur. 
Özümü saxlaya bilməzdim daha - Özgürü möhkəmcə sinəmə basıb səssizcə ağlamağa başladım. Artıq nə Sevili görürdü 
gözlərim, nə  də qayınanamı. Sevillə anası isə  həyəcan və  təşvişlə baxırdılar mənə. Deyəsən belə bir duyğu selinə 
qapılacağımı, hisslərimə təslim olacağımı gözləmirdilər. Özgürü yanaqlarından ehmalca tutub özümdən azca araladım. 
Göz yaşlarımı tez-tələsik silib, gərgin havanı yumşaltmaqdan ötrü:  
- Maşallah, nə böyük oğlan olmusan – dedim. 
Oğrun-oğrun baxır mənə, gözlərini qaçırdır. Onu danışdırmalıyam ki, açılışsın. 
- Necəsən oğlum? 
- Yaxşıyam ata – dedi. Göz-gözə gəldik yenə. - Sən nə çox yatdın. 
- Hə oğlum, bir az çox oldu. Darıxmışdın mənim üçün? Gəl otur yanıma.  
Onu çarpayıya oturdub əllərini  əllərimə götürdüm. Sonsuza qədər bax belə oturmağa, oğluma qulaq asmağa, səsini 
dinləməyə hazır idim.  
- Çox darıxmışdım. Ana deyirdi ki, ata yuxudan duracaq. Amma Rasim deyirdi ki, atan ölür.  
Çaşqın halda Sevilə baxdım. Dodaqlarını büzüb təəssüflə başını buladı. Başa düşdüm ki, uşağa sual verməməliyəm. 
- Yox oğlum, görürsən ki, ana deyən düz çıxdı. – saçlarına sığal çəkdim. - Dərslərini necə oxuyursan?  
- Yaxşı. 
- Mən biləni şəkil də çəkirsən, hə? 
Sevincdən gözləri parıldadı. 
- Hə, ata. O gün zooparka getmişdik, orda qonur ayı var e, onun şəkilini çəkdim. Məktəbdə ən yaxşı rəsm mənim ayım 
oldu. 
Sevil gülümsünüb: 
- Özgür məktəbin ən yaxşı rəssamıdır – dedi.  
- Doğrudan!? Təbrik edirəm səni – deyib bir daha ona sarıldım. Boynundan öpdüm.  
- Ata, sən burdan haçan çıxırsan? 
- Görək də. Az qalıb. Üç-dörd günə çıxaram. 
- Biz bir yerdə yaşayacağıq? – gözlərini döyə-döyə soruşdu. 
Yenə Sevildən mədəd umarcasına üzünə baxdım. Başını yüngülcə endirib qaldırmasından anladım ki, uşağa müsbət 
cavab verə bilərəm. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə