Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)


-cı ildə Lissabon sammitindən



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

1996-cı ildə Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun həmsədrliyi uğrunda ciddi mübarizə 

müşahidə edilməyə  başlandı. Belə  ki, bu dövrdə Minsk qrupunun həmsədrləri Rusiya və Finlandiya idi ki, 

onların da mövqeyi əksər hallarda eyni idi. 

Gərgin  müzakirələrdən  sonra Finlandiyanın həmsədrliyi Fransa ilə  əvəz olundu. Lakin bu da danışıqların 

gedişində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmirdi. Elə buna görə  də Azərbaycan Prezidenti 

Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın da həmsədr olması məsələsi gündəliyə gəldi. Ermənistan və Rusiya buna 

ciddi şəkildə müqavimət göstərsələr də, 1997-ci ilin fevralında ABŞ dövlət katibinin müavini Stroub Telbott 

ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin olundu. 

Aprel ayında Lissabon sammitindən sonra ilk dəfə  olaraq Moskvada ATƏT-in Minsk qrupunun 

növbəti görüşü keçirildi. Lakin burada da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hər hansı bir 

konkret qərarın qəbul edilməsi baş tutmadı. Bundan sonra həmsədrlər fəaliyyətlərini daha da intensivləşdirərək 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair layihə üzərində işləməyə başladılar. 

1997-ci ilin iyununda həmsədrlər münaqişənin həllinə dair ilk konsepsiyalarını "Dağlıq Qarabağ 

münaqişəsinin həllinə dair hərtərəfli saziş" adlanan sənəd layihəsini hazırladılar  və onu tərəflərə təqdim 

etdilər. Təklif bir paketdə  ehtiva olunan iki anlaşmadan ibarət  idi. Birinci anlaşma silahlı münaqişənin 

dayandırılmasını, ikinci isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturdu.

1

 Silahlı qüvvələri 



iki mərhələdə çıxarmaq tövsiyə olunurdu. 

Birinci mərhələdə  Dağlıq Qarabağdan  şərqə  və  cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr 

razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkilir, bu zaman ATƏT-in çoxminli qüvvələrinin ön dəstə-

sini hərbi nöqteyi-nəzərdən  əsaslandırılmış bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt 

boyunca ayırmağa və  qüvvələrin çıxarılmasının ikinci  mərhələsində  təhlükəsizliyin təmin edilməsinə imkan 

yaratmaq məqsədilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalı idi. 

İkinci mərhələdə erməni qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılır, Dağlıq Qarabağ 

qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə qaytarılır, Azərbaycan qüvvələri 

yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında razılaşdırılmış xətlərə çəkilir. 

Status adlanan ikinci sazişdə isə Azərbaycanın və Ermənistanın  ərazi bütövlüyünün və  sərhədlərinin 

toxunulmazlığının tanınması  əsas prinsip kimi göstərilirdi, bu sənədə  görə, Dağlıq Qarabağ Azərbaycanın 

tərkibində  dövlət və  ərazi qurumudur və  onun öz müqəddəratını  təyin etməsi Azərbaycan Respublikası ilə 

Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə  rəsmiləşdiriləndən, Minsk Konfransı  tərəfindən 

bəyəniləndən, Azərbaycanın və  Dağlıq Qarabağın konstitusiyalarında inkorporasiya olunandan sonra 

mümkündür. 

Belə bir razılaşmanın olduğu halda isə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan və Azərbaycanla sərbəst, 

maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik ola bilərdilər. Bundan başqa, Dağlıq Qara-bağın 

inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə  müəyyən edilməliydi. Saziş 

layihəsində  Dağlıq Qarabağın konstitusiyasının olmasının mümkünlüyü də  göstərilirdi. Lakin həmin 

konstitusiya bu sənəd  əsasında öz müqəddəratını təyin etmək forması haqqında Dağlıq Qarabağın hakimiyyət 

orqanları ilə Azərbaycan arasında rəsmi  sazişi inkorporasiya etməli idi. Sənəddə  Dağlıq Qarabağın özünün 

qanunverici orqanının olması, milli qvardiya saxlaması da öz əksini tapmışdı. 

Bir sıra çatışmazlıqlarına baxmayaraq, Azərbaycan tərəfi təklifi qəbul etdiyini bildirdi. Məsələ burasındaydı 

ki, saziş layihəsi  adlandırılmasına baxmayaraq, bu sənəddə  münaqişənin həllinin dəqiq mexanizmləri yox, 

əslində danışıqlar prosesinin təxmini istiqamətləri əks olunmuşdu və buna görə də Azərbaycan tərəfi layihənin 

əsas kimi qəbulundan imtina etmədi. Digər tərəfdən, çox güman ki, Ermənistanın bu layihə ilə 

razılaşmayacağını Azərbaycan proqnozlaşdırmışdı  və proseslərin sonrakı inkişafı proqnozları doğrultdu. 

Ermənistan hakimiyyəti və  Qarabağda məskunlaşmış separatçı rejimin rəhbərləri təklifi rədd etdilər. Bu, qarşı 

tərəfin dialoqa hazır olmadığını nümayiş etdirən növbəti fakt kimi Azərbaycana çox lazım idi. 

Elə  həmin ilin sentyabrında həmsədrlər regiona yeni təkliflər paketi ilə  gəldilər.  Münaqişənin 

"mərhələli həll" planını nəzərdə tutan "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında" adlı yeni 

saziş layihəsi Azərbaycan üçün əvvəlkindən daha məqbul idi və oktyabrın 1-də rəsmi Bakı bu təklifi danışıqlara 

başlamaq üçün əsas kimi qəbul etməyin mümkün olduğunu bildirdi.

1

 Qeyd edək ki, "mərhələli həll" planı kimi 



tanınan bu təkliflər paketində  münaqişənin iki mərhələdə  həlli nəzərdə tutulurdu. Birinci mərhələdə 

münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırılması haqqında müddəalar öz əksini tapmışdısa, 

ikinci mərhələdə  ATƏT-in Minsk Konfransına qədər Azərbaycanın tərkibində  Dağlıq Qarabağın statusunun 

müəyyənləşdirilməsi nəzərdə tutulurdu. 



"Mərhələli həll"  planının üstünlüyü ondan ibarət idi ki, burada Azərbaycanın Dağlıq Qarabağdan başqa, 

işğal olunmuş digər 7 rayonundan 6-nın azad edilməsi göstərilmişdi. Bu rayonlar Kəlbəcər, Ağdam, Füzuli, 

Cəbrayıl, Qubadlı və Zəngilan idi. Laçın rayonunun taleyi sonrakı mərhələdə həll edilməli idi. Digər tərəfdən, 



saziş layihəsinin bir üstünlüyü də  müvafiq  müddəalara  əməl etməyən tərəflərə  qarşı sanksiya tətbiqinin 

mümkünlüyünü göstərməsində idi. 

Prezident L.Ter-Petrosyanın səylərinə baxmayaraq, bu təklif də  reallaşmadı.  1997-ci il dekabrın 2-də 

həmsədrlər həmin layihənin Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi danışıqlarda iştirakını 

nəzərdə tutan yeni variantı təqdim etdilər, lakin bu, Azərbaycan tərəfindən qəbuledilməz olduğundan rəsmi 

Bakının kəskin etirazı ilə qarşılandı. Dövlət başçımız qəti şəkildə bu formatla razılaşmayacağını bəyan etdi. 



Bir qədər sonra 1998-ci ilin fevralında daxili və xarici təhdidlərə davam gətirə bilməyən L Ter-

Petrosyan istefa verməli oldu. Lakin onun "Belə getsə  bir neçə ildən sonra Dağlıq Qarabağla birlikdə 

Ermənistanı da itirə bilərik" fikri artıq ictimaiyyəti ciddi şəkildə silkələmişdi. 1998-ci ilin noyabrında 

həmsədrlərin irəli sürdüyü "ümumi dövlət" təklifi isə Azərbaycanı heç cür qane etmirdi. Layihədə qeyd 

olunurdu ki, tərəflər Dağlıq Qarabağın statusu haqqında saziş imzalayacaqlar və həmin saziş Dağlıq Qarabağın 

respublika formasında dövlət və ərazi qurumu olduğunu təsdiqləyəcək. Burada göstərilirdi ki, Dağlıq Qarabağ 

Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradacaq. Azərbaycan və 

Dağlıq Qarabağ müvafiq dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlərin həyata keçirilməsi və qarşılıqlı 

surətdə həvalə olunması problemlərinin hüdudlarını müəyyənləşdirmək haqqında saziş imzalayacaqlar və onun 

konstitusiya qanunu qüvvəsi olacaqdır. 

Layihədə Azərbaycanın və  Dağlıq Qarabağın birgə  səlahiyyətlər sahəsinə aid siyasəti və  fəaliyyəti 

müəyyənləşdirmək üçün prezidentlərin, baş nazirlərin, parlamentlərin sədrlərinin nümayəndələrinin daxil 

olacağı birgə komitə yaratmaları da göstərilmişdi. 

Bununla yanaşı, həmin layihəyə  görə,  əlaqə saxlamaq və birgə  tədbirləri  əlaqələndirmək üçün  Bakıda və 

Stepanakertdə  müvafiq  olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılmalı idi ki, bu da 

faktiki olaraq, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması  şərtini özündə ifadə edirdi. Sənəddə  açıq 

şəkildə bildirilirdi ki, Dağlıq Qarabağ xaricdə  müvafiq  nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, ticarət, elm, 

mədəniyyət, idman və humanitar sahələrdə əcnəbi dövlətlərlə, bu problemlərlə birbaşa xarici əlaqələr saxlamaq 

hüququna malik olacaqdır. Dağlıq Qarabağdakı siyasi partiyaların və ictimai təşkilatların xarici dövlətlərin 

siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqələr yaratmaq hüququ olacaq. Hətta burada belə bir müddəa da öz 

əksini tapmışdı ki, Dağlıq Qarabağ özünün mənafeləri ilə bağlı məsələlər üzrə Azərbaycanın xarici siyasətinin 

həyata keçirilməsində  iştirak edəcək və bu tip məsələlər haqqında qərarlar iki tərəfin razılığı ilə  qəbul 

olunacaqdır. 

Həmsədrlərin üçüncü təklifində  DQ hökumətinin özünün xüsusi maraqları olan xarici dövlətlərdəki 

Azərbaycan səfirliklərində  və ya konsul idarələrində  öz nümayəndələrinin olmasının mümkünlüyü də qeyd 

olunmuşdu. Bu layihə  Dağlıq Qarabağdakı separatçı rejimə  öz mənafeləri ilə  bağlı beynəlxalq danışıqlarda 

iştirak etmək üçün Azərbaycan nümayəndə heyətlərinin tərkibində ekspertlərini göndərmək səlahiyyəti də 

verirdi. Təbii ki, DQ-yə  müstəqil dövlət səlahiyyətlərinin verilməsini nəzərdə tutan belə bir təklif Azərbaycan 

tərəfindən qəbul edilə bilməzdi. Elə buna görə də prezident Heydər Əliyev buna qəti etirazını bildirdi və layihə 

qəbul olunmadı. 

Bundan sonra da müxtəlif dövrlərdə  həmsədrlər regiona səfərlərə  gəldilər, ATƏT-in Minsk qrupunun 

görüşləri keçirildi. Lakin "ümumi dövlət" təklifi tərəflərə təqdim olunan sonuncu layihə kimi qalmaqda davam 

edir. Ermənistanın qeyri-konstruktiv  mövqeyi  ucbatından bu təkliflərin heç biri həyata keçməmişdir. Halbuki 

beynəlxalq birliyin təcavüzkara təsir göstərərək Azərbaycan ərazilərinin işğaldan azad olunmasını təmin etmək 

imkanları o qədər də məhdud deyildir. 



1999-cu ilin aprelindən etibarən ABŞ-ın təşəbbüsü ilə prezidentlərin birbaşa dialoqu  keçirilməyə 

başlanmış, ATƏT-in Minsk qrupu bu formatı  bəyəndiyini və  dövlət başçılarının dialoqunun davam 

etdirilməsinin zəruriliyini dəfələrlə  bəyan etmişdir.  Əslində sonuncu təklifdən və prezidentlərin birbaşa 

dialoqunun başlamasından sonra ATƏT-in Minsk qrupu artıq faktiki olaraq vasitəçilik yox , müşahidəçilik 

missiyasını yerinə yetirməyə  başlamışdır. Lakin prezidentlərin dialoqu da Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin həlli istiqamətində konkret irəliləyişlərə gətirib çıxara bilmədi. 

Tərəflər arasında kompromis əldə  olunması artıq mümkünsüz göründüyündən Azərbaycanda müharibə 

əhval-ruhiyyəsi güclənirdi. Şübhəsiz burada ölkədə aparılan sosial-iqtisadi islahatların uğurlu nəticələri də az rol 

oynamamışdı. Digər tərəfdən, Azərbaycan beynəlxalq müstəvidə  də Ermənistanın mövqelərinə  əhəmiyyətli 

zərbələr endirməyə  nail olmuş  və  münaqişənin həqiqi səbəbləri, mahiyyəti barədə  dünya  ictimaiyyətində 

obyektiv təsəvvür formalaşdırılması sahəsində ciddi nailiyyətlər qazanmışdı. Bütün bunlar isə Azərbaycanda 

əhalinin psixoloji əhval-ruhiyyəsinə təsir göstərir və nəyin bahasına olursa-olsun, torpaqların geri qaytarılması 

istəyini artırırdı. 

Təxminən 2001-ci ilin əvvəllərindən etibarən danışıqlar prosesinin yenidən fəallaşdığı müşahidə 

edilməyə  başlandı. Format dəyişilməz olaraq qalırdı  və beynəlxalq birlik münaqişənin prezidentlərin birbaşa 

görüşü çərçivəsində həllinə çalışırdı. 



2001-ci ilin yanvarında Fransada Jak Şirakın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın dövlət 

başçıları arasında danışıqların növbəti mərhələsi başlandı. Paris danışıqları prezidentlərin artıq sayca 14-cü 

görüşü idi. Görüşdə münaqişənin həllinə dair ciddi müzakirələr aparılsa da, konkret bir nəticə alınmadı. Bununla 

belə, həm Azərbaycan və Ermənistan prezidentləri, həm Fransanın dövlət  başçısı  Jak  Şirak dialoqun davam 

etdirilməsinin zəruriliyini bildirən bəyanatla çıxış etdilər, tərəflər arasında kompromis əldə  olunması üçün 

səylərin bundan sonra da davam etdiriləcəyini vurğuladılar. 

Mart ayında ATƏT-in sədri Mirça Cuane regiona səfərə gəldi. Səfər zamanı tərəflər arasında dialoqun 

bundan sonra da davam etdirilməsi üçün bütün imkanlardan istifadə ediləcəyinə dair bəyanatla çıxış edən ATƏT 

sədri münaqişənin nizamlanması üçün yaxşı imkan olduğunu və prezidentlərin birbaşa görüşlərindən real nəticə 

gözlədiklərini bildirdi. 

Bu səfər də danışıqların fəallaşdığı bir mərhələyə təsadüf etdiyindən tezliklə sülh əldə olunması üçün ciddi 

addımlar atılacağına inam yaratmışdı. 



Mart ayının 3-də Fransada prezidentlərin Jak Şirakın təşəbbüsü ilə keçirilən növbəti görüşü artıq sülh 

sazişinin imzalanacağı günün uzaqda olmadığı təəssüratını yaratmışdı. Prezidentlər də öz bəyanatlarında nikbin 

notlara daha çox üstünlük verdiklərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 

məsələsində irəliləyişin mümkünlüyü real görünürdü. Amma buna baxmayaraq, qeyd etmək lazımdır ki, 

prezidentlərin yeganə ortaq mövqeyi danışıqları davam etdirmək və bu istiqamətdə fəallığı artırmaq prinsiplərini 

nəzərdə tuturdu. 



Martın 12-də Heydər  Əliyev Türkiyəyə getdi  və  burada sülh məsələləri geniş müzakirə olundu. 

Prezidentlərin imzaladıqları birgə  bəyanatda Qarabağ  məsələsinə  də toxunulur və  Türkiyə bu dəfə  də 

Azərbaycanın mənafelərini sona qədər  müdafiə edəcəyini bildirirdi. Prezident  Əhməd Necdət Sezər prezident 

Heydər Əliyevə bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu vurğulayırdı. 



Martın 14-də isə  ABŞ-ın dövlət katibi K.Pauell prezidentləri danışıqların növbəti mərhələsinə 

başlamaq üçün ABŞ-a dəvət etdi. Bu görüşdə həmsədrlərlə bərabər K.Pauell də iştirak etməli idi və Ki uestdə 

keçiriləcək danışıqların münaqişənin nizamlanmasında çox mühüm addım olacağı, hətta burada imzalanacaq 

sülh sazişinin prinsiplərinin də müəyyənləşəcəyi gözlənilirdi. 

Prezidentlər Heydər  Əliyev və  R.Koçaryan, ABŞ-ın dövlət katibi Kolin Pauell, ATƏT həmsədrləri Keri 

Kavano, Jan Jak Qaydar, Nikolay Qribkov və  Rusiya xarici işlər nazirinin birinci müavini V.Trubnikovun 

iştirakı ilə aprelin 3-də Ki Uestdə danışıqlar başladı. 



6 apreldə danışıqlar başa çatdı və həmsədrlər bəyan etdilər ki, onlar yeni təklif üzərində işləyirlər və bunu 

iyunda Cenevrədə keçirilən görüşdə prezidentlərə təqdim edəcəkləri Lakin sonradan bu görüş təxirə salındı. 

Danışıqlar olduqca gərgin keçirdi. Artıq bütün dünyanın diqqəti ABŞ-a yönəlmişdi. Bu görüşdə  bir çox 

məsələlər ətrafında razılıq əldə olunacağını proqnozlaşdıranlar çox idi. Lakin optimist ehtimallar yenə də özünü 

doğrultmadı. Ki Uestdə heç bir razılığa gəlinmədi və həmsədrlər də, prezidentlər də sadəcə onu qeyd etdilər ki, 

sülhə  doğru irəliləyiş var. Qeyd edək ki, bu görüş zamanı prezident Heydər  Əliyev verdiyi bəyanatda ATƏT 

həmsədrlərini ciddi şəkildə  tənqid edərək onların passiv fəaliyyət göstərdiyini vurğulamış, K.Pauell bu 

bəyanatın obyektiv olduğunu və  münaqişənin həlli üçün indikindən daha fəal  şəkildə  iş aparmağa ehtiyac 

duyulduğunu təsdiqləmişdi. 

Aprelin 9-da Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ Prezidenti Corc Buşla görüşdü. Münaqişə ilə 

bağlı geniş  fikir  mübadiləsi aparıldı  və  prezident C.Buş Ki Uest danışıqlarının nəticələri barədə  məlumatı 

olduğunu vurğulayaraq onun davam etdirilməsinə tərəfdar çıxdığını, tərəflər arasında kompromis əldə olunması 

üçün Amerikanın bundan sonra da lazımi səylər göstərəcəyini ifadə etdi. 

Ki Uest danışıqları da əslində arzulanan sülhə gətirib çıxara bilmədi. Danışıqların gedişində irəliləyiş üçün 

imkanlar yaransa da, onların inkişaf etdirilməsi mümkün olmadı  və beləliklə, daha bir cəhd nəticəsiz 

tamamlandı. 

2001-ci ildə  bütün dünyanı sarsıdan 11 sentyabr terror aktlarından sonra Azərbaycanın nümayiş 

etdirdiyi prinsipial mövqe ölkəmizə  qarşı münasibətin dəyişməsində  əhəmiyyətli rol oynadı. XXI əsrin 

əvvəlində beynəlxalq terrorizmin qlobal təhlükəyə  çevrilməsinin dərki dünyanın siyasi düzənində yeni 

konfiqurasiyanın yaranmasına rəvac verdi və bu mərhələdə Azərbaycan ABŞ-ın ən etibarlı tərəfdaşları sırasına 

daxil oldu. Prezident Heydər  Əliyev beynəlxalq terrorizmlə  mübarizədə Amerikaya Azərbaycanın hər zaman 

dəstək verəcəyini nümayiş etdirməklə bir tərəfdən Vaşinqtonun ölkəmizə etimadını bir qədər də 

möhkəmləndirdisə, digər tərəfdən Ermənistanın terrorçu fəaliyyətinin dünya birliyi tərəfindən pislənilməsi üçün 

zəmin yaratdı.  

2001-ci ilin 24 oktyabrında ABŞ Senatı 907-ci düzəlişin qüvvəsinin dayandırılması haqqında senator 

Sem Braunbekin layihəsini təsdiqlədi.  2002-ci ilin yanvarında isə  prezident C.Buş  tərəfindən  "Azadlığa 

Dəstək Aktı"na 907-ci  əlavənin qüvvəsinin dayandırılması barədə  fərman imzalandı. 907-ci düzəlişin 

qüvvəsinin dayandırılması Azərbaycan - ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə 




olunur. Çünki bu qadağa 1992-ci ildən sonra Azərbaycana ABŞ dövlətinin birbaşa yardımına məhdudiyyət 

qoyurdu və onun nəticələri yalnız iqtisadi amillərlə  şərtlənmirdi. Bu faktdan Ermənistan siyasi dairələri və 

erməni lobbisi ölkəmiz əleyhinə təbliğat vasitəsi kimi istifadə edirdi. 

2002-ci ilin 30 aprelində Trabzonda Azərbaycan, Türkiyə  və  Gürcüstan dövlət başçılarının zirvə 

görüşü keçirildi. Prezidentlərin zirvə  görüşündə beynəlxalq terrorizmlə  mübarizə  və boru kəmərlərinin 

təhlükəsizliyi məsələləri müzakirə  olundu. Danışıqlar nəticəsində "Terrorizmə, mütəşəkkil cinayətkarlığa və 

digər ağır cinayətlərə qarşı mübarizə haqqında Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə arasında saziş" 

imzalandı. Bu saziş Azərbaycanın regionda mövqelərinin daha da gücləndirilməsinə  və Ermənistanın təcrid 

olunmuş vəziyyətə düşməsinə böyük təsir göstərdi. Faktiki olaraq sözügedən razılaşma üç dövlətin geosiyasi və 

həm də  iqtisadi mövqelərinin eyni müstəvidə inkişaf etdiyinin rəsmi təsdiqi anlamına gəlirdi və bundan sonra 

hər üç dövlət bütün vacib məsələlərdə  eyni mövqedən çıxış etmək öhdəliyi götürürdü. Ermənistan isə  Cənubi 

Qafqazın yeganə ölkəsi idi ki, belə bir əhəmiyyətli razılaşmadan kənarda qalırdı. 

Bundan sonrakı dövrdə  danışıqlar prosesində ciddi fəallıq müşahidə edilməsə  də, prezidentlərin birbaşa 

dialoqu yenə də öz aktuallığını saxlamaqda davam edirdi. 2002-ci ilin 15 avqustunda prezidentlər Sədərəkdə 



görüşdülər  və  danışıqlar 4 saat çəkdi. Sonda hər iki dövlət başçısı  bəyanatla çıxış edərək danışıqları davam 

etdirmək əzmində olduqlarını bildirdilər. 



2002-ci ilin yayında BMT Baş Assambleyasının 49-cu sessiyası keçirildi. Azərbaycan Prezidenti Heydər 

Əliyev də bu sessiyada iştirak edirdi. 0, nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 

məsələlərə  geniş yer ayıraraq BMT-nin qətnamələrinin yerinə yetirilməməsindən narahatlığını ifadə etdi. 

Sessiyanın gedişində Azərbaycanın Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Kofe Annana məktub göndərərək 

BMT qətnamələrinə Ermənistanın məhəl qoymadığını  və Azərbaycanın  ərazi bütövlüyünün toxunulmazlığı 

prinsipinin bu ölkə  tərəfindən pozulduğunu bildirdi. K.Annan Azərbaycan Xarici İşlər nazirinə  göndərdiyi 

məktubda BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğuladı. 

2003-cü ilin sonuna qədər danışıqlar prosesi o qədər də fəal keçməmişdi. Bunun əsas səbəblərindən biri 

Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkiləri ilə  bağlı idi. Seçkilərdən sonra isə  danışıqlar 

yenidən fəallaşmağa başladı. 

2003-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham  Əliyevlə Ermənistan Prezidenti R.Koçaryan 

arasında ilk görüş keçirildi.  Bu görüş  əsasən tanışlıq xarakteri daşıyırdı  və onun əsas nəticələrindən biri 

bundan ibarət oldu ki, hər iki tərəf danışıqları davam etdirməyə hazır olduğunu və prosesin daha intensiv şəkil 

almasına çalışacağını bəyan etdi. 

Azərbaycan və Ermənistan prezidentlərinin aprelin 28-də  Varşavada keçirilən görüşü də  bəzi mühüm 

məqamlara görə  böyük  əhəmiyyətə  malik idi. Əvvəla, hər iki dövlət başçısı danışıqların davam etdirilməsi 

imkanlarının tükənmədiyini və bu istiqamətdə addımların davam etdiriləcəyini bildirdi. 

Digər tərəfdən, görüş zamanı Xarici İşlər nazirlərinin birbaşa danışıqların intensiv olaraq davam etdirilməsi 

qərara alındı. Qeyd edək ki, prezidentlərin iki görüşü  arasındakı zaman məsafəsində  baş vermiş  bəzi mühüm 

dəyişikliklər danışıqların indiki məzmunu barədə bəzi mülahizələr yürütməyə imkan verir. Məsələ burasındadır 

ki, bu müddət ərzində ABŞ-ı ATƏT-in Minsk qrupunun tərkibində Azərbaycanla isti münasibətlərə malik yeni 

həmsədr - Stiven Mənn təmsil etməyə başladı. Bu, vaxtilə Azərbaycan Prezidentinin də söylədiyi kimi, ABŞ-ın 

münaqişənin həllində daha fəal rol oynamaq niyyətinin təzahürü kimi qiymətləndirilir. 

Daha bir vacib məqamı  da nəzərdən qaçırmaq olmaz ki, Ermənistan Prezidentinin ilk görüşün keçirildiyi 

dövrdəki vəziyyəti ilə indiki durumu arasında olduqca ciddi fərqlər meydana çıxıb. Ölkə daxilində ciddi siyasi 

böhran yaşanmaqdadır və R.Koçaryan müxalifətin təzyiqləri qarşısında çox böyük çətinliklə davam gətirir. Yeri 

gəlmişkən, elə  o özü də  görüş  ərəfəsinə  təsadüf edən bəyanatlarının birində Ermənistandakı durumu xəyanət 

kimi qiymətləndirmişdir. 

Ermənistanın xarici işlər naziri V.Oskanyan da bildirmişdir ki, ölkədəki gərginlik prezident Koçaryanın 

danışıqlar  ərəfəsində mövqelərinə ciddi zərbə vurur və bundan, hər şeydən əvvəl, Ermənistan dövlətinin milli 

maraqları ziyan çəkir.  İndi Avropa Şurası Ermənistandakı  vəziyyəti müzakirə etmək niyyətindədir və bu 

müzakirələrdə sözügedən ölkə haqqında heç də yaxşı fikirlər deyilməyəcəyi şübhəsizdir. 

Azərbaycanda isə  vəziyyət xeyli dərəcədə  fərqlidir. Respublikada ictimai-siyasi sabitlik, iqtisadi inkişaf 

hökm sürür. Təkcə  bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan iqtisadiyyatına orta hesabla hər gün 10 

milyon dollar sərmayə yatırılmaqdadır. 

Beynəlxalq münasibətlər sistemində də qüvvələr nisbəti məhz rəsmi Bakının xeyrindədir. 

Beləliklə, prezidentlərin ilk və ikinci görüşləri arasındakı vaxt ərzində xeyli yenilik baş verib və bu, bir daha 

təsdiqləyir ki, prezident İlham Əliyevin "Biz tələsmirik" fikri olduqca dəqiq proqnozlara əsaslanır. Və nəhayət, 

onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın xeyrinə olan bu proses o qədər də ləng getmir, əksinə, vəziyyət, 



demək olar, hər gün daha böyük sürətlə dəyişməkdədir. 

 

Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə