Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə15/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Avtoreferat-az (3)

Beşinci fəsildə meteoroloji, hidroloji və radiolokasiya müşahidə mate­rial­larına əsasən leysan mənşəli daşqın və sel hadisələri tədqiq olunur.

Geoloji-morfoloji, landşaft-coğrafi və hidrometeoroloji amillərlərin qar­şı­lıqlı təsiri ilə şərtlənən sel axınları son dərəcə mürəkkəb və kompleks hadisədir. Azərbaycan ərazisində bu hadisələr ciddi təhlükə kəsb etdiyindən onların ətraflı öyrənilməsi və etibarlı proqnoz metodlarının işlənməsi bö­yük əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, sel axınlarının formalaşmasını şərtləndirən fiziki-coğrafi, geoloji-geomorfoloji və hidrometeoroloji amillər arasında üç əsas vacib şərti ayırırlar:

a) cay hövzəsinin dik meyilli məcra və yamaclarının olması; b) hövzənin məcra və yamaclarında kövrək, asan yuyulub aparılan və ya nəmlənmə zamanı dayanıqlığını itirən dağ süxurlarının olması; qırıntılı kövrək materialı yamaclar və məcralar üzrə hərəkətə gətirə bilən kifayət qədər suyun olması.

Sel hadisələri ilə əlaqədar olan hidroloji, meteoroloji və radiolokasiya müşahidə materiallarının komplers analizi göstərdi ki, yuxarıda qeyd olunan şərtlər vacib olsa da, əksər hallarda güclü sellərin yaranması ücün kifayət deyildir. Beləliklə, güclü sellərin yaranmasına yuxarıda qeyd olunanlardan əlavə digər amillər də təsir göstərir ki, bu da onların bəzən güclənməsinə, bəzən isə zəifləməsinə səbəb olur. Bu amillərin nəzərə alınmaması sel hadisələrinin analizində qeyri-müəyyənliyə səbəb olur, onla­rın formalaşmasının obtektiv modelini yaratmağı çətinləşdirir və etibarlı proqnoz metodlarının yaradılmasına imkan vermir.

Bu fəsildə qeyd olunan məsələ sel təhlükəli hövzələrdə intensiv yağın­tıların düşməsinin sinoptik-meteoroloji şərtlərinin araşdırılması və dolu-şimşək proseslərinin inkişaf dinamikası xüsusiyyətlərinin güclü sel hadisə­lərinin formalaşmasına təsiri dərəcəsinin müəyyənləşdirilməsi yolu ilə tədqiq edilmişdir.

Ə.A. Mədət-zadənin tədqiqatlarında Böyük Qafqazın cənub yamacında intensiv yağıntılar və sel hadisələrinə səbəb ola bilən sinoptik şərait və müvafiq hava kütlələri tipləri müəyyələşdirilmişdir. Lakin bu və ya digər tip hava kütləsinin əraziyə daxil olması faktı, mezo və mikro miqyaslı amillər nəzərə alınmadan, konkret sel təhlükəli hövzədə gözlənilən yağıntiların və onlarla əlaqədar olan sel axınlarının kifayət qədər dəqiqliklə proqnozlaşdırılmasına imkan vermir. Makro miqyaslı hava dövranı xüsu­siy­yətlərinin, daha doğrusu sinoptik şəraitin dəyişməsi baxılan ərazidə hava şəraitinin yalnız ümumi dəyişmə tendensiyasına dəlalət edə bilər. Böyük Qafqazın cənub yamacı şəraitində makro miqyaslı hava dövranı və ərazinin relyef xüsusiyyətlərinin qarşılıqlı təsiri nəticəsində fon konvektiv prosesin intensivliyinin dəyişməsinə gətirən şərait yaranır. Dağ silsiləsinə doğru hərəkət edən hava kütlələri yerli oroqrafiyanın güclü təsirinə məruz qalır. Lakin yerli hava dövranının konvektiv proseslərin inkişafına təsir dərəcəsi əksər hallarda hava axınlarının orta troposferdəki sürət və istiqamətindən (aparıcı axın) asılı olur.

ASU-MRL avtomatlaşdırılmış radiolokasiya sistemi bulud sistemlərinin yerdəyişməsini izləməyə və onların hərəkət xarakterinin dəyişməsinə əsasən yerli hava dövranının təsirini aşkara çıxarmağa, həmçinin istənilən anda və fəzanın istənilən yerində düşən yağıntıların intensivliyini, miqda­rını və digər xarakteristikalarını operativ olaraq qiymətləndirməyə imkan verir.

Çoxillik radiolokasiya müşahidə materiallarının analizi göstərdi ki, aparıcı axının sürətinin böyük olmadığı hallarda yerli hava dövranının təsiri daha çox hiss olunur. Məlum olduğu kimi, yerli hava dövranının təsirinin kifayət qədər olmadığı hallarda bulud sistemlərinin və ayrı-ayrı konvektiv özəklərin sürət və istiqaməti aparıcı axının sürət və istiqaməti ilə müəyyən olunur. Aparıcı axının sürəti 40 km/saat-dan kifayət qədər böyük olduqda, dağ-vadi küləkləri fon hava dövranına əhəmiyyətli dərəcədə təsir göstərə bilmir və bulud sistemləri sürətlə hərəkət edərək Böyük Qafqaz dağ silsiləsini aşırlar. Belə hallarda güclü sel axınlarının və daşqınların yaran­ması ehtimalı böyük deyil, ona görə ki, leysan buludunun hərəkət sürəti böyük olduğundan çay hövzəsinin ərazisinə düşən yağıntı layı nisbətən nazik olur. Lakin nadir hallarda, böyük üfqi ölçülərə malik olan leysan buludları sel axınlarına səbəb ola bilərlər.

Aparıcı axının sürətinin nisbətən az olduğu hallarda yerli oroqrafik hava dövranı əhəmiyyətli dərəcədə meteoroloji şəraitə, o cümlədən bulud və yağıntı rejiminə təsir göstərir. Bu təsir buludların hərəkət istiqamətinin əsas dağ dərələrinin istiqamətinə doğru meyl etməsində və yamaclar boyu yuxarı qalxdıqca onların güclənərək hərəkət sürətlərinin azalmasında təzahür edir. Fərz etmək olar ki, buludların sürətinin azalması, əsasən axşam və gecə saatlarında dağdan aşağı doğru əsən soyuq küləklərlə əlaqədardır. Belə küləklər yuxarı dağ yamaclarında daha güclü olur. Prose­sin hərəkət sürətinin azalması və konveksiyanın güclənməsi nəticəsində çay hövzələrinin orta və yuxarı hissələrinə düşən yağıntıların intensivliyi, davametmə müddəti və müvafiq olaraq miqdarı artır. Belə hallarda sel axınlarının yaranması ehtimalı böyüyür.

Meteoroloji, hidroloji və radiolokasiya müşahidə məlumatlarının kompleks analizi göstərdi ki, struktur sel axınları, o cümlədən qatı daşlı-palçıqlı və palçıqlı axınlar leysan buludlarının hərəkət istiqaməti ilə çay məcrası səmtinin və çay axını istiqamətinin müəyyən qarşılıqlı yerləş­məsində formalaşırlar.

Müəyyən edilmişdir ki, 2003-2009-cu illər dövründə Böyük Qafqazın cənub yamacında müşahidə olunan bütün struktur sel axınları (daşlı-palçıqlı və palçıqlı) yalnız güclü leysan yağıntı zonaları çay axınının əksi istiqamətdə, dağ silsiləsinə doğru hərəkət etdiyi hallarda baş vermişdir.

Leysan buludunun çay axınının əksinə hərəkət etdiyi hallarda, bir tərəf­dən rütubətli havanın yamac boyunca qalxması nəticəsində yağıntı əmələgəlmə prosesi güclənir (şəkil 6a, b, c, d). Yuxarıda qeyd olunduğu kimi, Böyük Qafqazın cənub yamacı şəraitində aparıcı axının sürətinin nisbətən az olduğu hallarda leysan yağıntı zonası dağ zirvəsinə yaxın­laşdıqca əks istiqamətdə əsən dağ-vadi küləkləri nəticəsində öz sürətini azaldır (şəkil 6e, f). Sel ocaqlarına düşən intensiv yağıntılar sel əmələgəlmə

prosesləri üçün əlverişli şərait yaradır. Digər tərəfdən, yağıntı zonasının hövzə boyunca aşağıdan yuxarıya doğru hərəkəti nəticəsində intensiv yağıntılar torpaq və dağ süxurlarının güclü nəmlənməsinə səbəb olur ki, bu da öz növbəsində onların möhkəmliyini zəiflətməklə, ovulub dağılan dağ



Şəkil 6. Radiolokasiya müşahidələrinə əsasən, 26 iyul 2004-cü ildə Şin çayında güclü sel axınına səbəb olmuş leysan prosesində buludluluğun inkişaf sxemi

yamacları hesabına sel axınlarını əlavə bərk materiallarla təmin edir. Belə hallarda intensiv yağıntılar əvvəlcə hövzənin aşağı, sonra orta və nəhayət yuxarı hissəsində müşahidə olunur. Yağıntı zonası hövzənin yuxarı hissəsinə çatdıqda, adətən aşağı və orta hissələrdə intensiv yağıntılar kəsilir (şəkil 6f). Beləliklə, hövzənin yuxarı hissəsində su axınının qırıntılı kövrək materialla qarşılıqlı təsiri onun orta hissəsində bərk materialın intensiv surətdə axına cəlb olunmasına və selin sərf xarakteristikalarının, həmçinin sıxlığının dəfələrlə artmasına səbəb olur. Əgər nəzərə alsaq ki, Böyük Qafqazın cənub yamacında sel təhlükəli çay məcralarının səmti əsasən şimal-şərqdən cənub-qərbə doğru yönəl­mişdir, onda cənub-qərbdən hərəkət edən və yüksək sululuğa malik olan leysan buludları böyük ehtimalla sel təhlükəsi yarada bilərlər.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, avtomatlaşdırılmış MRL-in köməyilə, real zaman miqyasında bulud və yağıntıları izləməklə və orta troposferdə hava axınlarının hərəkət sürətindən asılı olaraq yerli hava dövranının sinoptik şəraitə təsirini nəzərə almaqla, gözlənilən yağıntıları və müvafiq olaraq sel axınlarını, baş verəcəkləri konkret vaxt və yer gös­tərilməklə, proqnozlaşdırmaq olar.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə