Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə14/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

 
28
- Səninlə Rəna haqqında da danışırdım? 
- Hə, danışmışdın. 
- Nə münasibətlə? – gülüb soruşdum.  
- Demirəm bəs görüşmüşdük səninlə? Sənin evində. Ayrılandan sonra birinci dəfə gəlmişdim o evə. Söhbət eləmişdik
hətta... sevişmişdik.  
Sevil ehtiyatla məni çarpayıya oturtdu. Qızarmışdı. Bilmədim öz etirafından utanıb, yoxsa soyuqdan istiyə düşdüyü üçün 
qızarıb. 
- Ərim ola-ola sevişmişdim səninlə - deyib laqeyd tərzdə üzümə baxdı. 
Özümü nasaz hiss edirdim, canıma üşütmə düşmüşdü. Deməli orqanizmim hələ zəifdir. Bəs necə? Altı aylıq komadan 
sonra insanda müqavimətmi qalar? Hələ bu qədər gəzə bilirəmsə böyük şeydir.  
- Nə olub sənə? 
- Nəsə ürəyim qalxdı – üzümü turşudub dedim. 
- Bəlkə qatıq aldırım?  
- Yox, lazım deyil.  
Uzanıb başımı yastığa atdım, gözlərimi yumdum. Hə, belə vəziyyətdə özümə gəlirəm deyəsən.  
- Səni başa düşə bilmirəm – acıqlı-acıqlı dedim.  
Sevil stula əyləşib nəvazişlə əlimi tutdu, sığallamağa başladı.  
- Fizoterapiya kursun sabah qurtarır. Zöhrab dedi ki, evdə yavaş-yavaş yaddaşın yerinə gələcək, düzələcəksən. Bir-iki 
günə çıxırsan buradan. Tələsmə, evdə hər şeyi başa düşəcəksən. 
- Necə başa düşəcəm? – göz qapaqlarımı aralayıb Sevilə baxmaq istədim amma gözlərimi ancaq yarıyacan aça bildim. 
Başıma yenə sancılar saplanırdı – Necə? Mənə elə gəlir ömür boyu elə belə də qalacam. Yaddaşsız. Ot kimi. 
- Axmaq-axmaq danışma! Həkim deyib ki, müvəqqətidi. Səninlə çoxlu söhbət edəcəyik,  şəkillərə baxacaqsan, elə öz 
yazdıqlarını da oxuyacaqsan. Bunlar hamısı sənə kömək edəcək də. 
Dik atıldım. Başımdan gic bir ağrı qopsa da soruşdum: 
- Nə yazmışam ki? 
Sevil təlaşlandı. Yəqin nəyisə düz, ya da vaxtında demədiyini fikirləşdi. Tərəddüdlə: 
- Heç. Gündəlik tutmuşdun. Onu deyirdim. 
Tərs-tərs baxdım ona: 
- Gündəlik tutmuşam? Mən?  
- Hə, burda nə var ki?  
- Yoxsa sən də oxumsan onu? 
Gözlərini məndən qaçırdıb: 
- Yooox. Elə belə vərəqləmişdim – dedi.  
Verdiyim sualdan ötrü peşman oldum. Mənim vəziyyətimdə olan bir adam da gündəlik dərdi çəkər? Oxuyur oxusun da. 
Əlindən dartıb özümə sarı çəkdim onu. 
- Əcəb eləmisən. Heç təsəvvür eləmirəm, orda nə yazmışam, nə yaza bilərəm. 
Sevil ruhlandı: 
- Oxuyarsan görərsən. Çox marqlıdı. Əgər oxumağı da yaddan çıxarmamısansa. 
Sinəmdə ağırlıq hiss etsəm də qəhqəhəylə güldüm. Dodaqlarını öpməzdən əvvəl: 
- Bəs deyirdin elə-belə vərəqləmisən? – göz vurub soruşdum. – Qapını bağlasan pis olmaz. 
 
*** 
 
Bilmirəm necə oldu - bu gün beynimdə, ya da fiziologiyamda nə dəyişdi, hansı “klapanlar” işə düşdü ki, sevişməyə belə 
həvəsli oldum? Sevilin bir toxunuşu bəs elədi ki, alətim maqma püskürməyə hazır vulkana çevrilsin. Arzularım açıq və 
bəlağətli idi - nə istədiyimi, nəyi necə edəcəyimi dəqiq bilirdim. Dəmir əllərimlə bərk-bərk sarıldım ona, bağrıma basdım. 
Qışın  ətrini aldığım, tamını duyduğum dodaqlarını  dəqiqələr boyu, doymadan çılğınca öpüm. Öpüşdükcə,  əllərim 
bədənində  gəzişir, vücudunun hansı nöqtələrinə  təmasımdan həzz aldığını intuitiv anlamağa çalışırdım. Dumanlanmış 


 
29
gözlərindən, dartınmış  bədənindən, sərtləşmiş döş gilələrindən onun da artıq hazır olduğunu başa düşəndə, yalvaran 
gözlərlə baxdım ona – gözləməyə taqətim qalmamışdı artıq. 
Yaddaşı pozulmuş bir kişi, altı aylıq uzun fasilədən sonra seksi yenidən kəşf edəndə hansı hisslər keçirir? Heç bilmirəm 
bunu təsvir etməyə qadir qələm tapılarmı dünyada? Bircə onu deyə bilərəm ki, bu əsrarəngiz ayinin iştirakçısı olmaq 
duyğuların ən gözəli, çox az adama qismət olan əlahiddə hadisədir.  
Sözümün canı - altı ay gözləməyə dəyərdi. 
 


 
30
Evdə 
 
 
 
Xəstəxanadan çıxdığımız gün yağış yağırdı.  
Evə gedirik deyə, sevincindən özünə yer tapa bilməyən Sevil, gah koridora qaçıb sanitardan nəsə soruşur, gah palataya 
qayıdıb dolabın içində  eşələnir, mənə  mənasız suallar verir, rabitəsiz sözlər danışırdı. Həyəcanını başa düşsəm də, 
bölüşmürdüm. Axı  mən burdan çıxıb hara getdiyimi də düz-əməlli bilmirəm! Xəstəxanadan çıxmaq, bu divarların 
arxasındakı dünyanı tanımaq, keçmişimi xatırlamağa çalışmaq, yeknəsəqlikdən qurtulmaq istəyirəm istəməyinə, bəs 
sonra? Gedəcəyimiz evi yadıma sala bilmirəmsə, Sevilin “evə dönüş” həyəcanını necə bölüşə bilərəm?  
Sevil qamətini düzəldib “Mən hazır, gedə bilərik” deyəndə, Zöhrab içəri girdi. Boşalmış palataya gülümsəyərək göz atıb 
divana oturdu, yerini rahladı. Başa düşdüm ki, uzun-uzadı  nəsə danışacaq, bizə moizə oxuyacaq. Yanılmamışdım – 
evdə keçəcəyim müalicə kursu, fizioterapiya seansları, qida qəbulu barədə on dəqiqəyə yaxın təlimatlar verdi. Sonda da 
əlavə etdi ki, bir problem yaransa, psixoloji yardıma ehtiyacım olsa Əlixan adlı psixiatrla əlaqə saxlaya bilərəm. Problem 
deyəndə ki, yaddaşım uzun müddət bərpa olunmasa, psixiatrın köməyi lazım ola bilərmiş. Sevil Əlixanın nömrəsini 
telefonuna qeyd edib Zöhraba təşəkkür etsə  də, “Murada psixiatr zad lazım olmayacaq, özü düzələcək” deməyi də 
unutmadı.  
- Təki siz deyən olsun. Amma reseptdə yazdığım dərmanları mütləq alın. Baş ağrılarınız sizi narahat eləməsin, get-gedə 
azalacaq. Gərək daim hərəkətdə olasınız, təmiz havada çox qalsınız. Yeməyinizə də fikir verin. İnanıram ki, Sevil xanım 
sizə yaxşı baxacaq – deyib Sevilin üzünə mülayim nəzər saldı. 
Zöhrab danışa-danışa  əynimə gödəkcə geyindirən Sevil, həkimə minnətdarlıqla baxıb “əlbəttə” dedi və boynuma şərfi 
dolayıb, iri çantanı yerdən götürdü: 
- Bax belə. Doktor, biz hazırıq. 
Əlini çiynimə qoyan Zöhrab, liftə qədər bizi müşayiət etdi.  
-  Əsas odur ki, qorxmayasınız, həyəcanlanmayasınız. Mütləq düzələcəksiniz, özü də beyniniz əvvəlkindən də yaxşı 
işləyəcək. Sadəcə səbrli olun. 
Sevil liftin düyməsini basıb həkimin əlini sıxdı.  
- Çox sağ olun doktor. Hər şey üçün sağ olun. 
Mən də  əvvəl ona əlimi uzatdım, amma kiçik tərəddüddən sonra qucaqladım.  İki dəfə kürəyimə yavaşca vurub ata 
məhrəmliyi ilə: 
- Özünüzdən muğayat olun – dedi. – Bir də buralara yolunuz düşməsin. Həmişə belə möhkəm qalın. 
- Sağ olun doktor. Hər şey üçün sizə təşəkkür edirəm.  
Doktor Zöhrab, birmənalı olaraq yadımda peşəkar həkim və cana yaxın insan kimi qalacaqdı.  
 
*** 
 
Küçəyə  çıxar çıxmaz, çəpəki yağan yağış  şiddətlə üzümüzə  çırpıldı. Xəstəxananın qarşısında gözləyən çoxsaylı 
taksilərdən qapıya ən yaxın olanına özümüzü atıb yola qoyulduq. İlk dəfə xəstəxana ərazisindən kənara çıxdığım üçün 
hər  şey maraqlı görünürdü mənə. Parlament prospekti ilə irəliləməyə başladığımızda yol boyu düzülmüş plakatlarda 
yazılan şüarları oxumağa başladım. Onların çoxu, Avropa Birliyinin bayraqları ilə bəzənmiş dirəklərin üstünə vurulmuş 
dördkünc lövhələrə yazılmışdı: “Azadlıq, Demokratiya, İnsan hüquqları”, “Korrupsiyaya yox deyək!”, “Tək yolumuz 
demokratiya!”, “Şah qanun deyil, qanun şahdır”, “Dövlət insanın xidmətində”, “İqtidar xalqın xidmətçisidir”, “Avropanın 
liberal dəyərlərini mənimsəyək!”, “Dini fanatizmə və ekstremizmə yox!”...  
Sevil lövhələri maraqla oxuduğumu görüb: 
- Əvvəllər belə yazılar nə gəzirdi – dedi. – Bunların hamısı yeni quruluşun fəaliyyətidir. Xalqı maarifləndirmə proqramını 
işə salıblar – güldü. – Xalq isə deyir ki, “təzə iqtidar içimizdəki qulu öldürür”. 
Susuram - nə şərh verə, nə bir söz deyə bilmirəm. Bulanıq yaddaşımda aydın olmayan, əyri-üyrü görüntülər peyda olub 
təzədən yoxa çıxır. Bu şüarların yeni olduğunu, “əvvəlki” həyatımda dirəklərdən belə yazıların asılmadığını  mən də 
xatırlayan kimi oluram. Yazılar həmişə olub, lakin mahiyyət və  məzmun etibarilə indikilər tamam ayrı ovqatdan, 
məramdan xəbər verir.  
- Özgür hardadı indi?  
- Anamgildə. Özüm dedim ki, sabah gətirsin. Bu gün evdə birinci günündü - bir az rahatlaş, dincəl sabah oğlunla 
doyunca söhbət eləyərsiz.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə