Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə252/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   248   249   250   251   252   253   254   255   ...   263
Orta srlr tarixi S D Skazkin

Maarif. Elmi biliklərin inkişafı

Erkən dövrdə Bizansda hələ Afina, İskəndəriyyə, Beyrüt, Qəzza kimi əski antik təhsil mərkəzləri qalmışdı. Lakin xristian kilsəsinin bütpərəst antik təhsil üzərinə hücumu nəticəsində bulardan bəziləri süqut etdi. İskəndəriyyə kitabxanası tələf oldu. 415-ci ildə fanatik rahiblər görkəmli qadın alim, riyaziyyatçı və filosof İpatiyanı doğradılar. Yustinianın zamanında Afinadakı ali məktəb bağlandı. Həmin ali məktəb bütpərəstlik dövründən qalma axırıncı antik elm ocağı idi.


Sonralar təhsil mərkəzi Konstantinopol oldu. IX əsrdə burda Maqnavr ali məktəbi açıldı.


Bu ali məktəbdə ilahiyyatla yanaşı, dünyəvi elmlərdə öyrədilirdi. 1045-ci ildə


Konstantinopolda universitet açıldı.


Universitetin iki fakültəsi – hüquq və fəlsəfə fakültələri vardı. Elə burada ali tibb məktəbi də yaradıldı. Ölkədə, orda-burda, ibtidai məktəblər – həm kilsə monastr məktəbləri, həm də xüsusi məktəblər də açılmışdı. İri şəhərlərdə və monastrlarda kitabxanalara və kitab üzü köçürən emalatxanalara (skiptoriyalar) da təsadüf olunurdu.

Sxolastika ilahiyyatı dünyagörüşünün hökmranlığı Bizansda elmi yaradıcılığın inkişafını ləngitdikcə də onu boğa bilmədi. Texnika, xüsusən sənətkarlıq texnikası sahəsində bir çox antik üsullar və vərdişlərin qorunub saxlanılması sayəsində Bizans erkən orta əsrlər dövründə Qərbi Avropa ölkələrini xeyli ötüb keçdi. Təbiət elmlərinin inkişaf səviyyəsi də daha yüksək idi. Riyaziyyat sahəsində qədim müəlliflərin şərh olunması ilə yanaşı, müstəqil yaradıcılıq da tərəqqi edirdi. Bu əməli tələbatdan – tikinti işləri, süni suvarma, dənizçiliyin ehtiyaclarından doğurdu. IX-XI əsrlərdə Bizansda hind rəqəmləri ərəb yazılışında qəbul olunmağa başlayır. Böyük alim riyaziyyatçı Levinin fəaliyyəti IX əsrə təsadüf edir. O, işıq teleqrafı sistemini kəşf etmiş, hərflərdən bir işarə kimi istifadə edərək cəbrin əsalarını yaratmışdı.


Kosmoqrafiya və astronomiya sahəsində antik sistemin müdafiəçiləri ilə xristian dünyagörüşünün tərəfdarları arasında kəskin mübarizə gedirdi. VI əsrdə Kosma İndikoplov (yəni “Hindistana üzmüş”) özünün “Xristian topoqrafiyası”nda Ptolomeyi təkzib etməyi qarşısına vəzifə qoymuşdu. Onun sadəlövh kosmoqoniyası bibliya təsəvvürlərinə əsaslanırdı: guya Yer yastı dördbucaqlı formasındadır, okeanla əhatə olunmuşdur və üzərində də göy qübbəsi var. Lakin antik kosmoqoniya təsəvvürləri Bizansda IX əsrdə də qalmışdı. Astronomiya müşahidələri aparılırdı; hərçənd bu müşahidələr hələ tez-tez astrologiya ilə çulqaşırdı. Bizans alimləri təbabət sahəsində mühüm uğurlar qazanmışlar.Bizans təbibləri yalnız Qalen və Hippokratın əsərlərini şərh etmir, həm də əməli təcrübəni ümumiləşdirirdilər.


Sənətkarlıq istehsalı və təbabətin tələbatı kimyanın inkişafına təkan verirdi. Əlkimya ilə yanaşı həqiqi biliklər də inkişafa başlayırdı. Burada şüşə, saxı məmulatı, mozaika şüşələri, mina və boya istehsalının antik reseptləri saxlanılmışdı. VII əsrdə Bizansda “yunan odu” – alov törədən qatışıq (maddə) ixtira olundu. Bu qatışıqdan su ilə sönməyən, hətta su dəyəndə daha da şiddətlənən alov törəyirdi. “Yunan odu”nun tərkibi uzun zaman dərin sirr olaraq saxlanıldı. Yalnız sonralar müəyyən etdilər ki, o sönməmiş əhəng və müxtəlif qətranlarla qarışdırılmış neftdən ibarət imiş, “Yunan odu”nun kəşfi uzun müddət Bizansın dəniz vuruşmalarında üstünlüyünü təmin etdi və onun ərəblərə qarşı mübarizədə dənizdə hegemonluğuna çox kömək göstərdi.


Bizansların geniş ticarət və diplomatik əlaqələri coğrafi biliklərin inkişafına səbəb oldu. Kosma İndikoplovun “Xristian topoqrafiyası”nda Ərəbistan, Şərqi Afrika, Hindistanın heyvanlar və bitkilər aləmi, ticarət yolları və əhalisi haqqında maraqlı məlumatlar qalmışdır. Nisbətən sonrakı dövrün Bizans səyyahları və zəvvarlarının əsərlərində qiymətli coğrafi məlumatlar vardır. Coğrafi biliklərin genişlənməsi ilə yanaşı müxtəlif ölkələrin bitki və heyvanlar aləmi ilə tanışlıq da baş verdi ki, bu da Bizans alimlərinin – təbiətşünasların əsərlərində ümumiləşdirilirdi. X əsrdə kənd təsərrüfatı ensiklopediyası – “Geoponika” yaradılır. Bu ensiklopediya antik aqronomiyanın nailiyyətlərini ümumiləşdirirdi.


Bununla belə, Bizans mədəniyyətində təcrübəyə əsaslanan elmlərin nailiyyətlərini dini təsəvvürlərə uyğunlaşdırmaq meyli getdikcə daha çox nəzərə çarpırdı.


İlahiyyat və fəlsəfə

Xristianlığın qələbəsi nəticəsində ilahiyyat o zamanın biliklər sistemində görkəmli yer tutdu. Erkən dövrdə Bizans ilahiyyatçılarının səyi ortodoksal dini təlim sisteminin işlənib hazırlanmasına və ariçilər, monofizitlər, maniçilər təriqətləri ilə, habelə bütpərəstliyin axırıncı ardıcıllarına qarşı mübarizəyə yönəldildi. Qeysəriyyəli Vasili və İlahiyyatçı Qriqori (IV əsr), İoann Zlatoust (IV-V əsrlər) özlərinin çoxlu əsərlərində, moizələrində, məktublarında pravoslav ilahiyyatını sistemləşdirməyə çalışmışdılar.


Qərbi Avropadan fərqli olaraq Bizansda antik fəlsəfə ənənələri heç zaman kəsilməmişdi; hərçənd bu ənənə kilsə ehkamına tabe edilmişdi. Qərbi Avropada sxolastikanın əksinə olaraq Bizans fəlsəfəsi təkcə Aristotelin deyil, bütün məktəblərdən və istiqamətlərdən olan antik fəlsəfə təlimlərinin öyrənilməsi və şərhi əsasında yaradılmışdı. XI əsrdə Bizans fəlsəfəsində Platonun idealist sistemi yenidən dirçəlir.


Lakin bu sisitemdən bəzi filosoflar nüfuzlu kilsə xadimlərinə tənqidi münasibət bəsləmək hüququnu əsaslandırmaq üçün istifadə edirdilər. Bu cərəyanın ən görkəmli nümayəndəsi filosof, tarixçi, hüquqşünas və filoloq Mixail Psell (XI əsr) idi. Onun “Məntiq”i yalnız Bizansda deyil, Qərbdə də məlum idi. XII əsrdə materializm meyilləri nəzərə çarpacaq dərəcədə güclənir. Demokrit və Epikurun materialist fəlsəfəsinə maraq oyanır. Bu dövrün ilahiyyatçıları Epikurun ardicillarını kəskin tənqid edirdilər. Onlar güman edirdilər ki, Kainatı və insan həyatını allah deyil, tale idarə edir.


İrticaçı-mistika cərəyanı ilə rasionalizm cərəyanı arasında mübarizə Bizans imperiyası varlığının son əsrlərində xüsusilə şiddətləndi. “İsixazm” adlanan mistika cərəyanına Georgi Palama (təqr.1297-1360) başçılıq edirdi. Palama təliminin əsasını təşkil edən ideyaya görə, guya mistika nurlanması vasitəsilə ibadət etdikdə insan allaha qovuşur. Ona qarşı Kalabria alimi humanist Varlaam (1348-ci ildə ölmüşdür) fəal çıxış edirdi. O,ardıcıl olmasa da , ağılın dindən üstün olması tezisini müdafiə edirdi. Kilsə Palamanı müdafiə etdi, Varlaamın tərəfdarları isə təqib olundular.


XIV-XV əsrlərdə Bizans fəlsəfəsi və elmində yeni istiqamət – ictimai baxımdan və ideya baxımından Qərbi Avropa humanizminə qohum olan istiqamət getdikcə daha geniş yayılmağa başlayır. Bu cərəyanın ən parlaq ifadəçilər – Manuil Xrisolor, Georgi Gemist Plifon və Nikeyalı Vissarion XV əsr alimləri, filosofları, siyasi xadimləri idilər. İnsanın mənəvi həyatına maraq, fərdiyyətçilik təbliği, antik mədəniyyətə pərəstiş – bu alimlərin dünyagörüşünün səciyyəvi xüsusiyyətləri idi. Onlar Qərbi Avropa humanistləri ilə sıx əlaqədar idilər və onlara böyük təsir göstəriridilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə