Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə13/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

 
26
Növbədənkənar inqilab  
 
 
 
Özgürlə dünən görüşsəm də, onun üçün artıq burnumu ucu göynəyir. Düz başa düşmüşəmsə, Sevilin anası onu hər gün 
bura gətirmək istəmir. Deyir uşaq dərslərini oxumalıdır. Bilmirəm dərs bəhanədir ya yox, amma Sevilin təzədən mənə 
qayıtması, deyəsən arvadı açmır. Elə bilir normal insan deyiləm, natamamam, ömürlük şikəst qalacam. Həm də ola bilsin 
qızının tez-tez ər dəyişməsindən xoşlanmır, reputasiyasının bədnam olacağından ehtiyat edir. Təbiidir, anadır, ağlına 
min cür fikir gələ bilər. Mənimsə bunları düşünməyə nə halım var, nə həvəsim. Bircə onu bilirəm ki, Özgürlə keçirdiyim iki 
saat məni yenilədi, enerji ilə doldurdu, özümü daha gümrah hiss etməyə başladım, həyatdan bərk-bərk yapışmaq, 
yaşamaq şövqüm yarandı. Qucağımda mavi kostyumlu, körpə uşağı xatırladığımı eşidən Sevil isə çox sevindi. Dedi ki, 
doğum evindən çıxanda Özgürün əynində paltar olmasa da, dovşan  şəkilli mavi bələk varıydı. Bax belə! Deməli 
düzəlirəm, qayınanam nahaq yerə narahat olur. 
Bu gün külək əsmir, hava da mülayimdir. Məni çərlədib öldürməyə hesablanmış iyrənc fizioterapiya seanslarından sonra 
Sevildən xahiş elədim ki, həyətə çıxaq. O da Zöhrabla məsləhətləşib onun razılığını alandan sonra, əynimi isti geyindirib 
mənimlə həyətə düşdü. 
Xəstəxananın bağı əlahiddə gözəllikdədir. Çılpaq amma məğrur palıdlara qonşuluq edən, yaşıllığı ilə gözoxşayan hündür 
küknar ağaclarının təravəti ilə ətirlənən təmiz havanı acgözlüklə ciyərlərimə doldurdum. Başım gicəllənsə də, özümü çox 
yaxşı hiss edirdim. Yanımda mənə arxa duran, məni sevən qadınım var, evdə isə oğlum. Düşündüm ki, komadan ayılıb 
yanımda heç kəsi görməsəydim necə olardı? Məni tanıyan, sevən, dəyər verən adamlar olmasaydı  həyatımda, 
yaddaşımın bərpasına kim kömək edəcəkdi? Sevil deyir ən yaxın dostumu, Toğrulu itirmişəm. Onu itirdiyimə görə əzab 
çəkmədiyim üçün çox utanıram. Halbuki vaxt gələcək, dost itkisinin şiddətli yanğısını duymağa başlayıb iztirabdan 
qovurulacağam. İndi isə... 
İndi isə Sevillə birlikdə üfüqə, Xəzərin bitdiyi yerə tamaşa edirik. Onun yardımı olmadan da gəzə bilərəm, amma 
istəyirəm bax beləcə qol-qola dayanaq, onunla təmasım olsun. Sevil də elə bil nə düşündüyümü hiss etdi, bir az da 
mənə qısıldı: 
- Səni çox sevirəm. 
- Mən də səni – dedim. 
- Hava da gözəldir, yox? 
Mövzunu necə də rahat dəyişir. 
- Hə - dedim. - Əladır. Sevil, istəyirəm səninlə söhbət edək. 
- Hə, edək. Mən hazır. 
- Komada olduğum dövrdə  nə baş verdi, nə  dəyişdi? Hiss edirəm, başa düşürəm ki, çox şey dəyişib. Bu dəniz, bu 
ağaclar, sən, mən – hər şey, hər kəs eyni qalıb, hə? Amma nəsə dəyişib axı! Düz demirəm? 
Sevil köks ötürüb üzümə baxdı: 
- Xəstəxanada ola-ola bunu hiss etmisənsə, daha mənim sözüm yoxdur.  
- Zarafat eləmirəm. Doğrudan bunu hiss edirəm. Məsəlçün dünən polis əvvəlki quruluşdan danışırdı. Başa düşmədim nə 
demək istəyirdi. Ümumiyyətlə, elə bil polis də polis kimi danışmırdı. Özünü başqa cür aparırdı. 
- Əslində, sən komada olan vaxt, çox istədiyin bir şey baş verdi. 
Qoca palıdın gövdəsinə yaslanıb, Sevili əllərindən tutdum: 
- O nədir ki, elə? 
- İnqilab. 
- İnqilab?! 
- Hə, inqilab. Xalq ayağa qalxdı, çevriliş oldu, hakimiyyətdəkilərdən qaçan qaçdı, qaça bilməyənlər də türmələrdədi. 
Ölkəni də indi yeni hökumət idarə edir. Gecə-gündüz bunu arzulayırdınız ki! Yadına düşmür? Demokratiya, azad seçki, 
korrupsiya, avtoritarizm... Bu sözlər dilindən düşmürdü – Sevil gülümsəyib dedi. 
Ona dəhşət və təəccüblə qulaq asdığımı görüb: 
- İslam Milli, Qənirə Milli. Bu adlar da sənə tanış gəlmir? – soruşdu.  
Duruxdum. Gözlərimi Sevilin üzündən ayırıb yenə dənizə sarı çevirdim. Sanki bu sualın cavabını üfüqdə axtarırmışam 
kimi, saniyələrcə “İslam Milli, Qənirə Milli” adlarını təkrarladım. Yad deyil. Yox, yad deyil bu adlar mənə. Uzaqlardan, çox 
uzaqlardan nəsə duyuram. Sevmədiyim, nifrət etdiyim sifətlər, səslər, sözlər... Hələlik yadıma düşən bunlardır. Daha 
konkret isə, heç nə.  
- İslam Milli, sonra da arvadı Qənirə Milli uzun illər ölkəni idarə etdilər. Hər kəs kimi sən də bu hakimiyyətdən narazı idin, 
rejimin dəyişməsini istəyirdim. Uzun illər mübarizə apardınız.  


 
27
- Apardıq? 
- Müxalifətçi dostlarınla birgə.  
- ... 
- Bəs Niyazi Salayev? Bu ad yadındadır?  
Yorğun hiss edirdim özümü. Fiziki yorğunluq yox, dəqiqəbədəqiqə məruz qaldığım yeni xəbərlərin, məlumatların yükünü 
qaldıra bilmirdim artıq. Skamyalar soyuq olmasaydı oturardım. Yorulduğumu Sevil də sezdi. 
- İstəyirsən qayıdaq palataya.  
- Hə, yavaş-yavaş gedək – deyib kürəyimi küknarın rütubətli gövdəsindən araladım. - Toğrul da müxalifətçi idi? 
- Yox, o bu işlərə çox qarışmazdı – Sevil kədərli halda dedi. – Sənin bir yaxın dostun da varıydı, Sənan adında. Bir 
başqası da varıydı, Araz. Yadına gəlir? Sənan Liberal qəzetində yazırdı. 
- Sənan, Sənan... Ola bilər, hə.  
- Bəs Rəna? 
- Rəna kimdi? 
- O da sizin dəstədən idi. Həm də... onunla sevgiliydiniz – bunu deyib reaksiyamı yoxlamaqdan ötrü gözucu mənə baxdı.  
Məni isə gülmək tutdu. 
- Sevgilim? Nə sevgili? 
- Ciddi deyirəm. Sevirdiniz bir-birinizi. 
- Qısqanırdın məni? – heç özüm də gözləmədiyim halda soruşdum. 
- Hərdən qısqanırdım.  
Sevilin “hərdən” sözünə vurğu edərək, qətiyyətli intonasiya və sürətlə verdiyi cavab məni daha da çaşdırdı.  
- Günümə bax də. Məni kimə qısqandığını heç özüm bilmirəm. Bəs necə oldu ayrıldıq? – soruşub Sevilin üzünə baxdım. 
- Siz ayrılmadınız. Sizi inqilab ayırdı.  
 
*** 
 
Sevilin bu sözlərindən sonra bayaqkı optimizmimdən əsər-əlamət qalmadı. Təzədən bədbinliyə yuvarlanıb, düşündüm ki, 
günlərdir özümə gəldiyim halda, valideynlərimdən və Özgürün körpəliyindən savayı heç nə xatırlaya bilməməyin verdiyi 
iztiraba dözməkdənsə, təzədən komaya düşmək yaxşıdır. Sevili üzməmək üçün bunları ona deməsəm də, öz içimdə 
çəkirəm. Ondan eşitdiklərimi - Qənirə Millini, İslam Millini, Rənanı, Sənanı, Arazı, hətta mənimlə qəzaya düşən Toğrulu 
indi, bu gün yada sala bilmirəmsə, bəs nə vaxt yada salacam? Bəlkə də valideynlərimi yada saldığım kimi, yaxud məktəb 
illərində keçirdiyim sarsıntını xatırladığım kimi, xatirəmin mütləq uşaqlıq illərinə gedib çıxan uzun bir tarixçəsi olmalıdır? 
Ya da övlada dair olmalıdır – Özgürdə olduğu kimi. Yenə də sağ olsun Sevil - onun sayəsində “qiyabi” olsa da, bütün 
dostlarımı bir-bir tanıdım. 
Yox, faciə orasındadır ki, hisslərim də kütləşib. Xəstəxananın həyətində Sevilə qulaq asarkən sifətimin, gözlərimin heç 
nə ifadə etmədiyindən  əminəm. Rəna da, Sənan da meydanda polisin, prezident qvardiyasının güllələrinə tuş 
gəlibmişlər. Özlərini ölkənin azadlığı uğrunda qurban veribmişlər. Mən isə heç nə hiss etmirəm.  
Sevil “sizi inqilab ayırdı” deyəndə, Rənanın ölüm xəbərini mənə deyəndə ağlamalıydım ya yox? Ağalamalıydımsa niyə 
ağlamadım? Heç olmasa ürəyimdən kiçicik də olsa bir sancı qopmalı deyildimi? O da olmadı. Sadəcə  təəssüf hissi 
keçirdim – bu qədər.  İstənilən adamın ölüm xəbərini eşitdiyim zaman keçirəcəyim təəssüf hissindən nə az, nə çox. 
Deməli mən hələ də bitkiyəm, natamam insanam, qayınanam da haqlıdır. 
Hava tutuldu birdən, dəniz al rəngə boyandı. Acgöz dəniz sanki günəşin batmasını gözləyir, onu bu saat udmaq üçün 
dişlərini qıcıyırdı. Günəş isə müqavimət göstərir,  şüaları ilə üfüqdə ilişib qalmaq üçün çapalayır, lakin gücü tədricən 
tükənir deyə, suya qərq olub yavaş-yavaş sönürdü. Gözəldir günəşin ölümünü seyr etmək, sabah onun bir daha 
doğacağını bilə-bilə. Suda boğulan son şüaların yox olub getməsinə tamaşa etmək heç nə ilə müqayisə olunmayan 
həzzdir.  
Palataya qayıdandan sonra, Sevilə məni narahat edən sualı verdim: 
- Rənanı çox sevirdim? 
- Hardan bilim ay Murad? – mənə gödəkcəmi çıxarmağa kömək edə-edə dedi. - Biz son dəfə görüşəndə demişdin ki, o 
qədər də sevmirsən.  
- Necə yəni son dəfə görüşəndə? 
- Sən qəzaya düşməmişdən iki gün əvvəl görüşmüşdük. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə