206
sevinc isə onun gələcək uğurlarına təkan verir. Deyilənlər eyni
dərəcədə hafizəyə də aiddir.
Təlim və tərbiyənin təşkili formalarındakı ümumilik onların
məzmun və məqsəd cəhətdən qovuşmasına, pedaqoji prosesin tam-
lığına imkan verir. Təlimin təşkili formalarından hər birinin – dərsin,
praktikumun, fakultativ məşğələlərin, tədris ekskursiyasının, şagirdlər
üçün əlavə məşğələlərin, ev tapşırıqlarının və s. tərbiyəvi imkanları
genişdir. Bu imkanların üstünə sinifdənxaric tərbiyə işləri də əlavə
edilməlidir. Çünki sinifdənxaric tərbiyə işinin formaları və təlimin
təşkili formaları bir-birini tamamlayır.
Təlim, tərbiyə, təhsil və inkişafın qarşılıqlı əlaqəsi, bir-birinə
zəmin yaratması pedaqoji prosesin tamlığını gücləndirir, hər bir qol
üzrə səmərəliliyi şərtləndirir.
6.2. Pedaqoji prosesdə ziddiyyətlər
Pedaqoji prosesdə ziddiyyətlər məsələsi pedaqoji elmin köklü
məsələlərindən biridir. Bu məsələnin düzgün başa düşülməsi və dəqiq
şərhi pedaqogikanın digər məsələlərinin uğurlu həlli üçün xüsusi əhə-
miyyət kəsb edir.
Pedaqoji prosesdə ziddiyyətlər iki qrupa ayrılır: zahiri (xarici)
ziddiyyətlər və daxili ziddiyyətlər. Daxili ziddiyyətlər ilə xarici zid-
diyyətlər arasında müəyyən əlaqə vardır, buna görə də hadisələrin,
proseslərin, şeylərin inkişafı səbəblərini nəzərdən keçirəndə həm
daxili ziddiyyətləri, həm də xarici ziddiyyətləri nəzərə almaq lazım-
dır. Daxili ziddiyyətlər əlaqəsiz mövcud olmur və fəaliyyət göstər-
mir, şeyin, hadisənin inkişafına xarici ziddiyyətlərin təsirini isə hə-
min şeyin daxili ziddiyyətlərini nəzərə almadan başa düşmək müm-
kün deyildir. İnkişaf prosesində daxili ziddiyyətlərlə xarici ziddiy-
yətləri bir-birindən hökmən fərqləndirmək lazımdır, çünki inkişafda
bunların rolu eyni deyildir. Xarici ziddiyyətlər çox vaxt daxili
ziddiyyətlərin ifadəsi və mövcudluq forması kimi çıxış edir. Daxili
və xarici ziddiyyətlər inkişaf prosesində bir vəhdət təşkil edir, bir-
biri ilə əlaqədardır, lakin əsas ziddiyyətlər olan daxili ziddiyyətləri
xarici ziddiyyətlərlə əvəz etmək səhv olardı.
207
Psixi proseslərin inkişafında da ziddiyyətlərin mənbə rolunu
oynaması təkzibedilməz faktlarla sübut edilir. Burada daxili ziddiy-
yətlərin xarici təsirlərlə yaranması, idraki ziddiyyətlərin əmələ gəl-
məsi, bunların həll olunması və inkişafın bu yolla davam etməsi tə-
ləb edir ki, pedaqoji prosesin, onun qollarının qanunauyğunluqları-
nın müəyyənləşdirilməsində ziddiyyət kateqoriyasından geniş isti-
fadə olunsun.
Pedaqoji prosesin hərəkətverici qüvvələri aşağıdakı dialektik
ziddiyyətlərdən ibarətdir: 1) Müəllimin pedaqoji təsir göstərmək
imkanları ilə şagirdin həmin təsirləri qəbul etmək imkanları arasın-
dakı ziddiyyət: müəllimin təsirləri şagirdin imkanlarına uyğun gəl-
mədiyi kimi (təsir səviyyəsindən yuxarı və ya aşağı olur), şagirdin
də əks təsirləri müəllimin səviyyəsinə uyğun gəlmir (müəllim şa-
girdin imkanlarını nəzərə ala bilmir, şagirdin səviyyəsini əsas tuta
bilmir). Bu imkanlararası ziddiyyət pedaqoji prosesdə ən başlıca
hərəkətverici qüvvədir; 2) Tərbiyənin ümumi məqsədi ilə mövcud
ictimai münasibətlər arasındakı ziddiyyət (ictimai münasibətlər sü-
rətlə inkişaf edir, məqsədin dəqiqləşdirilməsi isə ləng həyata ke-
çirilir); 3) Tərbiyənin məzmunu ilə məqsədi arasındakı ziddiyyət
(məzmunun yeniləşdirilməsi məqsədin sürətlə inkişafından geri qa-
lır); 4) Tərbiyənin metodları ilə vasitələri arasındakı ziddiyyət. Yeni
vasitələr meydana çıxır, lakin ənənəvi metodları tətbiq etməkdən
kənara çıxa bilmirik. Əslində isə yeni vasitə yeni metod tələb edir;
5) Pedaqoji təsirin ümumi, onun şagird tərəfindən qəbul edilməsinin
isə fərdi olması arasındakı ziddiyyət. Müəllim kollektivə təsir göstə-
rir, amma bu təsiri hər şagird öz xüsusiyyətlərinə uyğun qəbul edir.
Bu, birinci ziddiyyətlə bağlıdır, həmin ziddiyyətin xüsusi halıdır;
6) Şagirdlərin hərtərəfli inkişafına nail olmaq tələbi ilə fərdlərin
konkret qabiliyyətinin inkişaf etdirilməsi arasındakı ziddiyyət və s.
Yeri gəlmişkən qeyd edək ki, pedaqoji ədəbiyyatda indiyədək
nə zahiri, nə də daxili ziddiyyətlərə tərif verilməmişdir. Təbii ki, bu
ziddiyyətlərin mahiyyətini açan tərifin verilməsi faydalı olardı.
Pedaqoji prosesin cərəyan etdiyi mühit amillərindən ona təsir göstə-
rərək gedişini çətinləşdirən, lakin həlli mümkün olan uyğunsuzluq-
lar zahiri ziddiyyətlərdir. Zahiri ziddiyyətlər arasında ideal ahəng-
darlığı təmin etmək hələlik çətin olsa da, bu istiqamətdə fəaliyyəti
208
gücləndirmək lazımdır ki, uşaqların ictimai əhəmiyyət kəsb edən
mənəvi keyfiyyətləri cəmiyyətin tələblərinə maksimum yaxınlaşsın.
Tədris müəssisələri qarşısında duran vəzifələrlə cəmiyyətin
imkanları arasında, pedaqoji təsirlərlə sosioloji təsirlər arasında,
ailənin təsiri ilə məktəbin təsiri arasında, ayrı-ayrı müəllimlərin
təsirləri arasındakı ziddiyyətlər üçün xarakterik cəhət budur ki, belə
ziddiyyətlər pedaqoji prosesə birbaşa deyil, dolayı yolla təsir gös-
tərir və bununla da gənc nəslin təlim-tərbiyə işini çətinləşdirə bilir.
Elmi tədqiqatlar pedaqoji prosesə xas olan yeni-yeni ziddiy-
yətlər (xüsusilə də daxili ziddiyyətlər) üzə çıxarır. Tərbiyə olunan
şəxs qarşısında qoyulmuş ictimai əhəmiyyətli vəzifələrlə, bu vəzifə-
lərin öhdəsindən gəlmək üçün onun mövcud marağı arasında; xarici
şüurlu münasibətin getdikcə artması ilə belə bir münasibətin real-
laşmasına imkan verən bilikləri mənimsəməyin zəruriliyinə şüurlu
münasibətin şəxsdə çatışmaması arasında; doğma yurdun əsil vətən-
daşı olmağın obyektiv zəruriliyi ilə həyat təcrübəsinin uşaqda azlığı
arasında; seçilmiş məqsədlə subyektiv imkanlar arasında; subyektin
nail olduğu inkişaf səviyyəsi ilə onun həyat tərzi arasında; şəxsdə
işləmək, bilikli və bacarıqlı olmaq arzusu ilə işin çətinliyi arasında;
şəxsin hissləri arasında; şəxsdə sərbəstliyin güclənməsi ilə ona
himayədarlıq arasında; uşağın motivləri arasında; uşağın azadlığa
meyli ilə obyektiv zərurət arasında ziddiyyətlər buna misal ola bilər.
Pedaqoji prosesin daxili ziddiyyətlərinə belə tərif vermək olar:
pedaqoji proses ünsürlərinin təsiri ilə şagird psixologiyasında yara-
nan və həlli mümkün olan uyğunsuzluqlar onun daxili ziddiyyət-
ləridir.
Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtın-
da duyulması və aradan qaldırılması üçün tədbirlər görmək təlimin
səviyyəsini yüksəldir. Bu, müəllimin və ya tərbiyəçinin yüksək peda-
qoji ustalığa malik olduğunu göstərən vacib meyarlardan biridir.
Dostları ilə paylaş: |